Elmar Məmmədyarov: "2012-ci ildə diplomatik uğurlarımız Azərbaycanın xarici siyasətinin təsir qüvvəsini bir daha təsdiq edir"   

 

  Trend xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra yerli və xarici informasiya agentliklərinə XİN-in yola saldığımız ildəki fəaliyyəti, ölkəmizin əldə etdiyi uğurlar və ümumilikdə 2012-ci ilin yekunları ilə bağlı müsahibə verib.

- Cənab nazir, başlayaq xarici siyasətimizdəki ən böyük uğurumuz olan BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycanın sədrlik etməsindən. Siz bu Sədrliyi və ümumiyyətlə, Azərbaycanın BMT TŞ-də fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan 2011-ci ilin oktyabrında BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Cari ilin may ayında ölkəmiz BMT TŞ-də rotasiya qaydasına əsasən prezidentlik etmişdir. 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq Sülh və Təhlükəsizliyə Terrorizmin Açdığı Hədələr mövzusu çərçivəsində "Terrorizmlə Mübarizə Sahəsində Öhdəliklərin Yerinə Yetirilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi" mövzusunda yüksək səviyyəli görüş keçirilmişdir. Bu görüşdə BMT-in Baş katibi, nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli şəxslər iştirak etmişdir. Qeyd edilən görüşdən öncə TŞ-də görüşün məqsədi və əsas müzakirə mövzusu üzrə əhatəli məlumat təmin edən Konsepsiya sənədi paylanmışdır. Həmin sənəddə terrorizmlə mübarizə üzrə ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti, bu növ hədələrə zamanında və birgə adekvat reaksiyanın verilməsi üçün müxtəlif ölkələrin əlaqədar qurum və təsisatlarının imkanlarının və bacarıqlarının artırılması istiqamətində işlər görülməsinin zəruriliyi əks olunmuşdur. Sözügedən görüşün nəticəsi olaraq qəbul olunan TŞ prezidentinin Bəyanatında Şura üzvlərinin qəti şəkildə terrorizmin bütün növlərinin pisləməsi bir daha təkrar olunmuş, terrorizmin dəyişən təbiəti və xarakteri, üzv ölkələrin beynəlxalq hüquq normalarından irəli gələn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməsinin zəruriliyi, terrorizmlə mübarizə zamanı insan hüquqları və qanunun aliliyi məsələlərinin nəzərə alınmasının vacibliyi, eləcə də bütün dünyada dini və mədəni müxtəlifliyə hörmət prinsiplərinin əhəmiyyəti vurğulanmışdır.

Azərbaycanın TŞ-də prezidentliyi dövründə Afrika regionu üzrə Sudan və Cənubi Sudan, Konqo Demokratik Respublikası, Qvineya Bissau, Liviya, Qərbi Afrika, Somali, Asiya regionu üzrə Əfqanıstan, Avropa üzrə BMT-in Kosovada Müvəqqəti İdarəçilik Missiyası (UNMİK), Bosniya və Hersoqavina kimi ölkələrdə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan məsələlərlə bağlı keçirilmiş görüşlərdə iştirak etmiş və qəbul olunan sənədlərə müvafiq münasibətini bildirmişdir. Bu baxımdan fevral ayında Afrikada sülh və təhlükəsizlik, dekabr ayında Afrikada sülh və təhlükəsizlik bəndi altında Sahel bölgəsində vəziyyət mövzusunda keçirilmiş yüksək səviyyəli iclas və görüşlər qeyd oluna bilər. Ölkəmizin TŞ-də sədrliyi dövründə qəbul olunmuş üç qətnamənin hər biri Afrika ölkələri (Sudan və Qvineya Bissau) haqqındadır. Bu da Azərbaycanın Afrika qitəsində baş verənlərə qarşı biganə olmadığının və sözügedən regionda baş verən hadisələri yaxından izlədiyinin göstəricisidir.

