Füzuli rayonunun Ermənistan tərəfindən işğalından 19 il ötür

 

Ölkəmizdə aparılan siyasət bunu deməyə əsas verir ki, Azərbaycan işğal altında olan torpaqlarını azad edəcək və Qarabağda suveren hüquqlarını mütləq bərpa edəcək

 

Avqustun 23-ü Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü tamam olur. Qeyd edək ki, 1993-cü ilin bu günündə işğal olunan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Ərazisi 1386 kvadrat kilometr, əhalisi 100 min nəfərdən çoxdur. İşğala qədər rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. İndi onların bir qismi işğal altındadır, bir qismi isə işğaldan azad edilib. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda, ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Xatırlatmaq yerinə düşər ki, rayon kimi əsası 1827-ci ildə qoyulsa da, Füzuli rayonu 1930-cu ildə təşkil olunub. Əvvəl Qarabulaq, 1930-cu ildən sonra Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində isə böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılıb.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.

Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri olub.

Füzulinin işğalı ermənilərin tarixən Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların gerçəkləşməsi üçün görülən işlərin bir hissəsidir

Əslində, Füzuli rayonunun işğalına ermənilərin tarixən Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların tarixin müəyyən dövrlərində gerçəkləşməsi üçün yaranan münbit şərait və onun ermənilər üçün yaratdığı imkanlar kontekstində yanaşmaq lazımdır. Milli Məclisin sədr müavini Bahar Muradova da deyib ki, ötən əsrin sonlarında baş verən hadisələrə nəzər saldıqda görərik ki, ermənilər yenə də tarixin yaratdığı imkandan maksimum yararlanmağa cəhd göstərib. ermənilər SSRİ-nin bir imperiya kimi laxlaması prosesindən öz maraqları üçün istifadə etməyə cəhd etdilər və müəyyən qədər də buna nail oldular. Ümumilikdə, Dağlıq Qarabağ və ətraf rayonların işğalı ermənilərin illərdir həyata keçirmək üçün fürsət gözlədiyi məkrli planın tərkib hissəsidir. SSRİ-nin dağılması ərəfəsində ermənilərin məqsədli şəkildə fəaliyyəti və Azərbaycanda cərəyan edən hadisələr, bəzi siyasətbazların, nə etmək lazım olduğunu bilməyən təcrübəsizlərin səriştəsizliyi ona gətirib çıxardı ki, bir-birinin ardınca istər Dağlıq Qarabağın özündə, istərsə də, ətraf rayon və kəndlər, qəsəbələr etnik azərbaycanlılardan təmizləndi: “Bütün bunlar azərbaycanlılara sadəcə müsəlman türk olduqlarına görə törədildi. Bütün dünya isə bunlara göz yumdu. Buna SSRİ-nin daxili işi kimi yanaşanlar da oldu. Bəziləri bunu SSRİ-nin dağılması üçün bir qığılcım kimi qəbul elədi. Azərbaycanın informasiya blokadasında saxlanması, onun haqqında yaradılmış mənfi rəy gətirib ona çıxardı ki, ABŞ kimi bir dövlət ermənilərin marağına işləyən bir qərar qəbul elədi. Bir-birinin ardınca işğal olunan kəndlər, qəsəbələr Azərbaycanın ümumi müdafiəsini zəiflətdi və yalnız müstəqilliyini sadəcə kağız üzərində qəbul etmiş Azərbaycan bu təzyiqlərin qarşısında dayana bilmədi. Nəinki Dağlıq Qarabağ əldən getdi, eləcə də, ətraf rayonlar Dağlıq Qarabağın ətrafında bir təhlükəsizlik zolağı kimi ermənilər tərəfindən işğal olundu. Əlbəttə ki, yaxın qonşularımızın dəstəyi və köməyi ilə SSRİ-dən qalma silahların və keçmiş imperiyanın Müdafiə Nazirliyinin bəzi zabitlərinin göstərdiyi digər başqa yardımlar nəticəsində Azərbaycan ermənilərlə döyüşdə müvəqqəti olaraq uduzdu”.

