2011-ci il Azərbaycanın vergi sistemi üçün dinamik inkişaf ili olub

 

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov “Trend” informasiya agentliyinə müsahibə verib:

 

- Natiq müəllim, yola saldığımız 2011-ci il ərzində Azərbaycanın vergi xidmətinin fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz?

- Qlobal iqtisadi artımın və maliyyə bazarlarında sabitliyin tədricən bərpası şəraitində 2011-ci il bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olub, milli iqtisadiyyatda sabitlik hökm sürüb və iqtisadi artım prosesləri davam edib. Ümumilikdə, 2011-ci il ölkə iqtisadiyyatında sabit inkişaf ili kimi xarakterizə edilə bilər. İlin sonunda ölkəmiz beynəlxalq reytinq agentlikləri tərəfindən ikinci investisiya səviyyəli reytinq alıb. Bu, ilk növbədə, milli iqtisadiyyatın dayanıqlılığının və maliyyə resursları üçün cəlbediciliyinin göstəricisidir. Xüsusilə qeyd etmək istərdim ki, digər ölkələrlə müqayisədə postböhran dövründə ölkəmiz daha dinamik inkişaf göstəriciləri nümayiş etdirir. Əlbəttə, bunun bir sıra səbəbləri var. İlk növbədə, dünya iqtisadi sisteminin üzvü kimi, Azərbaycanın daxili iqtisadi sistemi beynəlxalq bazarların və xarici maliyyələşmə mənbələrinin pozitiv dinamikasından faydalanmaqdadır və bu, ölkə daxilində iqtisadi artıma əlavə impuls verir. Digər tərəfdən, dövlətin ölkədə iqtisadi aktivliyi dəstəkləməsi də iqtisadiyyatın dinamikasına müsbət təsir edir. 2011-ci il ərzində iqtisadiyyatın daxili investisiyalar hesabına stimullaşdırılması, eyni zamanda, tədricən yaxşılaşan qlobal mühit ÜDM-in artmasına səbəb olub. Bütün bunlar, əlbəttə ki, ölkənin əsas maliyyə mənbəyinin-dövlət büdcəsinin formalaşdırılmasına, o cümlədən, vergi daxilolmalarının tam həcmdə səfərbər olunmasına mühüm təsir göstərir. Bu baxımdan, maliyyə ilinin uğurla başa çatmasını və vergi daxilolmalarının proqnozdan artıq yerinə yetirilməsini xüsusi qeyd etmək istərdim. 2011-ci il vergi xidmətinin fəaliyyətində də nailiyyətlərlə dolu bir il olub. Ötən il vergi sisteminin təşkilati-texniki potensialının gücləndirilməsi, vergi inzibatçılığının bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prosesi fəal şəkildə davam etdirilib, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində müvafiq qanunverici təşəbbüslər hazırlanıb, vergi ödəyicilərinə göstərilən xidmət sahələrinin əhatə dairəsi genişləndirilib. Ötən ilə qiymət verərkən, qısaca demək olar ki, bu dövr vergi xidməti üçün daha dinamik inkişaf xəttinə çıxması, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, texnoloji modernləşmə prosesinin dərinləşməsi ilə xarakterizə olunur.

- 2011-ci il vergi sistemində hansı yeniliklərlə yadda qalıb?

