Azərbaycan
Baş Prokurorluğunda ilin I yarısında
görülmüş işlərin nəticələrinə
dair əməliyyat müşavirəsi keçirilib
Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarısında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2012-ci ilin birinci yarısı bütövlükdə Azərbaycan Respublikası, o cümlədən prokurorluq orqanları üçün uğurlu bir hesabat dövrü olub. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan müasir məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında və MDB məkanında qabaqcıl mövqelərə çıxan Azərbaycan Respublikası ümumdaxili məhsulun artımına görə liderliyini qoruyub saxlamaqla, yeni infrastrukturların yaradılması, ölkənin və ayrı-ayrılıqda hər bir regionun inkişafını təmin edəcək qlobal sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyası proseslərinin sürətləndirilməsi, son nəticədə isə xalqın həyat səviyyəsinin yüksəldilməsi təmin edilib. Praqmatik və gələcəyə istiqamətləndirilmiş məqsədyönlü siyasət tədbirləri dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində ölkəmizi iqtisadi sarsıntılardan xilas edib, qısa müddət ərzində çox böyük və uğurlu nəticələrə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılıb, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter alıb. Dövlət başçısı cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aparılan müzakirələr Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, iqtisadi inkişaf göstəricisinin, valyuta ehtiyatlarının və iqtisadiyyata sərmayə qoyuluşu səviyyəsinin yüksək olduğunu, çoxsaylı yeni iş yerlərinin açıldığını, ölkəmizin, o cümlədən iqtisadiyyatımızın gələcəyinin neft amilindən daha az asılılığını təmin edəcək sahələrin artan templərlə inkişaf etdiyini göstərib. Həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, mötəbər beynəlxalq maliyyə təşkilatları olan dünyanın 3 aparıcı reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və cari ilin may ayının əvvəlindən Şuraya sədrliyi uğurla həyata keçirib. Bu, 20 illik müstəqillik tariximizdə ölkəmizin qazandığı ən böyük nailiyyətdir.
2012-ci ilin birinci yarısında Azərbaycan Prokurorluğu digər hüquq mühafizə, məhkəmə, ədliyyə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, ən əsası isə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Bu gün prokurorluq orqanlarının bütün səyləri icra müddətinin başa çatmasına baxmayaraq, prokurorluğun kollektivi üçün gələcəyə istiqamətləndirilmiş uzunmüddətli proqram xarakterli sənəd kimi qəbul edilən “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın ümumi prinsiplərinə uyğun islahatların yeni müstəvidə davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin yüksək tələblər səviyyəsində səmərəli təşkilinə, yeni kadr korpusunun formalaşdırılmasına, fəaliyyətimizdə mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilib.
Müsbət hal kimi qeyd olunub ki, prokurorluğun digər hüquq mühafizə, ilk növbədə isə daxili işlər və milli təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq, 2012-ci ilin birinci yarısında kriminogen stabilliyə nail olunub və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınıb. Belə ki, əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ümumi və az ağır, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və zorlama, quldurluq, soyğunçuluq və oğurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 11953 cinayətin 87,0 faizinin açılması təmin edilib. Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi təmin olunub.
Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım tendensiyası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2012-ci ilin birinci yarımilinin yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması və cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən, qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Sumqayıt şəhəri üzrə 2, Mingəçevir şəhəri, Balakən, Xızı, Bakı şəhərinin Suraxanı və Xətai rayonlarının hər birində 1 belə bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.
Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha səmərəli və çevik olub, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ilin birinci yarısında rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 160 şəxs barəsində 82 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Hazırda idarənin icraatında 102 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 20 cinayət işi başlanıb.
Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanının, həmin fərmanın icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Baş Prokurorluq üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi təmin edilib, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislərin cəlb edilməsi və mütəxəssislərin iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamaların keçirilməsi təmin olunub.
Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən demokratik yolu kimi öz müsbət nəticələrini verib, artıq bu yolla daimi qulluğa qəbul edilənlər prokurorluq işçilərinin 51 faizini təşkil edir və onlar çox səmərəli fəaliyyət göstərirlər. Bu istiqamətdə işlər davam etdirilməklə, Respublika Baş Prokurorluğu tərəfindən 2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə yeni müsabiqə elan olunub və ilin sonuna qədər prokurorluğa qulluğa qəbulun həyata keçirilməsi təmin olunacaq. Baş Prokurorluğun Müsabiqə komissiyasına və Kadrlar idarəsinə tapşırıq verilib ki, müsabiqənin ən yüksək tələbkarlıq, prinsipiallıq və şəffaflıq şəraitində keçirilməsi və namizədlər sırasından prokurorluqda işləməyə layiq olanların ədalətli seçiminin aparılması təmin olunsun.
