“İbrahimbəyov həyat strategiyasını saxtakarlıq və uydurmalar üzərində qurub”

 

Oktay Mir-Qasım: Bu şəxs cılız insanları özünə tabe etməklə, xəyalında özünü nəhəng bir sərkərdə rolunda gördü. Ona baş əyməyənləri, əvəzində həqiqəti söyləyənləri sevmədi, onlara düşmən gözü ilə baxdı

 

Məlum olduğu kimi, iyunun 21-də bir qrup tanınmış kino xadimləri tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) təsis edilib. Lakin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəhbəri Rüstəm İbrahimbəyov və onun yaxın ətrafı yeni quruma qarşı qısqanclıqla yanaşır. Verdiyi müsahibə və açıqlamalarında ARKİ-nin ünvanına ittihamlar səsləndirən Rüstəm İbrahimbəyov bu dəfə də həmin qurumun yaradıcılarından biri, kinorejissor Oktay Mir-Qasımı hədəf alıb. Daha doğrusu, KİV-də ünvanına səslənən ittihamlara əsaslı şəkildə cavab verə bilməyən Rüstəm İbrahimbəyov çıxış yolunu Oktay Mir-Qasıma hücum etməkdə görür. Belə ki, müsahibələrində Oktay Mir-Qasımın vaxtilə rəhbər vəzifədə çalışanda kino təsərrüfatını dağıtdığını, kinoteatrları satdığını iddia edən AKİ-nin rəhbəri, eyni zamanda, onun ünvanına təhqiramiz ifadə işlətməkdən belə çəkinməyib.

Öz növbəsində qəzetimizə açıqlamasında Oktay Mir-Qasım həmin ittihamların heç bir əsasının olmadığını bildirib: “Əslində, İbrahimbəyovun nəyə görə məhz məni hədəfə almasının, mənə qarşı hücuma keçməsinin səbəbi bəllidir. Əvvəlki müsahibəmdə də bildirdiyim kimi, beş il əvvəl katibliyin toplantısında mən qurumun fəaliyyətində və idarəetməsində ciddi problemlərin olduğunu, kino ilə bağlı məsələlərə yanaşmanın, həmçinin, heç də kinonun inkişafına xidmət etməyən, heç bir ağıla, məntiqə sığmayan qərarların qəbulunun düzgün olmadığını, açıq şəkildə, İbrahimbəyovun və ətrafında olanların üzlərinə demişdim. Mən həmin ərəfəyə qədər ümid edirdim ki, bəzi adamlara həqiqəti xatırlatmaqla, vəziyyəti normallaşdırmaq, bəzən düşünülməmiş, bəzən nadürüst əməlləri aradan qaldırmaq olar. Təəssüflər olsun ki, bu alınmadı və məhz həmin vaxtdan faktiki olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdim. Bir daha onun qapısına belə yaxın getmədim. Görünür, beş il əvvəl sözün düzünü deməyimi Rüstəm İbrahimbəyov hələ də “bağışlaya” bilmir. Bununla belə, bir daha açıq şəkildə bəyan edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi heç vaxt sözün düzünü deyənləri sevməyib və hər zaman sözün düzünü deyənlərdən çəkinib. Lakin ona məsləhət görərdim ki, mənə yersiz, əsassız hücumlar etməkdənsə, KİV-də ünvanına səslənən ittihamlara tutarlı cavab versin. Təbii ki, əgər cavab verə biləcəksə”.

Oktay Mir-Qasım  onu da deyib ki, bəzən Rüstəm İbrahimbəyovu ictimai maraqların müdafiəçisi kimi qələmə verməyə çalışırlar: “Lakin bir daha bəyan edirəm ki, onun müsahibələrini və açıqlamalarını dərindən analiz edəndə orada biz vətənpərvərlik meyillərini görmürük. Burada daha çox kosmopolitizm, bəzən də özgəni öz qardaşından çox istəmək, üstün tutmaq meyilləri hiss olunur. Heç uzağa getməyək, onun “BBC”yə müsahibəsini xatırlamaq yerinə düşər. İbrahimbəyov İngiltərə radiosuna ermənipərəst müsahibə verəndən sonra, mən ona tutarlı cavab yazdım, düzgün mövqedə olmadığını bəyan etdim. Onun bu günlərdə KİV-ə müsahibəsində guya özünü Azərbaycan Xalq Cümhuriyyətinin təəssübkeşi kimi qələmə verməsi isə, adamda sadəcə acı təbəssüm doğrurur. Və “İbrahimbəyov “BBC”yə ermənipərəst müsahibə verəndə, yoxsa, Azərbaycan Xalq Cümhuriyyətinin təəssübünü çəkəndə səmimi olub?” sualına cavab axtarmalı oluruq. Əslində, isə bunun bir cavabı var - İbrahimbəyov heç zaman səmimi olmayıb”.

