Azərbaycanda təhsil islahatları
uğurla davam etməkdədir
Azərbaycan Respublikası təhsil
nazirinin müavini Qulu Novruzov yap.org.az saytına müsahibə verib
- Qulu müəllim, məlum olduğu kimi, Azərbaycanda həyatın bütün
sahələrində uğurlu
islahatlar həyata keçirilir. Bu baxımdan,
təhsil sistemində
həyata keçirilən
islahatlar haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ölkəmizdə
təhsil islahatları
uğurla davam etməkdədir. Bilirsiniz ki, 1999-cu ildən Dünya Bankının Beynəlxalq İnkişaf
Assosiasiyasının kreditləri
çərçivəsində ölkəmizdə təhsil
islahatları həyata
keçirilir. Bu islahatların
birinci mərhələsi
1999-2003-cü illəri əhatə
etmişdi. 2003-cü ildən
etibarən isə islahatların ikinci mərhələsi məzmun
və mahiyyətcə
yeni bir forma alıb. Təhsildə idarəetmə, müəllim
hazırlığı və
digər sahələri
əhatə edən istiqamətlər üzrə
islahatlar həyata keçirilib.
Eyni zamanda, təhsilin inkişafı ilə bağlı ölkə başçısı tərəfindən
müvafiq dövlət
proqramları təsdiq
olunub. Bu proqramlar hazırda Azərbaycan hökuməti tərəfindən
icra edilməkdədir.
Bu proqramlar təhsilin
ən müxtəlif sahələrini əhatə
edir: Orta məktəblərdə kurrikulum,
təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası və s. Yəni, təhsilin elə bir sahəsi
yoxdur ki, dövlət proqramları
vasitəsilə inkişaf
etdirilməsin.
- Yeni dərs ilinə hazırlıq işləri hansı səviyyədədir?
- Hazırda Təhsil Nazirliyinin əsas vəzifəsi yeni dərs ilinə hazırlıqla bağlıdır.
Bütövlükdə nazirliyin
mərkəzi aparatı,
təhsil müəssisələri
yeni dərs ilinə hazırlıq işlərini davam etdirirlər. Mən deyərdim ki, artıq bu yöndə
işləri başa çatmış hesab etmək olar. Yeni dərs ilinə hazırlıq müstəvisində keyfiyyətin
təmin olunması ilə yanaşı, təhsilin infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki
bazasının gücləndirilməsi,
təhsil müəssisələrində
əsaslı təmir
işlərinin aparılması,
yeni orta məktəb binalarının
tikilib istifadəyə
verilməsi davam edir. Hazırda yeni məktəblərin tikintisi həm Təhsil Nazirliyi tərəfindən, həm
də yerli İcra Hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
Nazirlik tərəfindən
bu gün tikinti-təmir işləri
aparılan müəssisələrin
sayı 70-ə yaxındır.
Onlardan 54-ü yeni məktəb tikintisidir,
6-sı əlavə korpusların
tikintisidir. O cümlədən,
10 məktəbdə və
1 internat məktəbində
əsaslı təmir
işləri aparılır.
Tikintisi aparılan yeni məktəb binalarının 50-yə yaxını
yeni dərs ilində istifadəyə veriləcək. Yeni dərs ilinə hazırlıqdan danışarkən,
biz dərslik siyasətinə
də mütləq toxunmalıyıq. Hər il olduğu kimi bu il
də milyonlarla nüsxə dərslik çap olunacaq. Qarşıdan gələn
dərs ili üçün çap olunacaq yeni dərslik
nüsxələrinin sayı
4 milyondan çox olacaq. Amma bütövlükdə,
çap olunmuş dərsliklər pulsuz olaraq şagirdlərə verildikdən sonra yığılaraq növbəti
ildə də şagirdlərə verilir.
Çap olunacaq 4 milyondan çox nüsxənin 2 milyonu
1-5-ci siniflərə aid olan
dərsliklərdir. Artıq
Azərbaycanda beşinci
ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır.
Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə
gedən şagirdlər
yeni kurrikulum əsasında hazırlanmış
dərsliklərlə təmin
olunmuşdular. Artıq
qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən
çap olunmalıdır.
Yeni kurrikulum əsasında yenidən çap olunan 1-ci sinif dərslikləri tamamilə yeni məzmunla şagirdlərə
veriləcək. Yəni,
bu il 1-ci sinfə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin
olunacaqlar. O cümlədən,
5-ci sinif şagirdləri
isə ilk dəfə
olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə
təmin ediləcəklər.
Dərsliklərin çap
olunması sahəsində
əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər
tam olaraq məktəblərə
çatdırılacaq.
- Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası
hansı səviyyədədir?
