Azərbaycanda aqrar sahəsinin inkişafına xüsusi diqqət yetirilir

 

 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov www.yap.org.az saytına müsahibə verib:

- Tahir müəllim, bildiyimiz kimi ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Bu mənada Azərbaycanda qəbul olunan dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Qeyd etmək lazımdır ki, qloballaşan dünyanın vacib problemləri sırasında artıq təhlükəlilik dərəcəsinə görə ərzaq və su çatışmazlığı problemi də çox ciddidir. Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi Azərbaycanın təbii enerji resursları ilə yanaşı hələ uzun müddət regionda lider ölkə mövqeyini təmin edə bilər. Bütövlükdə təhlükəsizlik sahəsində dövlət fəaliyyətinin hüquqi əsasını müvafiq qanunvericilik aktları təşkil edir. Azərbaycan Respublikasında bilavasitə əhalinin etibarlı ərzaq təminatı ilə bağlı olaraq “Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xüsusi qeyd etmək olar. Bu isə fermer və kəndli təsərrüfatlarına maddi-texniki dəstəyin daha da artması və bununla da ərzaq istehsalının həm daxili, həm xarici bazar üçün təminatına şərait yaradıb. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir.

“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı da bu mənada xüsusi əhəmiyyətə malikdir. Regionların sənayeləşməsilə yanaşı aqrar sahənin inkişafı həm ölkənin ərzaq təhlükəsizliyinin təminatı, həm də yerlərdə məşğulluğun artırılması və beləliklə, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində dövlətin səylərinin effektivliyinin artırılmasına xidmət edir. 2009-2013-cu illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulub. Bu proqramda nəzərdə tutulan taxıl, xüsusilə buğda istehsalının, üzümçülüyün, meyvəçiliyin və digər məhsulların inkişafının dəstəklənməsi, cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi və “Aqroferma”ların yaradılmasının dəstəklənməsi, aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi də kənd təsərrüfatında nəzərdə tutulan başlıca layihələrdən hesab olunur. Fikrimcə, qarşıdakı dövrdə bu proqramların göstərəcəyi effekt daha qabarıq hiss olunacaq. Bu gün ölkəmizdə, demək olar ki, ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı bütün problemlər öz həllini tapır. Artıq Azərbaycan öz taxıl ehtiyacını ödəməyə, demək olar ki, hazırdır. Dövlət Taxıl Fondunun yaradılması respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilən mükəmməl strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ötən il 2 milyon tondan çox taxıl istehsal olunub ki, bu da ölkəmizin tələbatının böyük hissəsinin ödənməsinə imkan verir. Bu gün sevindirici haldır ki, Azərbaycan ətçilik və taxılçılıq üzrə 80 faiz öz tələbatını ödəyə bilir. Meyvə-tərəvəz məhsulları ilə özümüzü təmin edirik.

Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanda həyata keçirilən aqrar islahatların nəticəsində kənd təsərrüfatında torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik bərqərar olunub, kiçik və orta sahibkarlığın inkişafına yaradılan şərait olduqca yüksək səviyyəyə çatıb, aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənib. Bununla yanaşı, kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artırılıb, qəbul edilən qanunlar, dövlət proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatının bütün sahələrinin paralel inkişafına yol açıb. Bu mənada parlamentin Aqrar siyasət komitəsi də öz üzərinə düşən məsuliyyəti dərk edir və qanunlarımızın daha təkmil bir forma alması üçün öz gücünü səfərbər edir.

- İstənilən sahənin inkişafında lazımi hüquqi bazanı təşkil edən qanunvericiliyin olması vacib şərtdir. Siz aqrar sahənin inkişafı istiqamətdə atılan addımlar və əldə edilən nəticələr haqqında fikirlərini bildirdiniz. Bəs ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?

- Aqrar sahənin inkişafından söz düşmüşkən, ilk növbədə Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Bu islahatlar da Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə ki, bu islahatlar nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi. MDB məkanında ilk olaraq Azərbaycan torpaq islahatını həyata keçirib və islahatlar insanların maraqlarına tamamilə uyğundur. Hazırda aqrar sahənin inkişafına ciddi fikir verilir, kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən konpensasiya, iş adamlarına güzəştli kreditlər verilir. Təbii ki, bütün bunlar özünün müsbət təsirini göstərir. Hesab edirəm ki, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət proqramının icrası nəticəsində qarşımızda duran məqsədlərə nail olacağıq.

