Dünya şöhrətli alim

 

Akademik Həsən Əliyev Azərbaycanın elm tarixində coğrafiyaşünaslığın, təbiətşünaslığın və müasir ekocoğrafiya elmlərinin banilərindən biri kimi tanınır. O, eyni zamanda Azərbaycan Respublikasında təbiətin mühafizəsi və kənd təsərrüfatının inkişafında ekoloji problemlərin həllinin əsasını qoymuşdur. AMEA–nın yaradılmasının ilk təşkilatçılarından olan Həsən Əliyev geniş diapazona malik alim idi. Onun əsərlərinin əksəriyyəti təbiət, biologiya elminin və kənd təsərrüfatının ekologiyasına, xüsusilə Azərbaycanda müasir meşə torpaqlarının genofondunun öyrənilməsi və onların genetipoloji sisteminin təsnifləşdirilməsi məsələlərinin tədqiqinə həsr olunmuşdur.

Həqiqətən, Həsən müəllim ana təbiətə, xüsusilə Tanrının böyük səxavət göstərib Azərbaycana bəxş etdiyi təbii gözəlliyə vurğun idi. O, heç vaxt təbiətin gözəlliyindən doymazdı. Ömrünün sonuna qədər də bu müqəddəs məhəbbətinə sadiq qaldı, onun keşiyində durdu, əsl övladlıq qayğısı göstərərək qorunub saxlanılmasında əlindən gələni əsirgəmədi.

Böyük cəsarətlə deyə bilərik ki, başqalarından fərqli olaraq ana təbiətə əsl məhəbbət möhürünü ilk dəfə Həsən müəllim vurdu. Vaxtilə elimizin–obamızın ağsaqqalı kimi tanınan Həsən müəllim həm də bütün varlığı ilə Azərbaycan xalqına ürəkdən bağlı idi. Azərbaycanı qarış–qarış gəzmişdi, onun milli dəyərlərini, bərəkətli torpaqlarını, adət–ənənələrini bütün dünyada tanıtmışdır. Bu dəyərli milli–vətənpərvərlik keyfiyyətlərinə və halal zəhmətinə görə Həsən müəllim Azərbaycan elminin ən yüksək zirvəsinə, akademik səviyyəsinə ucalmışdır. Bu, hər şeydən əvvəl, bütün Azərbaycan xalqının, elminin qüruru, iftixarıdır.

Həsən müəllim mindən çox elmi, elmi–kütləvi əsərlərin, monoqrafiyaların müəllifidir. 50–dən çox beynəlxalq elmi toplantılarda Azərbaycanın elmi potensialı, milli sərvətləri və elmi nailiyyətləri haqqında məruzələr etmişdir. Beynəlxalq elm aləmində məşhur torpaqşünas, təbiətşünas alim–mütəxəssis kimi tanınırdı. XX əsr rus torpaqşünaslığının atası sayılan məşhur V.A.Kovda kimi alimlərlə sıx elmi–əməkdaşlıq əlaqələri var idi.

O vaxtlar, keçmiş sovetlər məkanında Elmlər Akademiyası sistemində institutlara müvafiq dərəcə kateqoriyalarının alınması çox böyük problem idi. Lakin ümummilli liderimiz Heydər Əliyevin bilavasitə köməyi və Həsən müəllimin şəxsi nüfuzu sayəsində Coğrafiya İnstitutu birinci dərəcəli elmi fəaliyyət kateqoriyası aldı. Bu da unudulmaz Həsən müəllimin Coğrafiya İnstitutuna, onun kollektivinə əvəzsiz hörməti və qayğısı oldu.

1979–1981–ci illərdə Həsən Əliyevin bilavasitə çox çətin zəhməti və nüfuzu sayəsində Coğrafiya İnstitutunun əməkdaşları üçün Bakı Şəhər Sovetinin, necə deyərlər, “boşaldılmış” fondundan 13–ə yaxın müxtəlif otaqlı mənzil verildi. İndi o mənzil sahiblərinin bəziləri həyatdan köçmüş, bəziləri isə hazırda həmin mənzillərdə öz ailə həyatını və elmi fəaliyyətini davam etdirir. Lakin onların varislərinin hamısının ürəyində yaddançıxmaz müdrik Həsən müəllimə dərin məhəbbət və birheç vaxt unudulmaz hörmət hissləri qalmışdır.

