Azərbaycanın
beynəlxalq müstəvidə yeri və
rolu güclənməkdədir
Məlahət
İbrahimqızı: Ölkəmizin həyata keçirdiyi
xarici siyasət prinsipial, qətiyyətli və
xalqımızın mənafeyinə tam uyğundur
Yeni
Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
Milli Məclisin deputatı Məlahət
İbrahimqızı yap.org.az
saytına müsahibə verib:
- Məlahət
xanım, Azərbaycan müasir beynəlxalq münasibətlər
sistemində öz mövqeyini günü-gündən
möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli
və çoxtərəfli münasibətləri inkişaf
edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil
olunur. Məhz bu reallıqlar və perspektivlə bağlı
nə deyə bilərsiniz?
-
Ümumiyyətlə, Azərbaycan beynəlxalq müstəvidə
özünü etibarlı tərəfdaş kimi təsdiq
edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən
uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli
dərəcədə möhkəmləndirib, dinamik
inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın
sürətli inkişafı, iqtisadi gücünün
artması, əhalinin rifahının yüksəlməsi bir
sıra digər məsələlərdə təsiredici rol
oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın
beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli
dərəcədə gücləndirir. Əminliklə demək
olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu
üzvüdür, söz sahibi olan dövlətdir. Son bir
neçə ildə Azərbaycanın əldə etdiyi
uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim
ölkəmizi regionda güc mərkəzlərindən birinə
çevirib. Biz birmənalı olaraq böyük bir maraq
oyadırıq, bütün beynəlxalq təşkilatlar,
böyük dövlətlər bizə maraq göstərir,
bizimlə tərəfdaşlıq etmək istəyirlər.
Qeyd etdiyim kimi, Azərbaycanın beynəlxalq müstəvidə
yeri və rolu güclənməkdədir. Ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın
mənafeyinə tam uyğundur.
Bu gün Azərbaycanda
dövlətimizin güclənməsinə
xidmət edən və xalqımızın
siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir.
Əlbəttə, Azərbaycan dünyanın
diqqət mərkəzində
olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir.
Bu amillərə görə, ölkəmizin
inkişafını istəməyən
bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə,
Azərbaycan balanslaşdırılmış
xarici siyasət həyata keçirməkdədir.
Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub və bu gün uğurla
davam etdirilir. Möhtərəm Prezidentimiz İlham
Əliyev bu siyasəti müasir dövrün tələblərinə
uyğun olaraq həyata keçirir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi
də bu siyasətin məntiqi nəticəsidir. Təşkilat yarandığı vaxtdan indiyə kimi ona bu
qədər böyük
səs çoxluğu
ilə seçilmiş
nadir ölkələr var. 200-ə yaxın dövlətin içərisində 155 ölkənin
dəstəyini almaq həqiqətən də,
Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzuna
dəlalət edir.
Ümumiyyətlə, uzun illərə
hesablanan siyasət Azərbaycanın beynəlxalq
aləmdə imicini gücləndirib. Bu gün Azərbaycan BMT
TŞ-də söz sahibi olan dövlətdir.
20 ildir müstəqil
olsa da, ölkəmiz beynəlxalq
müstəvidə böyük
nailiyyətlər qazanır.
Nəticə etibarilə qeyd
etmək istəyirəm
ki, Azərbaycanın beynəlxalq münasibətlər
sistemində mövqeyi
getdikcə güclənməkdədir.
Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi
qismində çıxış
edən və müstəqil xarici siyasət yürüdən
milli dövlətlərin
etibarlı strateji tərəfdaşına çevirib.
- Ölkəmiz tərəfindən
reallaşdırılan müstəqil
enerji siyasəti regionun və regionətrafı coğrafiyanın
enerji təhlükəsizliyini
təmin etməklə
yanaşı, Azərbaycanı
dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə
çevirib. Bir çox dövlətlər
Azərbaycanı etibarlı
strateji tərəfdaş
kimi səciyyələndirirlər.
Sizin bu haqda fikirləriniz necədir?
- Belə bir geosiyasi
məkanda enerji siyasəti də çox dəqiqliklə həyata keçirilir və bu yöndə
böyük nailiyyətlər
əldə edilib. Bilirsiniz ki, bu gün
dünya miqyasında baş verən münasibətlərin təməl
prinsipində enerji siyasəti dayanır.
Bu gün sanki
dünyada beynəlxalq
güclər arasında
enerji ehtiyatlarının
bölüşdürülməsi mübarizəsi gedir.