Əlavə olaraq ölkəmiz siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarından sayılan Yaxın Şərq regionu üzrə Şuranın iclas və görüşlərində iştirak etmiş və xüsusən də, Fələstin, Suriya, Liviya, Livan, Yəmən və sairə kimi dünyanın gündəmində olan məsələlərin müzakirəsində yaxından iştirak etmişdir. Avqust ayında Suriyadakı vəziyyətlə bağlı nazirlər səviyyəsində keçirilmiş görüş, sentyabr ayında Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusunda təşkil olunmuş yüksək səviyyəli görüşlərdə və bu kimi çoxsaylı əhəmiyyətli iclaslarda Azərbaycan tərəfi də təmsil olunmuş və öz mövqeyini bildirmişdir.

BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırmış və bu iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açmışdır. Sualın cavabını konkretləşdirsək ümumilikdə deyə bilərik ki, BMT TŞ-ə üzvlük Azərbaycan Respublikasının beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi və ölkəmizin mövqeyini beynəlxalq səviyyədə dəstəkləyən dövlətlərin sayını daha da artırdı.

2013 - cu ilin oktyabr ayında növbəti sədrliyimiz müddəti ərzində beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün töhfəmizi əsirgəməyəcəyik. Azərbaycan hər zaman ədalətin təmin olunması istiqamətində öz fəaliyyətini davam etdirəcəkdir.

- Azərbaycanın BMT TŞ-də ölkəmizin fəaliyyəti aydındı. 2012-ci ildə başqa hansı diplomatik uğurlardan danışa bilərik?

- Diplomatik uğurlarımız barədə söhbətimizi davam etdirərək az öncə geniş məlumat verdiyim BMT TŞ-dəki fəaliyyətimizlə yanaşı, Azərbaycanın Meksikada keçirilən "Böyük iyirmiliyin" (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət olunmasını növbəti uğur kimi qiymətləndirmək olar. Bu, dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana olan marağının artmasının və ölkəmizin regiondakı liderliyinin göstəricisidir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeləri ilbəil güclənir. Belə ki, bu il ərzində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi tanıyan müxtəlif qətnamələr qəbul edilmişdir.

Beynəlxalq təşkilatlarla əməkdaşlığımızdan söz edərkən, Azərbaycanın YUNESKO ilə əlaqələrinə nəzər salmaq istərdim. Bildiyiniz kimi Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı Səfiridir. Mehriban xanım Azərbaycanla YUNESKO arasında münasibətlərin inkişafı üçün mühüm işlər həyata keçirir. Xatırlatmaq istərdim ki, ölkəmiz bu yaxınlarda YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitse-prezidenti və bu təşkilat çərçivəsində digər rəhbər vəzifələrə seçilərək üzv ölkələrin tam dəstəyini əldə edib. Bu ilin 21 dekabr tarixində YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin yeddinci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənədin qəbul edilməsi ilə ölkəmiz işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərinin daha da geniş müzakirə edilməsi və müəyyən mexanizmlərin qəbul edilməsi üçün bünövrə yaratmışdır.

Cari ilin 21 sentyabr tarixində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin 4-cü toplantısı keçirilmişdir. Toplantının keçirildiyi Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda çıxış edərək, diplomatlarımızın qarşısında yeni tapşırıqlar və vəzifələr qoymuşdur ki, biz hazırda onların icrasının təmin olunması üçün çalışırıq və yeni ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Qeyd edilən diplomatik uğurlarımız Azərbaycan Respublikası tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək qarşımıza qoyulan başlıca vəzifələrdəndir.

- Keçək əsas ağrılı yerimiz olan Ermənistan-Azərbaycan münaqişəsinə. Son bir ildə sülh prosesində aşkar durğunluğu nəzərə alaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının perspektivlərini necə görürsünüz? Bu problemin həllində irəliləyişə mane olan əsas səbəblər hansılardır?

- Danışıqlar prosesinin perspektivlərinə keçməzdən öncə qeyd etməliyəm ki, danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atmaqdan və işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyət göstərməkdən çəkinməməsi danışıqların uğurla nəticələnməsinə imkan vermir.