İndi yaşadığımız “coğrafiyaçı” kooperativ binasının tikilib başa çatması Həsən Əliyevin adı ilə bağlıdır. 30 ildən çoxdur bu ünvanda yaşayırıq və həmişə də minnətdarlıqla yad edirik.

Çətin həyat sınaqları təsdiq etmişdir ki, insanlar ona görə doğulur ki, onlar bir–birinə yardım etsinlər, yaşasınlar və yaşatsınlar. Bax, Həsən Əliyev şəxsiyyəti Azərbaycan xalqının taleyinə qəlbən bağlı olan, onun hər bir qarış torpağının, təbiətinin qədrini bilən, yalnız özü üçün yox, cəmiyyət üçün, insanlar üçün, həm yaşamağı, həm də yaşatmağı bacaran bir insan kimi həmişə yaşayacaqdır.

Həsən müəllim hər il 9 may qələbə günü bayramını bütün veteranlarla birgə çox böyük təntənəli şəraitdə qeyd edərdi. Bu təntənəli yığıncağa həmişə böyük zövq ilə geyinərdi və bütün həyatının dəyərini əks etdirən dövlət mükafatları kimi orden və medallarını sıra ilə sinəsinə düzərdi. Onda Həsən müəllim daha əzəmətli görünərdi. Çünki qazandığı əsl halal zəhmətinin bəhrəsini və qiymətini məhz bu anlarda daha yaxından duyurdu.

Qələbə günündə o, həmişə müharibənin törətdiyi faciələrdən, çətinliklərdən danışardı. Sonra isə Azərbaycan xalqının xoş gələcəyi naminə hamının daha səmərəli və işgüzar işləməsini arzulayardı.

Hələ ötən əsrin 30–cu illərində Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra həmin qədim diyarın torpaqlarını zərərvericilərdən qorumaq məqsədilə ilk əməli tədbirlər görmüşdür. O vaxtdan Həsən Əliyev bütün ömrünü elmə bağlamış, vətən torpaqlarının öyrənilməsinə və onun hər qarışının qorunub saxlanılmasına həsr etmişdir. Həsən Əliyev yurdumuzun təbiətinə göstərdiyi böyük qayğı ilə yanaşı, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik idi. Buna görə də Azərbaycan xalqı onun əvəzsiz xidmətlərini həmişə yüksək qiymətləndirmiş, onu böyük alim, böyük şəxsiyyət kimi tanımışdır.

Qeyd etmək lazımdır ki, akademik Həsən Əliyevin çoxillik yaradıcılığında beynəlxalq elmi əməkdaşlıq əlaqələri mühüm yer tutmuşdur. O, 40–a yaxın ölkənin elmi institutları və aparıcı mütəxəssisləri ilə yaxından əlaqə saxlayırdı. Xüsusilə XX əsrin ikinci yarısında bəşəriyyəti narahat edən təbiətin mühafizəsi və qlobal ekocoğrafi problemlərə aid keçirilən bütün beynəlxalq toplantılara həmişə dəvət olunmuşorada həmin problemlərin həlli məsələsində elmi fikirlərini söyləmişdir.

Akademik Həsən Əliyevin xarici ölkə alimləri ilə ilk elmi əməkdaşlıq əlaqələrinin və dünya elminin sirləri ilə tanışlığı 1958–ci ildən başlamışdır. Həsən Əliyev birinci dəfə həmin ildə Yunanıstanda keçirilən Təbiəti Mühafizə üzrə Baş məclisdə “Azərbaycan ölkəsinin dağlıq vilayətlərində eroziya proseslərinin baş verməsinin və inkişafının səbəbləri, ona qarşı mübarizə yolları” mövzusunda dəyərli məruzə etmişdir. Elə həmin il Azərbaycan aliminin beynəlxalq elm aləmində qazandığı uğurlar yüksək qiymətləndirilmiş və o, Beynəlxalq İttifaqın təbiətin və təbii ehtiyatların mühafizəsi üzrə heyətin üzvü seçilmişdir.

1960–cı ildə tanınmış Azərbaycan alimi Polşa Xalq Respublikasına dəvət olunurorada təbiətin mühafizəsi və ekocoğrafi problemlər üzrə peşəkar mütəxəssis kimi Beynəlxalq İttifaqın VII Baş məclisində iştirak etmişbu sahədə dünya elminin yenilikləri ilə tanış olmuşdur.

