Azərbaycanda
vergi inzibatçılığının formalaşması və
təkmilləşdirilməsi istiqamətində aparılan
islahatlar bu gün yeni keyfiyyət mərhələsinə qədəm
qoymaqdadır
Vergilər
nazirinin müavini, 3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri Sahib Ələkbərov
www.yap.org.az saytına müsahibəsibə verib:
-Sahib müəllim, əvvəla Sizi və nazirliyin
bütün kollektivini 11 fevral - vergi xidməti işçilərinin
peşə bayramı münasibətilə təbrik edir, gələcək
fəaliyyətinizdə uğurlar arzulayırıq. Bildiyimiz kimi, Azərbaycan regionun lider dövləti,
eləcə də fəal avrointeqrasiya prosesi yürüdən
bir ölkə olaraq dinamik dəyişikliklər
dövrünü yaşayır. Belə
bir zamanda vergi xidməti işçiləri öz peşə
bayramlarını hansı əhval-ruhiyyədə
qarşılayırlar?
- Təbrikə
görə çox sağ olun. Son illər həyata keçirilən uğurlu
islahatlar, sahibkarlığın inkişafına göstərilən
yüksək dövlət qayğısı nəticəsində
ölkəmizdə əhəmiyyətli sosial-iqtisadi tərəqqiyə
nail olunmuş, iqtisadiyyatda sürətli artım templəri əldə
edilmişdir.
Ötən
il ərzində iqtisadiyyatın ilk növbədə
daxili investisiyalar hesabına stimullaşdırılması,
eyni zamanda, beynəxalq maliyyə problemlərinin tədricən
aradan qaldırılması ÜDM-in dinamik artmasına səbəb
olmuşdur.
Azərbaycan iqtisadiyyatında müşahidə olunan
müsbət tendensiyalar onu göstərir ki, hazırda
qeyri-neft sektoru ölkənin iqtisadi inkişafının əsas
mənbəyi kimi formalaşmaqdadır. Artıq
iqtisadi artım əsasən qeyri-neft sektorundan qaynaqlanır.
2011-ci ildə qeyri-neft sektoru üzrə
artım 10 faizdən çox olmuşdur.
Bütün bunlar dövlət büdcəsinin
formalaşdırılmasına, o cümlədən vergi
daxilolmalarının tam həcmdə təmin edilməsinə
ciddi təsir göstərir. Ötən il ərzində Vergilər
Nazirliyi tərəfindən büdcəyə 5 milyard 160 milyon
manat proqnoza qarşı 5 milyard 475,1 milyon manat vəsaitin daxil
olması təmin edilmiş, proqnoza 106,1 faiz əməl
olunmuşdur. 2010-cu illə müqayisədə vergi
daxilolmaları 1 milyard 182,3 milyon manat və
ya 27,5 faiz artmışdır.
2011-ci ildə
qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat daxil olmuşdur ki, bu da 2010-cu illə
müqayisədə 518,4 milyon manat və ya 22,0 faiz
çoxdur.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə başlanan vergi qanunvericiliyi və
inzibatçılığının formalaşması və
təkmilləşdirilməsi istiqamətində aparılan
islahatlar bu gün dövlət başçısı
İlham Əliyevin rəhbərliyi altında yeni keyfiyyət
mərhələsinə qədəm qoymaqdadır.
Keçən
il sentyabr ayının 13-də Vergilər
Nazirliyinin Tədris Mərkəzinin Şamaxıda inşa
olunmuş yeni binasının
açılışındakı
çıxışında ölkə
başçısı vergi xidmətinin işinə qiymət
verərək bildirmişdir ki, “Vergilər Nazirliyində
toplanan təcrübə çox qiymətlidir. Mən
çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə
olunur, müasir menecment tətbiq edilir, dünya praktikası
öyrənilir”.