Əməliyyat müşavirəsində qeyd edilib ki, 2012-ci ilin birinci yarısında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olub. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.
Əldə
edilmiş müsbət iş göstəriciləri ilə
yanaşı, məhkəmələr tərəfindən bir
sıra cinayət işlərinin ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorlara
qaytarılması, müstəntiqlər və prokurorlar barəsində
xüsusi qərarların çıxarılması
hallarının mövcudluğu bu fəaliyyət istiqaməti
üzrə qüsur kimi dəyərləndirilməklə,
onların aradan qaldırılması, cinayət təqibinin həyata
keçirilməsi ilə əlaqədar insan hüquq və
azadlıqlarının real təmini üçün zəruri
tədbirlərin görülməsi, mövcud nəzarət
mexanizminin daha da təkmilləşdirilməsi barədə
tapşırıqlar verilib.
Nazirlər
Kabinetinin cari il iyulun 11-də keçirilmiş iclasında
dövlət başçısı cənab İlham Əliyevin
elektron sistemə keçidin zəruriliyi barədə verdiyi
göstərişlərə müvafiq olaraq, yeni informasiya
texnologiyalarının hərtərəfli tətbiqi və Mərkəzləşdirilmiş
informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində
görülən işlər müsbət dəyərləndirilməklə,
Baş prokuror tərəfindən prokurorluq orqanlarında
yaradılmış “Elektron sənəd dövriyyəsi”
sisteminin daha da təkmilləşdirilməsi və texniki
imkanlarının artırılması, mərhələ-mərhələ
Bakı şəhər prokurorluğu orqanları və
respublika ərazisində yerləşən tabe rayon və
şəhər prokurorluqlarının bu sistemə
qoşulması, video-konfrans rejimində bütün tabe
struktur qurumlarla əlaqələrin yaradılması, “Elektron
cinayət” informasiya sisteminin yaradılması üzrə tədbirlərin
yekunlaşdırılması və bu sistemin tətbiqinə
başlanılması istiqamətində zəruri
tapşırıqlar verilib.
Əməliyyat
müşavirəsində xüsusi olaraq qeyd edilib ki, hesabat
dövründə xidməti, icra və əmək
intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində
qanunsuzluq hallarına və prokurorluq işçisinə
yaraşmayan hərəkətlərə yol verən
işçilərə münasibətdə
prinsipiallığın yüksəldilməsi təmin olunub.
Belə ki, 2012-ci ilin birinci yarısında müxtəlif xətalar
törətdiklərinə görə 45 prokurorluq əməkdaşı
cəzalandırılmaqla, onlardan 9 nəfəri prokuror və
müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə
yol verdiklərinə və “Azərbaycan Respublikası
Prokurorluğu işçilərinin Etik davranış
Kodeksi”nin tələblərini kobud şəkildə
pozduqlarına görə prokurorluq orqanlarından xaric edilib, 3
nəfəri tutduğu vəzifədən azad olunub, 37 əməkdaş
şiddətli töhmət, töhmət və irad
növündə intizam məsuliyyətinə cəlb edilib.
Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə
tələbkarlıqları zəruri səviyyədə
olmayan, fəaliyyətlərində cəza tətbiqi
üçün əsas olan qanunsuzluqlara yol verən 20 rayon
prokuroru intizam məsuliyyətinə cəlb edilib. Tələb
edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər
prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək
intizamının möhkəmləndirilməsi,
tapşırılan işə görə əməkdaşların
məsuliyyət hissinin və neqativ təzahürlərə
münasibətdə prinsipiallığın
artırılması üçün ən qəti tədbirlər
görülsün.