Həsən Əliyevin beynəlxalq elmi fəaliyyətində əsas amalı müasir dünya elminin yeni nailiyyətləri ilə tanış olmaq və Azərbaycan elminin qazandığı böyük uğurları dünya elmi ictimaiyyətinə çatdırmaq olmuşdur. Bu baxımdan onun ABŞ–da (1960–cı ildə) VII Beynəlxalq Torpaqşünaslıq Konqresində “Böyük Qafqazın şərq hissəsində torpağın şaquli zonallığı” mövzusunda məruzəsi böyük maraq və rəğbətlə qarşılanmışdır. O, bu məruzəsində dünya torpaqşünaslıq elminin banilərindən olan V.Dokuçayevin “Dağlıq ölkələrdə torpaq örtüyünün şaquli zonallığı” qanunu haqqındakı nəzəriyyəsini Azərbaycanın timsalında öz elmi nəticələri ilə təsdiq etmişdir.

Həsən Əliyevin elmi yaradıcılığında Azərbaycanda ayrı–ayrı hündürlük qurşaqlarında, xüsusilə meşə torpaqlarının təkamülü və tipoloji genetik təsnifatının öyrənilməsi məsələsi də mühüm yer tuturdu. Onun 1964– ildə Buxarestdə VII Beynəlxalq Torpaqşünaslıq Konqresində “Böyük Qafqazın şərq hissəsinin alpsubalp zonaları torpaqlarının genetik xüsusiyyətləri” mövzusunda çıxışı bilavasitə bu məsələnin həllinə həsr olunmuşdur. Həmin məruzəsi ilə o, Azərbaycanda torpaq örtüyünün müxtəlifliyi və onların inkişaf xüsusiyyətlərinə aid tədqiqatlarının yeni nəticələrini bütün beynəlxalq elmi aləmlə tanış etmişdir. 1966–cı ildə isə İsveçrədə təbiətin mühafizəsi və ehtiyatları üzrə Beynəlxalq İttifaqın IX Baş məclisində onun bilavasitə keçmiş Sovetlər İttifaqını təmsil etməsi Azərbaycan elminin uğuru sayılırdı. Həsən Əliyev 1970–ci ildə Yaponiyada ümumdünya təbiətinə həsr olunmuş Beynəlxalq Elmi Sərgiyə dəvət almışdır. 1975–ci ildə o, ümumittifaq turizm xətti ilə İran və Əfqanıstan ölkələrinə səyahət etmişdir. Orada Azərbaycanda turizmin böyük potensial imkanlarından və respublikamızla həmin ölkələrin elmi əməkdaşlığının inkişaf perspektivlərindən danışmışdır.

Qeyd etmək lazımdır ki, son dövrlərdə Həsən Əliyevin elmi–tədqiqat işlərinin ana xəttini Azərbaycanda meşə torpaqlarında maddələr mübadiləsinin bioloji dövranının öyrənilməsi məsələsi təşkil etmişdir. Onun 1968–ci ildə Avstraliyada Beynəlxalq Torpaqşünaslıq Konqresində Şərqi Qafqazın enliyarpaqlı meşələrinin müxtəlif ekoloji şəraitdə kül elementlərinin torpağa qaytarılması mövzusunda məruzəsi bütün mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Çünki o, bu məruzəsində Azərbaycanda ilk dəfə olaraq, meşə torpaqlarının üzərində apardığı stasionar müşahidələrin nəticələrini və torpaq örtüyündə baş verən bu zolojı müxtəlifliyi açıqlamışdır.

Həsən Əliyevin məruzələri həmişə elmin yeni məlumatları kimi iştirak etdiyi beynəlxalq elmi məclislərin yerli külliyyatlarında dərc olunurdu. Xüsusilə onun Qəhvəyi meşə torpaqları adlı monoqrafiyası, alimin tədqiqat metodu və prinsipləri xarici həmkarlarını daha çox maraqlandırdığına görə, həmin əsər 1969–cu ildə ingilis dilinə tərcümə olunmuş və xaricdə nəfis tərtibatla çapdan çıxmışdır. Bu, eyni zamanda Azərbaycan elminin beynəlxalq aləmdə qazandığı uğurlar idi.