Ümumiyyətlə, Azərbaycan parlamenti də bu sahənin inkişafı yönündə vacib qanunlar qəbul edib. Müstəqillik illərində Milli Məclisdə “Aqrar islahatların əsasları haqqında”, “Torpaq islahatı haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” və digər qanunlar qəbul edilib. Komitəmizin hazırladığı və bu gün də qüvvədə olan “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlar ingilis dilinə tərcümə olunaraq Ümumdünya Ticarət Təşkilatına təqdim olunub və həmin təşkilatın mütəxəssisləri tərəfindən qiymətləndirilib. Komitəmiz tərəfindən hazırlanmış “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihələri də böyük əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, mən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin əhəmiyyətini qeyd etmək istəyirəm. Biz hesab edirik ki, bu kooperasiyaların yaradılması kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Torpaq mülkiyyətçiləri könüllü olaraq birləşib, məhsul istehsal edə və onu bazara çıxara bilərlər. Bunu beynəlxalq təcrübə də təsdiqləyir. Bir sözlə, parlament tərəfindən aqrar sahə ilə bağlı xeyli sayda qanunlar qəbul olunub. Bu qanunlar kənd təsərrüfatının inkişafı üçün ciddi hüquqi bazadır. Qanun layihələrinin hazırlanmasında, Milli Məclisin, o cümlədən onun Aqrar komitəsinin böyük zəhməti var. Qəbul olunmuş qanunlar beynəlxalq standartlara cavab verir. Təbii ki, qanunvericiliyin təkmilləşdirilməsi ümumi işimizin xeyrinədir.

- Milli Məclis strateji məhsullar haqqında da qanunlar qəbul edib. Bu qanunların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz kimi parlament bir sıra strateji məhsullar haqqında qanunlar qəbul edib. Onların sırasında taxılçılıq, pambıqçılıq haqqında qanunları qeyd etmək olar. Təbii ki, bu qanunlar strateji məhsulların istehsalının artmasına, bu sahələrə diqqətin güclənməsinə xidmət edir. Taxılçılığın inkişafı göz önündədir və burada istehsal artmaqdadır. Hesab edirəm ki, pambıqçılığın da əvvəlki şöhrətini qaytarmaq mümkündür. Pambıqçılıq haqda qanun 2010-cu ildə qəbul olunub. Ümumiyyətlə, pambıq strateji bir məhsuldur. Həm də bu çox vacib, zəruri bir sahədir. Həm sənayenin, həm heyvandarlığın inkişafında pambıqçılığın öz yeri var. Baxmayaraq ki, bir ara bu sahəyə maraq azalmışdı, amma hazırda müsbət mənada dəyişikliklər baş verməkdədir. Bu gün dünya bazarında pambığın qiyməti də bahadır. Biz bu sahənin də inkişafı ilə bağlı addımlar atmağı nəzərdə tuturuq. Hesab edirəm ki, artıq pambıqçılıq özünün tərəqqi dövrünə qədəm qoyacaq. Bu mənada adıçəkilən qanunun böyük rolu olacaq.

- Tahir müəllim, bir çox dövlətlər hələ də öz iqtisadiyyatındakı böhranın ağır fəsadlarını aradan qaldıra bilmədiyi halda, Azərbaycan, hətta, böhran illərində belə, ili iqtisadi artımla başa vura bildi. Bu amili nə ilə izah edərdiniz?

- Bütün dünyada baş verən maliyyə böhranının fonunda Azərbaycanın bu böhrana məruz qalmaması həqiqətən də respublikamızda düzgün istiqamətlənmiş iqtisadi siyasətin uğurları qismində qiymətləndirilməlidir. Reallıq təsdiqlədi ki, ölkəmiz düşünülmüş iqtisadi siyasətin və yaradılan güclü iqtisadiyyatın bazası hesabına böhrandan kənarda qala bildi. Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsi məhz dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Dünyanı bürüyən qlobal maliyyə böhranı 2008-ci ilin ikinci yarısından başladı və bu dövrdə ən inkişaf etmiş dövlətlərin siyasi liderləri böhran meyillərinin ölkə iqtisadiyyatına zərərli təsirlərinin qarşısını ala bilmədilər. Hazırda da, Yunanıstan, İspaniya, Portuqaliya böhranla üz-üzədir və Avropa bu gün böhranın yeni dalğasının qarşısını necə almağı düşünür. Bu böhranın fonunda respublikamızın inkişaf tempinin qorunub saxlanması sosial-iqtisadi-infrastruktur bölmələrində layihələrin davamlılığını təmin etməklə yanaşı, qarşıdakı illərdə iqtisadi tərəqqiyə zəmin yaradıb. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi sferaları əhatə edir və bu hədəflərin yerinə yetirilməsi gözlənilən uğurlu nəticələrin əldə olunmasına səbəb olub. Ötən illərin iqtisadi mənzərəsi onu göstərir ki, Azərbaycan makroiqtisadi və maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaqla yanaşı, həyata keçirilən uğurlu pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər nəticəsində valyuta bazarı da böhranın çətinlikləri ilə üzləşməyib.

 

 

Yeni Azərbaycan.- 2012.- 21 fevral.- S.6.