Sosial rifaha aparan yol
Son 10 il ərzində
qazanılan uğurlar Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Heydər Əliyev məktəbinin
layiqli davamçısı olduğunu təsdiqləyib. Bu
uğurlar son nəticədə əhalinin sosial
rifahının yüksəlməsinə yol açıb. Nəzərə
almaq lazımdır ki, bu gün bütün sivil ölkələrin
əsas məqsədi insanların rifah halının yüksəldilməsi
olduğundan sosial dövlət çoxcəhətli xarakter
daşıyır. Dünyada mövcud olan sosial siyasət
modelləri vətəndaşların sosial müdafiəsinin
və ümumi rifahının təmin olunması,
işsizliyin aradan qaldırılması, yoxsulluğun
azaldılması istiqamətində özünəməxsus
kurs kimi müəyyənləşdirilib. Artıq bu modellərin
sırasına daxil olmaq imkanı qazanmış sosial siyasətin
Azərbaycan modeli də var.
Modernləşən
Azərbaycan modeli
Məlum
olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində
respublikada səmərəli dövlət idarəçiliyinin
olmaması bütün sahələrdə böhranın dərinləşməsini
labüdləşdirmişdi. İqtisadi sahədə
yaranmış çətinliklər, maliyyə
çatışmazlığı sosial-iqtisadi vəziyyətin
sabitləşdirilməsi üçün real
addımların atılmasını tamamilə məhdudlaşdırmış,
sosial müdafiəni təmin edən proqramlar həyata
keçirilməmiş, beləliklə cəmiyyətdə təbəqələr
arasındakı uçurum getdikcə
böyümüşdü. Bu isə sağlam, demokratik və
inkişaf edən dövlətlərin təməl prinsipi olan
orta təbəqəni dağıtmışdı. Ona görə
də, həmin ərəfədə siyasi səriştəsizliyini
pərdələmək məqsədilə o zamankı hakimiyyət
populist “sosial müdafiə siyasəti” həyata keçirməyə
başlamışdı. Əlbəttə ki, məntiqi olaraq
bu fəaliyyət öz səmərəsini vermədi. Azərbaycanda
bütün sahələrdə olduğu kimi, sosial sferada da
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən
sonra köklü dəyişikliklər baş verdi. Total
böhran səviyyəsində olan ölkə vətəndaşlarının
sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə
Ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında” Fərman, Fərmandan irəli gələn
vəzifələrin daha səmərəli yerinə yetirilməsi
üçün “Əhalinin sosial müdafiəsi sahəsində
əlavə tədbirlər haqqında” növbəti sənəd
imzaladı. İnsanların sosial müdafiəsinin mükəmməl
və etibarlı şəkildə təmin olunması
üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi
istiqamətində 1995-ci ildə Ümummilli liderin birbaşa
müəllifliyi ilə hazırlanmış Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edildi. Həmin
Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin
və layiqli həyat səviyyəsinin qayğısına
qalır. Beləliklə də, ölkədə bu istiqamətdə
hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi
məqsədilə ardıcıl addımlar atıldı.
Əsasını
Ümummilli lider Heydər Əliyevin qoyduğu yeni sosial siyasət
konsepsiyası 2003-cü ildən başlayaraq, Ulu öndərimizin
siyasi varisi Prezident İlham Əliyev tərəfindən
şaxələndirilmiş şəkildə davam etdirildi. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev dövlət rəhbəri
seçildikdən dərhal sonra imzaladığı “Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında” və «Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi
haqqında fərmanlar ölkəmizdə iqtisadi və sosial
sferalarda yeni inkişaf dövrünün başlanğıcına
yeni bir təkan verdi. Təkcə 2004-cü ildə Prezident
İlham Əliyev ümumilikdə ölkə vətəndaşlarının
sosial müdafiəsini daha da gücləndirmək məqsədilə
10-dan çox fərman və sərəncam imzaladı. Qəbul
edilən rasional qərarlar sayəsində əhalinin əmək
haqları, müavinətləri və pensiyalarında və
bütövlükdə əhalinin real gəlirlərinin
artırılması sahəsində ciddi müsbət dəyişikliklər
oldu.
