Azərbaycanda
mülki aviasiya sahəsi sürətlə inkişaf edir
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Arif müəllim, məlum olduğu kimi son illər Azərbaycanda bütün sahələr sürətlə inkişaf etməkdədir. Bu mənada son zamanlar mülki aviasiya sahəsi üzrə əldə olunan nailiyyətlər haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan Respublikası özünün sürətli inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasında ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır. Təbii ki, bu inkişaf mülki aviasiya sahəsində də özünü göstərir. Bildiyiniz kimi son illər ölkəmizdə bir neçə beynəlxalq hava limanları istifadəyə verilib. Lənkəran və Zaqataladan sonra Qəbələdə də hava limanı fəaliyyətə başlayıb. Bundan başqa, bizim milli aviaşirkətimiz köhnə sovet texnikasından tamamilə imtina edib, bütün parkı yeniləşdirib. Təkcə 2008-ci ildən bu yana mövcud 70 təyyarədən 46-sı yenidir. Belə ki, 12 tip yeni təyyarə və helikopter alınıb və artıq istismar edilir. Qeyd edim ki, bu hava gəmiləri dünyada ən müasir təyyarələrdir.
Bilirsiniz
ki, cənab Prezident mülki aviasiya sahəsinin
inkişafına böyük diqqət yetirir. Bu diqqətin nəticəsi
olaraq hökumət tərəfindən aviasiya sahəsinə
kreditlər verilir və bu kreditlərlə yeni təyyarələr
alınır. Biz 2014-cü il üçün postsovet məkanında
ilk sırada ən müasir “Boeing-787” təyyarələrini
alacağıq. Təkcə bu il ərzində həm “AZAL”, həm
də özəl aviaşirkət olan “Silk Way” 4 yeni təyyarə
alıb. Beşinci təyyarə də artıq bu ay Bakıya
gətiriləcək. Onların hamısı geniş gövdəli,
yeni, müasir tələblərə cavab verən “Boeing-747” və
“Boeing-767” təyyarələridir.
Bu sahədə
inkişaf davam edir. Hazırda Naftalan şəhəri ərazisində
hava limanının qurulmasının səmərəliliyi məsələsi
müzakirə olunur. Ola bilsin ki, gələcəkdə bu ərazidə
də hava limanı tikilsin.
-
Mülki aviasiya ilə bağlı gələcəkdə yeni
infrastrukturların yaradılması nəzərdə tutulurmu?
-
Hazırda ölkəmizdə 6 hava limanı fəaliyyət
göstərir. Bu hava limanları beynəlxalq standartlara
uyğundur və onlara beynəlxalq status verilib. Nazirlər
Kabineti öz qərarları ilə onların beynəlxalq
uçuşlara açıqlığını təsdiq
edib. Yenilərinə gəlincə, qeyd etdiyim kimi hələ
ki, Naftalanda hava limanının tikilməsi məsələsinə
baxılır. Ola bilsin ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən
sonra Xankəndi hava limanının məsələsinə
baxılsın.
- Bəs
bu sahədə Dövlət Mülki Aviasiya
Administrasiyasının beynəlxalq əməkdaşlığı
hansı səviyyədədir?
- Biz
1992-ci ildən beynəlxalq fəaliyyətə
başlamışıq. Əvvəllər özümüz
bir çox dövlətlərlə əlaqələrə
maraqlı olub onlarla ikitərəfli sazişlərə təşəbbüs
göstərmişik. İndi isə əməkdaşlıq
üçün Azərbaycana xaricdən çoxlu təkliflər
gəlir. Bu da təbii ki, ölkəmizin iqtisadi
inkişafı, dünyada tutduğu mövqeyi ilə
bağlıdır. Fakt olaraq nəzərinizə
çatdırım ki, bizə əməkdaşlıq
üçün Cənubi Afrika Respublikasından, Uqandadan, Cənubi
Amerika ölkələrindən təkliflər gəlir.
Ölkəmiz həmin dövlətlərlə bu sahədə
sazişlər imzalaya bilər. Bütün bunların
hamısı nailiyyətlərdir. Əməkdaşlıq
münasibətləri baxımından son zamanlar biz hansı
dövlətlərlə işləmişik? Biz Hindistanla hava əlaqələrinə
dair sazişi imzalamışıq, İordaniya ilə isə
dekabrda sazişin imzalanmasına hazırlıq gedir. Yəni
mülki aviasiya administrasiyaları arasında bu sazişlər
artıq işləyir. Amma tam dövlət səviyyəsində
bütün sahələr üzrə tətbiqi
üçün sazişlər mütləq hökumət
adından imzalanmalı və sonra parlamentdə təsdiq edilməlidir.
Hazırda bu istiqamətdə də işlər gedir.
