Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışları və nailiyyətləri ilə ölkəmizin sürətli inkişaf edən dövlət olduğunu bütün dünyaya nümayiş etdirə bildilər

 

Əli Əhmədov: Beynəlxalq idman yarışlarında əldə olunan uğurlar Azərbaycanın bir müasir dövlət kimi inkişafının göstəricisi olmaqla yanaşı, ölkəmizin konkret idman sahəsindəki gücünü də ifadə edir

 

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:

- Əli müəllim, ilk olaraq, Sizin Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarındakı uğurlu iştirakını qiymətləndirmənizi istərdik...

- Məlum olduğu kimi, dünyanın ən böyük idman tədbirlərindən biri olan XXX London Yay Olimpiya Oyunları başa çatıb. Bildiyiniz kimi, Azərbaycan idmançıları da bu olimpiadada iştirak edib və yüksək nəticələrə nail olublar. İkisi qızıl olmaqla, ümumilikdə, 10 medal qazanmış idmançılarımız hər bir azərbaycanlıya sevinc bəxş ediblər. Bu böyük qələbə münasibətilə ilk növbədə, idmançıları təbrik etmək istəyirəm. Çünki, onlar, həqiqətən, əzmkarlıqları ilə Azərbaycan vətəndaşlarının öz ölkələrilə qürur duymasında haqlı olduqlarını sübut etdilər. Hesab edirəm ki, böyük idman qələbəsi münasibətilə bütün Azərbaycan vətəndaşlarını da təbrik etmək olar. Çünki, bizim idmançıların ifasında, onların böyük fədakarlığı nəticəsində əldə olunmuş qalibiyyət bütövlükdə, Azərbaycanın qələbəsidir.

Mən, eyni zamanda, idman ictimaiyyətini, həmçinin, London Olimpiadasında böyük uğurların əldə olunmasına töhfələr vermiş və əziyyət çəkmiş hər bir insanı təbrik edirəm. Əlbəttə ki, Londonda qazanılan uğurların kökündə Azərbaycanda idmana olan yüksək qayğı dayanır. Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana bilavasitə qayğısı və dəstəyi, bu sahənin inkişafında əldə olunan nailiyyətlər və nəticələr sonda dünyanın ən mötəbər yarışında Azərbaycanın böyük uğurlar əldə etməsinə gətirib çıxardı.

Bu, idman qələbəsi olmaqla yanaşı, həm də böyük ictimai əhəmiyyət daşıyan hadisədir. İdman bu gün dünyada ölkələri və xalqları təbliğ etməyin ən populyar vasitələrindən biridir. Məhz, sözügedən qələbələri əldə etməklə, Azərbaycan cəmiyyəti özünü bir daha bütün dünyaya təqdim etdi. Hesab edirəm ki, bu nailiyyətlər Azərbaycanın gənc bir dövlət kimi inkişafının və yüksəlişinin özünəməxsus göstəricisi sayıla bilər.

Həqiqətən, Azərbaycan son illər ərzində sürətlə inkişaf edib. Bu inkişaf Azərbaycanın iqtisadiyyatından tutmuş, ölkəmizin bütün sahələrində aydın şəkildə sezilməkdədir. Reallaşdırılan modernləşmə siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyaya sürətlə inkişaf edən dövlət kimi təqdim edilir.

Eyni zamanda, vurğulanmalıdır ki, idman sahəsində əldə olunan uğurlar Azərbaycanın idman ölkəsi kimi imicinin də formalaşmasına köməklik göstərir. Əlbəttə ki, beynəlxalq idman yarışlarında əldə olunan uğurlar Azərbaycanın bir müasir dövlət kimi inkişafının göstəricisi olmaqla yanaşı, ölkəmizin konkret idman sahəsindəki gücünü də ifadə edir.

Ümumi konteksdə demək olar ki, Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışları və nailiyyətləri ilə ölkəmizin sürətli inkişaf edən dövlət olduğunu bütün dünyaya nümayiş etdirə bildilər.

- Ümumiyyətlə, Atlanta, Sidney, Afina, Pekin və London Olimpiya Oyunlarının nəticələrinə nəzər yetirdikdə bir daha görürük ki, müstəqil Azərbaycanın idmançılarının bu mötəbər yarışlarda əldə etdikləri uğurların dinamikasında böyük artım var. Sizcə, bu uğurların fəlsəfəsində hansı faktorlar durur?

