2012-ci ilin Azərbaycanda “İdman ili”
elan olunması çox əlamətdar hadisədir
Azərbaycan
Respublikası gənclər və idman nazirinin müavini
İsmayıl İsmayılov www.yap.org.az saytına müsahibə
verib:
-
İsmayıl müəllim, necə hesab edirsiniz, başa
vurduğumuz 2011-ci il ölkəmizdə
idman sahəsi ilə bağlı hansı uğurlarla yadda
qalıb?
- 2011-ci il Azərbaycan dövləti üçün
bütün sahələr üzrə uğurlu il oldu. Bu mənada
2011-ci il idman sahəsində də əlamətdar
il kimi yadda qaldı. Nəzərinizə çatdırım
ki, ötən il ölkəmizdə 40-dan
artıq dünya, Avropa çempionatları, həmçinin,
bu cür böyükmiqyaslı yarışlar keçirildi.
Beynəlxalq səviyyəli yarışların hər
hansı ölkədə baş tutması üçün
ciddi rəqabət aparılır, çünki bir sıra
dövlətlər bu yarışlara ev
sahibliyi etmək istəyirlər. Sevindirici haldır ki,
artıq ali, mötəbər idman tədbirləri
ölkəmizdə keçirilir və bu da Azərbaycanın
idman sahəsindəki uğurlarının, dövlətin bu
sahəyə qayğısının nəticəsidir. Azərbaycanda idmanın inkişafı ilə
bağlı siyasətin əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. Bu gün dövlətimiz,
şəxsən ölkə Prezidenti İlham Əliyev tərəfindən
idman sahəsinə böyük diqqət və qayğı
var. Digər tərəfdən, bu tədbirlərin Azərbaycanda
keçirilməsi üçün ölkəmizdə təşkilati
baxımdan da yüksək şərait, imkan var. Bunu dünya
idman təşkilatları təsdiqləyir və bu səbəbdən
də bu yarışlar reallaşır.
Bu
yaxınlarda Fransada keçirilən dünya
çempionatında oldum və şahidi oldum ki, biz belə
yarışlara daha yüksək səviyyədə ev sahibliyi edirik. Hətta ən
kiçik yarışlar belə dünya standartları səviyyəsində
təşkil olunur. Bizim idman federasiya rəhbərlərimiz,
idmançılarımız da öz səy,
bacarıqlarını səfərbər edərək dövlətimizin
etimadını doğrultmağa çalışırlar.
Bu gün Azərbaycan idmançıları
dünyanın ən öndə gedən idman ölkələrinin
nümayəndələri ilə mübarizələrdən
qalib çıxır. İdman sahəsi o
zaman inkişaf edir ki, orada rəqabət olsun. Digər tərəfdən, məşqçilərimizin
belə tədbirlərdə iştirakı onların təcrübəsini
artırır. Bəzən bizə irad
tuturlar ki, xarici ölkələrdən idmançı və
ya məşqçi dəvət olunur. Amma
mən buna müsbət hal kimi baxıram. Bu
gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə
qoyduğu yatırımlara, dəstəyinə həsəd
aparırlar. Bu isə ölkəmizdə
idmanın kütləviliyinin artmasına, gəncliyin
sağlam gələcəyinin inkişafına kömək edir.