Ali təhsil sistemi Boloniya prosesinə tam qoşulubmu?
- Ümumiyyətlə, beynəlxalq
inteqrasiya olmadan təhsilin keyfiyyətinin təmin olunması mümkün deyil. Bu baxımdan, müstəqilliyin
ilk illərindən Azərbaycanda
təhsillə bağlı
beynəlxalq əməkdaşlıq
proqramlarının həyata
keçirilməsinə başlanıb.
Lakin daha çox bu əməkdaşlıq
beynəlxalq təşkilatların,
o cümlədən, Avropa
İttifaqının, Avropa
Şurasının, UNESCO-nun, UNİSEF-in həyata keçirdiyi müxtəlif layihələr
çərçivəsində məzmun baxımından daha da dərinləşib.
Hazırda təhsilin elə səviyyəsi yoxdur ki, orada
beynəlxalq əməkdaşlıqdan
danışmaq mümkün
olmasın. Eyni zamanda, orta təhsilin
inkişafı yönündə
aparılan təhsil islahatları ilə əlaqədar Dünya Bankının layihələri
əsasında geniş
əməkdaşlıq mövcuddur.
Ali təhsil sahəsində isə əməkdaşlıq
daha çox Avropa strukturları ilə, Avropa İttifaqının, Avropa
Komissiyasının proqramları
ilə bağlıdır.
Əgər biz ali təhsildə islahatlara toxunuruqsa, Boloniya prosesini xüsusi vurğulamalıyıq. Çünki
Boloniya prosesi Avropada vahid ali təhsil məkanının yaranmasını
nəzərdə tutan
prosesdir. 1999-cu ildə
başlanmış bu
prosesə postsovet məkanında Azərbaycan
da daxil olmaqla Cənubi Qafqaz ölkələri, o
cümlədən, Ukrayna
və Moldova 2005-ci ildə
qoşulub. Qeyd etdiyim kimi, Boloniya
prosesinin məqsədi
və mahiyyəti vahid Avropa təhsil
məkanının yaradılmasıdır.
Vahid təhsil məkanı dedikdə, bu, bilavasitə həm təhsilin məzmunu, həm də keyfiyyət faktoru baxımından eyni standartlara cavab verən ali təhsilə nail olmaqdır. Bununla belə, Boloniya prosesi ali təhsilin
məzmununun unifikasiyası
demək deyil. Bu proses ali təhsildə
milli ənənələrin
qorunması şərtilə
yüksək ali təhsil səviyyəsinin
verilməsidir.
2005-ci ildən etibarən Azərbaycanda bu istiqamətdə islahatlar aparılır. Demək olar ki, Boloniya
prosesinin əsas prinsiplərinin yerinə yetirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən
yeni standartlar hazırlanıb və bu standartlar ali məktəblərdə
tətbiq olunmaqdadır.
Əvvəllər tələbə
yalnız 4 il təhsil almağı bir qayda kimi
qəbul edirdisə, indi isə bu
qədər təhsil
almasına baxmayaraq, bəziləri məzun ola bilmirlər. Bu o deməkdir
ki, artıq tələb olunan akademik kreditləri tələbələr
mənimsəyə bilmirsə, onlara 4 ildən sonra da tələb
olunan kreditləri tamamlamaq üçün əlavə vaxt
lazım olur. Əvvəllər bu qaydanı valideyn və tələbələr
normal qarşılamırdılar, amma biz ali təhsildə
keyfiyyətin təmin olunmasını istəyiriksə,
bilavasitə Boloniya prosesi çərçivəsində tələb
olunan bu komponentlərin icrasını təmin etməliyik. Əgər
tələbələrimiz təhsillərini Avropanın
nüfuzlu ali məktəblərində davam etdirə bilirlərsə,
deməli onlar Azərbaycanda kifayət qədər keyfiyyətli
təhsil alırlar.
- Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili ilə
bağlı nə deyə bilərsiniz? Bu istiqamətdə qəbul
olunmuş Dövlət Proqramının icrası ilə
bağlı məlumat verməyinizi xahiş edirik.
- Azərbaycanlı
gənclərin xaricdə təhsil alması prosesi müstəqilliyimizin
ilk illərindən həyata keçirilməkdədir.
Xüsusilə, Ulu öndər Heydər Əliyev ikinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra Rusiya və Türkiyə
ilə bu sahədə əməkdaşlıq kifayət qədər
genişləndi. Yüzlərlə azərbaycanlı gənc
bu ölkələrin ali məktəblərində təhsil
almağa göndərildi. İlk dəfə 1994-cü ildən
başlayaraq xaricdə təqaüdlü olaraq təhsil alan tələbələrimizin
yol xərclərinin ödənilməsinə başlandı.