- Azərbaycanın vergi sisteminin modernizasiyası prosesi bütövlükdə dünya vergi sistemində gedən proseslərlə üzvi əlaqədədir. Bu baxımdan, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da 2011-ci il vergi xidməti üçün elektron xidmətlər spektrinin genişləndirilməsi, daha miqyaslı texnoloji proseslərin tətbiqi üçün hüquqi müstəvidə qanunverici dəyişikliklərin hazırlanması ilə yadda qalıb. Ölkə Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş vəzifələr vergi xidmətinin elektron xidmətlər sahəsində həyata keçirdiyi islahatlara daha bir təkan verib. Fərmanın icrası ilə əlaqədar qəbul olunmuş Tədbirlər Planına əsasən, 2011-ci ildə vergi xidməti sahəsində bir sıra mühüm layihələr həyata keçirilib. Bu baxımdan, xüsusilə, 2011-ci ilin iyul ayının 1-dən etibarən hüquqi şəxs yaratmadan vergi ödəyicilərinin elektron dövlət qeydiyyatının tətbiqi layihəsini qeyd etmək istərdim. Elektron qeydiyyatın tətbiqi nəticəsində fərdi sahibkarların vergi orqanlarına gəlmədən cəmi bir neçə dəqiqəyə rəsmi dövlət qeydiyyatına alınmasına başlanılıb. Qeyd edim ki, 2011-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatının elektron formata keçirilməsi üçün qanunverici dəyişikliklər hazırlanıb, prosesin 2012-ci ildən tam fəaliyyətə başlaması üçün müvafiq prosedurlar sona çatdırılıb. Bütün bunlar dövlət qeydiyyatı sistemində aparılan islahatların növbəti mərhələsi kimi gələcəkdə qeydiyyat sisteminin tammiqyaslı elektronlaşdırılması istiqamətində mühüm addımlardır. Bundan başqa, 2011-ci ildə vergi ödəyicilərinə internet üzərindən göstərilən elektron xidmətlərin çeşidi və həcmi genişləndirilib. Vergi ödəyicisinin və onun filial, nümayəndəlik və digər təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin dayandırılması, fiziki şəxslərin fəaliyyətinin bərpası, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması əməliyyatlarının internet üzərindən həyata keçirilməsi təmin edilib. 2011-ci ilin sentyabr ayından vətəndaşların videoqəbulu prosesinə başlanıb. İndi vergi ödəyiciləri onları narahat edən məsələlərlə bağlı ƏVİ və vergi ödəyicilərinə xidmət terminalları vasitəsilə nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa real vaxt rejimində müraciət edə bilərlər. Ümumiyyətlə qeyd edim ki, Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmət sahəsinin inkişafı, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması, elektron xidmətlərin inkişaf etdirilməsi prosesinə böyük əhəmiyyət verir. Bu məqsədlə, Vergilər Nazirliyi tərəfindən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası (2011-2015-ci illər)” qəbul edilib. Bu Konsepsiyanın reallaşdırılması başa çatdıqdan sonra vergi ödəyicilərinə xidmət sferası bütünlüklə yeni bir müstəvidə qurulacaq və elektron hökumətin xidmət sisteminə tam inteqrasiya ediləcək. Biz, eyni zamanda, ölkədə müstəqil vergi məsləhətçiləri institutunun da inkişafında maraqlıyıq. 2011-ci ildə özəl vergi məsləhəti xidmətinin təşkili məqsədilə qanunverici təşəbbüslə çıxış etmişik. Vergilər Nazirliyi “Özəl vergi məsləhəti xidməti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb və hökumətə təqdim edib. Hesab edirik ki, ölkəmizdə tədricən özəl sektorun vergi xidmətləri sahəsində fəaliyyəti aktivləşməlidir. Apardığımız sosioloji təhlillər göstərir ki, vergi ödəyicilərinin bir hissəsi hələ də vergi bəyannamələrinin tərtib edilməsi zamanı kənar şəxslərin köməyindən istifadə edir. Bu, xüsusilə regionlarda çalışan sahibkarlar arasında müşahidə olunur. Məsələn, Şirvanda və Lənkəranda belə xidmətlərlə məşğul olan özəl məsləhətçilər var. Onlar 500-600 fiziki şəxsə xidmət göstərirlər. Lakin belə məsləhətçilərin sertifikatlaşdırılmasına ehtiyac var. Çünki müvafiq biliyə malik olmayan insanların göstərdiyi xidmətlər son nəticədə ödəyicilər üçün maliyyə sanksiyaları ilə nəticələnir. Bu baxımdan, sertifikatlaşdırılmış özəl məsləhətçilər institutu sahibkarlara kömək edə bilər. Qeyd edim ki, bu institut Qərb ölkələrində geniş yayılıb. Ötən il daha bir neçə vacib istiqamətdə hüquqi bazanın yaradılması ilə bağlı işlər aparılıb və hazırda həmin layihələr üzərində işlər başa çatmaqdadır. 2011-ci ildə əldə etdiyimiz uğurlar sırasında Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinin vahid Avropa standartlarına uyğunluğunu təsdiq edən sertifikatı əldə etməsini göstərmək istərdim. Azərbaycan postsovet məkanında vergi sahəsində belə standartlara uyğunluğu təsdiq edilən yeganə sorğu mərkəzinə malik bir ölkədir. Nəhayət, biz 2011-ci ildə vergi sistemində çox böyük bir layihənin icrasına başlamışıq. Bu, Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsidir. Bu layihə yaxın gələcək üçün çox böyük perspektivlərə malikdir və ölkəmizdə vergi auditi sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Biz bu layihəni e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik ölkələrdən biri olan Niderland Krallığının Vergi və Gömrük Administrasiyası ilə birlikdə reallaşdırırıq. Artıq layihənin komponentləri üzrə bir sıra işlər görülüb və proses hazırda fəal işlənmə mərhələsindədir.