1972–ci ildə Həsən Əliyev Kanadada XXII Beynəlxalq Coğrafiya Konqresində Şərqi Zaqafqaziya timsalında dağlıq landşaftların formalaşmasında torpaq örtüyünün rolu və onların mühafizəsi məsələləri haqqında çıxışında bir daha göstərmişdir ki, təbii landşaftın inkişafında və onların struktur–ərazi müxtəlifliyində torpaq örtüyü əsas coğrafi amil kimi mühüm rol oynayır. Bu məruzənin kompleks elmi və təcrübi dəyərlərinə görə, akademik Həsən Əliyev Azərbaycanda ilk dəfə olaraq o vaxtkı Sovetlər İttifaqının Coğrafiya Cəmiyyətinin fəxri fərmanına və Xatirə medalına layiq görülmüşdür. Alimin 1970–ci ildəki Amerikaya elmi səfəri isə onun yaradıcılıq salnaməsində xüsusi səhifə oldu. Amerika dövlətinin Yuta şəhərində beynəlxalq simpoziumda Azərbaycanın arid zonasının axarsız gölləri və su anbarları, onların mühafizəsi mövzusunda torpaqşünaslığın yeni tədqiqat sahəsi üzrə məruzə etmişdir. Həmin simpoziumda Həsən Əliyev Azərbaycanda arid zonaların torpaqlarından daha səmərəli istifadə etmək məqsədilə özünün işlədiyi quru meliorasiya, fito meliorasiya kimi ən yeni tədqiqat metodlarının ilkin tətbiqini, müsbət nəticələrini açıqlamışdır.

Həsən Əliyev uzun müddət arid torpaqların öyrənilməsi və mühafizəsi üzrə beynəlxalq ekspert idi. Akademik 1977–ci ildə ABŞ–ın Oqden şəhərində arid zonalarda axmazlar problemi üzrə təşkil olunmuş simpoziumda yerli qəzetin müxbiri ilə müsahibəsində çox müdrikcəsinə demişdir ki, dövlətlər arasında sərhəd ola bilər, ancaq təbiətdə sərhəd xətti yoxdur. Təbiətin mühafizəsi, onun bərpası tək bir ölkənin işi deyil, bütün ölkələrin, insanların, cəmiyyətin öhdəsinə düşən ümumbəşəri problemdir. Həmin simpoziumda onun “Azərbaycanın arid zonasında ətraf mühitin mühafizəsi” mövzusunda çıxışının materialları aktual problem kimi Arizona Universitetinin xəbərlərində dərc olunmuşdur.

Həsən Əliyev 1978–ci ildə yenidən Kanadada Beynəlxalq Torpaqşünaslar Cəmiyyətinin XI Konqresində “Boz dağ meşə torpaqlarının bioloji aktivliyi” 1980–ci ildə isə Yaponiyada təbiətin mühafizəsinə həsr olunmuş silsilə məruzələri ilə problemin tədqiqinin davam etdiyini göstərmişdir.

1981–ci ildə Həsən Əliyev Almaniya Federativ Respublikasında keçirilən simpoziumda “Azərbaycan SSR–in quraqlıq zonasında ətraf mühitin qorunması, torpaqsu ehtiyatlarından daha səmərəli istifadə yolları haqqında” Azərbaycanda aparılan elmi–kütləvi tədbirlərdən danışmışdır. 1982–ci ildə ABŞ–ın Tukson Dünya Universitetində təbiətin mühafizəsi probleminə dair elmi məruzəsinin nəticələrinə görə akademik Həsən Əliyev təbiəti mühafizə üzrə ən yüksək mükafata—fəxri mədəniyyət doktoru adına layiq görülmüşdür.

Akademik Həsən Əliyev dünyanın ən görkəmli torpaqşünası və təbiətşünası kimi tanınırdı. O, istər Azərbaycanda, istərsə də beynəlxalq elm aləmində müasir təbiətşünaslıq və ekocoğrafiya elminin elmimetodoloji nəzəri problemlərinə dair dəyərli fikirlər söyləmişdir. Hazırda bu böyük alimin elmi fikirləri və metodiki nailiyyətləri yaşayır və öyrənilir.

 

 

Məmmədov Qərib

Yeni Azərbaycan.- 2012.- 25 dekabr.- S.8.