Sonralar xaricdə təhsil siyasəti daha da təkmilləşdirildi
və onun coğrafiyası genişləndirildi. Bəzi Şərqi
Avropa ölkələrinə, Çinə, Misirə tələbələrin
göndərilməsinə başlanıldı. Bu dövr ərzində
ikitərəfli razılaşmalar çərçivəsində
tərəfdaş ölkələrin Azərbaycana verdiyi təqaüdlər
hesabına minlərlə gəncimiz Türkiyənin,
Rusiyanın, Çinin, Misirin, o cümlədən, bəzi
Şərqi Avropa ölkələrinin ali məktəblərində
təhsil alaraq Azərbaycana qayıtdılar.
2007-ci ildən
etibarən xaricdə təhsil siyasətində tamamilə yeni
mərhələ başlandı. Belə ki, 2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı qəbul olundu. Bu proqram çərçivəsində
indiyə qədər 1200-ə qədər azərbaycanlı
gənc dünyanın nüfuzlu universitetlərində təhsil
almağa göndəriliblər. Bu dövlətlərin
coğrafiyası Yeni Zellandiyadan başlamış Kanadaya qədər
dünyanın ən aparıcı təhsil ölkələrini
əhatə edir. O cümlədən, Avstraliya, Cənubi
Koreya, Çin, Malaziya, Sinqapur, ABŞ, Almaniya, Fransa, Niderland
kimi ölkələrin adını çəkmək istərdim.
Tələbələrimizin təhsil aldığı ölkələr
sırasında Norveç, İsveç, Finlandiya, İtaliya,
Belçika və Böyük Britaniya kimi dövlətlər
də var. Hazırda proqram çərçivəsində təhsil
alaraq məzun olmuş yüzlərlə gəncimiz Azərbaycana
qayıdıb. Cəmiyyətdə bəzən həmin gənclərin
ölkəmizə qayıtmamaları barədə fikirlər
səslənir. Fürsətdən istifadə edərək demək
istəyirəm ki, son 5 ilin təcrübəsi göstərir
ki, tələbələrimizin böyük əksəriyyəti
təhsillərini başa vuraraq geri qayıdırlar. Bəli,
onların bir qismi qalıb təhsillərini növbəti pillələrdə
davam etdirirlər. Bütövlükdə, xaricdə
qalanların sayı çox deyil. Əvvəla, onlar dövlət
vəsaiti ilə təhsil alırlar. Bu o deməkdir ki, həmin
gənclər dövlətin sponsorluğu ilə təhsil
aldıqları üçün oxuduqları ölkədə
qalıb işləmələri üçün yalnız o
dövlətlərin miqrasiya siyasətinə əsasən
sponsordan razılıq alınmalıdır. Əks halda, onlara
orada qalıb işləməyə icazə verilmir. Təbii
ki, biz də bu icazələri vermirik. İcazə verilsə
belə, onların qalmaq istəkləri müşahidə
olunmur. Artıq Dövlət Proqramı çərçivəsində
yeni tədris ili üçün sənəd qəbuluna
başlanıb. May ayından bu proses həyata keçirilir.
- Qulu
müəllim, dövlət proqramı çərçivəsində
xarici ölkələrdə hansı sahələr üzrə
təhsil prioritet kimi qəbul olunur?
- Bildiyiniz kimi, dövlət proqramının icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası tərəfindən həyata keçirilir. Gənclərimiz bu Komissiyanın müəyyən etdiyi prioritet ixtisaslar üzrə xaricdə təhsil almağa göndərilir. Bu prioritetlər əsasən fundamental və texniki elmləri əhatə edir. Onları sadalasaq, deyə bilərik ki, burada mühəndislik ixtisasları, İKT, neft-qaz sənayesi, tibb elmləri, turizm, kənd təsərrüfatı kimi sahələr prioritet kimi müəyyən olunub. Bu il 2012-2013-cü tədris ili üçün isə əlavə prioritet sahələr müəyyənləşdirilib. Bunlar qədim dillər və nanotexnologiya üzrə ixtisaslardır.
Qeyd edim ki, sözügedən Dövlət Proqramının icrasının ilk illərində daha çox müraciətlər edənlər idarəetmə, iqtisadiyyat, humanitar, sosial elmlərlə bağlı idi. Yəqin ictimaiyyət nümayəndələri bizimlə razılaşar ki, Azərbaycan üçün daha çox ehtiyac olan ixtisaslar mühəndislik, texniki elmlərdir. İqtisadiyyatımızın inkişaf etdiyi, yeni texnologiyaların geniş tətbiq edildiyi bir zamanda bizə bu sahədə yüksək ixtisaslı kadrlar lazımdır. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komisiyyasının bu prioritetləri müəyyənləşdirməsi tamamilə düzgün qərardır. Son illər gənclərimizin texniki elmlərə marağı xeyli artıb. Əgər biz iki il bundan əvvələ qədər bu sahədə müəyyən çətinliklərlə rastlaşırdıqsa, indi qeyd etdiyim məsələdə heç bir problem yoxdur.