- Vergilər Nazirliyi Prezident İlham Əliyevin qarşıya qoyduğu və “2011-ci il dövlət büdcəsi haqqında” Qanunda təsdiq edilmiş vəzifələrin öhdəsindən nə dərəcədə gəlib? Dövlət payı 50 faizi ötən müəssisələr tərəfindən vergilərin ödənilməsi ilə bağlı vəziyyətin təhlilinin nəticələri üzrə hansı problemlər aşkar edilib?

- Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Fərmanı Vergilər Nazirliyi qarşısında bir sıra vacib tapşırıqlar müəyyənləşdirib. Bu tapşırıqlarla vergi orqanları qarşısında, ilk növbədə, büdcə gəlirlərinin artımının təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, vergi nəzarətinin gücləndirilməsi, nağdsız hesablaşmaların stimullaşdırılması kimi vəzifələr müəyyənləşdirilib. Vergilər Nazirliyi Fərmanla müəyyənləşdirilmiş bütün parametrlər üzrə tapşırıqların icrasını təmin edib. Dövlət büdcəsinə köçürmələr üzrə planın yerinə yetirilməsi üçün fiskal və inzibati rıçaqlar gücləndirilib, vergi qanunvericiliyi və inzibatçılığı təkmilləşdirilib, vergi ödəyicilərinə xidmətin səviyyəsi daha da yüksəldilib. Bütövlükdə aparılmış əlavə tədbirlər, dövlət satınalmaları üzərində vergi nəzarətinin gücləndirilməsi, regionların maliyyə imkanlarının artırılması əlavə vergi potensialının aşkar edilərək dövriyyəyə cəlb edilməsinə imkan verib. Şəhər və rayonların (Bakı şəhəri istisna olmaqla) ərazilərində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin hesablanmış müvafiq vergilərinin aidiyyəti şəhər və rayonların yerli gəlirlərinə aid edilməsi ilə əlaqədar, müvafiq təkliflər hazırlanaraq, aidiyyəti üzrə təqdim edilib. Görülmüş işlərin nəticəsi olaraq, 2012-ci ilin dövlət büdcəsində şəhər və rayonların ərazisində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisinin, əmlak və torpaq vergilərinin şəhər və rayonların yerli xəzinə orqanlarına ödənilməsi nəzərdə tutulub. Bu sırada, təbii ki, önəmli məsələlərdən biri də, qeyd etdiyiniz kimi, paylarının 50 faizdən çoxu dövlətə məxsus olan bütün hüquqi şəxslərin vergi hesablamaları və ödəmələri ilə əlaqədar vəziyyətin təhlili idi. Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət strukturları ilə birlikdə bu sahədəki vəziyyətin geniş təhlililə bağlı xüsusi işçi qrup yaradılıb, belə müəssisələrin fəaliyyəti, maliyyə vəziyyəti ilboyu xüsusi nəzarətdə saxlanılıb, müəssisələrin hesablanmış vergilərinin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görülüb. Bu işdə xüsusilə diqqət yönəldilən məsələ vergitutma bazasının təhlili prosesi idi ki, vergi ödəyiciləri ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq, bu hüquqi şəxslərdə vergitutma bazasının daha real mənzərəsi əldə edilib, bununla da vergilərin ödənilməsi üçün əlavə potensial mənbələr ortaya çıxarılıb. 2011-ci ildə tabeçiliyində olan müəssisələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi, hesablanmış cari vergilərin tam həcmdə yerinə yetirilməsi və qalıq borclarının ləğv edilməsi üçün ölkənin müvafiq nazirlikləri, səhmdar cəmiyyətləri ilə geniş müzakirələr aparılıb.

