2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb

 

Ekspertlər ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirirlər

 

Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.

Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2011-ci ili bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın sürətlə inkişaf edən dövlətinə çevirib. Dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, ölkəmizin sosial-iqtisadi inkişafı yolunda uğurlu addımlar atılıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın davam etməsi və iqtisadi artım templərinin azalması, həmçinin, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2011-ci il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi yadda qalıb. Ötən il ölkəmizdə həm də “Turizm ili” kimi uğurlu olub.

Məlum olduğu kimi, zəngin mədəni-tarixi irsi və əlverişli təbii şəraiti ilə fərqlənən Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Respublikamızda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkənin yeraltı və yerüstü sərvətləri, həmçinin, əlverişli iqlimi Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Digər tərəfdən, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq və qeyri-neft sahələrinin davamlı iqtisadi inkişafına nail olmaq dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb.

“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkəmizdə turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Həmçinin, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması, bu sahənin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü tədbirlər görülür. Təbii ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu istiqamətdə xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişaf tempini və bir neçə böyük infrastruktur layihələrin tamamlanmasını nəzərə alaraq 2011-ci ili “Turizm ili” elan edib.

Ötən il iyulun 20-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Sərəncam imzalanıb. Tədbirlər Planına müvafiq olaraq, ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, xarici turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişafı, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, turizm informasiya şəbəkəsinin genişləndirilməsi sahəsində məqsədyönlü işlər aparılıb. Eyni zamanda, turist axını çox olan rayonlarda “Bu Vətən bizimdir” adlı turist düşərgələri, həmçinin, respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində “Turizm ili”nə dair təbliğat işləri təşkil edilib.

“Turizm ili” çərçivəsində Azərbaycana səfər edənlərin sayının artırılması üçün viza sisteminin sadələşdirilməsi, hava, dəniz və quru yolu ilə beynəlxalq, o cümlədən, yerli daşımalarda turist qruplarına xüsusi tariflərin tətbiqi nəzərdə tutulub. Tədbirlər Planında turizm sahəsində fəaliyyət göstərən sahibkarlara da mühüm yer verilib. Turizm sektorunun inkişaf etdirilməsi üçün sözügedən sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması, turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılması və investisiyaların cəlb olunması prioritet məsələlərdəndir. Beləliklə də, bu sahənin inkişafı ümumi daxili məhsulda turizmin payını artırmaqla, həm də, investisiya axınının güclənməsini şərtləndirib. Belə ki, dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına ümumilikdə 5,9 milyard, o cümlədən, sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub.

Ölkəmizdə turizmin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ötən il bu sahədə görülən işləri uğurlu hesab edib: “2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. “Turizm ili” ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir. Bizim gözəl təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır. Keçən il təkcə Bakıda beşulduzlu 3 mehmanxana açılmışdır. Bu il ən azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaqdır. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram”.

Qeyd edək ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühiti, eləcə də, Azərbaycana yüksək maraqdan irəli gəlir. Əlbəttə, turizmin inkişafı ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edib. Bu baxımdan, respublikanın şimal-qərb bölgəsində bir sıra mühüm strateji obyektlər, beynəlxalq tələblərə cavab verən hotellər istifadəyə verilib. Həmçinin, Oğuz şəhərində yeni yaradılan mədəniyyət və istirahət parkı, daha öncə açılan hotel həm daxili, həm xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Qax rayonunda yeni tikilmiş “El Resort” hotel kompleksi, Şəkidə “Green Hill İnn” mehmanxanası, Qəbələdəki “Qafqaz Sport Hotel”in açılışı ölkənin şimal-qərb bölgəsində turizm potensialının inkişaf etdirilməsi üçün dövlətin həyata keçirdiyi islahatların uğurlu nəticəsidir. “Green Hill İnn” mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir.

Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilər və yol nişanlarının quraşdırılması istiqamətində də işlər görülür. Əlbəttə ki, bu tədbirlərin reallaşdırılması ölkəmizə gələn turistlərin sayının artmasına və Azərbaycanın turizm üçün çox cəlbedici ölkəyə çevrilməsinə əhəmiyyətli dərəcədə təsir edəcək. Müqayisə üçün bildirək ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı xeyli artıb.

Eləcə də, tarixi-memarlıq, arxeoloji abidələr və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi prosesi həyata keçirilib. Qax şəhərindəki XVI əsrdən mövcud olan “İçəribazar” qala kompleksində aparılan tikinti və yenidənqurma, Şəkidə yerləşən XIX əsrə aid “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra hər iki tarixi kompleks görkəmini tamamilə dəyişərək turistlərin ziyarəti üçün ölkəmizin ən gözəl istirahət məkanlarından birinə çevrilib.

Qeyd etdiyimiz kimi, son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bu baxımdan, ötən il Bakıdan Oğuza çəkilən və Balakənə qədər davam edəcək yolun (böyük hissəsi artıq hazırdır), “Qax-Avto” MMC-nin avtovağzal kompleksinin, Qəbələ Beynəlxalq Aeroportunun açılışı mühüm və turizmin inkişafına rəvac verən strateji hadisədir.

Məlumdur ki, turizm sahəsindəki ən böyük layihələr sırasında “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılmasıdır. Sözügedən müşavirədə dövlət başçısı 2012-ci ildə Kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrastruktur kimi tamamlanacağını bildirib: “Şahdağ” Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili “Turizm ili” elan etməyimiz də, hesab edirəm ki, düzgün addım idi”.