Bununla belə qeyd etməliyəm ki, ATƏT-in Minsk Qrupu (MQ) çərçivəsində aparılan danışıqların nəticəsiz qalmasına baxmayaraq, 2012-ci il münaqişənin həlli istiqamətində Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Belə ki, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə dair sənədlər qəbul edilmiş və burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş və münaqişənin məhz, bu əsasda həllinin vacibliyi vurğulanmışdır. Dünya birliyinin mütləq əksəriyyətini birləşdirən bu beynəlxalq təşkilatların belə bir prinsipial mövqe nümayiş etdirməsindən Ermənistan nəticə çıxarmalı, öz mövqeyini bir daha təhlil etməli və dünya ictimaiyyətinin mövqeyinə uyğun şəkildə hərəkət etməlidir.

Minsk Qrupu çərçivəsində aparılan danışıqların bugünkü vəziyyətinin təhlili MQ tərəfindən daha nəticəyönlü və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir. Hesab edirik ki, keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirmişdir. Dünya birliyində artıq yekdil bir fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı və bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.

Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə maneə olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir.

Azərbaycanın mövqeyi aydındır: Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bütün regionun inkişafında maraqlıyıq. Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına və eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ regionu üçün də real inkişaf proqramının ortaya qoyulmasına, o cümlədən real investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Biz DQ regionunda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların yaxşı şəraitdə yaşamasını istəyirik. Lakin Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir.

- Təqdirəlayiq haldır ki, Azərbaycan xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayını sürətlə artırır. Bu proses nəyə xidmət edir?

- Hazırda xarici ölkələrdə Azərbaycanın 70-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Avstraliya istisna olmaqla hazırda Azərbaycan bütün qitələrdə təmsil olunur və yaxın zamanda Avstraliyada da ölkəmizin səfirliyi fəaliyyətə başlayacaqdır. Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində öz üzərilərinə düşən vəzifələri icra edirlər.

Ölkəmizin təbliğatı istiqamətində böyük işlər görülür. Bura mədəni tədbirləri, müxtəlif nəşrləri, sərgiləri, akademik toplantıları və digər təşəbbüsləri aid etmək olar. Gənc ölkə kimi Azərbaycanın təbliği və dünya ictimaiyyətinə tanıtdırılması məqsədilə xarici ölkələrdəki nümayəndəliklərimizlə yanaşı soydaşlarımız və Azərbaycana rəğbət bəsləyən şəxslər birgə çalışmalıdır. Təbii ki, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzu, inkişaf edən iqtisadi potensialı, genişlənən xarici ticarət əlaqələrini və soydaşlarımızın dünyanın əksər regionlarında məskunlaşdığını nəzərə alaraq, diplomatik nümayəndəliklərin sayının artırılması siyasətinin davam edəcəyini söyləmək mümkündür.

- Azərbaycan coğrafi cəhətdən çox həssas regionda yerləşir. Dünyanın ən böyük dövləti olan Rusiya bizim şimal qonşumuzdur. İki ölkə arasında münasibətləri necə qiymətləndirirsiniz?

- Qonşu dövlət olan Rusiya ilə əlaqələrimiz yüksək səviyyədədir, ölkələrimiz aramızda dostluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əməkdaşlıq ildən-ilə genişlənir. Hər iki ölkə prezidentlərinin siyasi iradəsi və şəxsi münasibətləri əlaqələrimiz üçün istiqamətverici funksiya daşıyır. Ölkə başçıları Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə şəxsi töhfələr vermişlər.

Bu ilin aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər etmişdir. Bu səfər çərçivəsində iki dövlət arasında diplomatik əlaqələrin 20 illiyi ilə əlaqədar Birgə Bəyanat qəbul edilmişdir.

Eyni zamanda iqtisadi-ticarət əlaqələrinin əsas parametrləri ikitərəfli münasibətlərin pozitiv inkişaf tendensiyalarının göstəricisidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub və olmaqdadır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə desək, ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 47,4 faiz artıb. Biz bu rəqəmi daha da artırmağı hədəfləmişik.

