“Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr”

 

 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “dəyirmi masa” keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və bu inkişafın çox vacib parametri bütövlükdə yüksəliş və tərəqqidə ifadə olunur. Onun sözlərinə görə, inkişafın digər əhəmiyyətli bir parametri Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarını əhatə edən sürətli yeniləşmə və modernləşmə prosesi ilə əlaqədardır.

“Azərbaycanda müşahidə olunan islahatları, yeniləşmə, modernləşmə prosesini ölkəmizin bir tərəfdən fundamental əsası kimi qəbul edirik və daha çox Azərbaycanın gələcək inkişafının əsasının formalaşdırılması kimi nəzərdən keçiririk. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin 2020-ci ilə istiqamətlənmiş İnkişaf Konsepsiyası ilə əlaqədar çox əhəmiyyətli bir Sərəncamını qeyd etmək istəyirəm. Bu Sərəncamla, əslində, Prezident İlham Əliyev inkişafımızın növbəti illər ərzində əsas istiqamətlərini və bu inkişaf nəticəsində qarşıya qoyulan hədəfləri konsepsiya şəklində müəyyənləşdirməyi nəzər tutub. Bu İnkişaf Konsepsiyasında  əhəmiyyətli yer tutmalı sahələrdən biri Azərbaycanın milli təhsilidir. Təhsilin inkişafı, təhsilin yeniləşməsi, onun daha aydın hədəflərinin müəyyənləşməsi və bu hədəflərə çatmaq istiqamətində səylər göstərilməsi bütövlükdə Azərbaycanın inkişafının fundamentlərini təşkil edir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, ölkəmizdə təhsil sahəsində son illər ərzində böyük işlər görülüb və təhsilin inkişafı dövlətimizin siyasətinin prioritetinə çevrilib. Azərbaycanda təhsil infrastrukturunun yeniləşdirildiyini, təhsil sahəsində bir çox dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdıran Əli Əhmədovun fikrincə, bu proqramların  həyata keçirilməsi ilə əlaqədər görülən işlər ölkəmizdə təhsilə böyük diqqət və qayğıdan xəbər verir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkənin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də mühüm addımlar atılacaq. İlk növbədə, Azərbaycanın milli təhsilinin inkişafında yeniliklərə, daha düzgün hədəflərə çatmaq üçün mühüm işlərə imza atılacaq” - deyə, o qeyd edib.

Əli Əhmədov bildirib ki, cəmiyyətin təhsillə bağlı baxışları ciddi şəkildə dəyişib. Beləliklə də, Azərbaycan təhsili böyük bir inkişaf mərhələsini qət edərək yeni inkişaf mərhələsinə keçməyə hazırlaşır. “Əslində, Azərbaycan təhsili ciddi axtarışlar mərhələsini yaşamaqdadır. Təbii olaraq, təhsilin hədəflərinin aydın ifadə olunması, onun formalarının yeniləşməsi, müasirləşməsi, modernləşməsi və təhsilin imicinin dəyişməsi kimi çox əhəmiyyətli vəzifələrin həyata keçirilməsi ərəfəsindəyik. Sovetlər dövründə təhsilin hədəfi deyəndə hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması nəzərdə tutulurdu. Bu gün bizim milli təhsilimizin hədəfi nə olmalıdır? Ümumiyyətlə, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması, yoxsa biz təhsili Azərbaycanın inkişafının fundamental əsaslarından biri kimi görmək və bunu hədəf olaraq seçmək istəyirik? Ona görə də, təhsilin modernləşməsi formalarının təkmilləşməsi ilə bağlı cəmiyyətdə ciddi şəkildə diskussiyaların aparılmasına böyük ehtiyac yaranıb. Bu gün təhsilin ayrı-ayrı sahələrində çalışan və təhsilin inkişafında böyük xidmətlər göstərmiş insanların bu tədbirə qoşulması məsələyə böyük maraqdan xəbər verir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Daha sonra tədbirdə təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsilin inkişafı ilə bağlı görülən işlər, qarşıda duran hədəflər barədə geniş məruzə ilə çıxış edib. M.Mərdanov bildirib ki, təhsil daim ölkənin ən prioritet sahələrindən biri olub. Nazirin sözlərinə görə, bu gün Prezident İlham Əliyev Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təhsilə dövlət qayğısı siyasətini uğurla həyata keçirir. M.Mərdanov bu tədbirin böyük əhəmiyyətinin olduğunu bildirib. Onun sözlərinə görə, indi dünyanın hər yerində 2020-ci ilə qədər inkişaf  hədəfləri müəyyənləşdirilir.