Bütün
bunlar isə, təbii ki, bizim üzərimizə böyük
məsuliyyət qoymaqla bərabər möhtərəm
Prezidentin 1 fevral 2005-ci il tarixli müvafiq Sərəncamı
ilə təsis olunmuş vergi xidməti işçilərinin
peşə bayramını yüksək bir əhval-ruhiyyə
ilə qarşılamağa əsas verir.
- Başa
vurduğumuz 2011-ci il ölkəmiz
üçün “elektron hökumət” quruculuğu istiqamətində
bir sıra uğurlarla yadda qalmışdır. Vergilər
Nazirliyinin bu sahədə gördüyü işlər barədə
nə deyə bilərsiniz?
- Ötən
il vergi
inzibatçılığının bütün sahələrində
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
prosesi fəal şəkildə davam etdirilmiş, müvafiq
qanunverici təşəbbüslər hazırlanmış,
vergi ödəyicilərinə xidmət sahələrinin əhatə
dairəsi daha da genişləndirilmişdir. Başqa sözlə,
2011-ci il vergi xidməti üçün
texnoloji modernləşmə prosesinin dərinləşməsi
ilə xarakterizə olunmuşdur.
Ölkə
Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında” 23 may 2011-ci il tarixli Fərmanı
ilə müəyyən edilmiş vəzifələrin yerinə
yetirilməsi elektron xidmətlər sahəsində islahatlara
ciddi təkan rolunu oynamışdır.
Əvvəlki illər ərzində
Avtomatlaşdırılmış Vergi İnformasiya, Elektron bəyannamə,
elektron kargüzarlıq sistemlərinin, elektron vergi-hesab
fakturası, ƏDV depozit hesabı və digər yeniliklərin
tətbiqi 2011-ci ildə bu işləri daha yüksək səviyyəyə
çatdırmağa imkan vermişdir.
İyul ayının 1-dən fiziki şəxslərin
elektron dövlət qeydiyyatının tətbiqinə
başlamışıq. Həmin layihənin həyata keçirilməsi
nəticəsində fərdi sahibkarların vergi orqanlarına
gəlmədən cəmi bir neçə dəqiqəyə
rəsmi dövlət qeydiyyatına alınmasına
başlanılmışdır. Ötən il vergi ödəyicisinin və onun filial,
nümayəndəlik və digər təsərrüfat
subyektlərinin (obyektlərinin) fəaliyyətinin
dayandırılması, fiziki şəxslərin fəaliyyətinin
bərpası, nəzarət-kassa aparatlarının qeydiyyata
alınması və qeydiyyatdan çıxarılması ilə
bağlı əməliyyatların elektron formada həyata
keçirilməsi də təmin edilmişdir.
Fevral
ayının 7-də isə biz “Hüquqi şəxslərin
elektron dövlət qeydiyyatı”nın təqdimat
mərasimi keçirdik. “Bir pəncərə”
prinsipinin fiziki şəxslərin elektron qeydiyyatının
ardınca yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin
də e-qeydiyyatı layihəsinin həyata keçirilməsi
“elektron hökumət” quruculuğu baxımından
mühüm hadisədir. Əminəm ki,
bu, ölkə başçısı cənab İlham
Əliyevin dövlət orqanları qarşısında
qoyduğu digər vacib bir vəzifənin yerinə yetirilməsinə,
məmur-vətəndaş təmaslarının minimuma endirilməsi
ilə korrupsiya hallarına qarşı mübarizənin
gücləndirilməsinə də öz müsbət təsirini
göstərəcək.
Vergi və rüsumların internet vasitəsilə ödənilməsi
üçün elektron xidmətin tətbiqi ilə
bağlı hazırlıq işləri də başa
çatdırılmışdır. Banklarla və digər
aidiyyəti qurumlarla müvafiq kollektiv müqavilə
imzalandıqdan sonra sistem fəaliyyətə başlayacaq.
Yaxın gələcəkdə vergilərin və
rüsumların mobil telefonlar vasitəsilə ödənilməsi
də mümkün olacaq.
