Qəbələ
Beynəlxalq Musiqi Festivalı əsl musiqi bayramıdır
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən festival Azərbaycan mədəniyyətini
dünyaya tanıdır
Bu
günlərdə Azərbaycanın ən gözəl məkanlarından
olan Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı keçirilir.
Avqustun 5-dək davam edəcək Qəbələ IV Beynəlxalq
Musiqi Festivalında Azərbaycanla yanaşı, müxtəlif
ölkələrdən görkəmli musiqiçilər,
ifaçılar qonaq qismində iştirak edir. Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
keçirilən festivalda Azərbaycanın görkəmli bəstəkarları,
musiqi yaradıcıları ilə yanaşı, dünya
şöhrətli xarici bəstəkarların da əsərləri
ifa edilir. Festival çərçivəsində muğam,
vokal, kamera musiqisi axşamları təşkil olunur. Festivalda
Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri,
Rusiyanın Xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin
xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi
Festivalı üçün yazdığı “Xocalı” matəm
musiqisi təqdim edilib. İlk dəfə təqdim olunan və
peşəkarcasına ifa edilən bu musiqi əsəri
tamaşaçıların böyük marağına səbəb
olub.
Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
festival iştirakçılarına ünvanladığı
təbrik məktubunda da deyildiyi kimi, Qəbələ IV Beynəlxalq
Musiqi Festivalı unudulmaz mədəniyyət hadisəsinə
çevriləcək: “İnanıram ki, hər il olduğu
kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin
iştirakı ilə keçirilən builki festival da unudulmaz
musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti
tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır”.
Heydər Əliyev Fondu musiqi mədəniyyətimizin
keşikçisidir
Ümumiyyətlə,
Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin
beynəlxalq mədəniyyət mərkəzinə
çevrilməsi Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun
və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın fəaliyyətində əsas
istiqamətlərdən birini təşkil edir. Azərbaycanın
muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına daxil edilməsində böyük xidmətlər
göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə
keçirilən Qəbələ Beynəlxalq Musiqi
Festivalı ölkə mədəniyyətinin
tanıdılması istiqamətində görülən
işlərin zirvəsini təşkil edir.
Heydər
Əliyev Fondunun ən böyük layihələrindən olan
Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən
başlayaraq hər il yay aylarında keçirilir. Artıq ənənə
halını alan festival beynəlxalq miqyasda böyük
marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət
tədbirləri arasında özünə yer tapan Qəbələ
Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın
mədəniyyət mərkəzlərindən birinə
çevirib. Bu festival ölkəmizdə mədəniyyətə,
musiqiyə, incəsənətə nə qədər
böyük önəm verildiyini göstərir.
Qəbələdə
keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər
boyu yaradıb günümüzədək
yaşatdığı milli musiqimizin nadir incilərinin, eləcə
də, Qara Qarayev, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov,
Fikrət Əmirov kimi milli musiqinin dünya musiqisi ilə
sintezindən yaranan gözəl sənət nümunələrinin
müəlliflərinin əsərlərinin dünyaya
tanıdılmasında mühüm rola malikdir. Ölkəmiz
barəsində informasiyaya malik olmayan, yaxud Azərbaycanı
yalnız neft ölkəsi kimi tanıyan xarici ölkə vətəndaşları
Qəbələdə olduqdan və festivalda iştirak etdikdən
sonra Azərbaycan mədəniyyəti barədə tamamilə
yeni və zəngin təəssüratlara sahib olurlar.
Azərbaycan mədəniyyətlərarası
dialoqun mərkəzi kimi
Qəbələ
Festivalı həm də Azərbaycanın mədəniyyətlərarası
dialoqun təşkilindəki rolunun da dəfələrlə
artması deməkdir. Bildiyimiz kimi, Azərbaycanın iqtisadi,
siyasi, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində
Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz
olması beynəlxalq miqyasda qəbul olunur. Qəbələdə
keçirilən musiqi festivalı isə ölkəmizin həm
də mədəniyyətlərarası dialoqda önəmli
körpü rolunu oynadığını sübuta yetirir.
Festivalda iştirak etmək üçün ölkəmizə
gələn qonaqların mənsub olduğu region və ölkələrin
müxtəlifliyi də bu fikri təsdiq edir. Belə ki, Amerika
və Avropa qitələrindən, Uzaq Şərq regionundan
qatılan qonaqların təmsil etdikləri musiqi mədəniyyəti
nümunələrinin bir arada, bir məkanda səslənməsi
mədəniyyətlərarası dialoqun gerçəkləşməsinə
xidmət edən mühüm mədəniyyət hadisəsidir.