“Dünyanın üzləşdiyi qlobal iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etməsi beynəlxalq səviyyəli ekspertlərin diqqətindədir. Aparılan təhlillər nəticəsində bizim uğurların əsas səbəbi kimi ölkəmizin proqramlarla idarə olunması müəyyən edilib. Yəni, dünyanın aparıcı ekspertləri son illərdə uğurlarımızın əsas amili kimi ölkəmizin dövlət başçısının təsdiq etdiyi çoxsaylı proqramlarla idarə olunmasında  görürlər.  İndiyə qədər Azərbaycanın ayrı-ayrı sahələrini əhatə edən 60-dan çox dövlət proqramı təsdiq edilib” - deyə, o qeyd edib.

M.Mərdanov “dəyirmi masa”da məktəbəqədər təhsil, orta təhsil, texniki peşə təhsili orta ixtisas və ali təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, aparılan siyasət Azərbaycanda təhsilin inkişafına xidmət edir. M.Mərdanov bu islahatların müsbət nəticələr verdiyini vurğulayıb. Onun sözlərinə görə, 2004-2011-ci illərdə Azərbaycanda Heydər Əliyev Fondunun və digər təşkilatların dəstəyi ilə 550 min şagird yerlik 2200 yeni məktəb binası tikilib, eləcə də, xeyli sayda məktəb binaları əsaslı təmir olunub. Bunun nəticəsində ikinövbəli məktəblərin sayı 73 faizdən 44 faizə enib. Bundan əlavə, qarşıda duran hədəflərdən biri ÜDM-də təhsilin çəkisinin artmasıdır ki, burada inkişaf etmiş ölkələrin göstəricilərinə çatmaq nəzərdə tutulur. Eyni zamanda, orta məktəb məzunlarının ali məktəblərə qəbulunu 30 faizdən 40 faizədək yüksəltmək əsas hədəflərdən biridir.

M.Mərdanovun sözlərinə görə, təhsil müəssisələrində İKT-nin geniş tətbiq olunması da əsas hədəflərdən biridir və bu yöndə ciddi nailiyyətlər əldə edilib. Ali məktəblərin fəaliyyətinə toxunan nazir qeyd edib ki, bütün ali məktəblərin maddi-texniki bazası xeyli gücləndirilib. O bəzi ali məktəblərin şəhərdən kənara köçürüləcəyini də vurğulayıb: “Digər məsələ isə gənclərimizin xaricdə təhsil alması ilə bağlıdır. Bu proqram üzrə hazırda 1200 tələbə dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Ümumilikdə isə, xaricdə təhsil alan gənclərimizin sayı 10 min nəfərdən çoxdur. Ölkəmizdə isə 7 minə qədər əcnəbi təhsil alır.  Hesab edirəm ki, ali məktəblərimizin yataqxana problemi həll olunsa, əcnəbi tələbələrin sayı daha da artacaq”.

M.Mərdanov Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı “Təhsil haqqında” Qanuna dəyişiklik edilməsinin də nəzərdə tutulduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda “Təhsil haqqında” Qanun hazırlanarkən biz ciddi səylə çalışdıq ki, 12 illik təhsilə keçək: “O zaman bu, baş vermədi. Lakin indi hamı görür ki, dünya ölkələrinin 90 faizində 12 illik təhsil sistemi tətbiq olunur. 12 illik təhsil sisteminə keçiddən sonra dünya təhsil sisteminə inteqrasiya istiqamətində iş aparılacaq. Məsələn, bu gün Azərbaycanda tam orta təhsilin müddəti 11, Gürcüstanda isə 12 ildir. Orada olan azərbaycanlıların problemi ortaya çıxır”.

Nazir vurğulayıb ki, 12 illik təhsilə keçiddən sonra ümumi orta təhsilin məzmununa dəyişiklik ediləcək. 10 illik təhsil məcburi, sonrakı 2 il isə ali məktəbdə oxumaq istəyənlər üçün olacaq. M.Mərdanov deyib ki, bu, repetitor problemini də həll edəcək. Onun fikrincə, repetitorluq təhsilə, müəllimlərə və millətə ziyan gətirir: “Yaxşı müəllimlər məktəbi atıb, gedib repetitorluq edirlər”.