Baş məqsədi
xalqın rifahının yüksəldilməsi
2001-ci
ilin əvvəllərində sosial təminat sisteminin əhatə
etdiyi çox geniş əhali qrupunun bir çox güzəşt
və imtiyazlarının ləğv edilərək, konkret
ünvanlı pul kompensasiyası ilə əvəzlənməsi
ünvanlı sosial yardıma keçiddə çox
mühüm və cəsarətli bir addım oldu. Bu məqsədlə,
dövlət başçısı əhalinin aztəminatlı
təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi
təmin edilməsi məqsədilə 21 oktyabr 2005-ci ildə
“Ünvanlı dövlət sosial yardım haqqında” qanunu
imzaladı. Belə yardımların verilməsi aztəminatlı
ailələrin maddi rifah halının yüksəldilməsində
bu gün də çox mühüm rol oynayır. Dövlət
başçısı İlham Əliyevin sosial sahədə
diqqətçəkən addımlarından biri də
2006-cı ilin aprel ayının 17-də “Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı” haqqında Sərəncam
imzalaması oldu. Bununla ahıl vətəndaşların
hüquqları artırıldı, onların ölkənin
sosial-iqtisadi həyatında iştirakı təmin edildi, bu
kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin
ödənilməsi, sağlamlıqlarının qorunması
və sosial müdafiəsinin təmin edilməsi, həmçinin,
bu işdə ictimai bölmənin fəaliyyətinin
artırılması istiqamətində ciddi addımlar
atıldı. Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş
“2009-2015-ci illərdə Azərbaycan Respublikamızda
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı” vətəndaşların pensiya təminatında
yeni sistem formalaşdırdı. Bununla da, Ümumilli lider Heydər
Əliyevin əsasını qoyduğu islahatlar istiqamətlərinə
uyğun olaraq, ölkəmizdə sığorta-pensiya sistemi və
dövlət sosial yardımı sistemlərinin
ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət
göstərmələri müəyyənləşdirildi.
2006-cı ilin 1 yanvarından 3 qanun - "Əmək
pensiyaları haqqında", "Dövlət sosial müavinətləri
haqqında" və "Ünvanlı dövlət sosial
yardımı haqqında" qanunlar qüvvəyə mindi.
Beləliklə, hər iki sistemin sığorta və
müavinət qurumlarının fəaliyyətini təmin edəcək
güclü qanunvericilik bazası yaradıldı.
Qeyd edək
ki, dünyanın bir çox ölkələrində
sığortaolunanların fərdi uçotu sisteminə
keçid real yığıma əsaslanmaqla baş verir. Lakin
məsələyə birbaşa belə yanaşma xüsusilə,
əvvəlki sistemlə əhatə olunan insanların sosial
müdafiəsində, öz mənfi təsirlərini göstərir.
Bu halda ölkə Prezidentinin bilavasitə dəstəyi və
qayğısı nəticəsində dövlət büdcəsindən
transfertin edilməsi çox böyük rol oynadı.
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər
və əlavələr edilməsi haqqında" 27 oktyabr
2009-cu il tarixli qanun isə pensiya sisteminə yeni
yanaşmanın əsasını qoydu. “2009-2015-ci illərdə
Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata
keçirilən islahatlar nəticəsində 2011-ci ildə
“Əmək pensiyaları haqqında” qanuna əlavə və
dəyişikliklər edildi. Beləliklə də, ötən
ilin iyul ayının 1-dən etibarən pensiya təminatında
vahid prinsipin tətbiqinə başlanıldı və təqribən
845 min nəfərin pensiyası 40 faiz artırıldı.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə
uyğun olan "Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası (2006-2015-ci illər)" işlənib
hazırlandı və təsdiq edildi. Bu strategiyanın əsas
məqsədi dövlət məşğulluq siyasətinin səmərəliliyinin
artırılmasına, sosial müdafiəyə xüsusi
ehtiyacı olan əhali qrupları üçün iş yerlərinin
yaradılmasını, məşğulluğun
inkişafını, yeni iş yerlərinin
açılmasını stimullaşdıran maliyyə-iqtisadi
mühitinin formalaşmasına yönəldilən siyasi
prioritetlərin müəyyən edilməsindən ibarətdir.
