Azərbaycanda vergiləri ödəməkdən yayınmaq istəyən vergi ödəyicilərinin sayı əhəmiyyətli şəkildə azalıb

 

Sahir Məmmədxanov: 2012-ci ilin birinci yarısında vergi ödəyicilərinin təxminən 72,2 faizi büdcə qarşısındakı vergi öhdəliklərini vaxtında icra ediblər

 

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov Trend informasiya agentliyinə müsahibə verib:

- 2012-ci ilin birinci yarısı başa çatıb. Bütövlükdə, cari ildə Azərbaycan iqtisadiyyatındakı ümumi prosesləri necə qiymətləndirirsiniz və bu, vergi daxilolmalarında özünü necə göstərir?

- 2012-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar davam edib, milli iqtisadiyyat yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların miqyası, dərinliyi və keyfiyyəti 2012-ci ilin birinci yarısında da ölkədə makroiqtisadi dayanıqlılığın qorunması və iqtisadiyyatın neft sektorundan asılılığının azaldılmasına imkan verib, ölkədə ümumi daxili məhsul 1,5 faiz, o cümlədən, qeyri-neft sektoru 11,3 faiz artıb. Son illər ərzində aparılan sənayeləşmə və regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası öz müsbət təsirlərini göstərməkdədir. Ölkənin müxtəlif bölgələrində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Bunlar da sözsüz ki, vergi daxilolmalarında öz müsbət əksini tapır. Cari ilin birinci yarısında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoza 116,0 faiz əməl olunub. Yəni, büdcəyə 2969,9 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 405 mln. manat və ya 15,8 faiz çox vəsait təmin olunub. Bu zaman daxilolmaların 57,9 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 221,1 mln. manat və ya 15,7 faiz artıb. Bu, iqtisadiyyatın neftdən asılılığının azalmasının mühüm göstəricisidir və biz ümid edirik ki, ilin yekunlarına görə bu göstərici daha da artacaqdır. Mən, xüsusilə, regionların vergi daxilolmalarında payının artmasını vurğulamaq istərdim. Ötən ilin eyni dövrü ilə müqayisədə regionlardan daxilolmalar 29,4 mln. manat və ya 14,9 faiz artıb.

- Azərbaycanın vergi sistemində son illər həm texnoloji modernləşmə sahəsində, həm də vergi inzibatçılığı sahəsində əsaslı islahatlar aparılıb. Bu islahatlar vergi xidmətinin bütün dairələrində ciddi müsbət dəyişikliklərə gətirib. Bəs, görülən işlər vergi borclarının idarə olunması sahəsinə necə təsir göstərib?

- Vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində əhəmiyyətli işlər görülüb. Artıq bir neçə ildir ki, Vergilər Nazirliyinin rəhbərliyinin, şəxsən cənab Fazil Məmmədovun təşəbbüsü ilə nazirlikdə informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi üçün işlər aparılır. Bu, vergi borclarının alınması sahəsində işlərin də səmərəliliyinin artırılmasına şərait yaradıb. Vergi sisteminin səmərəliliyi barədə danışarkən, ilk növbədə, ölkədə vergi ödəyicilərinin öz vergi öhdəliklərini nə dərəcədə intizamla ödədiyi və vergi öhdəliklərinin yerinə yetirilməsi prosesinin nə dərəcədə sadə olmasının mühüm əhəmiyyəti vardır. Könüllü əməletmə göstəricisi vergi sisteminin nə dərəcədə səmərəli işlədiyini göstərən mühüm amillərdəndir. Əgər biz bu göstəriciyə nəzər yetirsək, 2012-ci ilin birinci yarısında vergi ödəyicilərinin təxminən 72,2 faizi büdcə qarşısındakı vergi öhdəliklərini vaxtında icra ediblər. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıb. Bu zaman vergi bəyannamələrini vaxtında təqdim edən vergi ödəyicilərinin sayı 90 faizdən çoxdur. Buna baxmayaraq, bəzən vergi ödəyiciləri öz öhdəliklərini vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəmirlər ki, bu da borclanma hallarının yaranmasına gətirib çıxarır. Əgər vergi xidməti müvafiq informasiya sisteminə malik deyilsə, borcların çevik və səmərəli idarə edilməsindən söhbət belə gedə bilməz. Azərbaycanın vergi sistemi bu mənada geniş texnoloji imkanlara malikdir. Əlaqəli informasiya bazası, elektron məlumat mübadiləsi bizə borcların yaranma halları barədə dərhal məlumatlar əldə etməyə və daha çevik tədbirlərin həyata keçirilməsinə imkan verir. Elektron məlumat bazalarının mövcudluğu borclu vergi ödəyici haqqında müfəssəl məlumat, o cümlədən, aktivləri, öhdəlikləri, kapitalı, hesablamaları, dövlət büdcəsinə ödənişləri barədə göstəriciləri əldə etməyə və bununla onun likvidlik dərəcəsini qiymətləndirməyə imkan verir ki, bu da borcların səmərəli idarə edilməsi üçün əsas amillərdəndir. Borcların aradan qaldırılması üçün çevik idarəetmə sisteminin qurulması bizə borcların yaranmasının qarşısını almağa yardım edir. Məsələn, cari ilin birinci yarısı ərzində yaranmış 86478 borclu vergi ödəyicisi üzrə aparılmış çevik tədbirlər nəticəsində onlardan 90,1 faizinin borcları tamamilə ləğv edilib.