Bütün bunlara görə isə biz dövlətimizə
minnətdar olmalıyıq. Müqayisə
üçün deyim ki, əgər 2009-cu ildə bizim
idmançılarımız iştirak etdiyi beynəlxalq
yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində
550 medal qazanmışdılarsa, 2010-cu ildə bu rəqəm
675 medal olub. 2011-ci ildə isə müxtəlif
yarışlarda 705 medal qazanmışıq. Ölkəmizdə
idmana qayğının, digər tərəfdən, dünya
arenasında Azərbaycanın nüfuzunun artmasında,
tanınmasında çox böyük əhəmiyyəti
var. Bu, müxtəlif ölkələrdə 705 dəfə Azərbaycan
bayrağının zirvələrə qalxması, himninin səslənməsi
deməkdir. Digər tərəfdən, ölkəmizdə
keçirilən yarışlarda xarici ölkələrin
nümayəndələrinin iştirak etməsi Azərbaycan
haqqında təsəvvürlərin formalaşmasında
mühüm rol oynayır. Bu isə ölkəmizin
tanınmasında böyük əhəmiyyət
daşıyır. Məsələn, bir
idmançımızın olimpiya çempionu olması
dövlətimizin adının bütün dünyaya
tanınması deməkdir. Yeniyetmələrin
Sinqapur Olimpiadasında biz böyük nailiyyətlər əldə
etdik və orada iştirak edən idmançılar müstəqillik
dövrünün yeniyetmələri idilər. Bu çox şərəfvericidir. 204 ölkə arasında Azərbaycanın 11-ci yerdə
olması böyük fəxr idi. Müstəqil
Azərbaycanımızın idmandakı uğurları göz
önündədir. Hər il ölkəmizdə
keçirilən yarışlar, nüfuzlu idman
toplantılarının baş tutması müsbət mənada
bir sıra mətləblərdən xəbər verir. 2011-ci ildə ölkəmizdə MDB və
Baltikyanı ölkələrin olimpiya komitələrinin və
məsul işçilərinin böyük bir
toplantısı təşkil olunmuşdu. Həmçinin,
MDB ölkələrinin idman şuralarının
toplantısı da Bakı şəhərində
keçirildi. Yəni, artıq idman sahəsində
beynəlxalq əlaqələrimiz də günü-gündən
inkişaf edir, artır.
- Məlum
olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev
2012-ci ilin ölkəmizdə “İdman ili” elan olunması
haqqında Sərəncam imzalayıb. Bu Sərəncam
Gənclər və İdman Nazirliyinin, eləcə də,
bütövlükdə idman ictimaiyyətinin üzərinə
hansı vəzifələri qoyur?
- 2012-ci
ilin ölkə Prezidenti tərəfindən “İdman ili” elan
olunması çox sevindirici bir haldır. Açığı
bu hadisə bizim üçün gözlənilməz oldu.
Bütün idmançılarımız
üçün bu hadisə çox əlamətdardır.
Bu amil həm də uğurlarımızın
üzərinə yeni uğurun əlavə olunmasına stimul
verir. Xüsusilə, 2012-ci ilin “İdman
ili” elan olunması dövlət başçısının
idmana verdiyi qiymətin, göstərdiyi diqqətin nümunəsidir.
Və bütün idmançılarımız
da çalışmalıdırlar ki, dövlətimizin
etimadını doğrultsunlar. Bundan
başqa, bu hadisə həm də bizim üzərimizə əlavə
bir məsuliyyət qoyur. Bilirsiniz ki,
qarşıdan London Olimpiya Oyunları gəlir. Mən arzu edirəm ki, idmançılarımız
dövlət başçımızın bu etimadını həmin
yarışda yüksək nəticələr, medallarlar
qazanmaqla doğrultsunlar.
Nazirliyimiz tərəfindən 2012-ci ilin “İdman ili”
elan olunması ilə bağlı böyük bir tədbirlər
planı hazırlanır. Həmin planda
idmanın inkişafı ilə bağlı tədbirlərin
sayının artırılması, keyfiyyət
baxımından daha da yüksək nəticələrin əldə
edilməsi nəzərdə tutulur. Artıq
ölkəmizdə fəaliyyət göstərən
bütün idman cəmiyyətlərinə, klublara, idman idarələrinə,
federasiyalara məktublar ünvanlanıb. Həmin məktublarda
hörmətli Prezidentimizin 2012-ci ili
“İdman ili” elan etməsi ilə bağlı rəy və təkliflərini
təqdim etmələri xahiş olunur. Ümumiyyətlə,
tədbirlər planının daha dolğun və yüksək
formada olması üçün rəy və təkliflər
nəzərə alınacaq. Fikrimcə, bu
plan elə olmalıdır ki, ölkə Prezidentinin etimadını
doğrulda bilək.
-
Bildiyimiz kimi, ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq
idman yarışları keçirilməkdədir. Azərbaycanda idmanın inkişafına göstərilən
diqqət, sizcə, beynəlxalq müstəvidə necə dəyərləndirilir?
-
Bilirsiniz ki, Azərbaycan 2016-cı ildə olimpiya
oyunlarını keçirmək üçün namizədliyini
irəli sürmüşdü. Bizim ölkədə
bəziləri buna fərqli münasibət göstərirdilər
və deyirdilər ki, kiçik dövlətik, bu cür
mötəbər yarışı keçirməyə
hazır deyilik və s. Onda da mən demişdim ki, Azərbaycanda
bu yarışın keçirilməsi mümkündür.
