İllər
keçdikcə cənnətə dönən Cəlilabad
Regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramlarının uğurla
icra edilməsi nəticəsində bu rayon özünün
yeni inkişaf mərhələsinə
qədəm qoyub
Bu rayonun adı hələ uşaqlıqdan hər birimizə yaxşı bəlli idi. Çünki görkəmli sənətkarımız Teymur Mustafayevin ifasında səslənən və bir zamanlar dillər əzbəri olan “Cəlilabad” mahnısını hərdən züm-zümə etməyi xoşlayardıq. Orta məktəbdə oxuyarkən isə üzümçülüyü ilə SSRİ-də ad qazanmış Cəlilabadın, eyni zamanda, Azərbaycanın, o cümlədən, keçmiş ittifaqın İranla sərhəddində yerləşdiyini öyrənmişdik. Bu gün isə Cəlilabad öz inkişafı ilə fərqlənir. Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra respublikanın digər regionları kimi, Cəlilabadda da inkişafın və tərəqqinin əsası qoyulub. Ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyətdə davam etdirilən quruculuq-abadlıq siyasəti nəticəsində isə Cəlilabad da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu günlərdə Cəlilabadda olarkən biz də həmin inkişafın nəticələrini öz gözlərimizlə gördük. Bu inkişafa görə, ölkə Prezidenti İlham Əliyev cənablarına xüsusi minnətdarlıq edən yerli sakinlər dövlət başçısının son 4 ildə 3 dəfə rayona səfər etməsini də Cəlilabada olan diqqətin nümunəsi kimi dərəyləndirirlər.
Rayon sakinlərinin sözlərinə
görə, ölkə başçısı hər səfəri
zamanı bu rayonda
görülən işlərdən məmnunluğunu bildirib. Bu da
təsadüfi deyil. Çünki
Prezidentin hər səfəri ilə rayonda neçə-neçə mədəniyyət,
iaşə obyektləri, vətəndaşlara xidmət
göstərəcək müəssisələr əhalinin
xidmətinə verilir. Yerli
sakinlər onu da
vurğulayırlar ki, Cəlilabadda quruculuq və abadlıq işləri
2006-cı ilin avqustundan
sonra xüsusilə geniş
vüsət alıb. Bunu ötən
müddət ərzində həyata keçirilən işlər
də təsdiqləyir. Bu barədə bir qədər sonra. Hələlik
isə rayonun tarixinə qısa nəzər
salaq.
Görkəmli dramaturqun adını daşıyan rayon
Cəlilabad rayonu Azərbaycanın
qədim yaşayış məskənlərindəndir. Belə
ki, hazırda rayon ərazisində
50 tarixi-arxeoloji abidə mövcuddur.
Tarixi mənbələrə
əsasən, indiki Cəlilabad şəhərinin
yerində müxtəlif vaxtlarda ciddi dağıntılara məruz qalmasına baxmayaraq XVIII əsrin birinci
yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər
sonuncu dəfə 1741-1742- ci
illərdə Nadir şahın hücumu nəticəsində tamamilə
dağıdılıb. XIX əsrin birinci
yarısında rusların məskunlaşması nəticəsində
həmin ərazidə Astraxanka adlı
yaşayış məskəni salınıb. XX əsrin əvvəllərində
xeyriyyəçi kimi tanınan Məşədi
Məhəmmədin şəxsi vəsaiti ilə ruslardan alınmış Astraxanka
ilə Hasıllı kəndi arasındakı boş
ərazidə indiki Cəlilabad şəhərinin
bünövrəsi qoyulub və Astarxanbazar adlandırılıb. Cəlilabad rayonu isə 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar,
2 iyun 1967-ci ildən görkəmli
yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin
şərəfinə Cəlilabad adlandırılıb. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılıb, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq
müstəqil rayona çevrilib.
Respublikanın cənub bölgəsində Lənkəran
ovalığının şimalı və Muğan
düzünün cənubunda yerləşən
rayon şimaldan Biləsuvar,
şərqdən Neftçala, cənub
şərqdən Masallı, cənubdan Yardımlı
rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.
Ərazisi 1441,4 kvadrat kilometr,
əhalisi 197,571 min nəfərdir. Rayonda 30 inzibati ərazi
dairəsində və 35 bələdiyyədə birləşmiş
2 şəhər, 117 kənd var. Mərkəzi
Cəlilabad şəhəridir.