Təsadüfi deyil ki, festivalda iştirak etmək
üçün ölkəmizə gələn qonaqlar da Qəbələ
festivalının Qərblə Şərqi
yaxınlaşdırdığını, mədəniyyətlərarası
dialoqa töhfə verdiyini etiraf edirlər. Beləliklə, Azərbaycan
bu gün mədəniyyət beşiyi olmaqla yanaşı, həm
də dünya musiqisinə dəyər verən, onu zənginləşdirən
bir diyar kimi tanınmaqdadır.
Qəbələ Festivalı və
Azərbaycanın gözəlliyi xarici qonaqları heyran edib
Azərbaycanın
zəngin mədəniyyəti, gözəl təbiəti Qəbələ
Beynəlxalq Musiqi Festivalında iştirak edən xarici
qonaqların yaddaşında silinməz iz qoyur, ölkəmizin
müsbət imicini formalaşdırır. Festivala
iştirakçı və tamaşaçı qismində
qatılanların “AzərTAc”da əksini tapan müsahibələri
bu möhtəşəm beynəlxalq musiqi tədbirinin və
Qəbələnin gözəlliklərinin onlarda
yaratdığı xoş təəssüratları ifadə
edir.
Məsələn,
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi
Festivalının iştirakçısı, Rusiya
Federasiyasının Xalq artisti, “Moskva virtuozları” kamera
orkestrinin solisti və direktoru Qriqori Kovalevski Azərbaycana
heyranlığını gizlətməyib: “Dostlarım Azərbaycan,
onun gözəl paytaxtı haqqında mənə çox
danışmışdılar. Qiyabi tanıdığım bu
diyara sözün əsl mənasında heyran olmuşdum. Ona
görə də, çoxdan idi ki, Azərbaycana gəlmək
arzusundaydım. Bu arada Qəbələ IV Beynəlxalq Musiqi
Festivalında iştirak etmək təklifini aldım və məmnuniyyətlə
razılaşdım. Şübhəsiz, Bakı gözəl
şəhərdir, lakin təbiətin qoynunda yerləşən
Qəbələdə konsert vermək isə sözlə ifadə
oluna bilməyən özgə bir hissdir”.
Qonaq
əlavə edib ki, festivalın hələ çox gənc
olmasına baxmayaraq, tamaşaçı auditoriyası burada
klassik musiqiyə qulaq asmağa böyük həvəsin
olduğunu göstərir. O, növbəti illərdə də
bu musiqi tədbirində iştirakını səbrsizliklə
gözləyəcəyini bildirib: “Hesab edirəm ki,
tamaşaçılar ifamızdan razı qaldılar. Hər
bir ifaçı çıxışı zamanı
tamaşaçı ilə əlaqə yaratmağı
bacarmalıdır. Bu, çox vacibdir. Belə gözəl təbiətin
qoynunda təşkil edilən möhtəşəm festivala
görə Heydər Əliyev Fonduna təşəkkür etmək
lazımdır. Gözəl təşəbbüsdür”.
Festivalın
konsertlərinə tamaşa edən Rumıniyanın ölkəmizdəki
səfiri Daniel Çiobanu Qəbələnin qonaqpərvər
insanlarına, gözəl təbiətinə heyran
qaldığını söyləyib: “Bu, mənim Qəbələyə
ilk gəlişimdir. Burada həqiqətən də festival
ab-havası hökm sürür. Xoşbəxtəm ki, Qəbələ
kimi gözəl bir məkandayam. Burada dünya musiqisi incilərindən
ibarət gözəl konsert proqramını dinləyirəm.
Məni buraya dəvət etdikləri üçün azərbaycanlı
dostlarıma minnətdarlığımı bildirirəm.
Ümidvaram ki, gələn illərdə də bu festivala
tamaşa edəcəyəm”.
Səfir
Azərbaycanı çox sevdiyini, Festivalın isə onda dərin
təəssüratlar yaratdığını deyib:
“Xüsusilə də, dinləyicilərin yüksək mədəniyyəti,
klassik və milli musiqiyə eyni dərəcədə rəğbətlə
yanaşmaları məni valeh etdi. Bu festivalı təşkil
edənləri belə bir gözəl təşəbbüs
münasibətilə təbrik edirəm. Qəbələ
festivalında hər bir konsert çox möhtəşəm
keçir. Belə festivalla hər bir ölkə fəxr edə
bilər. Festivalın yüksək səviyyədə təşkilinə
görə Azərbaycan dövlətinin
başçısı İlham Əliyevə, eləcə də,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
dərin minnətdarlığımı bildirirəm”.
Dünya
şöhrətli pianoçu Boris Berezovski Qəbələdə
keçirilən mətbuat konfransında bildirib ki, gələcəkdə
Qəbələ musiqi festivalı elə bir səviyyəyə
çatacaq ki, dünyanın hər yerindən bura
musiqiçilər və tamaşaçılar gələcəklər.