Rüstəm İbrahimbəyovun onun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirən Oktay Mir-Qasım bildirib ki, bunların da heç bir əsası yoxdur: “Mən rəsmi şəkidə bəyan edirəm ki, “Azərkinovideo”nun baş direktoru işlədiyim dövrdə bircə kino obyekti belə satılmayıb. Bunu tam məsuliyyətimlə deyirəm və başımla cavab verirəm. Çünki rəhbərlik etdiyim dövrdə müvafiq dövlət qurumları lazımi yoxlamaları aparıblar və heç bir pozuntu aşkarlanmayıb. İkincisi “Azərkinovideo” İstehsalat Birliyi tam təsərrüfat hesablı bir qurum olub. O da hər kəsə bəllidir ki, tamaşaçı kinoteatrlara gəlmir. Biz də təsərrüfat hesablı qurum olaraq kinoteatr direktorlarına icarə məsələlərində bir az aktiv olmağa icazə verdik. Çünki bu həmin müəssisələrin kollektivini saxlamaq üçün vacib idi. Yəni, İbrahimbəyovun bununla bağlı səsləndirdiyi fikirlər sadəcə uydurmadır. Mənim dövrümdə heç bir kino obyekti satılmayıb”.

Rüstəm İbrahimbəyovun işlətdiyi təhqiramiz ifadəyə gəlincə, Oktay Mir-Qasım deyib ki, sadəcə ona yazığı gəlir: “Ümumiyyətlə, öz səhvi ucbatından mövqelərini itirənə, yıxılana, hətta əgər ona nifrət etsəm belə, yazığım gəlir. Səmimi sözümdür. (Bu mənada, bəlkə də “Oktayın başı xarabdı”, ifadəsi həqiqəti əks etdirir... Amma yox. Mərhəmət hər halda bəyənilməlidir-O.M). O hamını vurmağa çalışırdı. Nəfsini, iştahını cilovlaya bilmədi, çoxlu haqsızlıqlar etdi, “biz” sözünü lüğətindən sildi, “mən” sözü ilə, “aləm” sözünü sinonim saydı. Cılız insanları özünə tabe etməklə xəyalında özünü nəhəng bir sərkərdə rolunda gördü. Ona baş əyməyənləri, əvəzində həqiqəti söyləyənləri sevmədi, onlara düşmən gözü ilə baxdı. Çünki İbrahimbəyov həyat strategiyasını saxtakarlıq və uydurmalar üzərində qurub. Heyfsilənirəm ki, uzun zaman onun üzdə olan “effektlərinə” aldanıb, içindəkiləri görmədim, inandım, lazımi qədər diqqətli olmadım. Beş ildən çoxdur ki, ayılmışam. Və susmamışam. Ona açıq sözümü demişəm. Budur mənim onun gözündə olan günahım. Təbii o, mənim haqqımda, yumşaq desək, “olduqca mənfi fikirdədi”. Bu da mənimçün çox xoşdu”.

“İbrahimbəyov eşidib ki, ən yaxşı müdafiə üsulu hücumdu”, deyən Oktay Mir-Qasım daha sonra aşağıdakıları əlavə edib: “Amma cəfəng-cəfəng sözləri havaya atmaq nə yaxşı müdafiə, nə də yaxşı hücum təcrübəsi ola bilməz. Beş ildir onun adı gələndə (ölkədə, Rusiyada, Qazaxıstanda, hər yerdə) mənim cavabım belə olub: “Mən belə adam tanımıram”. İndi də həmin sözümü təkrar etmək istəyirəm: Mən bu adamı tanımıram. Bu mənim son sözümdür”.