Kim nə qədər
enerji mənbələrinə
sahib ola bilər və s. Bu çətinliklərə baxmayaraq,
Azərbaycan balanslaşdırılmış
xarici siyasət həyata keçirir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri
və tranzit daşımalarında əsas
koridor olacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və digər layihələr Azərbaycanın
beynəlxalq aləmdə
nüfuzunu daha da artırır.
Bildiyiniz kimi, bir müddət öncə Prezident İlham Əliyev milli və dövlət maraqlarımızı ifadə edərək “Trans Anadolu” qaz kəməri layihəsinə dair sazişi imzaladı. Bu, həqiqətən də, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda necə böyük sensasiya doğurmuşdusa, eləcə də, TANAP layihəsi XXI əsrin çox əhəmiyyətli layihəsi kimi qəbul olunur. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malik olan önəmli layihədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu saziş imzalandı. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və bundan sonra da oynayacaq. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən qürur duyuruq. Çünki dövlətimizin başçısı milli maraqlarımıza uyğun siyasəti qətiyyətlə həyata keçirir. Prezidentimiz vurğulayıb ki, Azərbaycanın razılığı olmadan regionda hər hansı layihə reallaşdırıla bilməz. Bu, həqiqətən də, belədir.
- Azərbaycanın xarici siyasət strategiyası Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Amma buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ciddi təhdid kimi çıxış edir. Bu məsələdə beynəlxalq birliyin təşəbbüsləri və addımları nədən ibarət olmalıdır?
- Vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil. Və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşularımızın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Beynəlxalq qurumlarda da bizim mübarizə apardığımız 2 əsas qrup var: erməni lobbisinin nümayəndələri və bizim nailiyyətlərə qısqanclıqla yanaşan, bizim artan nüfuzumuzu istəməyən qüvvələr. Aydındır ki, əgər bu münaqişə həllini taparsa, Azərbaycan gücünə güc qatacaq və daha da sürətli addımlarla inkişaf edəcək. Bunu istəməyənlər isə çoxdur. Lakin onların səyləri bu günə kimi ciddi bir nəticə verməyib, getdikcə də mövqeləri bu istiqamətdə zəifləməkdədir. Bundan əlavə, günü-gündən hərbi gücümüz, ordumuzun qüdrəti artmaqdadır, Azərbaycan Ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir.
- Danışıqlar prosesinin gedişində Ermənistan dəfələrlə təxribatçı hərəkətlər edərək prosesi pozmağa çalışır. Bu baxımdan Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi cəhdləri növbəti təxribat deyilmi?
- Bu, çox narahatlıq doğuran məsələdir. Ermənistan işğalçı dövlətdir və bu fakt beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də öz əksini tapır. Ölkəsinin işğalçı kimi dünyada tanınması onun vətəndaşları üçün utanc bir şeydir. Bu adı öz üzərinə götürmüş təcavüzkar Ermənistandan hər şey gözləmək olar. Bu gün Suriyada yaşayan ermənilər də bilir ki, Ermənistanda əhali sürətlə azalır. Bu problem təkcə erməni gənclərin ölkəni tərk etməsi ilə bağlı deyil, həm də Ermənistanda doğumun ölümdən az olması ilə əlaqədardır. Bu mənada Ermənistanda ikiqat demoqrafik problem mövcuddur. Ona görə də, ermənilər həm Ermənistanı, həm də Dağlıq Qarabağı tərk edir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan narkotik qaçaqmalçılığından tutmuş terrorçuların hazırlandığı yer kimi istifadə edir. Bu ərazini beynəlxalq aləmdə də belə tanıyırlar.
Ermənistan rəsmiləri demoqrafik problemi həll etmək üçün Suriya ermənilərini bu ərazilərə köçürməyə çalışırlar. Onlar bu yolla problemi ört-basdır etməyə cəhd göstərirlər. Bunu təkcə Azərbaycan demir, beynəlxalq ekspertlər də deyir.
Suriya erməniləri həm bu ölkədə qanlı döyüşlərdə rejim tərəfindən iştirak edir, həm də PKK silahlılarının tərkibində Türkiyəyə qarşı vuruşurlar. Əgər Serj Sarkisyan Dağlıq Qarabağda terrorçu rejim yaradıbsa, Suriyadan terrorçu erməni qruplarının oraya gətirilməsi də bu siyasətin tərkib hissəsidir. Deməli, Sarkisyan yenə də bu cinayətlərlə məşğul olmaq istəyir. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı etirazlarını davam etdirməlidir, problemi beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətinə çatdırmalıyıq. Hesab edirəm ki, rəsmi Bakı məsələnin qarşısının alınması ilə bağlı qəti mövqe nümayiş etdirəcək və bu yöndə səylərini davam etdirəcək.
Yeni Azərbaycan.- 2012.- 18 avqust.- S.10.