Əsas
perspektivlərdən biri isə ABŞ-a birbaşa
uçuşların təşkil edilməsidir. Bu sahədə
ABŞ-ın özünün standartları var, Amerikanın
aviasiya üzrə federal administrasiyasının tələblərinə
uyğun olaraq hər hansı dövlət Birləşmiş
Ştatlara müntəzəm uçuşlar təşkil etmək
istəyirsə, öncə həmin dövlətdə aviasiya
sahəsinə nəzarətin keyfiyyətini yoxlayırlar. Bu mənada
ABŞ tərəfi ölkəmizdə bu məsələ ilə
bağlı vəziyyəti öyrənməlidir. Vəziyyəti
yoxladıqdan sonra ABŞ tərəfi bizə “A”
kateqoriyası üzrə qiymət verməlidir. Əgər
“A” kateqoriyasını alırıqsa, onda bizim aviaşirkətlər
müntəzəm uçuşlara buraxılacaq. “AZAL” gələn
ilin yayından belə uçuşlara başlamaq istədiyinə
görə, biz artıq bu ilin axırında əvvəl
texniki audit, 2013-cü ilin əvvəllərində isə
Amerika Federal Agentliyi (FAA) tərəfindən auditi keçməyə
hazırlaşırıq.
-
Ümumiyyətlə, Azərbaycanın bu sahədə fəaliyyəti
beynəlxalq müstəvidə necə dəyərləndirilir?
- Azərbaycanın
bu sahədə fəaliyyətini genişləndirməsi və
təkmilləşdirməsi beynəlxalq müstəvidə
çox müsbət qarşılanır. Bir faktı diqqətinizə
çatdırım: Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(ICAO) 2012-ci ilin 11-18 aprel tarixlərində Bakı şəhərində
Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin
təmin olunması üzrə audit keçirib və son
yoxlamanın nəticələrinə dair hesabatı Dövlət
Mülki Aviasiya Administrasiyasına təqdim edib.
Hesabata əlavə
olunan cədvələ əsasən, aviasiya təhlükəsizliyinə
nəzarət sisteminin qiymətləndirilməsinin kritik
elementləri üzrə ICAO-nun standart və tövsiyələrinin
effektiv yerinə yetirilməsi ilə bağlı nöqsanların
ümumi göstəricisi Azərbaycan Respublikasında təxminən
16 faiz təşkil edir. ICAO tərəfindən yoxlamaların
aparıldığı 142 dövlətin orta göstəricisi
(32 faiz) ilə müqayisədə qeyd etmək lazımdır
ki, Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin
vəziyyəti beynəlxalq standartlara cavab verir. Yəni
ölkəmiz bu baxımdan iki dəfə yaxşı göstərici
nümayiş etdirib.
-
Mülki aviasiya sahəsi üzrə hüquqi bazanın səviyyəsini
necə qiymətləndirmək olar?
- Azərbaycan
bu istiqamətdə lazımi sənədləri demək olar
ki, qəbul edib. Hələ 2005-ci ildə qəbul olunmuş
“Aviasiya haqqında” Qanunun tətbiq edilməsi ilə
bağlı 20-dən artıq sənədin hazırlanması
planlaşdırılırdı. Bu sənədlər aviasiya
sahəsini tənzimləyən müvafiq qaydalardır. Həmin
sənədlərin hamısı Nazirlər Kabineti tərəfindən
təsdiq olunub. Əsas sənədlərimizdən biri də
Avivsiya Təhlükəsizliyi üzrə Dövlət
Proqramıdır. Bildiyiniz kimi, bu ilin aprel ayında ölkə
Prezidentinin Fərmanı ilə bu Dövlət
Proqramını təsdiqlədi. Proqramın təsdiq
olunması ilə Azərbaycanda Aviaisiya Təhlükəsizliyi
üzrə hüquqi baza Beynəlxalq Mülki Aviasiya Təşkilatının
standartlarına tam uyğunlaşdırıldı.
Hazırda
yeni sənədlər üzərində işləyirik. Biz
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birlikdə Azərbaycanın hava məkanından istifadə
qaydaları ilə bağlı sənədi
razılaşdırmışıq. Ola bilsin ki, bu Qaydalar
yaxın vaxtlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq
edilsin. Onu da qeyd etmək istəyirəm ki, bəzi beynəlxalq
standartların, konvensiyaların, Protokolların ölkəmizdə
tətbiqi ilə bağlı müəyyən problemlər də
yaranır və biz bu problemlər üzərində işləyirik.
Eyni
zamanda vurğulamaq istəyirəm ki, ölkəmiz bu sahə
üzrə bir çox beynəlxalq konvensiyalara da qoşulub.
1999-cu ilə qədər biz cəmi iki konvensiyaya
qoşulmuşduqsa, hazırda Azərbaycan aviasiya sahəsi
üzrə Çikaqo Konvensiyası da daxil olmaqla 22 konvensiya və
protokola qoşulub. Artıq daha iki konvensiyaya qoşulmaq barədə
iş aparırıq. Bunlar Monreal və Keyptaun
konvensiyalarıdır. Bu sənədlər bir çox sahələrin
maraqlarını əhatə etdiyi üçün ölkəmizin
maraqları baxımından hələ öyrənilir.