- Siz qeyri-neft sektorundan vergilərin yığılması səviyyəsini necə qiymətləndirirsiniz? 2011-ci ildə hansı sahələrdə əlavə yığım mənbələri yaradılıb?

- Azərbaycan iqtisadiyyatında müşahidə olunan tendensiyalar ölkənin iqtisadi inkişafının əsas mənbəyi kimi qeyri-neft sektorunun çıxış etdiyini göstərir. Hazırda iqtisadi artım tamamən qeyri-neft sektorundan qaynaqlanır. 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artıb və illik artım 10 faizdən çox təşkil edib. Sosial-iqtisadi inkişafın dinamikliyi 2011-ci ildə vergi daxilolmalarında ahəngdarlığa nail olunmasına müsbət təsir göstərib. Bu dövr ərzində Vergilər Nazirliyi tərəfindən büdcəyə 5 milyard 160,0 milyon manat proqnoza qarşı 5 milyard 475,1 milyon manat vəsaitin daxil olması təmin edilib, proqnoza 106,1 faiz əməl olunub. Bu zaman 2010-cu ilə nisbətən 1 milyard 182,3 milyon manat və ya 27,5 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi təmin olunub. İqtisadi risklərin azaldılması məqsədilə həyata keçirilən diversifikasiya siyasəti neft-qaz sektoru ilə yanaşı, qeyri-neft-qaz sektorunun tarazlı və dinamik inkişafını təmin edir. 2011-ci ildə qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat daxil olub ki, bu da proqnoza nisbətən 23,9 milyon manat və ya 0,8 faiz, 2010-cu ilə nisbətən isə 518,4 milyon manat və ya 22,0 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir. Vergi daxilolmaları üzrə ümumi artımda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artım payı 43,8 faiz təşkil edib. Əlavə vergi mənbələrinə gəlincə, 2011-ci ildə regionların vergi daxilolmalarının sabit artımını qeyd etmək istərdim. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrin inkişafında dinamik artım müşahidə olunur. Bu da təbii ki, vergi daxilolmalarının artımında öz əksini tapmaqdadır. 2011-ci ildə ərazi vergilər idarələri tərəfindən dövlət büdcəsinə 425,0 milyon manat daxil olub. Bu, proqnozun 119,6 faiz icrası, eyni zamanda, büdcəyə 2010-cu ilə nisbətən 23,2 faiz çox vəsaitin səfərbər edilməsi deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkənin regionları üzrə vergi daxilolmalarının qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda xüsusi çəkisi 2010-cu ilə nisbətən 0,2 bənd artaraq 14,8 faiz təşkil edib. Bununla yanaşı, ötən ilin əvvəllərindən başlayaraq sahibkarlıq subyektlərinin pasportlaşma tədbirlərinin keçirilməsi, vergi nəzarətinin keyfiyyətinin artırılması, eyni zamanda, vergidən yayınanlara qarşı mübarizənin daha da sərtləşdirilməsi yeni vergi mənbələrinin yaranmasına gətirib çıxarıb.