- Vergi borclarının alınması üçün hansı təsir vasitələrindən istifadə edilir? Sizin fikrinizcə, onlar nə dərəcədə səmərəlidir?

- Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vergilər vergi ödəyiciləri tərəfindən tam və vaxtında dövlət büdcəsinə ödənilməlidir. Bu şərtlərin gözlənilməməsi vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında borclarının yaranmasına səbəb olur ki, bu da vergi yığımları üzrə kəsirlərin yaranmasına və nəticədə isə dövlətin maliyyə resurslarının məhdudlaşmasına təsir göstərə bilir. Vergilər Nazirliyi vergi borclarının artımının qarşısının alınması və qısa zaman ərzində aradan qaldırılması üçün dərhal borclu vergi ödəyicisi ilə tədbirlərə başlayır. İlk növbədə, vergi ödəyicisinə hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş göndərilir. Vergi öhdəlikləri icra edilmədikdə həmin vergi ödəyicilərinə qarşı borcun alınması istiqamətində məcburi tədbirlər görülür, yəni, borclu vergi ödəyicisinin bank hesablarına icra sənədi olan sərəncamlar qoyulur və onun əmlakın siyahıya alınması həyata keçirilir. Bundan başqa, ötən ildən başlayaraq, vergilər nazirinin müvafiq əmri ilə vergi borclarının alınması strukturlarına operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər verilib. Bu həmin tədbirlərin daha sürətli, çevik, insan və vaxt resurslarından səmərəli istifadə edilməsi ilə aparılmasına imkan verib, lüzumsuz yazışmaların qarşısının alınmasına, vergi borclarının alınmasına, eləcə də, vergi uçotunun və vergi nəzarətinin səmərəliliyinin təmin edilməsinə gətirib. Yeni səlahiyyətlər borclu vergi ödəyicilərində nəzarət tədbirlərinin gücləndirilməsinə və hesablanmış vergilərin ödənilməsinin təmin edilməsinə imkan yaradıb. 2012-ci ilin birinci yarısı ərzində vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə əmlaklarının siyahıya alınması barədə 22 816 sayda qərar açılıb və bunlardan 94,1 faiz borclar ləğv edildiyinə görə bağlanılıb.

- Sahir müəllim, bir müddət öncə Vergilər Nazirliyi borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmələrə müraciət etmişdi. Bu kimi məcburiyyət tədbirləri davam edirmi?