Fevral
ayının 9-da Bakıda “Azərbaycanda vergi sistemi:
reallıqlar və perspektivlər” mövzusunda Vergi Forumu
keçirildi. Dövlət orqanlarının, Milli Məclisin,
Avropa İttifaqının, Dünya Bankının, beynəlxalq
maliyyə qurumlarının, Bakıda akkreditə olunmuş səfirliklərin,
Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının,
bankların, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının,
sahibkarların ictimai birliklərinin, kütləvi informasiya
vasitələrinin nümayəndələrinin və iş
adamlarının iştirak etdiyi Forumun vergi orqanları ilə
vergi ödəyiciləri arasında münasibətlərin
inkişafına ciddi təkan verəcəyini
düşünürük. Vergilər naziri cənab
Fazil Məmmədov Forumdakı çıxışında bəyan
etdi ki, Vergilər Nazirliyi dialoq və partnyorluq münasibətlərinin
genişləndirilməsinə xidmət edən hər bir
ideyanı daim dəstəkləyib və bundan sonra da dəstəkləməyə
hazırdır.
Reallaşdırılmasına
başladığımız digər böyük və
olduqca əhəmiyyətli layihə Avropa
İttifaqının Qonşuluq Siyasəti çərçivəsində
“Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan
Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi”
Tvinninq layihəsidir. E-auditin tətbiqi sahəsində
Avropada ən mütərəqqi təcrübəyə malik
ölkələrdən biri olan Niderland
Krallığının Vergi və Gömrük
Administrasiyası ilə birlikdə həyata keçirilən
layihə ölkəmizdə vergi auditi sahəsində
inzibatçılığın ən yüksək beynəlxalq
standartlara çatdırılmasını nəzərdə
tutur. Avropa Komissiyası ekspertlərinin rəylərinə
əsasən, Tvinninq layihəsinin
reallaşdırılması nəticəsində Azərbaycan
MDB məkanında ən müasir e-audit sisteminin tətbiqinə
nail olacaq.
Ümumiyyətlə, Vergilər Nazirliyi xidmətlərin
genişləndirilməsi və keyfiyyətinin
artırılmasına böyük önəm verir. Bu məqsədlə
ötən ilin əvvəlində “Vergi orqanları tərəfindən
vergi ödəyicilərinə göstərilən xidmətlərin
inkişafı Konsepsiyası (2011-2015-ci illər)” qəbul edilmişdir.
Əminliklə söyləyə bilərəm
ki, Konsepsiya reallaşdırıldıqdan sonra vergi ödəyicilərinə
xidmət elektron hökumətin xidmət sisteminə tam
inteqrasiya ediləcək və bütünlüklə yeni
keyfiyyət mərhələsinə qədəm qoyacaq.
Ötən
il əldə etdiyimiz uğurlardan danışarkən mütləq
195 Telefon-məlumat Xidmətinin “Austrian Standards plus” təşkilatının
təmsilçisi olan “Beynəlxalq Sertifikatlaşdırma və
Sorğu Mərkəzləri İnstitutu” tərəfindən
vahid Avropa standartlarına uyğunluğu təsdiq edən
“EN-15838 keyfiyyət Standartı”na layiq görülməsini də
göstərmək istərdim. Qürurvericidir
ki, Azərbaycan postsovet məkanında vergi sahəsində belə
standarta uyğunluğu təsdiq edilən sertifikata malik yeganə
ölkədir.
- Siz
hüquqi şəxslərin dövlət qeydiyyatının
artıq elektron formata keçdiyini bildirdiniz. Hüquqi
şəxslərin elektron qeydiyyatının
üstünlükləri nədən ibarətdir?
- İlk növbədə bildirmək istəyirəm ki,
qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə
əsasən, hüquqi şəxslərin elektron dövlət
qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının
əvvəlcədən ödənilməsi və e-qeydiyyat
zamanı ərizənin notarial qaydada təsdiqi tələb
olunmur.