Yeri gəlmişkən, Rüstəm İbrahimbəyov KİV-ə müsahibəsində AKİ-yə Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı külli miqdarda məbləğin mənimsənildiyinə dair ittihamları təkzib etsə də, bu pulların guya ittifaqın saxlanması, onun işçilərinə əməkhaqqı verilməsinə sərf edildiyini deyib və “Bu vəsaitin hara xərcləndiyi rəsmi sənədlərdə var. Amma ötən müddət ərzində mən beşqat bu vəsaitdən artıq vəsaitimi xərcləmişəm” sözlərini də əlavə edib. Lakin əldə etdiyimiz məlumata görə isə, əslində, bir zamanlar AKİ-də bəhs edilən məbləğ ətrafında da ciddi narazılıqlar yaranıb.

Belə ki, bir müddət həmin pulun AKİ-yə verilməsindən katiblik üzvlərinin xəbəri olmayıb. Yalnız bir gün qəfildən katibliyin iclası çağırılıb. Orada bəyan edilib ki, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının ayırdığı məbləğlə, (Rüstəm İbrahimbəyov KİV-ə müsahibəsində həmin məbləğin 90 min dollar olduğunu deyib-red.) bağlı müqavilə bağlanıb və katiblik həmin müqaviləni təsdiqləməlidir. Həmin müqavilə isə bundan ibarət olub ki, bəhs edilən məbləği AKİ bir şəxsə verir və bunun müqabilində ayda kiçik bir məbləğdə faiz alır. Yəni, həmin şəxs bu pulu sərmayə kimi işlədir və əvəzində də, AKİ-yə faiz verir. Həmin vaxt AKİ rəhbərliyi bu addımın atılmasının səbəbi kimi, qurumun əməkhaqqı və s. borclarının olması ilə əsaslandırmağa çalışıb. Ancaq bu, bəzi insanlar tərəfindən etirazla qarşılanıb. Əvvəla, ona görə ki, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının AKİ-yə sözügedən məbləği ayırması haqqında qurumun katiblərinin əksəriyyətində öncədən məlumat olmayıb. Yəni, AKİ rəhbərliyi nədənsə bu məbləğin alınmasına dair məlumatı öncədən deyil, yalnız yuxarıda bəhs edilən razılaşma əldə olunandan sonra açıqlamağı məsləhət bilib. Əgər bu müqavilənin təsdiqi üçün katibliyin rəyi əsas idisə, o zaman rəhbərlik müqaviləni imzalamadan öncə katiblərin fikrini öyrənə bilərdi.

Digər etiraz bununla bağlı olub ki, həmin məbləğin hər hansı bir şəxsə verilməsindən öncə tender elan oluna bilərdi. Yəni, bəlkə də bir başqası bu məbləğə görə, AKİ-yə daha artıq məbləğ verə bilərdi.

Üçüncü etiraz isə, AKİ rəhbərliyinin fikirlərindəki anlaşılmazlıqlarla bağı olub. Belə ki, sözügedən iclasdan qısa müddət öncə AKİ rəhbərliyi katibliyin iclasını keçirərək “Maliyyə vəziyyətimiz çox ağırdır. Bizim borcumuz çoxdur. Rüstəm İbrahimbəyovun dostları olan bəzi xeyirxah insanlar bizə pul ayırıb, onu əməkhaqqı, həmçinin, digər xərclərə sərf etmişik. Ona görə də, həmin borcumuzu qaytarmaq üçün “Azərbaycan” kinoteatrında sahibi olduğumuz 25 faizlik səhmləri həmin dostlarımıza verməliyik” deyib. Maraqlıdır ki, həmin vaxt AKİ-nin borcunun məbləğinin nə qədər olması, həmçinin, satılacaq səhmlərin ümumi dəyərinin nə qədər olacağına dair ona ünvanlanmış sualdan yayınan R.İbrahimbəyov, sadəcə, “yaxşı biz bunu sonra müzakirə edərik. İndi keçək digər məsələnin müzakirəsinə” deyib. Beləliklə, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının ayırdığı məbləğlə bağlı keçirilən iclasda ortaya çıxan üçüncü etiraz bundan ibarət olub: Əgər ittifaqın bu qədər böyük məbləğdə payı vardısa və həmin məbləğ Moskvadan gəlməliydisə, niyə o zaman AKİ-nin rəhbərliyi borcları bəhanə edərək “Azərbaycan” kinoteatrında malik olduğu səhmlərin satılmasına üstünlük verdi?

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2012.- 3 avqust.- S.6.