- Əlbəttə, vergi orqanları təkcə ənənəvi tədbirlərlə kifayətlənmirlər. Biz borcların alınması istiqamətində qanunvericiliyin imkan verdiyi səlahiyyətlər çərçivəsində digər vasitələrdən də istifadə edirik. Məsələn, aparılan araşdırmalar nəticəsində mülkiyyətində heç bir daşınan və ya daşınmaz əmlakı müəyyən edilməmiş, lakin hüquqi şəxslərdə təsisçi və ya payçı kimi çıxış edən borclu fiziki şəxslər müəyyən edildiyi hallarda, onların borclarının hüquqi şəxslərindəki paylarından tutulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Mülki qanunvericilik ödəyicinin şəxsi borcları üzrə tutmanın onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədikdə, hüquqi şəxsdəki şərikli kapitalındakı payına yönəldilməsi imkanları nəzərdə tutur. Buna görə də, hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən edilən fiziki şəxslərin borclarının onların hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə Vergilər Nazirliyi tərəfindən 15 fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb. Artıq müvafiq iddialardan 2 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılıb, 2 iş üzrə isə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərarı qəbul olunub. 38 borclu fiziki şəxslərlə aparılan müvafiq tədbirlər nəticəsində isə borcların tam olaraq dövlət büdcəsinə alınması təmin edilib. Bununla yanaşı, hazırda sahibkarlıq fəaliyyətlərini dayandıran, lakin dövlət büdcəsi qarşısında öhdəlikləri tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi də sürətləndirilib. Belə ki, ötən dövr ərzində 15 vergi ödəyicisinin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məqsədilə aidiyyəti strukturlara müraciət edilib, 921 borclu vergi ödəyicisinin 674,6 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan başqa, tərəfimizdən vergidən yayınma faktı ilə əlaqədar barəsində hökm çıxarılmış şəxslərin tərkibi də mütəmadi olaraq araşdırılır. Belə ki, aparılmış araşdırma ilə vergidən yayınma faktı ilə əlaqədar barəsində hökm çıxarılmış hüquqi şəxslərin rəhbərlərindən azadlıqdan məhrumetmə cəzasının müddəti başa çatmış və vergi orqanında ayrıca fiziki şəxs kimi uçota duraraq yenidən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, eləcə də, Vergilər Nazirliyinin baza məlumatlarına əsasən aktivləri müəyyən edilən şəxslər barədə də tədbirlərin görülməsinə başlanılıb. Və nəhayət, qeyd etdiyiniz məsələ ilə bağlı, ötən dövr ərzində vergi orqanları tərəfindən 800-dək borclu vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müvafiq icra şöbələrinə müraciətlər edilib. Həmin vəsatətlər nəticəsində müvafiq əsaslandırılmış təqdimatlar hazırlanıb, o cümlədən, 33 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Görülmüş tədbirlər nəticəsində 7 vergi ödəyicisi vergi borcunu ödədiyinə görə barələrində icraatlar dayandırılıb. Göründüyü kimi, vergi borcunun alınması prosesində çoxşaxəli təsir imkanlarından istifadə olunur. Vergi borclarının aradan qaldırılması istiqamətində aparılan çevik menecment cari ilin birinci yarısında borc məbləğlərinə təsir edib. Belə ki, ümumi borc məbləği cari ilin 1 yanvar tarixi ilə müqayisədə 8,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 17,8 faiz azalıb. Hesab edirəm ki, bu göstəricilər vergi borclarının idarəolunması sahəsində aparılan səmərəli menecmentə dəlalət edir.

- Vergi borcları daha çox hansı səbəblərdən yaranır? Vergi borcunun yaranmaması üçün Vergilər Nazirliyi tərəfindən hansı qabaqlayıcı addımlar atılır?

