ABŞ dövlət
katibinin müavini Erik Rubin: Ümid edirəm, münasibətlərimizin
ilk 20 illiyinin inkişaf sürəti növbəti 20 il
üçün nümunə olacaq
Azərbaycanın
ən vacib strateji tərəfdaşlarından biri olan Amerika
Birləşmiş Ştatları ilə diplomatik əlaqələrin
qurulmasından 20 il ötür. 1991-ci il dekabrın 25-də Azərbaycanın
müstəqilliyini tanıyan Birləşmiş Ştatlar
1992-ci il fevralın 19-da Prezident Corc Buşun bəyanatı əsasında
ölkəmizlə diplomatik münasibətlərin
qurulduğunu elan edib və həmin il martın 16-da Bakıda
səfirliyini açıb. Ötən 20 il ərzində
münasibətlərimizin inkişafı və Azərbaycan-ABŞ
tərəfdaşlığında bir sıra aktual məsələlər
barədə AzərTAc-ın xüsusi müxbiri ABŞ
dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi
Erik Rubinlə söhbət edib.
- Cənab
Rubin, bu gün görüşümüzün səbəbi
bir növ təntənəlidir. Ölkələrimiz diplomatik
münasibətlərin qurulmasının 20 illiyini qeyd edir. Bu
illərə nəzər saldıqda münasibətlərimizi
necə səciyyələndirərdiniz?
- Mənim
üçün nəzər salmağa “doğrudan da”
çox şey vardır. Çünki mən Azərbaycan ilə
əlaqələrin yaradılması üzərində hələ
müstəqillikdən əvvəl
çalışmışam - Dövlət Departamentində
Sovet İttifaqı məsələləri üzrə şobədə,
o zaman dedikləri kimi, “qeyri-rus” millətləri ilə məşğul
olurdum - həm müstəqilliyin tanınmasına, həm də
burada Azərbaycan səfirliyinin açılmasına kömək
edirdim. 20 il üstündən keçsə də, elə bil,
dünən idi. Amma düşünürəm ki, ümumiyyətlə,
münasibətlərimiz
çox müsbət bir hadisədir. Təbii ki, son 20
ildə həm Azərbaycan, həm də ABŞ bir sıra
çətinliklərdən, ağrılı məqamlardan
keçiblər. Etiraf etməliyik ki, hər iki tərəf bu
20 il ərzində bir sıra faciələr yaşayıb. Bu
il Azərbaycan öz tarixinin faciəli hadisələrinin 20
illiyini qeyd edir. Mən Bakıda 20 Yanvar hadisələri
anılarkən olmuşdum. Bu da sizin üçün
ağrılı bir tarixdir. Mən 20
Yanvar hadisələri baş verərkən sovet məsələləri
üzrə şöbədə işləyirdim, hər
şey çox yaxşı yadımdadır. Ona görə də,
çətin məqamların olduğunu etiraf edirəm. Amma
yenə də, ümumilikdə, çox müsbət bir
münasibət tarixinə baxırıq. Bu da bir sıra səbəblərə
görədir: birincisi, başlanğıcın nə qədər
mürəkkəb olduğunu xatırlasaq - Sovet
İttifaqının dağılması tək xaricilər
üçün deyil, Sovet İttifaqının əhalisi
üçün də şok idi. Bu qəfil dağılma Azərbaycan,
eləcə də Sovet İttifaqının digər ölkələri
üçün iqtisadi və siyasi çətinliklərlə
müşahidə olundu. Ona görə də 20 il əvvəli
düşünsəniz, bu gün müxtəlif sahələrdə
əldə etdiyimiz irəliləyiş ağlasığmaz
görünür. Yəni, bizim münasibətlər hər
iki paytaxtda sadəcə səfirliklər açmaq və
iqtisadi böhranla bacarmaq səylərindən, nəhəng
planların müzakirəsi, enerji dəhlizlərinin, bölgədə
nəqliyyat arteriyalarının yaradılması kimi miqyasa
keçib. Bunların heç biri 20 il əvvəl təsəvvürəgəlməz
idi. O zaman insanların yaşayış standartı çox
aşağı idi. İndi isə həm enerji, həm də
qeyri-enerji sektorunun inkişafı nəticəsində Azərbaycana
gedərkən bütün dəyişiklikləri görmək
valehedicidir. Bir də ki, 20 il əvvəl sizə kimsə desəydi
ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının
üzvü olacaq, bunu çətinliklə təsəvvür
etmək olardı. Amma bu gün bu, reallıqdır. 20 il hər
bir ölkə üçün çox az bir vaxtdır. Əvvəldə
qeyd etdiyim bütün faciələr və ağrılı məqamları
nəzərə alsaq, münasibətlərimizin
inkişafı yalnız bir-birimizi anlamaqdan genişlənib, məsələn,
Əfqanıstanda əməkdaşlıq kimi sahələrə
keçib - 20 il əvvəl ABŞ ilə Azərbaycanın
birgə işləyərək əfqan xalqına kömək
etmək ideyası inanılmaz səslənərdi. Bu gün
isə bu, gerçəkdir. Dediyim bütün bu səbəblərə
görə bu ildönümü olduqca müsbətdir və
20 ilə nəzər salarkən bizə çox təəssüratlandırıcı
bir tarixi xatırladır.
