Milli Fəaliyyət Proqramında dövrün tələblərinə uyğun yeni vəzifələr
müəyyənləşdirilib
Aydın Səfixanlı: Bu sənədin
başqa bir üstünlüyü insan hüquq və
azadlıqlarının daha səmərəli təmin edilməsi
məqsədi ilə müntəzəm qaydada yeniləşdirilə
bilməsindədir
Bu
bir həqiqətdir ki, ölkəmizdə həyata
keçirilən islahatlar bütün sahələrdə
müsbət nəticələrin əldə olunmasına
şərait yaradıb. Məhz bunun nəticəsidir ki,
ötən illər ərzində, xüsusilə də, son
onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi
artıma nail olunub, yoxsulluğun azaldılması və əhalinin
sosial rifahının yüksəldilməsi istiqamətində
ciddi uğurlar qazanılıb. Hazırda Azərbaycan yeni
inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin
əsas hədəfi isə çoxşaxəli, səmərəli
və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır.
Odur
ki, ölkəmizin perspektiv inkişaf hədəf və istiqamətlərinin
müəyyən edilməsi məqsədi ilə bir sıra
addımlar atılıb. Daha doğrusu, Prezident İlham Əliyevin
2011-ci il 29 noyabr tarixli Sərəncamı ilə müvafiq
dövlət orqanlarına ölkəmizin gələcək
inkişafının əsaslarını müəyyənləşdirəcək
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının hazırlanması
tapşırılıb. Bununla əlaqədar istiqamətlər
də müəyyənləşdirilib. Müəyyən
olunan əsas istiqamətlərdən biri də siyasi sahədə
demokratiya institutlarının daha da inkişaf etdirilməsi,
dövlətin funksiyalarının yerinə yetirilməsi və
vətəndaş cəmiyyəti təsisatlarının
rolunun gücləndirilməsi, həmçinin, qanunun aliliyini
tam təmin edən mexanizmlərin təkmilləşdirilməsidir.
Yuxarıdakı
istiqaməti özündə əks etdirən və ölkəmizin
2020-ci ilədək olan növbəti mərhələdəki
inkişaf strategiyasına uyğun hazırlanan növbəti sənəd
Milli Fəaliyyət Proqramıdır. Azərbaycan Prezidenti
Administrasiyasının Hüquq mühafizə orqanları ilə
iş şöbəsinin İnsan hüquqlarının
müdafiəsi məsələləri sektorunun müdiri
Çingiz Əsgərov mətbuata açıqlamasında
bildirib ki, Milli Fəaliyyət Proqramına, məhz “Azərbaycan-2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasının
hazırlanması çərçivəsində irəli
sürülən vəzifələrin kontekstində baxmaq
lazımdır: “Bu, bir daha sübut edir ki, insan
hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin
siyasətinin prioritetidir. Milli Proqram Azərbaycan Prezidenti
İlham Əliyevin mövqeyini, Onun ölkəni inkişaf
etmiş iqtisadiyyata və regionda möhkəm mövqe tutan təsirli
sosial siyasətə malik müasir demokratik hüquqi dövlət
kimi görmək istəyini əks etdirir. Milli Fəaliyyət
Proqramı praktiki olaraq, nəzərdə tutulan bütün tədbirlərin
izah edildiyi konseptual sənəd formasında hazırlanıb”.
Qeyd edək ki, bu istiqamətdə ilk addımı 1998-ci ildə Ümummilli lider Heydər Əliyev atıb. Müstəqil Azərbaycanın tərəqqisini insan meyarının inkişaf etdirilməsində görən Ulu öndərimiz insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq edib. 2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə qəbul edilən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” isə insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edib. Nəticədə universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyası qurulub, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətləri yaradılıb. Ötən il isə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə dövlət başçısı İlham Əliyev daha bir Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub. Sayca üçüncü sənəd olan bu Proqram 2006-cı ildə qəbul edilən Fəaliyyət Planında nəzərdə tutulan insan hüquqlarının müdafiəsi sahəsində işlərin davam etdirilməsi məqsədi ilə qəbul edilib. Proqram dövlətin gələcək illərdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir və ictimaiyyətə, həmçinin, beynəlxalq birliyə insan hüquq və azadlıqları sahəsində Azərbaycanın prioritetlərinin tam şəklini təqdim edir.
Milli Proqramda ilk dəfə əlaqələndirmə, monitorinq və onun icrasının qiymətləndirilməsi müəyyənləşdirilib. Sənədin icrasının əlaqələndirilməsi vəzifəsi tərkibinə ayrı-ayrı tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş orqanların nümayəndələrinin daxil olduqları xüsusi işçi qrupa həvalə olunub. Milli Proqramın təsdiqlənməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamında həmin işçi qrupun işinə nəzarət Ombudsmana tapşırılıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının sözlərinə görə, sözügedən sənəd icra mexanizmini özündə əks etdirir və oxşar sənədlərdən həm də bununla fərqlənir: “Burada ilk növbədə ölkə Prezidentinin 2006-cı ilin dekabrında təsdiqlədiyi Milli Fəaliyyət Planı nəzərə alınıb. Sənəddə ümumi və konkret vəzifələr qoyulub. Məsələn, sənədin normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı olan ilk fəslində qanun layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması ümumi vəzifə kimi irəli sürülüb. Belə ki, bu şərtə mütəmadi olaraq əməl ediləcək. Normativ hüquqi bazanın beynəlxalq müqavilələrə əsasən təkmilləşdirilməsi də məhz bu prinsiplə həyata keçiriləcək”.