Musiqiçi, həmçinin, vurğulayıb: “Mən səkkiz
dildə təmiz danışan Dmitri Yablonski ilə 15 ildir ki,
dostam. Onun dəvəti ilə hər il bu festivalda iştirak
edirəm. Burada gözəl təbiət qoynunda klassik musiqini
ifa etmək və onu dinləmək insana unudulmaz duyğular
yaşadır. Festival iştirakçılarına
qarşı tamaşaçılar tərəfindən isti
münasibət vardır. Auditoriyanın musiqi duyumu, qonaqpərvərliyi
çox yüksəkdir və musiqiçilər ürəkdən
alqışlanır”.
Qonaq
Qəbələ III Beynəlxalq Musiqi Festivalından dərin
təəssüratla ayrıldığını və belə
gözəl musiqi tədbirində yenidən iştirak etməkdən
məmnun olduğunu dilə gətirib. Paytaxtdan xeyli uzaq bir
yerdə bu qədər insanın klassik musiqiyə yüksək
səviyyədə maraq göstərməsinin onu valeh etdiyini
söyləyən Boris Berezovski Qəbələ
torpağında dünya şöhrətli musiqiçilərin
bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirib.
B.Berezovski Qəbələdə olmaqdan sevinc duyduğunu,
növbəti illərdə də bu festivalda iştirak etməkdən
məmnun olacağını söyləyib.
“Yeni
Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və
baş dirijoru, “Moskva solistləri” kamera ansamblının
qurucusu, “Qremmi” mükafatının sahibi Yuri Başmet yerli və
xarici tamaşaçılardan razılığını ifadə
edib: “Mən dinləyicilərimin gündən-günə
artdığını hiss edirəm. Hər konsertdə yeni
dostlar, klassik musiqini dərk edən dinləyicilər
tapıram”.
Görkəmli
musiqiçi Azərbaycan musiqisi barədə ilk dəfə
dahi Rəşid Behbudov və Müslüm Maqomayev ilə
tanışlığı zamanı məlumat əldə
etdiyini bildirib. Y.Başmet hər dəfə Qəbələdə
keçirilən beynəlxalq musiqi festivalına dəvət
edilərkən xoş hisslər keçirdiyini və bu
möhtəşəm tədbirdə həvəslə
iştirak etdiyini söyləyib. O həmçinin əlavə
edib: “Bu festivalda iştirakım mənim üçün həm
karyera, həm də Azərbaycanı yaxından tanımaq
baxımından vacibdir. Ümumiyyətlə, son bir ildə Azərbaycan
çox dəyişmiş, paytaxtınız, həmçinin,
Qəbələ gözəlləşmiş və daha da
müasirləşmişdir. Buranın təbiəti, insanları
çox xoşuma gəlir. Çoxlu dostlar qazanmışam. Gələn
il də bu festivalda böyük məmnuniyyətlə
iştirak edəcəyəm”.
“Yeni
Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, dünya
şöhrətli violonçel ifaçısı,
festivalın bədii rəhbərlərindən biri Dmitri
Yablonski Qəbələdə əsl musiqi bayramının
yaşandığını söyləyib. O qeyd edib ki, Qəbələdə
keçirilən ənənəvi beynəlxalq musiqi
festivalı Azərbaycanın musiqi tarixində yenilikdir.
D.Yablonski neçə illərdir ki, belə bir festivalın
paytaxt və böyük şəhərlərdə deyil,
sıx meşələrlə əhatə olunmuş
kiçik əyalət şəhərində gözəl təbiətin
qoynunda keçirilməsini arzu etdiyini bildirib: “Heydər Əliyev
Fondunun köməyi ilə artıq dörd ildir ki, bu nailiyyəti
əldə etmişik və festivalın daha da inkişaf
etdirilməsi üçün yeni planlar üzərində işləyirik”.
Rusiyalı musiqiçi Qəbələdə bu festivalla paralel fəaliyyətə başlayan “Beltmann” piano fabrikinin də uğurlarından danışaraq bildirib ki, hazırda müəssisədə 140 nəfər işçi çalışır və orada ildə 1200 piano istehsal etmək mümkündür. “Gələn ildən fabrikdə royal istehsalına da başlanılacaqdır. Fabrikdə pianonun yığılması zamanı hər detalın incəliklərinə diqqət yetiririk. Sentyabrda Bakıda, Azərbaycan Milli Konservatoriyasının yaxınlığında “Beltmann” piano fabrikinin satış mağazası açılacaqdır. Gələn ildən orada royal da satılacaqdır” - deyə, o, bildirib.
D.Yablonski Qəbələdə caz festivalının keçirilməsini, kamera orkestri üçün zalın inşa edilməsini arzu etdiyini və Azərbaycan xalçaları ilə yaxından maraqlandığını da qeyd edib. O, bu festivalda “Moskva solistləri” kamera orkestrinin və tanınmış musiqiçilərin iştirakı ilə “Xocalı” matəm musiqisinin ifasını tarixi hadisə adlandırıb.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.- 2012.- 4 avqust.- S.3