Abadlıq-quruculuq
işləri geniş vüsət alıb
Cəlilabadlılar hazırda rayonda geniş vüsət almış abadlıq-quruculuq işlərindən xüsusi razılıq edirlər. Onların sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq-abadlıq işlərinin müsbət nəticələrindən daha çox bəhrələnən rayonlardan biri də məhz Cəlilabaddır. Bunu 2004-2011- ci illərdə rayon ərazisində tikilən müxtəlif təyinatlı obyektlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, həmçinin, salınan park və istirahət mərkəzləri də təsdiqləyir. Məlumat üçün bildirək ki, bəhs edilən dövr ərzində Cəlilabad şəhərində əlil və şəhid ailələri üçün 2 ədəd 16 mənzilli və 1 ədəd 32 mənzilli yeni yaşayış binası, “Texnika bank”ın, “Xalq bank”ın, “Kred-Aqro bank”ın, “Respublika bankı”nın, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, rayon Maliyyə İdarəsinin inzibati binaları, rayon yanğından mühafizə DEPO-su, 6 saylı Ərazi Vergilər İdarəsinin terminal mərkəzi, Daşınmaz Əmlakın Reyestr Xidmətinin inzibati binası, Şahmat məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev adına yaradıcılıq mərkəzi, Heydər Əliyev müzeyi, Dövlət bayrağı meydanı, Əhalinin Sosial Müdafiə Mərkəzinin Cəlilabad rayon şöbəsi, Müalicə və diaqnostika mərkəzi, “Tut bağı” istirahət mərkəzi, Cəlilabad şəhərində 100 tonluq dəyirman, 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksi, meşə massivində istirahət zonası, Ocaqlı kəndində şərab zavodu, Uzuntəpə kəndində 20 min tonluq Loqistik gübrə anbarı, Uzuntəpə kəndində baytarlıq məntəqəsi, Uzuntəpə kəndində Gənclər evi, Alar kəndində 2 min tonluq soyuducu kamera və Muğan kəndi ərazisində 2 min tonluq soyuducu kamera tikilərək istifadəyə verilib. Həmçinin, 5 hektar ərazini əhatə edən Heydər Əliyev seyrəngahı, 3 hektar ərazini əhatə edən Heydər Əliyev adına park salınaraq orada Ümummilli liderin tuncdan büstü ucaldılıb, avtovağzal yenidən əsaslı surətdə bərpa edilərək müasir arxitektura ilə işlənib. Şəhərdə Çörək evi, nişasta, xalçaçılıq, toxuculuq sexləri və konserv zavodu istifadəyə verilib. Bundan başqa, ötən müddət ərzində, Cəlilabad şəhərində quşçuluq fabrikində yenidənqurma işləri aparılıb, rayon istismar qaz idarəsi tikilərək istifadəyə verilib. Hazırda Cəlilabad şəhərində bir sıra obyektlərin tikintisi davam etdirilir.
Onu da deyək ki,
ümumiyyətlə, son illər sənaye
və ərzaq məhsulları istehsalı ilə məşğul
olan müəssisələrin fəaliyyəti
genişlənib, rayonda “Ruslan”
mebel fabriki, tikinti materialları hazırlayan sexlər və
kərpic zavodu, beton-dirəklər sexi, 2 asfaltzavod, həmçinin,
digər müəssisələr istifadəyə verilib ki, bu
da işsizlik probleminin həllində müstəsna rol oynayır.
Aqrar sahə rayonun inkişafında mühüm
yer tutur
Cəlilabad rayonunun iqtisadiyyatında aqrar sahə-xüsusilə
də taxılçılıq,
kartofçuluq, üzümçülük
və heyvandarlıq mühüm yer tutur. Kənd təsərrüfatına yararlı torpaqlar 97 min 359
hektardır. Bunun
65564 hektarı əkin,
983 hektarı çoxillik
əkmələr, 2733 hektarı
biçənək, 9925 hektarı
örüş sahələridir.
574 hektarı dincə qoyulub, 9165 hektarı isə suvarılan torpaqlarıdır.