Konkret vəzifələr üçün isə müddət müəyyənləşdirilib: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması üçün qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin hazırlanması 2012-ci il ərzində həyata keçirilməlidir”.
Proqramda konkret əhali qruplarına, xüsusilə də, qaçqınlar və məcburi köçkünlər, qadınlar, yaşlılar, uşaqlar, əlillər, məişət zorakılığı və ya insan alverinin qurbanları və s. kimi zəif qruplara yönələn tədbirlər də əksini tapıb. Milli Proqramın ikinci fəslində müəyyən edilən bu tədbirlər xalqın rifahının yüksəldilməsini başlıca məqsəd kimi qarşıya qoyur. Bu məqsədə nail olmaq üçün mütəmadi həyata keçirilməsi nəzərdə tutulan vəzifələrlə yanaşı konkret tələblər də var: “Proqramda etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi, sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi ilə bağlı mütəmadi həyata keçirilməsi nəzərdə tutulan vəzifələr qoyulub. Uşaq televiziyasının yaradılması imkanlarının araşdırılması və qadın reabilitasiya proqramlarının hazırlanması, qarşıdakı iki il ərzində, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən hüquq klinikalarının fəaliyyətinin dəstəklənməsi 2015-ci ilədək həyata keçirilməlidir”.
İnsan hüquqlarının təmin olunması üçün onların müdafiə mexanizmləri də işlənilməlidir. A.Səfixanlının fikrincə, bu məqsədlə nəzərdə tutulan tədbirlər Milli Proqramın üçüncü fəslində müəyyən edilib. Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həmin fəsildə dövlətin idarəetmə, hüquq-mühafizə orqanları və məhkəmələrinin fəaliyyətində şəffaflığın gücləndirilməsi tələbi əksini tapıb: “Şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerində və istintaq təcridxanalarında saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması sənəddə əksini tapan vəzifələrdəndir. Korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialı artırılmalı, milli mexanizmlər inkişaf etdirilməli, habelə bu sahədə institusional islahatlar davamlı olmalıdır. Proqrama əsasən, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə növbəti illər üçün fəaliyyət planı hazırlanacaq. Bildiyiniz kimi, Prezident İlham Əliyevin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflıgın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planının (2007-2011-ci illər)” yerinə yetirilməsi nəticəsində bu sahədə mühüm irəliləyişlər əldə edilib. Lakin ötən il bu sənədin müddəti bitdiyindən bu istiqamətdə yeni fəaliyyət planına ehtiyac vardı. Təbii ki, Proqramda məhz bu ehtiyac nəzərə alınıb”.
A.Səfixanlının fikrincə, “Elektron hökumət”in tətbiqi, korrupsiya ilə mübarizənin təmin olunması, hakim korpusunun müstəqilliyi və peşəkarlığının artırılması, məhkəmə qərarlarının lazımi səviyyədə icra olunması və digər tədbirlər qanunvericiliyin təkmilləşdirilməsi kompleksində insan hüquqlarının müdafiəsi praktikasını keyfiyyətcə yeni səviyyəyə keçirəcək.
İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin əks olunduğu növbəti fəsil əhalinin hüquqi mədəniyyət səviyyəsini qaldırmağa xidmət edəcək: “İnsanların öz hüquqlarını və cəmiyyətin həyatında rolunu anlaması vacibdir. Odur ki, bu proses uşaqlardan başlayacaq. Çünki hüquq və azadlıqlara hörmətin vacib olduğunu insanlara lap erkən yaşlarından izah etmək lazımdır. Bu məqsədlə orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadaların, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi planlaşdırılıb”.
Sənəddə o da qeyd olunub ki, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin hüquq-mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işi təşkil olusun. Milli Fəaliyyət Proqramı çərçivəsində BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan hüquqları sahəsində maarifləndirmə” və “İnsan hüquqları sahəsində təhsil”, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, UNESCO-nun “Davamlı İnkişaf naminə təhsil” onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması, UNESCO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması əsas vəzifələrdən biri kimi müəyyən olunub. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılması da sənədin vacib bəndlərindəndir. A.Səfixanlının fikrincə, bunun həyata keçirilməsi əhalinin maariflənməsi və Azərbaycan məhkəmələrinin Avropa məhkəməsinin presedent hüququndan istifadə etməsi məqsədi daşıyır.
İnsan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan beşinci fəsildə 2012-2013-cü illər üçün Avropa Şurası ilə birgə Fəaliyyət Planının həyata keçirilməsi, 2012-2015-ci illər ərzində isə BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi konkret göstərilib.
Və, nəhayət, sonuncu fəsil - Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmini göstərib. Belə ki, həmin mexanizmi həyata keçirəcək işçi qrup öz fəaliyyətinin nəticələri haqqında Azərbaycan Prezidentini müntəzəm olaraq məlumatlandıracaq. Prezident Administrasiyası bu məlumatları təhlil edəcək və onların qiymətləndirilməsi əsasında ölkə başçısına Milli Proqramda nəzərdə tutulmuş tədbirlərin təkmilləşdirilməsinə dair təkliflər təqdim edəcək.
Beləliklə, Milli Proqramın icrasının kompleks və effektiv mexanizmi təmin olunacaq. A.Səfixanlı qeyd edib ki, bu sənədin daha bir üstünlüyü insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə müntəzəm qaydada yeniləşdirilə bilməsindədir.
RUHİYYƏ
Yeni
Azərbaycan.- 2012.- 9 fevral.- S. 5.