Nazir, həmçinin, deyib ki, Azərbaycanda bütün məktəblərdə birnövbəli və beş günlük dərs sisteminə keçid baş verəcək. O qeyd edib ki, bu, Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqdır: “Eyni zamanda, Azərbaycanda ucqar kənd məktəblərində tədrisin effektivləşdirilməsi ilə bağlı işlər aparılmalıdır. Artıq dünyada rasionallaşdırılma proqramı həyata keçirilir. Azərbaycanda bunu tətbiq etmək üçün şagirdlərin daşınmasını təşkil etmək və dağ yerlərində yolları qaydaya salmaq lazımdır”.

Təhsil naziri bildirib ki, Azərbaycan təhsilinin 10 illik strategiyası ilə bağlı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Dövlət komissiyası yaradılıb və komissiya bütün məsələlərin həllinə nəzarət edir.

Məktəbdənkənar müəssisələrin fəaliyyətini dayandırmaq barədə düşünmədiklərini deyən M.Mərdanov qeyd edib ki, bu gün məktəbdənkənar müəssisələrə gedən yeniyetmələrin əldə etdiyi nəticələr qənaətbəxşdir. Onun sözlərinə görə, məktəbdənkənar müəssisələrə gedən yeniyetmələr respublika və beynəlxalq səviyyəli yarışlarda indiyədək 1886 medal qazanıblar.

Nazir əlavə edib ki, həyata keçirilən proqramlardan biri olan “Azərbaycanda dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsi (de-institusionlizasiya) və alternativ qayğı” Dövlət Proqramı da icra olunur. Proqram çərçivəsində son iki ildə 24 uşaq övladlığa verilib. Hazırda ölkədə olan 44 uşaq müəssisəsində 9776 uşaq təlim-tərbiyə alır. Onların 3750 nəfəri elə uşaq evlərində gecələyənlərdir.

M.Mərdanov, həmçinin, hesab edir ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının mexanizmi təkmilləşdirilməlidir: “Ali məktəblərə qəbul mexanizmi təkmilləşməlidir. Test üsulunun çox müsbət cəhətləri var. Test üsulu ilə müəyyən edə bilirik ki, bu və ya digər şəxs ali məktəbdə oxuya bilərmi? Ancaq onun hansı peşə üzrə ixtisaslaşacağını üzbəüz olmasan bilmək mümkün deyil. Ona görə də, bu mexanizmin ciddi şəkildə təkmilləşməsinə və daha səmərəli həyata keçirilməsinə çox böyük ehtiyac var. Çünki Azərbaycanın gələcəyi birbaşa bununla bağlıdır”.

Nazir onu da deyib ki, təhsilin idarə olunması ilə məşgul olan dövlət orqanlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilməlidir. O bildirib ki, çox qısa müddət ərzində buna nail olunmalıdır: “Bu məsələ qanunda çox ciddi nəzərə alınıb və orada hədd var. Ancaq təəssüf ki, idarəetmə mexanizmlərində bu hədd ciddi nəzərə alınmır”.

M.Mərdanov təhsil müəssisələrinin akkreditasiyasına da toxunub. O qeyd edib ki, bu proses aparılır: “Çox güman ki yaxın gələcəkdə təhsil müəssisələrinin akkreditasiya edilməsində beynəlxalq məsləhətçilər də iştirak edəcəklər”.

Nazir ölkədə təhsil televiziyasının yaradılması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, belə televiziyanın yaradılması cəmiyyət üçün maraqlı olar və təhsillə bağlı məsələlər həmin televiziyada müzakirə edilər.

“Müəllim hazırlığında internatura sistemi təklif edirik” - deyən M.Mərdanov bildirib ki, hər ali məktəb bitirən şəxs dərhal məktəbə gedib müəllim işləyə bilməz: “Bunun üçün 1 il internatura keçirilməlidir. Dünyada belə bir model var. Bu gün ali məktəbi qurtaranın dərhal məktəbə göndərilməsi müsbət təcrübə kimi qarşılanmır”.