- Vergi ödəyicilərinin büdcə qarşısındakı öhdəliklərinin tam və vaxtında icra etməmələrinin səbəbləri, yəni, borcların yaranma səbəbləri müxtəlif ola bilər. Burada öhdəliklərin icra edilməməsi, müvəqqəti maliyyə çətinlikləri və ya büdcəyə ödənilməli olan vəsaitlərin digər istiqamətlərə, məsələn dövriyyə vəsaitlərinin artırılmasına yönəldilməsi ilə müşayiət oluna bilər. Bəzən borcların yaranmasının obyektiv səbəbləri də olur. Məsələn, mövcud qanunvericilik kəndli-fermer təsərrüfatlarının fəaliyyəti, eləcə də, dövlətdən sosial yardım alan vətəndaşlarımız üçün vergi orqanlarında qeydiyyatdan keçməyi məcburi hesab edir. Azərbaycanda kənd təsərrüfatının vergidən azad edildiyinə görə, bir çox hallarda fermerlər vergi ödəmədiklərinə görə, vergi orqanlarına müvafiq bəyannamələri də təqdim etmirlər. Halbuki, qanunvericilik vergi güzəştləri olduğu halda belə, vergi bəyannamələrinin təqdim edilıməsini tələb edir. Bu, eləcə də, sosial yardım alan vətəndaşlarımıza aiddir. Vergi orqanlarında qeydiyyatdan keçmiş hər bir şəxs qanunvericiliklə müəyyən edilmiş dövrlərdə vergi öhdəliklərinin yaranıb-yaranmamasından asılı olmayaraq, bəyannamələrini təqdim etməyə borcludur. Bəyannamə təqdim edilmədiyi halda, bu maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb olur ki, bu da son nəticədə həmin ödəyicilərin borc öhdəliklərinin yaranmasına gətirir. Bu baxımdan, biz bu sahədə məlumatlandırma və maarifləndirmə işlərindən geniş istifadə edirik. Hesab edirəm ki, əslində məcburi tədbirlərə keçməzdən əvvəl vergi ödəyicilərinin öhdəliklərini vaxtında yerinə yetirməsi baxımından məlumatlandırılması kimi proqressiv iş metodları daha səmərəli nəticələr əldə etməyə imkan verir. Ümumiyyətlə, nəzərinizə çatdırım ki, dünya təcrübəsi ictimai təsir vasitələrindən istifadə edilməsinin səmərəli olduğunu göstərir. Biz bu sahədə hələ ilk addımları atırıq. Bu il martın sonunda ilk dəfə “2012-ci ildə vergi borcu olmadan” adı altında ictimai aksiya keçirilib. Bu aksiya zamanı vergi ödəyicilərinə vergi bəyannamələrinin təqdim edilməsi və ödəmələrin vaxtında həyata keçirilməsi haqqında bildirişlər paylanıb, borclu vergi ödəyicilərinin birbaşa təsərrüfat subyektlərinə getməklə onlara borclarının olduğu barədə məlumatlar çatdırılıb. Əlbəttə, bu da təsir vasitələrindən biridir. Biz gələcəkdə bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsini planlaşdırırıq. Nəhayət, qeyd etmək istərdim ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə edilmiş son dəyişikliklərdən sonra vergiləri ödəməkdən yayınma faktı cinayət tərkibi yaradır. Bu, vergidən yayınma hallarının məsuliyyət dərəcəsini artırıb və sözsüz ki, vergi ödəyicilərinin vergilərdən yayınmaq istəyi və cəhdlərinin azalmasına yönəlmiş təsir vasitəsidir. Hazırda vergidən yayınmaq niyyətində olan vergi ödəyicilərinin sayı kifayət qədər azalıb.

- Bu il Avropadaxili Vergi Administrasiyaları Təşkilatının “Vergi borclarının idarə edilməsi” üzrə işçi qrupunun ilk iclası Bakı şəhərində keçirildi. Azərbaycanın vergi borclarının idarə edilməsində beynəlxalq qurumlarla əməkdaşlığı necə gedir və yerli vergi sistemi bu sahədə beynəlxalq təcrübədən yararlanırmı?

- Beynəlxalq təşkilatlarla, o cümlədən, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə mövcud olan əməkdaşlığın genişləndirilməsi Vergilər Nazirliyi qarşısında duran prioritet hədəflərdəndir. Vergilər Nazirliyi artıq uzun illərdir bu təşkilatın işində fəal iştirak edir, Aİ-yə üzv dövlətlər və İİƏT-ə üzv olan digər dövlətlərdə vergitutma sahəsində gedən prosesləri, həmçinin, ümumi tendensiyaları yaxından izləyir, bu dövlətlərdə tətbiq edilən qabaqcıl təcrübələr barədə məlumatları mütəmadi olaraq əldə edir. Bütün bunlar isə Azərbaycanda vergi sisteminin Avropa İttifaqının beynəlxalq prinsiplərə uyğun şəkildə inkişaf etdirilməsi baxımından çox mühümdür. Avropadaxili Vergi Administrasiyaları Təşkilatının Bakı şəhərində keçirilən “Vergi borclarının idarə edilməsi” üzrə işçi qrupunun ilk iclası da vergi borclarının idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması üçün böyük platforma rolu oynadı. Tədbirdə iştirak edən 20 ölkənin vergi borclarının idarə olunması üzrə ekspertləri vergi borclarının səmərəli idarə edilməsinin istiqamətləri üzrə fikir mübadiləsi apardılar. Biz dünya ölkələrinin səmərəli təcrübələrini yaxından öyrənirik. Məsələn, bir sıra qabaqcıl ölkələrin, o cümlədən, Avstraliya, Kanada, ABŞ və İrlandiyanın təcrübələrini araşdırmışıq. Bu ölkələrin vergi sistemlərində vergi borclarının alınması üzrə iş prosesi borclu vergi ödəyicilərinə göstərilən xidmətlərdən, yəni, vergi ödəyicilərinə onların borcunun yaranması barədə dərhal məlumatların verilməsindən başlayır. Bu ölkələrdə borcun məcburi alınması istiqamətində tədbirlərə başlanmazdan əvvəl vergi ödəyiciləri ilə borcun ödənilməməsi səbəbinin birgə araşdırılması üçün üzbəüz əlaqələrin (“face-to-face contact”) yaradılması vacib amillərdən hesab edilir. Azərbaycanın Vergilər Nazirliyi bu praktikadan istifadəni səmərəli hesab edib və ötən ilin avqustundan bu praktikanın tətbiqinə başlayıb. 2012-ci ilin birinci yarısı ərzində vergi ödəyiciləri ilə borcların birgə araşdırılması üçün birbaşa əlaqələrin yaradılması praktikası nəticəsində dövlət büdcəsinə 23,3 mln manat borc ödənilib. Bu konkret olaraq, beynəlxalq təcrübənin tətbiqi ilə əldə etdiyimiz nəticə hesab oluna bilər.