Vətəndaş
müraciətlərinə baxılması və onların qəbulu
işinin düzgün təşkili məqsədilə həyata
keçirilən islahat tədbirlərinin nəticəsi
olaraq, yeni normativ-hüquqi bazanın yaradılması və
sahəvi strukturun təkmilləşdirilməsinin öz
müsbət nəticələrini verdiyi qeyd edilməklə,
vətəndaşların müraciətlərinə
qayğı ilə yanaşılması və onların
haqlı tələblərinin həlli istiqamətində zəruri
tədbirlərin görüldüyü diqqətə
çatdırılıb. 2012-ci ilin birinci yarısında Azərbaycan
Respublikası Prokurorluğu orqanlarında 23,8 mindən
çox, o cümlədən Baş Prokurorluqda 17,0 min ərizə
və şikayətə baxıldığı, prokurorluq
orqanlarında 12,5 mindən çox, o cümlədən
Baş Prokurorluqda isə 1535 vətəndaşın qəbul
edildiyi göstərilib.
Eyni
zamanda, müraciətlər üzrə natamam və
qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik
hallarına yol verilməsi, əsassız qərarlar qəbul
edilməsi, vətəndaşlara müraciətləri üzrə
formal və səthi cavabların verilməsi, qəbullarının
keçirilməsi qaydalarının pozulması kimi
çatışmazlıqların hələ də mövcud
olduğu nəzərə alınmaqla, bütün struktur
qurumların rəhbərləri və tabe prokurorlardan
müraciətlərə baxılması və vətəndaşların
qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə
bütün neqativ halların təxirəsalınmadan aradan
qaldırılması, yeni informasiya texnologiyalarının
imkanlarından daha geniş istifadə edilməsi tələb
olunub.
Diqqətə
çatdırılıb ki, prokurorluq orqanları tərəfindən
2012-ci ilin birinci yarısında görülmüş işlərin
vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq
bölgələr üzrə keçirilən əməliyyat
müşavirələrində müzakirə edilib, Baş
prokurorun müavinləri və Kollegiya üzvlərinin sədrliyi,
Baş Prokurorluğun rəhbər heyətinin və tabe şəhər
və rayon prokurorluqlarının əməkdaşlarının
iştirakı ilə Gəncə, Sumqayıt, Mingəçevir
və Şirvan şəhərləri, Ağsu, Tərtər
və Masallı rayonlarında bölgələr üzrə,
habelə Azərbaycan Respublikası Hərbi, Naxçıvan
Muxtar Respublikası və Bakı şəhər
prokurorluqlarında keçirilmiş geniş əməliyyat
müşavirələrində hesabat dövründə
görülmüş işlərin real vəziyyəti,
mövcud nöqsanlar və çatışmazlıqların
yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil
edilib, “Prokurorluq haqqında” Qanunda nəzərdə
tutulmuş fəaliyyət istiqamətləri üzrə
işin səmərəliliyinin artırılması,
prokurorluq orqanlarında xidməti, icra və əmək
intizamının daha da yüksəldilməsi
üçün konkret tədbirlər müəyyənləşdirilib.
Əməliyyat müşavirələrində
qaldırılan və işin səmərəliliyinə mənfi
təsir göstərən problemlərin aradan
qaldırılması və həlli vacib məsələlərin
tənzimlənməsi istiqamətində qarşıda duran
konkret vəzifələr müəyyənləşdirilib və
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına
müvafiq tapşırıqlar verilib.
Əməliyyat
müşavirəsində 2012-ci ilin birinci yarısında
prokurorluq orqanları tərəfindən
görülmüş işlər və bu məsələnin
bölgə müşavirələrində müzakirə nəticələri
barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov
məruzə edib. Müzakirələrdə
çıxış edən Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi
Kamran Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi
və korrupsiya hallarına qarşı mübarizə sahəsində
görülən işlər, Hüquqi təminat və
informasiya idarəsinin rəisi Natiq Hüseynov yeni informasiya
texnologiyalarının tətbiqi ilə əlaqədar həyata
keçirilən tədbirlər barədə müşavirə
iştirakçılarına məlumat veriblər.
Əməliyyat
müşavirəsində inam ifadə olunub ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu
dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən
prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin
maraqlarının və insan hüquqları və
azadlıqlarının müdafiəsini, cinayətkarlığa
qarşı yeni müstəvidə qətiyyətli mübarizə
aparılmasını, xidməti, icra və əmək
intizamının daha da möhkəmləndirilməsini, ən
əsası işin prokurorluğa dövlət səviyyəsində
göstərilən etimada layiq səviyyədə təşkili
üçün səlahiyyət hədləri daxilində
bütün zəruri tədbirlərin görülməsini təmin
edəcək.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2012.- 4 avqust.-
S.4.