Azərbaycanda pensiya yaşının dəyişdirilməsi
gözlənilmir
Elman Mehdiyev: Demoqrafik göstəricilərin pensiya
sisteminə təsirinin
qiymətləndirilməsi pensiya
yaşının artırılması
kimi başa düşülməməlidir
Azərbaycan Dövlət Sosial
Müdafiə Fondunun
(DSMF) sədr müavini
Elman Mehdiyevin “APA-Economics”ə
müsahibəsi:
- Ötən həftə Prezident İlham Əliyev əmək pensiyalarının sığorta
hissəsinin indeksləşdirilməsi
barədə Sərəncam
verdi. Sərəncamın icrası nə yerdədir və bu artım nə
vaxtdan ödəniləcək?
- Ölkəmizdə qurulmuş
yeni sığorta-pensiya
sistemində pensiyaların
artırılması mexanizminin
bazar iqtisadiyyatının
tələblərinə uyğun
qurulması mövcud maliyyə imkanlarının
bütün pensiyaçılar
arasında ədalətli
və şəffaf bölgüsünə imkan
verir. 2006-cı ildən bu günədək
Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi ilə
bağlı 6 Sərəncam
imzalayıb. Sığorta-pensiya sistemində informasiya-kommunikasiya
texnologiyalarının uğurlu
tətbiqi nəticəsində
bu sərəncamların
icrası avtomatlaşdırılmış
qaydada həyata keçirilməkdədir. 2011-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş
iqtisadi siyasət nəticəsində inflyasiyanın
aşağı səviyyədə
saxlanılması təmin
olunub, bununla belə, istehlak qiymətlərinin 7,9 faizlik indeksi qeydə alınıb. Həmin göstəricinin əmək
pensiyalarına təsirini
aradan qaldırmaq məqsədilə hazırda
DSMF tərəfindən 2012-ci ilin 1 yanvar tarixinə
bütün növ əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi aparılır.
Bununla yanaşı, sığortaolunanlar
üzrə ödənən
və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi
həyata keçirilir.
Əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi üçün
hər ay təqribən
5,0 mln. manat, il ərzində isə 60,3 mln. manat
əlavə vəsait
tələb olunacaq ki, həmin vəsaitlər də Fondun büdcəsində öz əksini tapıb. Bu artımın
əvvəlki illərdə
həyata keçirilən
artımlardan fərqi
daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il
iyulun 1-nə qədər
indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış
482 min nəfərin pensiyası
orta hesabla 44 manat və ya
52 faiz artıb, onların da pensiyasının sığorta
hissəsi yaradılıb
və hazırda pensiyaçıların 92,2 faizinin
pensiyalarının sığorta
hissəsi mövcuddur.
Bu isə 2011-ci və
ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun
olaraq hər il aparılacaq
pensiyaların sığorta
hissəsinin artırılması
proseslərinin həmin
pensiyaçılara şamil
olunması deməkdir.
Ümumilikdə isə artımlar
fərqli olacaq. Yəni kimin əmək pensiyasının sığorta
hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı
da yüksək məbləğlə ifadə
olunacaq. Yanvar ayı
üzrə də daxil olmaqla artımlar
fevral ayının pensiyası ilə birlikdə pensiyaçılara
ödəniləcək.