Görülmüş tədbirlərin yekunu olaraq, 2003-2011-ci
illər ərzində respublikamızda 1 milyondan artıq yeni
iş yerləri açıldı, işsizliyin səviyyəsi
isə 5.4 faizə düşdü.
Azərbaycanın
sosial siyasətinin mühüm istiqamətlərindən birini
də qaçqın və məcburi köçkünlərin
sosial müdafiəsinin gücləndirilməsi təşkil
edir ki, bu istiqamətdə də Prezident İlham Əliyevin səmərəli
fəaliyyəti nəticəsində əhəmiyyətli
nailiyyətlər əldə olundu. Prezident İlham
Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə” Dövlət Proqramı təsdiqləndi.
Həyata keçirilmiş məqsədyönlü fəaliyyət
nəticəsində Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində məcburən ölkənin müxtəlif
bölgələrində salınmış bütün
çadır şəhərcikləri 2007-ci ildə ləğv
edildi, onların əvəzinə yeni şəhərciklər
salındı, çox mərtəbəli binalar tikildi.
Qaçqın və məcburi köçkünlərin
işlə təminatında cəmiyyətə tam
inteqrasiyasında da önəmli ciddi addımlar atıldı.
Təhsil
və səhiyyədə yeni infrastruktur qurulub
Sosial
siyasətdən danışarkən təhsil və səhiyyə
infrastrukturunun yenidən qurulmasını da xüsusi qeyd etmək
lazımdır. Çünki məktəb və xəstəxana
binalarının tam əksəriyyəti köhnəlmiş,
fiziki baxımdan aşınmış, bəziləri isə
tam yararsız vəziyyətdə idi. 2003-cü ildən bu
ilin birinci yarısınadək Azərbaycanda 3000-dən
çox yeni məktəb binasının tikilməsi, əsaslı
təmiri və müasir avadanlıqlarla, o cümlədən
kimya və fizika laboratoriyaları ilə təmin edilməsi,
bütün məktəblərdə kompyuter siniflərinin
yaradılması təhsil tariximizdə ən əlamətdar
hadisələrdəndir. Prezidentin "Qəza vəziyyətində
olan ümumtəhsil məktəbləri üçün yeni
binaların tikilməsi və bir sıra məktəblərdə
əsaslı təmir işlərinin aparılması
haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, məktəblərin
və ali təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi haqqında"
23 iyun 2008-ci il tarixli sərəncamı ilə 25 milyon, bu
işlərin davam etdirilməsi barədə" 23 iyun 2009-cu
il tarixli sərəncamı ilə 13 milyon, 4 dekabr 2009-cu il
tarixli sərəncamı ilə 3 milyon manat vəsait
ayrılıb. Eyni zamanda Azərbaycan Prezidentinin 2003-2011-ci illərdə
bir çox məktəblərin açılış mərasimində
iştirakı, hər yeni dərs ilinin ilk günündə
müəllimlərlə, şagirdlərlə, valideynlərlə
görüşü təhsilə yüksək diqqət və
qayğının bariz təcəssümüdür.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri də
xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü
ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb,
uşaq bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilib, əsaslı təmir və
bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
2010-2011-ci tədris ili ərəfəsində ölkədə
9380 yerlik daha 26 məktəb istifadəyə verilib. 2011-2012-ci
tədris ili ərəfəsində isə Bakı şəhərində
70-ə yaxın məktəb əsaslı təmir edilmiş,
yeni korpuslar tikilib. Bölgələrdə 60-a yaxın məktəb
təmir edilib.