- Sizin fikrinizcə, qlobal qeyri-sabitlik şəraitində sosial-iqtisadi inkişafın əsas məqsədlərinə nail olmaq üçün hansı vergi siyasəti yürüdülməlidir?

- Ümumiyyətlə, inkişafın hər mərhələsində vergi siyasətinin öz məqsəd və hədəfləri mövcuddur. Bu gün inkişaf etmiş ölkələrdə yeridilən siyasətlə inkişaf etməkdə olan və ya zəif iqtisadiyyata malik ölkələrin yeritdiyi vergi siyasəti tamamilə fərqlənir. Dövlət iqtisadi siyasətdə qarşısına qoyduğu məqsədlərdən asılı olaraq vergi siyasətini müəyyən edir. Dünya maliyyə-iqtisadi böhranı bir çox ölkələrin fiskal modelini əsaslı şəkildə dəyişdirib. Məsələn, maliyyə böhranı ilə üzləşmiş Avropa ölkələri vergi sahəsində sərtləşdirmələr aparır, vergi yükünü artırır, əksər sahələrdə güzəştlərin ləğvinə, dolayı və istehlak vergilərinin artımına gedirlər. Avrostatın hesablamalarına görə, böhranla əlaqədar yaranmış büdcə kəsirlərini azaltmağa çalışan Avropa Birliyinə üzv dövlətlərin yarısı son 3 ildə ƏDV-nin dərəcəsini artırmağı üstün tutublar. Eyni zamanda, yarana biləcək növbəti böhran dalğasından sığortalanmaq üçün hazırda Avropada maliyyə əməliyyatlarına xüsusi verginin tətbiqinə və mümkün böhran dövrü üçün maliyyə ehtiyatlarının yaradılmasına çalışırlar. Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərdə sosial-iqtisadi problemlərin həlli, o cümlədən, iqtisadi inkişafın stimullaşdırılmasında maliyyə-vergi siyasətinin düzgün qurulmasının əhəmiyyəti böyükdür. Son illərin təcrübəsi göstərdi ki, qlobal iqtisadi sabitsizlik istisnasız olaraq bütün iqtisadi sistemlərə, xüsusən də dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirən milli iqtisadiyyatlara neqativ təsir göstərir və bundan tam sığortalanmaq mümkün deyil. Milli maliyyə ehtiyatları iqtisadiyyatı bir müddət böhrandan qorumaq imkanındadır, lakin iqtisadiyyatın sabitliyi, böhranlara qarşı dayanıqlılığı, iqtisadi təhlükəsizliyin təmin edilməsi dövlətin daxili potensialından, real sektorunun inkişaf vəziyyətindən asılıdır. İqtisadi cəhətdən güclü potensial üstündə qurulmuş sistemlərin böhranlara müqavimət qabiliyyəti yüksəkdir. Dövlətin vəzifəsi real sektoru belə dövrlərdə böhranla üz-üzə qalmaqdan qorumaq, onun inkişafını stimullaşdırmaq üçün maliyyə dəstəyi göstərmək və müəyyən güzəştlər sistemindən istifadə etməkdir. Son maliyyə böhranı zamanı ölkə rəhbərliyinin məhz bu mövqeyi sayəsində daxili bazarın aktivliyinin saxlanması məqsədilə daxili investisiyaların həcmi artırılıb, özəl sektorun kreditləşdirilməsi davam etdirilmiş, vergi yükünün azaldılması istiqamətində qanunvericiliyə dəyişikliklər edilib. Ölkəmizdə mənfəət vergisinin dərəcəsi, fiziki şəxslər üçün gəlir vergisinin dərəcəsinin maksimal həddi, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gəlir vergisi əhəmiyyətli dərəcədə aşağı salınıb. Postböhran dövrü Azərbaycanda özünəməxsus milli inkişaf modelinin formalaşdığını göstərdi. Vergi yükünün azaldılması müəyyən həcmdə büdcə gəlirlərinin özəl sektorda qalmasını şərtləndirdi, şirkətlərin daha sabit fəaliyyəti, onların mənfəətinin və gəlirlərinin artması üçün şərait yarandı. Bu gün vergitutma subyektlərindən vergi daxilolmalarının təhlili göstərir ki, dərəcələrin azalması vergitutma bazasının genişlənməsinə, bu da nəticə etibarilə vergi daxilolmalarının səviyyəsinə öz müsbət təsirini göstərib. Fikrimi yekunlaşdıraraq qeyd edim ki, qlobal qeyri-sabitlik şəraitində vergi siyasəti, ilk növbədə, real sektorun dəstəklənməsinə yönəlməli, stimullaşdırıcı, investisiya siyasətini və iqtisadi rəqabət qabiliyyətinin qorunmasında təşviqedici xarakter daşımalı, elastik olmalı, innovasiya sahələrinin inkişafına dəstək verməlidir.