- Arif
müəllim, digər bir məsələ Xankəndi hava
limanı ilə bağlıdır. Bildiyimiz kimi Ermənistan tərəfi
qanunsuz olaraq Xankəndi hava limanını istifadəyə verməyə
çalışır. Bunun qarşısını almaq
üçün hansı tədbirlər həyata keçirilir?
- Həqiqətən
də, Ermənistan bu addımı atmağa
çalışır və bu prosesdə beynəlxalq
hüquq normalarını pozmağa cəhd göstərir. Bu
yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri də
verdiyi bəyanatda Xankəndi hava limanı ilə bağlı
fikirlərini bildiriblər. Azərbaycanın dövlət rəsmiləri,
siyasətçilər də bu bəyanata münasibət
bildiriblər. Ümumi mövqe belədir ki, həmsədrlər
bu məsələni həll etmək imkanında deyillər. Həmsədrlərin
bu problemlə bağlı fikirləri çox ziddiyyətlidir
və bəzi məqamlarda məntiqsizdir. Onlar deyirlər ki,
Xankəndi hava limanının fəaliyyəti siyasiləşdirilməməlidir.
Bu yanaşma düzgün deyil. Ümumilikdə, bu hava
limanının fəaliyyəti mümkün deyil. Yəni
aeroport öz-özünə fəaliyyət göstərə
bilməz. Əgər təyyarə havaya qalxırsa, başqa
aeroporta enməlidir və bunun üçün hava məkanından
istifadə etməlidir. Hava məkanı da Azərbaycanındır.
Biz bu hava
məkanından mülki hava gəmiləri üçün
istifadəni qadağan etmişik. Nə üçün?
Çünki biz ona nəzarət edə bilmirik və
heç kim uçuşların təhlükəsizliyə zəmanət
verə bilməz. Ona görə də, biz beynəlxalq
aeronaviqasiya qaydalarına uyğun olaraq hava məkanını
bağlı elan etmişik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(ICAO) bu qərarımızı qəbul edib. Əgər ermənilər
Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, deməli
beynəlxalq qaydaları pozmuş olacaq. Azərbaycan bəyan
edib ki, öz ərazisində hazırda 6 beynəlxalq hava
limanı fəaliyyət göstərir və bundan başqa
yerdən havaya təyyarə qalxırsa bu hava məkanımızın
pozulması halıdır. Xankəndi hava limanı
üçün naviqasiya avadanlığını
Fransanın “THALES” şirkətinin filialı verib. Bununla
bağlı biz cari ilin may ayında şirkətin
vitse-prezidenti ilə görüşmüşük. Onlar bizdən
üzr istəyərək Ermənistan tərəfindən
aldandıqlarını bildiriblər. Amma biz bununla
razılaşmayaraq ICAO-nun prezidentinə məktubla müraciət
göndərmişik. Məktubda vurğulamışıq ki, əgər
Fransanın həmin şirkəti avadanlığı kimə
göndərdiyini bilmirsə, bu avadanlıq
terrorçuların da əlinə keçə və təhlükəsizliyə
qarşı istifadə edilə bilər. Müraciət vasitəsilə
təşkilatdan beynəlxalq hüquq normalarının yerinə
yetirilməsi üçün müvafiq addımların
atılmasını da xahiş etmişik. Yeri gəlmişkən,
həmsədrlərin bəyanatının ikinci hissəsində
də məsələnin beynəlxalq hüquq normalarına
uyğun həll olunmasının zəruriliyini
vurğulanıb.
İyulun
23-də ICAO-nun prezidentindən cavab məktubu
almışıq. Təşkilatın rəhbəri məktubunda
bizim mövqeyi təsdiqləyir. Mən yazmışdım ki,
heç bir dövlət tərəfindən Azərbaycanın
qaydalarının pozulmayacağına ümid edirəm. Təşkilat
rəhbəri də mənim fikrimi
bölüşdüyünü yazıb. Məktubda qeyd edilir
ki, hava məkanı pozulursa, Azərbaycan həmin hava gəmisini
hər hansı başqa hava limanında enməyə məcbur
edə bilər. Amma məktubda o da qeyd olunur ki, məcburi
eniş etdikdə, dinc insanlara və mülki hava gəmisinə
ziyan toxunmamasına çalışmaq lazımdır. Təbii
ki, təyyarədəkilərin dinc insanlar olmasını
müəyyən etmək üçün də məcburi
enişini təmin etmək lazımdır. Hansı tədbir
görülməsi isə dövlətin öz hüququdur. Məktubda
ICAO-nun rəhbəri bildirib ki, Xocalı hava limanı məsələsi
ilə bağlı Fransa şirkətinin nümayəndələri
ilə əlaqə saxlayacaq və Azərbaycanın
narahatlığını Ermənistan tərəfinə
çatdıracaq.
Amma Ermənistanın
münaqişənin həlli ilə əlaqədar
qeyri-konstruktiv mövqe tutması hamıya məlumdur. Bu
dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrini
yerinə yetirmir. Amma buna baxmayraq, biz boş
dayanmayacağıq və beynəlxalq hüquq normaları
çərçivəsində addımlar atacağıq.
Yeni
Azərbaycan.- 2012.- 8 avqust.- S.4.