Çünki ölkədə xalq rəhbərlə bir olanda
hər şeyə nail olmaq olar, yəni, güc birlikdədir. Bu gün Azərbaycandakı uğurlar, keçirilən
tədbirlərin sayı, təbii ki, Azərbaycanın idman
sahəsində tanınmasına yol açıb. O zaman
7 ölkə namizəd kimi qalmışdı və Beynəlxalq
Olimpiya Federasiyasının rəhbərliyi də başda
olmaqla hamı Azərbaycanı digər ölkələrə
rəqib kimi görürdü, qəbul edirdi. Bilirsiniz
ki, Azərbaycan 2020-ci ildə olimpiya oyunlarının
keçirilməsinə namizədliyini irəli sürüb.
Bu da onu göstərir ki, Azərbaycan artıq
dünyada idman ölkəsi kimi tanınır. İnşaallah inanıram ki, buna da nail
olacağıq.
- İsmayıl müəllim, qarşıdakı
dövrlərdə Azərbaycanda idman infrastrukturunun
yaradılması ilə əlaqədar nə kimi işlərin
görülməsi nəzərdə tutulur?
- Qeyd
etdiyim kimi, bu gün böyük inkişaf yolunda olan Azərbaycan
idmanının inkişafının əsası Ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə
indiyə qədər 33 olimpiya kompleksi istifadəyə verilib.
Bütövlükdə, regionlarda idman
infrastrukturlarının sayı da artır. Sonuncu dəfə Sumqayıtda Olimpiya İdman
Kompleksinin açılışı oldu və ölkə
Prezidenti bu obyektin açılışında iştirak etdi.
Bu fakt onu göstərir ki, bölgələrimizdə
idmançıların inkişafı ilə bağlı
şərait yaradılır. Bundan
başqa, biz bölgələrdə mötəbər
yarışların keçirilməsini təşkil edirik.
Dövlətimiz tərəfindən idman sahəsinin
maddi-texniki bazası möhkəmləndirilib. Hazırda yeniyetmələr idmanın müxtəlif
sahələri üzrə olimpiya komplekslərində məşq
edirlər.
Əsas hədəfimiz odur ki, bütün bölgələrdə
idman olimpiya kompleksləri olsun. Fəaliyyət
göstərən idman kompleksləri bütün idman sahələrini,
olimpiya idman növlərini özündə birləşdirir.
Bundan başqa, orada digər insanların da
öz sağlamlıqları ilə məşğul
olmaları üçün şəraitlər var. Bir sıra
zallar fəaliyyət göstərir ki, min nəfər
tamaşaçı tutur və orada beynəlxalq
yarışlar keçirmək olar. Yəni,
olimpiya komplekslərində ən yüksək təchizat
mövcuddur. Eləcə də, regionlarda
ümumtəhsil məktəblərində idman
zallarının inşa etdirilməsi nəzərdə tutulur.
Bu işə artıq başlanılıb.
Şagirdlərin orada həm idman dərslərini
keçməsi üçün, həm də idman növləri
ilə məşğul olması üçün lazımi
addımlar atılır.
Eyni
zamanda, Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyası fəaliyyət göstərir ki, hər
il bu ali təhsil ocağını 750-dən
artıq məşqçi-müəllim bitirir. Bundan əlavə, yerlərdə gənclərin
idmanla bağlı asudə vaxtlarını keçirmələri
üçün şərait yaradılıb. Bu isə onların zərərli vərdişlərdən
uzaqlaşmasına, sağlamlıqları ilə bağlı
fəaliyyət göstərmələrinə şərait
yaradır. Digər tərəfdən, bu
profilaktik bir tədbirdir. Bizim hədəfimiz odur ki,
regionlarda idman olimpiya komplekslərinin inşası davam
etdirilsin və bu iş gedir. Bir sözlə, bu
gün ölkəmizdə idman infrastrukturunun yaradılması
və inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə
nüfuzlu idman ölkəsi kimi tanınması
üçün bütün mümkün işlər
görülür.
Yeni Azərbaycan.- 2012.- 1
fevral.- S.7.