- Natiq müəllim, real sektorun stimullaşdırılması üçün vergi güzəştləri və vergi dərəcələrinin azaldılması vasitəsilə vergi sistemində aparılan islahatlar barədə qeyd etdiniz. Vergilər Nazirliyi bu islahatların təsirinin monitorinqini keçirirmi? Sizin fikrinizcə, bu gün hansı sahələrin vergi güzəştlərinə ehtiyacı var?

- Ölkəmizdə vergi siyasətinin müəyyənləşdirilməsi prosesinə elmi-praktiki yanaşma mövcuddur. Vergilər Nazirliyi iqtisadi prosesləri təhlil edir, vergi siyasətinin iqtisadi inkişafa təsirini qiymətləndirir. Nazirliyin Vergi siyasəti və Strateji araşdırmalar baş İdarəsində makroiqtisadi diaqnostika və real sektorun monitorinqini aparan, vergi potensialının və iqtisadi inkişafın qiymətləndirilməsi ilə məşğul olan müvafiq strukturlar fəaliyyət göstərir. Bu gün iqtisadiyyatın ayrı-ayrı sahələri, o cümlədən, kənd təsərrüfatı istehsalçıları, bank sektoru uzun müddət vergi güzəşti və imtiyazlardan faydalanmaqdadır. İqtisadi inkişafın müəyyən mərhələsində bəzi güzəştlərin verilməsi zərurəti var idi və hesab edirik ki, bu istiqamətdə müəyyən edilmiş hədəflərə nail olunub. Məsələn, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər nəticəsində kənd təsərrüfatında xərclər azalıb, kifayət qədər böyük vəsait aqrar sektorda çalışan məhsul istehsalçılarının sərəncamında qalıb. Eləcə də, qlobal iqtisadi böhran zamanı bank sektorunun maliyyə itkilərini minimallaşdırmaq məqsədilə verilmiş güzəştlər də səmərəli olub, banklar likvidliyini bərpa edib. Lakin iqtisadi inkişafın müəyyən mərhələsindən sonra bu güzəştlər yenidən dəyərləndirilməlidir. Apardığımız təhlillər göstərir ki, bu gün iqtisadiyyata verilmiş güzəşt və imtiyazlar hesabına yığılmamış verginin həcmi yığılan verginin həcminin təxminən 25-30 faizi qədərdir. Fikrimizcə, bu gün iqtisadiyyata verilmiş güzəşt və imtiyazlar bir daha monitorinq olunmalıdır. Yalnız bundan sonra hansı sahələrdə vergi güzəştlərinin qalması, hansının əhəmiyyətinin qaldığı, hansının davam etdirilməsinin zəruri olduğu aydınlaşacaq. Bu gün vergi güzəştləri əldə etmək istəyən fəaliyyət sahələri kifayət qədər çoxdur. Bank, lizinq sektorundan tutmuş kitab istehsalçılarınadək hamı güzəşt istəyir. Fikrimizcə, güzəştlərin ünvanlı olması zəruridir.