Suvarılan sahələrin
75 faizində dənli
bitkilər, 5 faizində
texniki bitkilər, 6 faizində bostan bitkiləri və kartof, 14 faizində yem bitkiləri əkilir. 1 dekabr 2011- ci il tarixə
olan məlumata əsasən rayonda 114210
ton dənli paxlalılar,
90623 min ton kartof, 1795 ton tərəvəz,
369 ton bostan məhsulu,
216 ton qarğıdalı, 176 ton günəbaxan, 1379 ton meyvə,
5 min ton şəkər çuğunduru,
6862 ton üzüm, 10997 ton ət, 52409 ton süd,
17619,1 min ədəd yumurta,
318 ton yun istehsal edilib. Son illər Fransa, Gürcüstan və Moldovadan gətirilmiş tinglər
hesabına üzümlüklərin
sahəsi genişləndirilərək
1177 hektara çatdırılıb,
2011-ci ildə 6862 ton üzüm
istehsal olunub.
Rayonda heyvandarlıq
da inkişaf etdirilib, mal-qaranın cins tərkibi xaricdən gətirilmiş
damazlıq heyvanlar hesabına yaxşılaşdırılıb. İribuynuzlu
mal-qaranın sayı
98500, davarların sayı
122 min, ev quşlarının sayı
600 min başa çatdırılıb.
Quşçuluqla məşğul
olan ayrı-ayrı fiziki şəxslərə
məxsus 4 sex və illik istehsal gücü 300 min ton olan broyler fabriki fəaliyyət göstərir.
Cəlilabadda da təhsilin inkişafı diqqət mərkəzindədir
Rayonda olanda onu da
öyrəndik ki, Cəlilabadda 126 ümumtəhsil
məktəbi, 5 məktəbdənkənar,
18 məktəbəqədər tərbiyyə müəssisəsi
var. Ümumtəhsil məktəblərindən
74-ü tam orta, 39-u ümumi
orta,13-ü ibtidai məktəblərdir.
Bundan başqa, rayonda Azərbaycan Müəllimlər
İnstitutunun filialı,
Astara Pedaqoji Texnikumunun şöbəsi,
texniki peşə məktəbi və peşə liseyi fəaliyyət göstərir.
Rayonda təhsilin
inkişafına təkan
verən amillərdən
biri də yeni, müasir standartlara cavab verən məktəblərin
tikilməsidir. Belə ki, 2003-2011-ci illər ərzində rayonda 4812 şagird yerlik 14, o cümlədən, Heydər
Əliyev Fondunun vəsaiti hesabına 1780 şagird yerlik 5 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bundan əlavə, 7 orta məktəbdə 680 şagirdlik 34 əlavə
sinif otağı inşa edilib, 10-a qədər məktəb əsaslı təmir olunub. Qısa müddət ərzində
görülən bu işlər əvvəlki
30 ildə icra olunanlardan qat-qat çoxdur. Bu faktın özü Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Cəlilabad rayonunda təhsilə göstərdikləri
qayğını əyani
şəkildə sübut
edir.
Rayonda təhsilin
inkişafını göstərən
amillərdən biri də şagirdlərin ayrı-ayrı fənlər
üzrə respublika olimpiadalarında, rəsm və inşa müsabiqələrində, idman
yarışlarında yüksək
göstəricilərə nail olmasıdır. “Ən
yaxşı ümumtəhsil
məktəbi” və
“Ən yaxşı müəllim” müsabiqələrinin
keçirilməsi isə
ümumtəhsil sistemində
ciddi inkişafa yönələn rəqabətə
səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 iyun 2011-ci il
tarixli Sərəncamına
əsasən, Cəlilabad
şəhər 1 saylı
və 8 saylı məktəb-liseyləri 2011-ci ildə
“İlin məktəbi”
elan edilib.
Rayonda həmçinin, 1 şahmat
məktəbi, 3 uşaq
gənclər idman məktəbi, 3 min yerlik stadion, 7 kompleks idman qurğusu, 112 sadə idman qurğusu, 26 idman zalı, 2 atıcılıq
tiri fəaliyyət göstərir.
Səhiyyə, mədəniyyət və turizm obyektləri müasir tələblərə cavab
verir
Rayon əhalisinə 5 şəhər,
3 kənd sahə xəstəxanası, 28 həkim
tibb, 40 tibb məntəqəsi, diaqnostika
mərkəzi, özəl
“Nuranə” tibb müəssisəsi, Gigiyena
və Epidemiologiya Mərkəzi və dezinfeksiya idarəsi tibbi xidmət göstərir. Həmin müəssisələrdə
208 həkim, 659 tibb işçisi çalışır.