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli sərəncamı
ilə "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"na əsasən
paytaxtda 157 məktəbin tikintisi, əsaslı təmiri, yeni
korpusların, kitabxana, idman və akt zallarının
inşası, uşaq bağçalarının yenidən
qurulması və s. işlərin görülməsi nəzərdə
tutulub. Təkcə son 3 il ərzində 700-dən çox məktəbin
tikilməsi bu sahədə görülən işlərin
miqyasını təsəvvür etmək üçün
kifayətdir.
Onu da qeyd
etmək lazımdır ki, Zaqatala-Baləkən bölgəsində
baş verən zəlzələdən sonra dövlət
başçısı yararsız vəziyyətə
düşən məktəblərin yerində müasir tələblərə
cavab verən yeni məktəb binalarının tikintisini
xüsusi diqqət mərkəzində saxlayıb.
Son illərdə
respublikamızda 400-dək səhiyyə müəssisəsi
inşa olunub və ya əsaslı təmir edilib. Ölkəmizdə
dövlət tibb obyekti əhaliyə xidmət pulsuzdur.
Dövlət başçısı tibb sahəsində təhsilin
səviyyəsinin yüksəldilməsi, həkimlərin və
tibbi heyətin beynəlxalq səviyyədə
ixtisasartırmasına xüsusi diqqət yetirir. Prezident
İlham Əliyev insanların sağlamlığının
qorunmasına xüsusi həssaslıqla yanaşır. Dövlət
başçısının Ağdaş rayon Mərkəzi Xəstəxanasının
açılışındakı
çıxışında da bu, aydın görünür:
“Hər bir sahəyə diqqət göstərilir, məktəblər
tikilir, yollar çəkilir, yeni müəssisələr
işə salınır. Ancaq insanların
sağlamlığı birinci dərəcəli məsələdir.
Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə
aparılan işlər müsbətdir, yeni xəstəxanalar,
tibb məntəqələri açılır.
İnsanların sağlamlığı üçün
lazımi tədbirlər görülür. Növbəti mərhələlərdə
biz diaqnostika məsələlərinə daha çox diqqət
verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul
olmalıyıq və beynəlxalq təcrübəni maksimum dərəcədə
tətbiq etməliyik.
O ki
qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm
ki, biz indi ən inkişaf etmiş ölkələrdən
geri qalmırıq. Bizdə yaradılan gözəl şərait
inkişaf etmiş ölkələrdəki şəraitə
uyğundur, bəzi hallarda onları üstələyir.
Avadanlıqla təchizat məsələlərinə də
böyük diqqət göstərilir. Ən müasir
avadanlıq – diaqnostika cihazları gətirilir. Ümid edirəm
ki, biz növbəti illərdə daha çox həkimlərin
peşəkarlığına diqqət göstərməliyik.
Bu məqsədlə həkimlər daim öz təcrübəsini
genişləndirməlidirlər”.
Modern
dövlət quruculuğu
Bir
sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə
təhsil və səhiyyə də daxil olmaqla, ümumən
sosial sahədə geniş miqyaslı işlərin
görülməsinə zəmin yaradıb. Prezident İlham
Əliyevin sosial siyasətinin əsasını səbəb və
nəticə amili, ölçülü-biçili,
hesablanmış proqramlarla maliyyələşmə, regional
idarəetmə, mükəmməl iqtisadi siyasəti və
infrastrukturun modernləşdirilməsi faktorları təşkil
edir. Sosial siyasətin Azərbaycan modelində sosial xidmətlərin
əsas istehsalçısı kimi dövlət, xərclərin
bölüşdürülməsində isə dövlət
büdcəsi mühüm rol oynayır, səbəblər
aradan qaldırılır, nəticədə problemlər
azalır, deinstitutlaşma siyasəti qanunvericilik səviyyəsində
ardıcıl həyata keçirilir, ölkədə əlil
və şəhid ailələrinin, qaçqın və məcburi
köçkünlərin, veteranların, ahılların
sosial şəraitinin yaxşılaşdırılması
üçün onlara sistemli yardımlar, mənzillər,
minik maşınları verilir, işsizliyin aradan
qaldırılması üçün kiçik və orta
sahibkarlıq inkişaf etdirilir, yoxsulluğun sıfıra
endirilməsi istiqamətində daim iş aparılır,
proqramlarla və regional idarəetməyə
üstünlük verilir, messenatlıq və xeyriyyəçilik
fəaliyyətinin genişləndirilməsi üçün
müvafiq şərait yaradılır.