M.Mərdanov problemli məsələlərin məktəbəqədər və texniki peşə təhsili sahəsində daha çox olduğunu deyib. Onun sözlərinə görə, bu istiqamətdə dövlət proqramları qəbul olunub. Bununla belə, nazir bu sahələrin inkişafı üçün işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

“Dəyirmi masa”da çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov Azərbaycan təhsilinin inkişaf yolunda olduğunu bildirib. Bütün dünya ölkələrinin təhsilində problem olduğunu deyən A.Məhərrəmov qeyd edib ki, əsas məsələ ölkəmizdə təhsilin inkişaf etməsidir. Onun sözlərinə görə, müstəqillik illərində inkişaf siyasəti müsbət nəticələrini verməkdədir: “Ötən illər ərzində biz Avropa təcrübəsini qazanmışıq, Boloniya prosesinə qoşulmuşuq. Yəni, Azərbaycan elminin və təhsilinin inkişafda olmasına heç kim şübhə etməməlidir”.

Bununla belə rektor bir sıra təkliflər də irəli sürüb. O Dövlət Proqramı hesabına xaricdə təhsil alan gənclərimizin ölkəyə qayıtdıqdan sonra elm və təhsil sahəsinə də cəlb olunmasını təklif edib.

AMEA-nın müxbir üzvü, millət vəkili Asəf Hacıyev elm və təhsilimizin beynəlxalq səviyyədə uğurlar qazandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, nüfuzlu elmi jurnallarda Azərbaycan alimlərinin məqalələri nəşr olunur: “Biz inkişaf etmiş ölkələrdə olduğu kimi universitetlərin məzun bankını yaratmalıyıq. Eyni zamanda, dövlət hesabına xaricdə təhsil alan gənclərin də bankı yaradılmalıdır və onların potensialından səmərəli istifadə olunmalıdır. Digər məsələ isə təhsil müəssisələrində İKT-nin tətbiqinə xüsusi diqqət yetirilməlidir. Çünki inkişaf etmiş ölkələrdə İKT ÜDM-də böyük yer tutur. Yəni, bu dövr İKT dövrüdür”.

A.Hacıyev, həmçinin, doktorantura təhsilinin müddətinin 3 ildən 5 ilədək artırılmasını təklif edib.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Yusif Məmmədov isə çıxışında xaricdə təhsil almaq üçün göndərilən gənclərin fundamental elmlər üzrə istiqamətlənmədiyini vurğulayıb. Onun fikrincə, bu problemi aradan qaldırmaq üçün gəncləri stimullaşdırmaq lazımdır. Y.Məmmədov bildirib ki, əgər belə davam etsə, bir neçə ildən sonra ölkədə kimya, fizika, riyaziyyat müəllimləri çatışmayacaq. Rektor deyib ki, ali məktəblərdə kadr potensialının zəifləməsi gələcəkdə problemlər yarada bilər. Y.Məmmədov, həmçinin, test üsulunun təkmilləşdirilməsini də təklif edib. Onun fikrincə, cəmiyyət test üsulunu müsbət qarşılayır. Amma test üsulu ilə aparılan imtahanlarda təfəkkür formalaşmır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova universtitetlərə maliyyə sərbəstliyi verilməsinin zəruriliyini vurğulayıb. O, həmçinin, təklif edib ki, yeni universitet şəhərciklərinin yaradılması ilə bağlı dövlət proqramına ehtiyac var. G.Məmmədova ali məktəblərdə pedoqoji kadr probleminin də mövcud olduğunu və bu problemin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsini təklif edib.

“Dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, bütün sahələr Azərbaycanın inkişaf modelinin tərkib hissələridir. Onun sözlərinə görə, təhsil sahəsi bütün zamanlarda Azərbaycanın əsas prioritet istiqamətlərindən biri olacaq. Vitse-spiker digər sahələrin inkişafının əsasında təhsilin dayandığını vurğulayıb. “Qaldırılan məsələlərin həlli üçün qanunvericiliyin də təkmilləşdirilməsi vacibdir. Bu gün təhsil haqqında qanunumuz var, amma zərurət olduqda ona dəyişikliklər edilə bilər. O cümlədən, təhsilin bütün pillələrinin problemlərini həll etmək və inkişafını təmin etmək üçün bütün sahə qanunları qəbul olunmalıdır. Azərbaycan parlamenti öz işini bu məsələlərin üzərində sürətləndirməli və genişləndirməlidir”, - deyə B.Muradova vurğulayıb.

Tədbirdə, həmçinin, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov və məktəb direktoru Məhəbbət Vəliyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2012.- 17 fevral.- S.5.