Bahar Muradovanın sözlərinə görə, Füzuli rayonu da bu itkilər prosesində bir halqa idi. Füzulinin işğalı ərəfəsində Azərbaycanda hakimiyət yenicə dəyişmişdi, özünü müdafiə edə bilməyən, xalqını, müstəqilliyini qoruya bilməyən AXC-Müsavat cütlüyü Heydər Əliyevi hakimiyyətə çağırmağa məcbur olsalar da, sonra onu hakimiyyətdən devirmək üçün bacardıqları hər şeyi etdilər: “Özlərinə məxsus olan hərbi dəstələri döyüş zonalarından geri çəkdilər, bir sıra təxribat halları törətdilər bunun nəticəsində də çox əhəmiyyətli bir bölgə olan Füzuli rayonu işğal olundu. Bununla da, Azərbaycanın Naxçıvanla və digər rayonlarla əlaqəsi kəsildi. Nəticədə Azərbaycanın artıq 20 faizi ermənilərin işağlı altına düşdü. Bütün bunlara ümumi yanaşmaq lazımdı. Təkcə, məhz, Füzuliyə ayrıca qiymət vermək lazım deyil. Çünki bütün bu hadisələr ona qədər baş vermişdi və Füzulinin işğalı yalnız avqustun 23-də reallaşdı. Lakin işğala qədər bütün siyasi, hərbi və digər addımlar atılmışdı”.

Ötən 19 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, Ermənistanın isə əksinə, böyük iqtisadi böhranla üzləşdiyini söyləyən vitse-spikerin sözlərinə görə, Ermənistan dövlətinin həyata keçirdiyi işğalçı siyasət hər zaman onların özlərinə bəlalar gətirib. Bu gün erməni xalqı onlara rəhbərlik edən siyasətbazların və erməni diasporasının fəaliyyətindən əziyyət çəkməkdə davam edir: “Ona görə də, Dağlıq Qarabağ və ətraf rayonların işğalı Ermənistana nə siyasi, nə iqtisadi cəhətdən heç bir uğur gətirməyib. Əksinə, onları daha dərin tənəzzülə uğradıb. İstər Ermənistanda yaşayan, istər məcburi şəkildə Dağlıq Qarabağda məskunlaşdırılan ermənilərin sosial, iqtisadi durumu qat-qat Azərbaycandakından aşağıdır. Bunu bütün ekspertlər, dünyanın maliyyə qurumları söyləyir. Baxmayaraq ki, Azərbaycanın çox məhsuldar, əkinə yararlı əraziləri, maddi mədəniyyət abidələri, çox böyük coğrafi və milli sərvətləri o ərazilərdə qalıb, o sərvətlər yalnız talan olundu və ermənilərin inkişafı üçün istifadə oluna bilmədi. Çünki Ermənistan rəhbərliyinin iqtidarı çatmır və bir də ki, qonşu torpağını abadlışdırmağa heç kim cürət etməz. Onlar orada müvəqqəti olduqlarını bilirlər”.

Lakin düşmənin sevinci müvəqqətidir. Ölkəmizdə aparılan siyasət bunu deməyə əsas verir ki, bu müharibə bitəcək və Azərbaycan öz torpaqlarında suveren hüquqlarını mütləq bərpa edəcək. Bahar Muradova bildirib ki, Füzulinin işğal altında olan ərazilərindən fərqli olaraq, işğaldan azad edilmiş ərazilərində isə böyük abadlıq işləri görülüb. Azərbaycanın bütün regionlarının, o cümlədən, işğala məruz qalmış rayonlarımızın böyük inkişaf yolu keçdiyini söyləyən Milli Məclisin sədr müavini Bahar Muradova əlavə edib ki, Azərbaycanın hərtərəfli inkişafı, hər bir insanın həyat şəraitinin yaxşılaşması, eyni zamanda, milli ordumuzun güclənməsi və bu gün ən müasir standartlara cavab verən Silahlı Qüvvələrimizin mövcud olması qalibiyyəti gətirə bilər: “Bu gün əgər biz Füzulini, Ağdamı, eləcə də, digər rayonlarımızı, bütövlükdə Azərbaycanı inkişaf etdiririksə, bu inkişaf etmiş Azərbaycanı qorumaq da bizim vəzifəmiz və borcumuzdur. Biz nəinki bu ölkəni qoruyacağıq, eləcə də, işğal altında olan ərazilərimizi işğaldan azad edəcəyik və o rayonlarımızı da digər rayonlarımız qədər inkişaf etdirəcəyik. Biz buna qadirik və buna qadir olduğumuzu bu illər ərzində göstərdik. Azərbaycan bu gün çox güclüdür və Ermənistan bizimlə güc dili ilə danışa bilməz. Azərbaycanın malik olduğu üstünlüklər - onun haqq mövqeyi, ədalətli mövqeyi, beynəlxalq hüququn prinsiplərinin Azərbaycanın tərəfində olması imkan verir ki, Azərbaycan istər hüquq müstəvisində, istər siyasi müstəvidə, istərsə də hərbi müstəvidə bu məsələni həll etsin”.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2012.- 23 avqust.- S.4.