Məmnunluqla qeyd etmək istərdim ki, hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır. Rusiyanın 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir və iki ölkə arasında ticarət dövriyyəsinin 81,8 faizi bu regionların payına düşür.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Azərbaycan üçün həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi mühüm əhəmiyyət daşıyır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, çoxsahəli əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da hərtərəfli və dinamik şəkildə inkişaf edəcəkdir.

- Rusiya ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirdiniz. Bu yaxınlarda isə biz bunun əksini göstərən hadisəyə şahidlik etdik. Belə ki, Rusiya Qəbələ RLS-in istismarının dayandırılmasına dair Azərbaycana nota verdi. Bu fakt Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə və birgə layihələrin reallaşmasına necə təsir edə bilər?

- Bildiyiniz kimi, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istismara verilmiş "Daryal" tipli Radio Lokasiya Stansiyası keçmiş SSRİ-nin raket əleyhinə müdafiə kompleksinin 8 stansiyasından biri idi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra stansiyanın Rusiya tərəfindən istismarına icazə vermiş və iki ölkə arasında 2002-ci ildə imzalanmış müqaviləyə əsasən RLS 2012-ci ilədək bu ölkəyə faktiki simvolik qiymətə icarəyə verilmişdir.

Əlbəttə, son illər ərzində Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı tərəflər arasında ekspertlər səviyyəsində mütəmadi qaydada müzakirələr aparılmışdır. Müzakirələrdə tərəflər öz maraqlarından çıxış etmişlər. Bu məsələdə Azərbaycan Respublikası konstruktiv mövqe nümayiş etdirmiş və məsələnin həllinə çalışmışdır. Buna baxmayaraq, danışıqlar zamanı stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmamışdır. Məqsədimiz bu stansiya ilə bağlı əməkdaşlığı günün tələbləri səviyyəsinə qaldırmaq, Rusiya ilə beynəlxalq səviyyədə mövcud olan şərtlər çərçivəsində əməkdaşlıq etmək olmuş və müvafiq təklif qarşı tərəfə bildirilmişdir.

Bildiyiniz kimi, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilmişdir. Bu baxımdan stansiyanın fəaliyyəti həmin tarixdən dayandırılmışdır.

Artıq Stansiyanın bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Komissiya yaradılmışdır. Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi komissiya stansiyanın daşınar və daşınmaz əmlakının inventarlaşdırılması, stansiya heyəti və onların ailə üzvlərinin, habelə şəxsi əmlakının daşınması ilə bağlı lazımi tədbirləri həyata keçirəcəkdir.

- Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin Brüsseldə keçirilən Xarici İşlər Nazirlərinin görüşündə 2014-cü ildən sonra Əfqanıstanda ISAF əməliyyatının əvəzinə yeni NATO missiyası yaradılacağı haqda qərar qəbul olunmuşdur. Azərbaycanın NATO-nun  yeni missiyasında [Əfqanıstanda] yerini necə qiymətləndirirsiniz?

- Azərbaycan Əfqanıstanda sülhün bərqərar olunmasına və möhkəmlənməsi məqsədinə sadiq qalır. Bu məqsədlə, biz Əfqanıstan hökumətinin razılığı ilə həyata keçirilən müxtəlif beynəlxalq təşəbbüslərdə yaxından iştirak edirik.

NATO-nun 2014-cü ildən sonra Əfqanıstanda mümkün yeni missiyasına gəlincə isə, qeyd edək ki, hələlik missiyanın əməliyyat planı təsdiq olunmalıdır. Azərbaycan potensial töhfəsi kimi artıq indidən bu missiyanın parametrlərinin formalaşdırılması üzrə məsləhətləşmələrə cəlb edilib. Eyni zamanda Azərbaycan Əfqanıstan ilə sıx ikitərəfli münasibətlər qurmaqla yanaşı beynəlxalq təhlükəsizliyin qorunması əməliyyatlarına ciddi töhfələr verərək, etibarlı tərəfdaş kimi özünü doğrultmuşdur.