- Hazırda ölkədə dövlət strukturları tərəfindən elektron xidmətlərin tətbiqi üzrə aktiv iş aparılır. Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hansı işlər görülür və 2012-ci il üzrə hansı planlar var?

- Ölkə Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanı Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində mühüm bir addım oldu. Vergilər Nazirliyi bu Fərmandan irəli gələn vəzifələrin icrası, eləcə də, perspektiv strateji modernləşdirmə konsepsiyasına əsasən, vergi xidmətinin bütün proseslərinin elektronlaşdırılmasını tam şəkildə həyata keçirmək niyyətindədir. Biz ona nail olmaq istəyirik ki, vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələri bütün mərhələlərdə, qeydiyyatdan tutmuş bəyannamələrin təqdim edilməsi, vergi ödənişlərindən tutmuş vergi nəzarəti prosesinədək tam şəkildə elektron texnologiyalar üzərindən həyata keçirilsin. 2012-ci ildə elektron xidmətlərin spektrini genişləndirmək məqsədilə bir sıra mühüm layihələrin reallaşdırılması nəzərdə tutulub. Artıq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının tətbiqi prosesinə start verilib. Bu, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər hüquqi qüvvəsini aldıqdan sonra mümkün olub. Bundan sonra yerli investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron imzadan istifadə edilməklə də aparıla biləcək. Azərbaycan Respublikasının hər bir vətəndaşı yerli investisiyalı MMC-nin elektron qeydiyyata alınması üçün onlayn qaydada müraciət etmək və real vaxt rejimində qeydiyyata alınmaq imkanı qazanacaq. Məlumat üçün bildirim ki, bu günə qədər artıq iki hüquqi şəxs elektron şəkildə onlayn qaydada qeydiyyatdan keçib. Qeyd edim ki, elektron qeydiyyatın tətbiqi ilə bağlı yeniliklərdən biri də təqdim olunan sənədlərin siyahısının minimuma endirilməsidir. Belə ki, hüquqi ünvanı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər elektron qeydiyyat zamanı təqdim edilməli sənədlərin siyahısından çıxarılıb. Bu il vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin yaradılması layihəsini tamamlamaq niyyətindəyik. Artıq müvafiq proqram servislərinin hazırlanması və test rejimində yoxlanılması işləri başa çatdırılıb. “Elektron audit” sisteminin tətbiqi layihəsinin əsas komponentləri üzrə bu il geniş işlər həyata keçiriləcək. Bu sistemin növbəti ildən tədricən tətbiqinə başlamaq üçün 2012-ci ildə böyük sayda texniki, təşkilati və hüquqi məsələlər həll olunacaq. Vətəndaşların elektron xidmətlərdən daha geniş istifadə edə bilməsini təmin etmək məqsədilə vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyətinin təkmilləşdirilməsinə, göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə, bu terminalların tədricən vergi ödəyicilərinin elektron-xidmət mərkəzlərinə çevrilməsinə nail olmaq niyyətindəyik. 2012-ci ildə respublikanın regionlarında yeni terminallar vergi ödəyicilərinin xidmətinə istifadəyə veriləcək. Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi bu il də fəal şəkildə davam etdiriləcək. Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq vergi xidmətinin elektronlaşdırılması sahəsində çox ciddi hədəflər müəyyən edib və bu hədəflərə çatmaq üçün məqsədyönlü və sistemli tədbirləri ardıcıl şəkildə həyata keçirəcək.

 

 

Yeni Azərbaycan.- 2012.- 1 fevral.- S.6.