Cəlilabadda şəhər
mədəniyyət sarayı,
18 kənd mədəniyyət
evi, 24 klub müəssisəsi, 94 kitabxana,
2 muzey və 1 şəkil qalereyası, Heydər Əliyev adına yaradıcılıq
mərkəzi, Heydər
Əliyev adına
park, akademik Zərifə
Əliyeva adına
park, şəhər mərkəzi
istirahət parkı əhaliyə mədəni
xidmət göstərir.
1 uşaq musiqi
və 1 uşaq incəsənət məktəbi
var.
Rayonda turizmin inkişafı üçün
də əlverişli
şərait yaradılıb. Belə
ki, Heydər Əliyev seyrəngahı,
“Tut bağı”, “Kral”,
“Ruslan”, “Göl Otel”, “Kəhriz bulaq” kimi istirahət
mərkəzləri istifadəyə
verilib. Bu isə
öz növbəsində
rayonun daha da inkişaf etməsinə, həmçinin,
xarici turistlər üçün də cəlbedici məkana çevrilməsinə təkan
verir.
Bir sözlə,
məşhur “Cəlilabad”
mahnısında da deyildiyi kimi, illər keçdikcə qoynu cənnətə dönən Cəlilabad regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
uğurla icra edilməsi nəticəsində
özünün yeni inkişaf mərhələsinə
qədəm qoyub.
Cəlilabadlı gənclər Yeni
Azərbaycan Partiyasını
seçir
Hazırda rayonda “Yeni-gün”,
“Münasibət”, “Regionsəs”
qəzetləri və
“Sözün İşığı”
jurnalı dərc olunur. Eyni zamanda, 17 siyasi
partiyanın rayon təşkilatı,
25 QHT fəaliyyət göstərir.
Heç
şübhəsiz ki,
Yeni Azərbaycan Partiyasının (YAP) Cəlilabad
rayon təşkilatının fəaliyyəti xüsusilə
fərqlənir. Eyni zamanda,
Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən Cəlilabad sakinləri bütün siyasi proseslərdə fəal şəkildə iştirak
edir və xalqımızın, dövlətimizin
gələcəyinin müəyyənləşməsində
aktiv rol oynayırlar. Bunu qəzetimizə
açıqlamasında rayon təşkilatının sədri
Mirsüleyman Mirxaslı
da təsdiqlədi.
Onun sözlərinə
görə, indiyə
qədər keçirilən
bütün seçkilərdə
Ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdirən Cəlilabad seçiciləri
bunu 2010-cu il parlament seçkilərində
bir daha təsdiqləyiblər.
Qeyd edək ki, 1993-cü il fevralın 26-da yaradılan YAP Cəlilabad
rayon təşkilatı hazırda
özündə 89 ərazi
ilk partiya təşkilatını
və 5600 üzvü
birləşdirir. Üzvlərdən 1479-u qadın, 1568-i isə gənclərdir. Partiya üzvləri
cəmiyyətdə baş
verən proseslərin
önündə gedir,
şəhərin ictimai-siyasi,
mədəni, iqtisadi həyatında öz fəallıqları ilə
daima seçilirlər.
2011-ci il ərzində
566 nəfər partiya
üzvlüyünə qəbul
edilib ki, onlardan da 300 nəfəri qadın, 271 nəfəri isə gəncdir.
M.Mirxaslı onu da bildirib
ki, ölkənin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərin seçimi
məhz Yeni Azərbaycan Partiyasıdır. Bunu rayon təşkilatına
üzv olanlar arasında gənclərin
üstünlük təşkil
etməsi də təsdiqləyir. Bu da təbiidir. Çünki, hazırda Azərbaycan
Prezidenti, YAP Sədri İlham Əliyev cənabları tərəfindən
gənclərə xüsusi
diqqət və qayğı göstərilir.
O cümlədən, YAP gənclərin
öz bacarıqlarını
nümayiş etdirmələri
üçün onlara
hərtərəfli şərait
yaradan yeganə partiyadır. Təbii ki, YAP Cəlilabad
rayon təşkilatı da
öz fəaliyyətini
məhz bu istiqamətdə qurub.
Nadir AZƏRİ
Yeni
Azərbaycan.- 2012.- 2 fevral.- S. 5.