Proqrama müraciət edən namizədlər bilavasitə xarici ölkələrin ali təhsil müəssisələrinin şərtlərini ödəyərək müraciət edir. Onlar akademik səviyyədə dilbilmə sertifikatlarını əldə etdikdən sonra müvafiq sənədlərlə ali məktəblərə müraciət edirlər, bu ali məktəb tələbələrin nailiyyətlərini nəzərə alaraq onları qəbul edir. Yalnız gənclər həmin ali məktəblərə qəbul olunduqdan sonra Dövlət Proqramının təqaüdünə müraciət edirlər. Yəni, Dövlət Proqramına müraciət etmək üçün ilk növbədə, nüfuzlu ali məktəblər tərəfindən qəbul olunmaq lazımdır. Gənclərimizin hansı ali məktəblərə göndərilməsi də Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası tərəfindən müəyyənləşib. Buraya dünyanın ən nüfuzlu ali məktəbləri daxildir. Bu gün proqram çərçivəsində təhsil almaq üçün güclü rəqabət mövcuddur.
Tələbələr Dövlət Proqramının təqaüdünə müraciət edərkən müəyyən mərhələləri keçirlər. Eyni zamanda, proqram çərçivəsində xaricdə təhsil almaq üçün digər istiqamət də var. Bu da Təhsil Nazirliyinin beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi proqramlardır. Burada daha çox Alman Akademik Mübadilə Xidmətinin adını çəkmək istərdim. 2008-ci ildən nazirliklə bu qurum arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş çərçivəsində hər il Almaniyada nüfuzlu ali məktəblərini təmsil edən ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycana dəvət olunur. Verilmiş elan əsasında yığılan sənədlərə uyğun olaraq TQDK tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplamış tələbələrimiz bu seçim mərhələsində iştirak edirlər. Almaniya ekspertləri tərəfindən seçilən namizədlər bu ölkələrin nüfuzlu ali məktəblərində yerləşdirilir. Yeri gəlmişkən, bu il artıq 40-dan artıq azərbaycanlı gənc Almaniyaın ali məktəblərinə qəbul olunub. Burada çox maraqlı statistika var ki, 40 nəfərdən 34-ü tibb ixtisası üzrə qəbul olunub. Daha maraqlı fakt odur ki, bu 34 nəfərdən 33-ü Azərbaycan Tibb Universitetini bitirərək Almaniyada rezidentura təhsili almağa gedən tələbələrdir. Ümumilikdə isə Almaniyada yalnız tibb ixtisası üzrə təhsil alan tələbələrimizin sayı 80-dən artıqdır. Bu il qəbul olunanları da saysaq, tibb təhsili alanların sayı 150 nəfərə yaxınlaşacaq. Bu, Azərbaycan üçün böyük nailiyyətdir.
- Bəs Azərbaycanın ali məktəblərində nə qədər əcnəbi tələbələr təhsil alır?
- Azərbaycanda 6000 nəfərədək əcnəbi
tələbə təhsil alır. Onlar 40-a yaxın ölkəni təmsil edirlər. Daha
çox isə Türkiyə, İran, Çin və Yaxın
Şərq ölkələrindən olan tələbələr
bizim ali məktəblərimizdə təhsil alırlar.
- Qulu
müəllim, başqa br məsləyə də münasibətinizi
bilmək istərdik. Hazırda gündəmin əsas
mövzularından biri XXX London Yay Olimpiya Oyunları ilə
bağlıdır. Azərbaycan idmançılarının
London Olimpiadasında əldə etdiyi nəticələri necə
qiymətləndirirsiniz?
- Təbii
ki, bu olimpiya həyəcanını hər bir azərbaycanlı
yaşadı. Xüsusilə London Olimpiadasının ilk
günlərində nəticələrin əldə
olunmaması bizi çox narahat edirdi. Amma cənab Prezidentin
idmançılara bəslədiyi ümidlər
özünü doğrultdu. Nəticə göstərdi ki, Azərbaycan
hər olimpiya yarışlarında irəliyə doğru
addım atır. Bir daha sübut olundu ki, ölkəmiz hər
sahədə olduğu kimi idmanda da özünə layiqli yer
tutdu. Biz 204 dövlət arasında 30-cu yeri qazandıq. Bu,
çox uğurlu nəticədir və bu münasibətlə
xalqımızı təbrik edirəm.
Yeni Azərbaycan.- 2012.- 18 avqust.- S.10.