Yeri gəlmişkən, məsələyə münasibət bildirən ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən, 2011-ci ildə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirləri və onların nəticələrini yüksək qiymətləndiriblər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qloballaşan dünyada dövlətlərin gücü və qüdrəti, iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də turizm infrastrukturunun səviyyəsi ilə ölçülür: “Turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib”.

Millət vəkilinin sözlərinə görə, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbulu, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir: “Turizmin inkişafı Ulu öndərimizin əsasını qoyduğu strateji kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov da öz növbəsində ölkəmizdə son illərdə ümumilikdə qeyri-neft sektorunun yüksək inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu mənada turizm sahəsi xüsusi əhəmiyyətə malikdir. Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoyub: “Möhtərəm Prezidentimiz tərəfindən 2011-i ilin “Turizm ili” elan olunması bu sahənin daha yüksək sürətlə inkişafını təmin edib. Məsələn, Qusar rayonunda salınan “Şahdağ” Qış-Yay Turizm Kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Əminəm ki, “Şahdağ” Turizm Kompleksi dünya səviyyəli mərkəzə çevriləcək. Ötən ilin fevralında mərkəzdə olan möhtərəm Prezidentimiz bildirdi ki, ilk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Bu, doğrudan da böyük və tarixi hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, bu infrastrukturların böyük əksəriyyətinin regionlarda yerləşməsi paralel şəkildə regionların yüksək inkişafını təmin edir. Yəni, ölkəmizin turizm sahəsində əldə etdiyi uğurlar digər müstəvilərdə qazanılan nailiyyətlərin tərkib hissəsi sayılmalıdır”.

Millət vəkili deyib ki, dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı, o cümlədən, turizmə yatırılan investisiyalar turizmin gələcək illərdə daha yüksək səviyyədə inkişaf edəcəyindən xəbər verir: “Ötən il ölkəmizdə çoxsaylı mehmanxanalar, istirahət mərkəzləri istifadəyə verilib. Bu il ölkəmizdə keçiriləcək “Eurovision” mahnı yarışması Azərbaycanın turizm imkanlarının xarici ölkələrin vətəndaşlarına nümayiş etdirilməsi üçün ən gözəl vasitədir. Mənim fikrimcə, Azərbaycan təbiətinin rəngarəngliyi, gözəl təbii şərait xarici vətəndaşların bütün mövsümlərdə Azərbaycanda istirahətinə yol açacaq. Bu isə turizmin ölkəmizin inkişafındakı payının artmasına xidmət göstərəcək. Möhtərəm Prezidentimiz 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bir daha vurğuladı ki, biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Həqiqətən də bu gün Azərbaycan gözəl istirahət məkanları ilə şöhrət qazanıb. İkinci bir tərəfdən, paytaxtımızda ard-arda yüksək səviyyəli turizm infrastrukturları istifadəyə verildi. Bütün bunlar kompleks şəkildə Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, gələcək illərdə turizm sahəsinin Azərbaycanın qeyri-neft sektorundakı gəlir payı daha da artacaq. Çünki bunu əldə etmək üçün real imkanlar mövcuddur”.

Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Əli Məsimli isə bildirib ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün potensial imkanlar var: “Bütün sahələrdə olduğu kimi, bu gün Azərbaycanda turizm sahəsi də sürətlə inkişaf etdirə bilər. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev sözügedən sahəyə xüsusi yer ayırıb”.

Millət vəkilinin sözlərinə görə, turizm sahəsində bir müəssisə və ya obyektin açılması ən azı 3-4 iş yerinin açılmasına gətirib çıxarır ki, bu da xüsusilə regionlarda işsizliyin aradan qaldırılması, həm də yüksək maaşlı iş yerlərinin açılması baxımından çox mühüm əhəmiyyət kəsb edir: “Digər tərəfdən, Azərbaycanda turizmin daxili və xarici turistlər, eləcə də, müxtəlif sosial təbəqələr üçün əksər növlərini inkişaf etdirmək mümkündür. Elitar və kütləvi turizmin inkişafı üçün Azərbaycanda şərait var”.

Turizmin inkişafının həm də Azərbaycanın tarixinin tanıdılması baxımdan önəmli olduğunu vurğulayan millət vəkili “Azərbaycan xalqının başına gətirilən genosid hadisələrinin tanıdılması üçün, məsələn, Qubadakı kütləvi məzarlığın göstərilməsi kifayətdir” - deyib.

Respublikamızın şimal bölgələrinin turizm potensialının yüksək olduğunu qeyd edən Ə.Məsimli bildirib ki, burada dünyada analoqu olmayan obyekt tikilir: “Həmin kompleksin ərsəyə gətirilməsi Azərbaycanın dünyada tanınmasına müsbət təsir göstərəcək. Digər tərəfdən, biz, sadəcə ölkəmizdə kənd turizminin genişləndirməklə, buradakı potensialdan istifadə edə və bu potensialı həmin ərazilərin inkişafı baxımından dəyərləndirə bilərik. Hesab edirəm ki, Azərbaycanın Şəki-Zaqatala, Quba-Qusar, Lənkəran və digər zonalarda da bu cür imkanlar mövcuddur”.

 

 

Sevinc

 

Yeni Azərbaycan.- 2012.- 3 fevral.- S. 2.