Daha geniş
prizmadan yanaşılsa, Prezident İlham Əliyev
iqtisadiyyatın modernləşdirilməsini prioritet elan edib və
bu sahədə məqsədyönlü işlər
görülür. Məsələn, neft-qaz sektorunda əldə
edilən vəsaitlərin əhəmiyyətli qismi qeyri-neft
sektorunun inkişafı üçün vacib infrastrukturun
yaradılmasına yönəldilib. Son illər qeyri-neft
sektorunda baş verən artım dinamikası da enerji
resurslarının diversifikasiyası ilə bağlı siyasətin
nəticəsidir. 2012-ci ilin ötən 9 ayı ərzində
neftdən kənar sahələrin dayanıqlı
inkişafı və xüsusilə də, qeyri-neft sənayesinin
pozitivliyi uğurlu iqtisadi siyasətin əlamətləri kimi
qiymətləndirilə bilər. Son səkkiz il ərzində
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,2 dəfə
artıb. Bu illər ərzində Azərbaycanda qeyri-neft
sektorunun aparıcı bölmələrindən olan sənaye
istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının
istehsalı 1,3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə,
nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə
və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə
artıb. Qarşıdakı 3 il, yəni 2013-2015-ci illər ərzində
büdcədə neft sektorunun payı 52,4 faizdən 22,4 faizə
düşəcək, qeyri-neft sektorunun payı müvafiq
olaraq 47,6 faizdən 77,6 faizə qədər artacaq.
Qarşıdakı 10 ildə isə qeyri-neft sektorunun
iqtisadiyyatda xüsusi çəkisinin 2 dəfədən
çox artması proqnozlaşdırılır. Ümumiyyətlə,
Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf
dinamikasına və artım meyllərinə görə fərqlənməklə
bərabər, həm də iqtisadi və sosial idarəetmədə
yeni modernizasiya elementlərinin tətbiq olunması ilə diqqəti
cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin
bütün təzahürlərinin meydana
çıxmasına səbəb olub. Yəni ölkəmiz
keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil
olub və onun müasir siması formalaşıb. Prezident
İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli
strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun
ölkə iqtisadiyyatının inkişafında əsas
aparıcı bölmə kimi dominatlığını
möhkəmləndirməkdən ibarətdir.
Dövlət
başçısı paralel olaraq müasir tələblərə
cavab verən kadr potensialının formalaşdırılmasını
da diqqət mərkəzində saxlayır. “2007–2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”-ı ilə gənclərimiz
xarici ölkələrin nüfuzlu ali məktbələrində
dövlət hesabına təhsil alırlar. Məqsəd insan
kapitalının xüsusi yer tutduğu modern dövlət
quruculuğunda dünyadakı ən son nailiyyətdən
istifadəni təmin etməkdir.
Uğurlu
xarici siyasət
Ölkə
daxilində insanların sosial rifah halının yüksəldilməsi,
regional və qlobal əhəmiyyətli layihələrin həyata
keçirilməsi uğurlu xarici siyasət olmadan
mümkünsüzdür. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən xarici siyasətin
uğurları isə göz önündədir. Azərbaycan
yüksək rəqabət şəraitində keçən
17 turdan sonra beynəlxalq ictimaiyyətin etimadını
qazanaraq 2011-ci il oktyabrın 21-də BMT üzvü olan ölkələrin
155 səsini toplayıb və 2012-2013-cü illər üzrə
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilib. Azərbaycan bu il yanvarın 1-dən Təhlükəsizlik
Şurasının üzvü səlahiyyətlərinin
icrasına başlayıb. May ayında isə müddətinə
bu mötəbər quruma sədrlik edib. Müstəqilliyimizin
20 illiyinə təsadüf edən bu qələbə ölkəmizin
qısa müddət ərzində
balanslaşdırılmış, çoxşaxəli və
məqsədyönlü xarici siyasətinin həyata
keçirilməsi nəticəsində əldə etdiyi
yüksək nailiyyətlərinin əsl göstəricisidir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq
arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq
proseslərdə yaxından iştirakının və eyni
zamanda sülhün və əmin-amanlığın bərpa
edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Evrovizion
mahnı festivalının Bakıda keçirilməsi dövlətimizin
əmin-amanlıq, rifah ölkəsi olduğuna bir daha
sübut oldu. Sevindirici haldır ki, Azərbaycan demək olar
ki, hər gün bu və ya digər beynəlxalq tədbirin
keçirilməsinə ev sahibliyi edir!