- Təbii ki, Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında düşünülmüş siyasət durur. Amma nailiyyətlərin əldə olunma səbəblərini konkretləşdirərək, deyə bilərik ki, müstəqil Azərbaycan Respublikasının Olimpiya Oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, göz önündə olan uğurlarla ölkəmiz bir daha dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu isbatlayıb. Müstəqil Azərbaycanın iştirak etdiyi Olimpiya Oyunlarının nəticələrinə də nəzər saldıqda, ölkəmizin əldə etdiyi medalların sayını xatırladıqda, söylənilən fikrin əsaslı olduğu bir daha üzə çıxır. Məsələn, Pekində keçirilmiş Olimpiya Oyunlarında ölkəmiz 1 qızıl olmaqla, 7 medal əldə etmişdisə, London Yay Olimpiya Oyunlarında 2 qızıl olmaqla, 10 medal qazanıb. Bu statistik məlumatdan da görürük ki, Azərbaycanın inkişafı göz önündədir. Və bir daha vurğulamaq istəyirəm ki, bu inkişaf ümumi müşahidə olunan tərəqqi prosesinin tərkib hissəsidir.

Əlbəttə ki, dünyada idman ölkəsi kimi tanınmaq üçün ciddi idman nailiyyətləri əldə etməklə yanaşı, həm də bu uğurların qazanılmasını şərtləndirən bazanın yaradılması da gərəkdir. Azərbaycanda bilavasitə dövlətin diqqət və qayğısı ilə idmanın, kütləvi bədən tərbiyəsinin inkişaf etdirilməsi üçün böyük layihələr həyata keçirilməkdədir. Olimpiya Komplekslərinin inşa edilməsi, müxtəlif idman yarışlarının keçirilməsi üçün şəraitin təmin olunması, Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi və digər bu istiqamətli tədbirlərin reallaşdırılması bir yandan ölkədə insanlarımızın sağlam həyat tərzinin təmin edilməsi kimi başa düşülürsə, digər tərəfdən, dövlətimizin mötəbər idman yarışlarında böyük uğurlar əldə etməsinə aparan yolun əsasını təşkil edir. Məhz, bütün bunların nəticəsidir ki, Azərbaycan keçirilən Olimpiya Oyunlarında uğurlu nailiyyətlər əldə edir.

Bunlarla yanaşı, qeyd edim ki, Azərbaycan bütün parametrlər üzrə regionun lider dövləti olduğunu isbatladığı kimi, idman sahəsində də avanqardlılığını sübut edir. Bütövlükdə, XXX Yay Olimpiya Oyunlarının statistikasını göz önünə gətirsək, bir çox həqiqətlər ortaya çıxmış olar. Birincisi, məlum olur ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ən çox medal qazanan ölkədir. İkincisi, ölkəmiz keçmiş sovet məkanı üzrə Olimpiadada əldə etdiyi medalların sayına görə, önə çıxan dövlətlər sırasındadır. Üçüncüsü, İslam dünyasında Azərbaycan qazandığı idman uğurlarına görə, qabaqcıl yerlərdədir.

Əlbəttə ki, bu cür müqayisələri başqa parametrlər üzrə də aparmaq olar. Lakin ortaya çıxan ümumi nəticə ondan ibarətdir ki, 204 dövlətin iştirak etdiyi XXX Yay Olimpiya Oyunlarında 30-cu yeri tutan Azərbaycan özünü dünyaya inkişaf etmiş idman ölkəsi kimi də təqdim etdi. Etiraf etmək lazımdır ki, Olimpiya Oyunlarında çox güclü idman ənənələri olan ölkələr iştirak edib və bunların sırasında qabaqcıl yeri tutmaq, sözün həqiqi mənasında böyük uğur sayılır.

- Məlum olduğu kimi, olimpiyaçılarımızın zəfərləri ölkəmizin hər bir yerində sevinclə qarşılandı, hətta, insanlar idman uğurlarımızı şəhərin küçələrində qeyd etdilər. Bu mənada, istərdik ki, qələbələrin müharibə şəraitində yaşayan bir xalqa göstərdiyi sosial-psixoloji təsirlər haqqında danışasınız...