- Bir neçə gün öncə sığorta-pensiya sisteminin perspektiv inkişafı üzrə beynəlxalq ekspertlərin apardığı tədqiqatlar mövzusunda təqdimat keçirildi. Təqdimatla bağlı mediada müzakirə olunan məsələlərdən biri də pensiya yaşının dəyişdirilməsi fikri ilə bağlıdır. Bilmək istərdik ki, bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Təəssüf ki, bəzi ekspertlər tərəfindən bu məsələ düzgün şərh edilmir. Qeyd etdiyiniz təqdimatda beynəlxalq təcrübədə qəbul olunmuş yanaşma metodları əsasında pensiya sisteminin uzunmüddətli inkişafına dair aktuar tədqiqatların nəticələri müzakirə olunub. Bu tədqiqatlar makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də öyrənilməsini əhatə edir. Tədqiqatın nəticəsində 2020-ci, 2040-cı və ondan sonrakı illərdə sistemin maliyyə dayanıqlığının gözlənilməsi üzrə müxtəlif ssenarilər verilib, mövcud risklər və onların qarşılanması üçün alternativlər təqdim olunub. Konkret olaraq pensiya sisteminə demoqrafik və digər amillərin təsirinin qarşılanması məqsədilə yığım komponentinin tətbiqi irəli sürülüb. Yəni maliyyə dayanıqlığının artırılması üçün yığım komponenti vasitəsilə məşğul əhalinin sığorta-pensiya sistemində daha aktiv iştiraka cəlb olunması təklif edilib. Buna görə də təbii mövcud olan demoqrafik göstəricilərin pensiya sisteminə təsirinin qiymətləndirilməsi məsələsi pensiya yaşının artırılması kimi başa düşülməməlidir. Azərbaycanda bu islahat 2010-cu ildə baş verib və qanunvericilikdə dəyişikliklər aparılıb. Pensiya yaşının dəyişdirilməsi ilə bağlı əlavə hər hansı tədbir gözlənilmir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmizdə pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qərarlar nəticəsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunub. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız baş vermiş maliyyə böhranından sonra başlanılıb ki, bunun da yaratdığı ciddi gərginlikləri müşahidə etməkdəyik.
- Qeyd etdiniz ki, əsas təklif yığım komponentinin tətbiqi ilə bağlıdır. Pensiya təminatında yığım komponentinin tətbiqi məsələsini bir qədər ətraflı şərh edərdiniz...
- Azərbaycan Respublikasının pensiya qanunvericiliyi baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. 2006-cı ildən yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilib. Yığım komponentinin tətbiqi üzrə isə ehtiyatlı mövqe tutulub və son dövrlər bir sıra ölkələrin sığorta-pensiya sistemində baş verən proseslər bu mövqenin daha doğru olduğunu təsdiqləyir. Çünki yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən daha çox asılıdır. Bir sıra ölkələrdə bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, pensiya sistemində yığım komponentinin tətbiqi maliyyə bazarının mövcud inkişafı səviyyəsi ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividentləri, hətta inflyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması pensiya sistemlərinin büdcə kəsirini daha da dərinləşdirir. Bu baxımdan hazırda əksər ölkələrdə, bu komponentin könüllülük prinsipi əsasında tətbiqi və yaxud yığım hissəsinin həcminin azaldılması, bəzən isə tamamilə istisna edilməsi kimi təkliflər müzakirə predmetinə çevrilib. Məsələn, yığım komponentini 1998-ci ildən tətbiq edən Macarıstan bu il yanvar ayının 1-dən tamamilə ləğv edib. Ona görə də qeyd olunan sahədə beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, əvvəlcədən xüsusi aktuar tədqiqatlar aparmaqla müxtəlif alternativlərin hazırlanması vacibdir.
- Yaxın perspektivdə Azərbaycanda pensiya təminatında yığım hissəsinin tətbiqi gözlənilirmi?
- Azərbaycan Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi islahatın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Lakin bu komponentin tətbiqinin daha mürəkkəb mərhələ olması da xüsusi qeyd olunub. Bunun üçün əvvəlcə beynəlxalq təcrübənin öyrənilməsi, sosial sığorta haqlarının fərdi yığım hesablarına yönəldilməsi mexanizmlərinin və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün təyin edilməsi, yalnız bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması nəzərdə tutulub. Fond tərəfindən bu istiqamətdə tədbirlər Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun davam etdirilir. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqinə keçidlə bağlı beynəlxalq ekspertləri cəlb etməklə tədqiqatların təşkilinə paralel olaraq müvafiq normativ hüquqi bazanın hazırlanması üçün də tədbirlər görülür. Bu məqsədlə DSMF tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təqdim olunmuş “Pensiya sistemində yığım komponentinin tətbiq edilməsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna dəstək” adlı tvinninq layihəsi Avropa Komissiyası tərəfindən artıq təsdiq edilib. Azərbaycanın sığorta-pensiya modeli beynəlxalq təcrübədə öz üstünlükləri ilə fərqlənir. Ümidvaram ki, ölkəmizdə sığortaolunanların pensiya təminatında yığım komponentinin tətbiqi ilə bağlı əldə edəcəyimiz nailiyyətlər də bu sahəyə öz töhfəsini verəcək.
Yeni Azərbaycan.- 2012.- 17 fevral.- S.6.