Beynəlxalq
aləmdə nüfuzu sürətlə artan Azərbaycan
artıq müxtəlif sahələrdə gələcəkdə
də keçirilən yüzlərlə beynəlxalq əhəmiyyətli
tədbirlərin keçiriləcəyi ölkələrdən
birinə çevrilib. Ən mötəbər tədbirlərin
keçiriləcəyi ölkələrin namizədliyi
müzakirəyə çıxarılarkən Azərbaycanın
adı ilk onluqlar sırasında yer alır. Az əvvəl,
dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş
Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə birinci
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
haqqında qərar qəbul edib. Yarışın Azərbaycanda
keçirilməsi qərarının lehinə 38, əleyhinə
8 səs verilib, iki nəfər bitərəf qalıb. Olimpiya
oyunlarında 15 idman növü üzrə qaliblər müəyyənləşəcək.
Bunun 12-si olimpiya idman növüdür. Avropa Olimpiya
Oyunlarından ölkəmiz ən azı 100 milyon avro qazanacaq.
Oyunların bütün yayım hüquqları Azərbaycandadır,
bu hüquqları Avropa Yayım Şurasına
satacağıq. Sponsorluqdan gələn gəlirlər ölkəmizə
qalacaq. Eyni zamanda, brendlər və bilet satışı
hüququ da Azərbaycana verilib.
Ümumiyyətlə,
ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
böyük tarixi hadisədir, ölkəmizin böyük
uğurudur. Bu, torpaqlarının 20 faizinin işğal
altında olması, 1 milyon insanının qaçqın və
məcburi köçkün olmasına rəğmən,
iqtisadiyyatını sürətlə inkişaf etdirən, əhalisinin
sosial rifahını yüksəldən, uğurlu xarici siyasət
aparan Azərbaycanın dünyada qazandığı
böyük hörmət və etimadın növbəti təzahürüdür.
Azərbaycanın bu uğurlarının memarı isə
Prezident İlham Əliyevdir. Fövqəl güclərin
maraqlarının toqquşduğu Cənubi Qafqaz kimi həssas
regionda yerləşən Azərbaycana isə bu
uğurları yalnız və yalnız xarizmatik bir lider
qazandıra bilərdi. İlham Əliyev xarizması artıq
formalaşıb və dünyada da qəbul edilir. Güclü
Azərbaycanın qarşısında isə təcrid
olunmuş vəziyyətə düşən, iqtisadiyyatı
inkişaf perspektvindən mərhum, əhalisi ölkəni
sürətlə tərk edən işğalçı Ermənistan
uzun müddət dayana bilməz. İşğal
altındakı torpaqlarımız, Qarabağımız
işğaldan azad ediləcəkdir.
Azərbaycanın
gələcəyi
Azərbaycanın
sabahı barədə artıq aydın təsəvvür var.
Prezident İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması barədə sərəncam
imzalayıb.