- Əlbəttə ki, idman cəmiyyətin həyatında mühüm rol oynayan hadisələrin sırasındadır. Bütövlükdə, ölkənin əldə etdiyi hər bir nailiyyət insanları ruhlandırdığı kimi, idman sahəsindəki uğurlar da xalqın milli iftixar keyfiyyətlərini daha da gücləndirir. Bu, bütövlükdə, insanlarda milli özünüdərkin və özünüifadənin vacib bir elementinə çevrilir.

Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar da insanlarımızın iftixarını formalaşdıran faktorlar kimi qəbul edilir. O cümlədən, idman sahəsində də qazanılan nailiyyətlər insanlar tərəfindən söylənilən amil kimi qavranılmaqdadır. Məhz, idmançılarımızın Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında qazandığı uğurlar insanlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə və milli birliyin güclənməsinə səbəb olur. Deyə bilərik ki, qazanılan bütün uğurlar dövlətlə xalqın sıx birləşməsinə və birgə gücün ifadə edilməsinə işarədir. Ümumilikdə, idmançılarımızın zəfərləri milli inkişafa təkan verən vacib amildir.

Təbii ki, bu gün Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alsaq, idman sahəsində əldə olunan nailiyyətlər vətəndaşlarımızda vətənpərvərlik hislərinin daha da güclənməsinə və ölkə gənclərinin öz dövlətinin qüdrətinə olan inamının artmasına gətirib çıxarır. Hər bir azərbaycanlı gənc öz ölkəsinin güclü olduğunu dərk etdikcə, əlbəttə ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin qələbə qazanacağına ictimai inamı daha da artırır...

- Əli müəllim, təəssüflər olsun ki, çox az sayda insanlar Azərbaycanın bu qələbələrinə sevinə bilmirlər. Əslində onların şəxsi ambisiyaları imkan vermir ki, dövlətimizin uğurlarını həzm etsinlər. Sizcə, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan bu insanların əməllərinin əsasında hansı səbəblər durur?

- Bilirsiniz ki, Azərbaycanın bugünkü inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət durur. Hazırda həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan ardıcıl nailiyyətlər əldə etməkdədir. Qeyd etdiyim kimi, sürətlə dəyişən və inkişaf edən Azərbaycanda bütün sahələr kimi, idman sferası də tərəqqi dövrünü yaşayır və ölkəmiz artıq dünya miqyasında idman dövləti tək qəbul edilir. Bütün bunlar isə Azərbaycan vətəndaşlarında böyük sevinc hissləri oyadır. Lakin bir müddət öncə ölkə mediasında, xüsusilə də, müxalifət mətbuatında yer alan fikirlərə istinadən demək istəyirəm ki, çox az sayda olan adamlar var ki, dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər. Elə kiçik bir bəhanə axtarırlar ki, özlərinin qara fikirlərini mətbuat səhifələrinə çıxarsınlar. Əlbəttə ki, Olimpiya Oyunlarının başa çatmasını gözləməyən Azərbaycan müxalifəti ölkəmizin ümumi inkişafına kölgə salmaq məqsədilə əsassız təbliğat aparmağa cəhd göstərdi. Amma zaman göstərdi ki, müxalifətin bu günə qədər dediklərinin Azərbaycanın inkişafı ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan idmançılarının Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında göstərdikləri şücaət, bunun nəticəsi olan qələbələr və qalibiyyətlərin yekunu olan medallar göstərdi ki, çox az sayda olan müxalifətçilər ölkəmizin uğurlarına sevinə bilmirlər. Bu isə artıq onların xislətinə çevrilib. Müxalifətin Azərbaycanın uğurlarına sevinməmək xüsusiyyəti onların siyasətinin əsas mahiyyətini təşkil edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan seçdiyi yolla uğurla irəliləyir. Ən başlıcası odur ki, kimin nə deməsindən asılı olmayaraq, ölkəmiz inamla yüksəlir, inkişaf edir və qələbələr əldə edir.

Mən bir daha əldə olunan qələbələr münasibətilə idmançılarımızı, xalqımızı və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, ölkəmizdə idmanın inkişafına misilsiz töhfələr vermiş dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm.

 

 

Yeni Azərbaycan.- 2012.- 14 avqust.- S.4.