Azərbaycan qardaş əfqan xalqının rifahı və eləcə də regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi naminə yeni missiya ilə bağlı NATO ilə məsləhətləşmələrini davam etdirəcək və əməliyyatın parametrləri aydın olduqdan sonra orada mümkün iştirakı barədə qərar verəcəkdir.

Bildiyiniz kimi 2014-cü ildən Əfqanıstanda NATO-nun sülhyaratma missiyası başa çatacaqdır. Qoşunların Əfqanıstandan çıxarılması prosesində İSAF missiyası üçün qeyri-ölümcül silahların 35% hissəsi məhz Azərbaycan vasitəsilə daşınmışdır. Bu yaxınlarda, Azərbaycan Türkiyə və Gürcüstanla birgə Şimali Atlantika Şurasında İSAF formatında Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanda həyata keçirilən dəniz və hava limanları ilə bağlı müvafiq təqdimatla çıxış etmişdir.

Eyni zamanda qeyd etmək istərdim ki, hazırda tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanda tikilən yeni dəniz limanı strateji əhəmiyyətli daşıyacaqdır. Bu layihələr regionda tarixən inkişaf və rifahın mühüm ünsürü olan tarixi İpək Yolunu canlandıracaqdır. Bu layihələrdən ilk olaraq bizim Əfqanıstanlı dostlarımız faydalanacaqlar. Və bu bizim əsas hədəfimizdir.

NATO-nun etibarlı və sadiq tərəfdaşı kimi ölkəmiz İSAF missiyasının başa çatmasından sonra potensial əməliyyat tərəfdaşı olmaqla, "təlim, məsləhət və yardım" cəhdlərinə töhfə vermək məqsədilə zəruri maliyyə yardımı ayırmış və bu istiqamətdə zəruri imkanlara malikdir. Biz bunu faktiki olaraq artıq bir sıra sahələrdə etməyə başlamışıq.

Əfqan xalqı çox yaxşı bilir ki, Azərbaycan nəinki bu formatda həmçinin ikitərəfli formatda qarşıya qoyulan ümumi hədəfə sadiqliyini qoruyur və biz son məqsədə çatmaq üçün bütün səylərimizi göstərəcəyik. İkitərəfli formatda da nəzərəçarpacaq uğurlar əldə edilmişdir. Belə ki, əfqan diplomatlarının nəzəri və praktik biliklərinin artırılması üçün Azərbaycan Diplomatik Akademiyasında müxtəlif istiqamətlər üzrə kurslar təşkil edilir. Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və AR Rabitə, İnformasiya Texnologiyalar Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birlikdə Əfqanıstanda elektron hökumətinin yaradılması işinə başlamışdır. Layihə Əfqanıstan hökumətinin nazirliklərində kadrların hazırlanması və ümumilikdə səmərəli fəaliyyətin təşkilinə xidmət edəcəkdir.

Həmçinin, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Əfqanıstanda bir sıra layihələr həyata keçirmişdir. Əfqan tərəfi bizə müraciət edərək növbəti ildə də ANAMA-nın, o cümlədən Fövqəladə Hallar Nazirliyinin bu ölkədəki layihələrdə iştirakında maraqlı olduğunu bildirmişdir.

- İki qardaş ölkə olan Azərbaycan və Türkiyə münasibətlərinin mövcud durumu və gələcəyi haqqında dəyərləndirmələrinizi öyrənə bilərikmi?

- Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və tarixi yaxınlıq telləri ilə bir-birinə bağlı iki dövlətdir. İki ölkə arasında əlaqələrin təməlində xalqlarımız arasında olan bağlılıq, qardaşlıq və səmimi dostluq durur.

Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf etmiş, güclənmiş və daha da dərinləşmişdir.