Sərəncamda
qeyd olunub ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə
qədəm qoyur. Bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. İnkişaf Konsepsiyasının
hazırlanması zamanı sosial sahənin inkişaf etdirilməsi
üçün yoxsulluq səviyyəsinin mümkün
minimuma endirilməsi istiqamətində yürüdülən
siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin
etibarlı sosial müdafiəsinin təşkili, əhalinin
orta təbəqəsi dairəsinin genişləndirilməsi və
onun cəmiyyətin həyatında rolunun
artırılmasına nail olunması hədəfləri əsas
götürülüb. Azərbaycan dövlətinin sosial
siyasətinin əsas hədəfləri əhalinin
bütün təbəqələrinin sosial müdafiəsinin
gücləndirilməsi işində birləşib.
Beləliklə,
“Azərbaycan-2020:gələcəyə baxış”
İnkişaf Konsepsiyasında 2020-ci ildə Azərbaycanda
adambaşına düşən qeyri-neft sektoru üzrə
ixrac həcminin 1000 dollara çatdırılması
planlaşdırılır. Konsepsiyada ölkənin regionun
ticarət mərkəzinə çevrilməsi də əsas
hədəflərdən biri kimi nəzərdə tutulub.
Konsepsiyaya görə bazar iqtisadiyyatı şəraitində
sağlam rəqabəti təmin edən məqsədyönlü
dövlət tənzimlənməsi, enerjidən səmərəli
istifadə edən və yüksək əlavə dəyər
yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və
sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma
prinsipləri rəhbər tutulacaq.
Təbii
ki, gələcək 10 il ərzində, Azərbaycan əhalisinin
artımını, iqtisadi və maliyyə imkanlarının
yüksəlməsini, infrastruktur quruculuğu və sənayeləşmə
prosesinin gücləndirilməsini, eləcə də, Azərbaycanın
postsənaye erasına daxil olmasını, iqtisadiyyatın
özəl bəlməsində sıçrayışlı
tərəqqi tendensiyasını və digər amilləri nəzərə
alaraq deyə bilərik ki, 2020-ci ilə qədər qeyri-neft
sektoru hesabına daha çox yeni müəssisələrin və
iş yerlərinin açılması, əmək haqqı və
pensiyaların artırılması, yoxsulluğun və
işsizliyin minimal həddə çatdırılması,
insanların layiqli həyat şəraiti ilə təmin
olunması, sosial risklərin aşağı salınması
ilə ünvanlılığın daha da təkmilləşdirilməsi,
sosial xidmətlərin səviyyəsinin həm dövlət,
həm də ictimai sektorda kamilləşdirilməsi və
başqa işlər həyata keçiriləcək.
Bütün
bunların yekunu olaraq, cəmiyyətin təbəqələşməsinin
rombvari (həndəsi fiqur olaraq, rombun yuxarı
bucağında azca varlı, aşağı bucağında
kiçicik kasıb təbəqə yer alır. Rombun mərkəzində
isə çoxluq təşkil edən orta təbəqə
yerləşir. Burada proseslər bu cür gedir: yuxarı hissədə
varlı təbəqədən orta təbəqəyə və
əksinə, aşağıda isə kasıb təbəqədən
orta təbəqəyə və əksinə hərəkət
müşahidə olunur.) inkişafının təmin edilməsi
ilə, orta təbəqənin sosial-iqtisadi və ictimai-siyasi
proseslərdə iştirak payının daha da yüksəldilməsi
həyata keçiriləcək və Azərbaycan sosial rifah
baxımından inkişaf etmiş ölkələrin
sırasında yer alacaq. Gözəl ailə
başçısı olan Prezident İlham Əliyevin sosial
sahədə atdığı addımlar bir
qayğıkeş insan kimi onun xalqın sevimli liderinə
çevirib və xalqımız məhz bu xarizmatik şəxsin
rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın daha
qüdrətli bir dövlətə çevriləcəyinə
əmindir.
Prezidentimizi
ad günü münasibəti ilə təbrik edirik! Ona
xalqın lideri və sevimlisi kimi qarşıya qoyulan uzunmüddətli
proqramların həllində prezident kimi yeni-yeni uğurlar diləyirik.
Hadi Rəcəbli
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri
yap.org.az
Yeni Azərbaycan.-
2012.- 25 dekabr.- S.9.