Elektron
qeydiyyat iki üsulla: sürətli və adi qaydada həyata
keçirilir. Təsisçi bir nəfər
olduqda sürətli elektron qeydiyyat tətbiq edilir. Bu halda təsisçi cəmi bir neçə dəqiqə
ərzində özü, MMC-nin rəhbəri və fəaliyyət
sahəsi barədə məlumatı sistemə daxil edərək
elektron şəkildə imzalayır. Bununla
da hüquqi şəxsin dövlət qeydiyyatı
üçün tələb olunan məlumatlar qeydiyyat
orqanına təqdim edilmiş sayılır. MMC-nin nizamnaməsi və digər qeydiyyat sənədləri
proqram təminatı vasitəsilə elektron formada
hazırlanır və nəticədə qeydiyyat prosesi cəmi
bir neçə dəqiqə çəkir.
E-qeydiyyatın tətbiqi nəticəsində biznesə başlamaq üçün prosedurların sayı 6-dan 3-dək, tələb olunan sənədlərin sayı isə 7-dən 2-dək azaldılıb, müvafiq sənədlərin notarial qaydada təsdiqi zərurəti aradan qalıdırılıb.
Təsisçilərin sayı 1-dən çox olduqda, eyni zamanda, hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçilir, bu zaman qeydiyyatın başa çatdırılması 20 dəqiqədən 3 günədək davam edir.
Bütün bunları bir cümlə ifadə etsək, sahibkarın hüquqi şəxs yaratması üçün sərf etdiyi vaxt itkisi və vergi orqanı əməkdaşları ilə təmaslar minimuma endirilir, qeydiyyat üçün heç bir vəsait xərclənmir.
- Vergilər Nazirliyi daha hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Məlum olduğu kimi, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi nəticəsində ölkəmiz yeni bir inkişaf mərhələsinə daxil olmuşdur. Bu mərhələdə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, rasional və səmərəli vergi siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr durur.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların quraşdırılmasının təmin edilməsi ilə adıçəkilən sahələrdə nağd ödənişlərin minimuma endirilməsi istiqamətində Mərkəzi Bankla, ölkədə fəaliyyət göstərən digər banklarla birlikdə texniki, eyni zamanda, məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilməkdədir. Əminəm ki, ən qısa zamanda bu sahədə də nəzərəçarpacaq nəticələr əldə edəcəyik.
Elektron hökumət quruculuğu sahəsində əvvəlki illərdə başladığımız layihələri 2012-ci ildə də davam etdirmək, qısa müddətdə böyük dəyişikliklərə nail olmaq niyyətindəyik.
Vətəndaşların elektron xidmətlərdən daha geniş istifadəsini təmin etmək üçün vergi ödəyicilərinə xidmət terminallarının fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin çeşidinin və əhatə dairəsinin genişləndirilməsi, bu terminalların tədricən vergi ödəyiciləri üçün xidmət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur. Hazırda respublikanın regionlarında müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 30 belə xidmət mərkəzi fəaliyyət göstərir. Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər. 2012-ci ildə respublikanın regionlarında yeni xidmət mərkəzləri vergi ödəyicilərinin istifadəsinə veriləcək.
Bu il “Elektron audit” sisteminin tətbiqi ilə bağlı geniş işlər həyata keçiriləcək. Layihənin 2013-cü ildə tətbiqini təmin etmək üçün bir sıra texniki, təşkilati və hüquqi məsələləri planlaşdırılır. E-audit sisteminin tətbiqi vergidən yayınmaya qarşı preventiv rol oynamaqla yanaşı, vergi yoxlamalarına sərf olunan vaxtdan və insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradacaq.
Göründüyü kimi, Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərini rəhbər tutaraq vergi inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən elektron hökumət quruculuğu sahəsində müəyyənləşdirilmiş çox ciddi hədəflərə çatmaq üçün sistemli şəkildə fəaliyyət göstərir. Əldə etdiyimiz nailiyyətlərin bundan sonra da davam etdirilməsi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin çeşidinin və əhatə dairəsinin daha da genişləndirilməsi, dövlət başçısının bütün tapşırıqlarının vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə etməyə çalışacağıq.
Yeni Azərbacan.-
2012.- 11 fevral.- S.4.