Sevindirici haldır ki, Azərbaycan və Türkiyənin irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi regional irimiqyaslı layihələr həm dövlətlərimizi və xalqlarımızı birləşdirir, həm də bölgədə bizim xeyrimizə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

Azərbaycan və Türkiyə ikitərəfli, regional və beynəlxalq səviyyədə bir-birinə dəstək verir və xarici siyasətin həyata keçirilməsində koordinasiyalı hərəkət edir.

Hər iki ölkənin rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradə, həmçinin yuxarıda qeyd etdiyim məqamlar bu gün iki dövlət arasında strateji əməkdaşlığın dərinləşdirilməsi üçün həm Azərbaycan, həm də Türkiyə üçün yol göstərən əsas istiqamətlərdir.

Bildiyiniz kimi 15 sentyabr 2010-cu ildə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YSSƏŞ) yaradılmışdır ki, bu gün qarşımızda duran əsas məsələlərdən biri də YSSƏŞ-in bəyannaməsindən irəli gələn məsələlərin həyata keçirilməsidir. Artıq Şuranın İzmirdə və Qəbələdə yüksək səviyyəli iclasları keçirilmişdir və biz hazırda müxtəlif sahələr üzrə əməkdaşlığın şaxələndirilməsi istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin reallaşdırılması ilə bağlı razılaşmanın əldə edilməsi bir daha ölkələrimizin müştərək fəaliyyətinin çox böyük potensialının olduğunu nümayiş etdirir.

- Cənub dəhlizi kontekstində Azərbaycan və Türkiyənin birgə layihəsi olan TANAP ilə son dönəmdə tez-tez gündəmə gələn enerji təhlükəsizliyi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Nabucco West ve TAP layihələrinin hazırkı durumu və regional yatırımlar mövzusunda fikirlərinizi öyrənmək istərdik.

- Mən sizin bundan əvvəlki sualınızın cavabı olaraq Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı durumunu ümumi xarakterizə etdim. Energetika sahəsində əməkdaşlığa gəldikdə isə, heç şübhəsiz bu sahə əməkdaşlığımızın əsas istiqamətlərindən birini təşkil edir. Bizim birgə uğurla həyata keçirdiyimiz nəhəng layihələr olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri qlobal səviyyədə özünü təsdiq etmiş və dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. Biz bununla kifayətlənmədik və yeni layihə olan "Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) tikilməsinə dair razılığa gəldik. 25 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə imzalanmış Qaz Anlaşmasında Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədi ilə yeni boru xəttinin inşası nəzərdə tutulmuşdur.

TANAP layihəsinə dair Memoranduma əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Türkiyənin BOTAŞ və Türk Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətləri birgə Konsorsium təsis etmişdir. Layihə üzrə gələcəkdə kəmərin tikintisində digər beynəlxalq neft-qaz şirkətləri də iştirak edəcəkdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu nəzərə alsaq, deməli hələ uzun illər ölkələrimizin enerji təhlükəsizliyi məsələsi və milli maraqlarımız təmin olunacaqdır.

Əminliklə deyə bilərik ki, TANAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı mənbə kimi gələcəkdə böyük önəm daşıyacaqdır. Başqa sözlə desək, Qərb-Şərq enerji dəhlizini formalaşdıran bütün bu layihələr bölgəmizdə təhlükəsizliyin və sülhün gücləndirilməsi və iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılmış uğurlu strateji addımlardır.

Enerji sahəsində iki ölkə arasında əməkdaşlıq təkcə TANAP layihəsi ilə məhdudlaşmır. Keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayib Ərdoğan İzmir şəhərində "Petkim" şirkətinin yeni "Star" neft emalı zavodunun təməlini qoymuşlar. Petkim və TANAP layihələrinə birlikdə qoyulacaq sərmayə təxminən 15-20 milyard ABŞ dollarına bərabərdir. Gördüyünüz kimi hazırda Azərbaycan fəal şəkildə Türkiyə iqtisadiyyatına sərmayə yatırmaqdadır. Beləliklə, Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli müqavilələr, qoyulan sərmayələr, eləcə də əməkdaşlığın inkişafı üçün atılan addımlar əlaqələrimizin ən yüksək səviyyəyə çatdırılmasına yardımçı olmuşdur. O ki, qaldı Nabucco West və TAP layihəsinin gələcək taleyinə, bununla bağlı onu deyə bilərəm ki, hazırda hər iki layihənin imkanlarının qiymətləndirilməsi üzərində iş gedir və qərar "Şahdəniz 2" Konsorsiumuna daxil olan şirkətlər tərəfindən gələn il veriləcəkdir.