- Sahir müəllim, daha bir məsələyə toxunmaq istərdik. Son günlər Vergilər Nazirliyi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı genişmiqyaslı tədbirlərə başlamışdır. Bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi nə ilə bağlıdır?

- Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında ölkədə məşğulluq problemlərinə toxunub, qeyri-leqal məşğulluğun yaratdığı fəsadları, vətəndaşların sosial və əmək hüquqlarının pozulması hallarının aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bu problem Azərbaycan kimi inkişaf etməkdə olan əksər dövlətlərdə müşahidə olunan bir prosesdir. Geniş investisiya layihələrinin reallaşdırıldığı, böyük iqtisadi quruculuq proseslərinin getdiyi bir ölkədə məşğulluğun faktiki səviyyəsi yüksək olmalıdır. Hazırda əmək münasibətlərinin tənzimlənməsi sahəsində dövlət orqanları müvafiq tədbirləri həyata keçirirlər. Azərbaycanın vergi orqanları da öz növbəsində, qeyri-leqal məşğulluğun aradan qaldırılması, muzdlu işçilər cəlb edilməsi zamanı əmək müqavilələrinin bağlanması zərurəti ilə bağlı vergi ödəyicilərini məlumatlandırırlar. Qeyd edim ki, bəzi təsərrüfat subyektləri tərəfindən vergi orqanlarına təqdim olunan muzdlu işlə əlaqədar əməkhaqqından gəlir vergisi hesabatlarında real vəziyyətə uyğun göstəriciləri əks etdirmirlər. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin muzdlu işlə əlaqədar təqdim etdiyi vergi bəyannamələrindəki əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də, həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və onlardan, hətta bəzən bir neçə dəfə aşağı olur. İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi, eləcə də, əməkhaqlarının real göstəricilərinin gizlədilməsi vergidən yayınma halları ilə yanaşı, muzdla çalışan işçilərin əmək hüquqlarını pozmaqla, gələcək dövlət sosial təminatından da məhrum edir. Bütün bunlar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsini zəruri edir və göstərilən halların aradan qaldırılması və gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının da üzərinə böyük vəzifələr düşür. İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində Vergilər Nazirliyində xüsusi Qərargah yaradılıb. Hazırda Qərargah tərəfindən bu sahədə geniş tədbirlər aparılır. Vergi ödəyiciləri bilməlidirlər ki, iş yerlərinin qeydiyyatı düzgün aparılmalı, fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməli, orta aylıq əməkhaqları real müəyyən edilməlidir. İş yerlərinin rəsmiləşdirilməməsi öz növbəsində işəgötürənlər üçün ciddi maliyyə sanksiyaları və inzibati cərimələr deməkdir. Nəzərinizə çatdırım ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə, vergi orqanı tərəfindən əmək müqaviləsi bağlamadan işləri yerinə yetirdiyi aşkar edilən hər bir şəxs üzrə işəgötürənə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsini bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərə cəlb edilməsinə görə-vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir. Bu kifayət qədər sərt sanksiyalardır. Bildirmək istəyirəm ki, vergi orqanları bu sahədə geniş nəzarət tədbirləri həyata keçirəcəkdir və bu sahədə qanunvericiliyin müddəalarının tam mənada bərqərar olması təmin ediləcəkdir.

 

 

 Yeni Azərbaycan.- 2012.- 7 avqust.- S.5.