- Qərb mətbuatında "İran problemi"nin güc yolu ilə həllinə dair söz-söhbət gedir. Bu zaman bəzi media vasitələri İsrailin və ya digər ölkələrin anti-İran kampaniyası zamanı Azərbaycan ərazisindən istifadə niyyətinin olduğunu iddia edirlər. Vəziyyəti necə şərh edərdiniz?

- Bir sıra xarici kütləvi informasiya vasitələrində mütəmadi olaraq bu məsələ ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunur. Bu cür təhrif olunmuş məlumatlar Xarici İşlər Nazirliyi səviyyəsində və müxtəlif səviyyələrdə təkzib olunmuşdur. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcəkdir. Azərbaycan müstəqil, öz maraqlarını təmin edən sülhsevər xarici siyasət həyata keçirir və bu siyasət Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə münasibətlərin qarşılıqlı etimada və hörmətə əsaslanmasını şərtləndirir. Biz regionda hər hansı yeni münaqişə ocaqlarının yaranmasını istəmirik və bütün mövcud anlaşmazlıqların sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq.

- Bu yaxınlarda Azərbaycan - Avropa İttifaqı Əməkdaşlıq Şurasının 13-cü iclası keçirildi. Azərbaycan - Avropa İttifaqı əlaqələri və enerji təhlükəsizliyi mövzusunda nə deyə bilərsiniz?

- Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında bir neçə əməkdaşlıq istiqamətləri mövcuddur və tərəflər arasında imzalanmış sazişlər mövcud hədəflərə çatmağa xidmət edir. Nəzərinizə çatdırmaq istərdim ki, 2006-cı ildə Azərbaycan və Aİ arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozo arasında 2011-ci ilin yanvar ayında Bakıda imzalanmış "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" Azərbaycan ilə Aİ arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Eyni zamanda Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQŞ) və Şərq Tərəfdaşlığı (ŞT) kimi çoxtərəfli formatın fəal iştirakçısıdır. Azərbaycan hazırda Aİ ilə ikitərəfli münasibətlərin gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylər göstərir. Çoxtərəfli ölçüdə Azərbaycan regionda etibarlı tərəfdaş olduğunu artıq sübut etmişdir. Bundan əlavə, Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya regionlarının potensialının üzə çıxarılmasında Aİ-ə köməklik göstərmişik və müxtəlif regional enerji, nəqliyyat və ticarət infrastruktur layihələrin hazırlanması və həyata keçirilməsi bizim iştirakımızla mümkün olmuşdur.

Digər tərəfdən Avropaya ixrac edilən enerji ehtiyatlarının təhlükəsizliyi bizim ticarət əməkdaşlığımız üçün olduqca vacibdir. Bu həmçinin, Aİ üçün həyati əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi, iqtisadiyyatın bərpası, eləcə də fabrik və zavodlarını enerji ilə, vətəndaşların elektrik enerjisi ilə təmin olunması üçün təhlükəsiz və etibarlı neft və qaz ehtiyatlarının əldə olunmasına öz töhfəsini verməyə imkan yaradır. Aİ 500 milyon insanın yaşadığı cəmiyyətdən və geniş istehlak bazarından ibarətdir. Aİ-nin qaz istehlakı ildə 500 milyard m3 təşkil edir. Bu rəqəmlər ölkəmizin hasil etdiyi qaz həcmləri ilə uyğun gəlməyə bilər, amma əgər Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard m3, daha sonra 2030-cu ildə isə hər il 25-30 milyard m3 qazla təmin edəcəyi halda, bu Azərbaycanın Aİ-ə öz sənaye, bazar və iqtisadiyyatının idarə olunmasında davamlı və etibarlı töhfə vermiş olması anlamına gələcəkdir. Azərbaycan Avropanın enerji təchizatı mənbələrinin diversifikasiyasına yardım etmək üçün fəaliyyətini davam etdirəcəkdir. Bu hər iki tərəfə iqtisadi fayda gətirməklə yanaşı, həm ticarət, həm də siyasi cəhətdən məqsədəuyğundur.

- Cənab nazir, son sual olaraq Azərbaycanın regional inkişafda iştirakını və onun regionda, eləcə də dünyada sülh və təhlükəsizliyə təsirini necə qiymətləndirirsiniz?

- Sülh və təhlükəsizlik sosial-iqtisadi inkişafla bir-birinə sıx bağlıdır. Bu regional məsələlərinin həllində sülh və tərəqqinin təşviqi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın yaxından iştirakı ilə müvəffəqiyyətlə tamamlanan BTC neft və BTƏ qaz infrastruktur layihələri, eləcə də tikintisi növbəti il başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi şübhəsiz ki, regionda iqtisadi və sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa səbəb olmuşdur.

Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəm və dayanıqlı olması üçün özündən asılı olan addımları atmışdır və görülən işlər regionun inkişafına və dünya birliyinə inteqrasiyasına öz tövhəsini vermişdir. TANAP layihəsinə dair razılaşmanın əldə olunması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Avropa və Asiya arasında əsas tranzit dəhlizinin yaradılması istiqamətində tarixi əhəmiyyətli addımlardır. 2014-cü ildə istismarına veriləcəyi gözlənilən bu layihəyə artıq regionun bir sıra ölkələri (Qazaxıstan, Əfqanıstan, Çin, Özbəkistan və s.) maraq göstərir. Maraqlıdır ki, Soyuq Müharibədən sonra ilk dəfədir ki, beynəlxalq təşkilatın və yaxud üçüncü tərəfin iştirakı olmadan Cənubi Qafqazda transmilli layihə həyata keçirilir. Biz həmçinin, iki əsas internet mübadilə məntəqələri olan Asiya (Hong-Kong) və Avropa (Frankfurt) arasında vacib yeni tranzit marşrutunun yaradılmasına yönəlmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilmə mərhələsinə daxil oluruq. Bu layihənin əsas məqsədləri qoşulma sürətinin artırılması və qiymətlərin aşağı salınması vasitəsilə mərkəzi Avrasiya regionunun İKT sütununa qoşulmasının təkmilləşdirilməsidir. Cari ilin 21 dekabr tarixində BMT-nin Baş Assambleyasında Azərbaycan Respublikası Hökumətinin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması" adlı qətnamə yekdilliklə qəbul edilmişdir.

Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, tərəqqinin təminatçısı kimi narkotiklərin qanunsuz dövriyyəsi, dini ekstremizm və terrorizm ilə fəal mübarizə aparır və sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan sərmayələrinin əsas hədəfləri də elə məhz region ölkələridir və Türkiyə ilə Gürcüstanda həyata keçirdiyimiz nəhəng layihələr bunun bariz göstəricisidir. Ölkəmizin ilbəil artan iqtisadi qüdrəti bizə imkan verəcəkdir ki, regionun inkişafı üçün gələcəkdə bu istiqamətdə fəaliyyətimizi daha intensiv şəkildə quraq.

Bununla yanaşı bildirməliyəm ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi regionun inkişaf potensialının tam şəkildə reallaşdırılması qarşısında əsas maneə kimi qalmaqdadır. Ermənistan tərəfinin apardığı siyasət təbii olaraq bu ölkənin regional layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Hesab edirəm ki, münaqişənin həlli həm regiondaxili inteqrasiya və inkişafa təkan vermiş olacaq, eyni zamanda regionun Avropaya sıx inteqrasiya olunmasına imkan yaradacaqdır.

 

 

Yeni Azərbaycan.-31 dekabr.-2012- S.11-15.