-
Sizdə əməkdaşlığımızdakı vəziyyətlə
bağlı ən son məlumatlar var, çünki Azərbaycana
səfərdən yeni qayıdıbsınız.
Apardığınız müzakirələr nəyi əhatə
edirdi? Açıqlamalara görə, əsasən təhlükəsizliklə
bağlı danışıqlar aparıbsınız.
-
Müzakirələrdə bir çox sahələr əhatə
edildi. Məncə, təhlükəsizlik çox mənada
danışdığımız bütün məsələlərə
aid idi. Məsələn, biz Azərbaycanın bilavasitə
İranın qonşusu olduğunu anlayırıq və bu, bir
neçə məsələni ortaya gətirir. Mən
Bakıda olanda Azərbaycan hökuməti yəhudi təşkilatlarına
qarşı törədilməsi planlaşdırılan terror
aktını aşkar etdiyini elan etmişdir. Belə cəhdlər,
bildiyiniz kimi, Tbilisidə də olmuşdur. Təbii ki,
İranın bölgədə fəaliyyəti ilə
bağlı təhlükəsizlik
narahatlıqlarımızı biz Azərbaycan hökuməti
ilə müzakirə edirik. Həmçinin, geniş mənada
- biz başa düşürük ki, dünyada bu cür təhdidlərlə
mübarizə aparmaq üçün birgə işləməliyik.
Bu tipli əməkdaşlıq bizim Azərbaycan ilə
münasibətlərimizin inkişafında uğurlu hissələrdən
biridir - təhlükəsizlik, antiterror, hər iki ölkənin
milli təhlükəsizliyinə təhdidlərin
qarşısının alınmasına gəldikdə, biz
çox əla əməkdaşlıq qurmuşuq. Bu əməkdaşlıq
müstəqillikdən bəri inkişaf etmiş və təkmilləşmişdir.
- Cənubi
Qafqaz kimi mürəkkəb regionda yerləşən dövlətlə
orada səfiriniz olmadan münasibətləri davam etdirmək
hansı çətinliklər yaradır?
- Bu,
əlbəttə, təəssüfləndirici bir hadisədir.
Bu bizə də xoş deyil. Dünyada ABŞ səfirləri
vəzifələrindən bir sıra boş qalanı var - bu,
mütəmadi bir hal alıb. Lakin Azərbaycan ilə
bağlı yaranan hal bir qədər nadir idi. Çünki bizim Azərbaycana
səfir namizədimiz olduqca qabiliyyətli və mənim şəxsən
dost hesab etdiyim bir kadr Senat tərəfindən təsdiqlənməmişdir.
Əlbəttə, səfirlər vacib və dəyərli
adamlardır. Sizin ölkədə səfirin
olması bizim üçün yüksək prioritet məsələ
olaraq qalır. Mən ümid edirəm ki,
Bakıda tezliklə səfirimiz olacaq. ABŞ-ın
Azərbaycandakı səfirliyi münasibətlərimizi
inkişaf etdirmək üçün gərgin işi davam
etdirir. Oradakı müvəqqəti
işlər vəkilimiz istedadlı mütəxəssisdir.
İşimizi dayandırmamışıq, təmas
qurmağı, münasibətləri genişləndirməyi
davam etdiririk. Lakin səfirin olması
lazımdır və ümid edirəm ki, tezliklə olacaq.
- Erməni
maraqlarını təmsil edən qrupların təzyiqi
altında sabiq səfir Brayzənin əvvəlcə təsdiqlənməsi
gecikdirildi, sonra isə tamam geri
çağırıldı. Zənnimizcə, bu illər ərzində biz daxili
siyasətin ABŞ milli maraqlarına necə təsir göstərdiyini
yaxşı öyrənmişik. Lakin bu, Azərbaycanda
belə bir narahatlıq yaradıb ki, əgər Administrasiya erməni
lobbisinin Kapitolidə təzyiqinə tab gətirə bilmirsə,
gələcəkdə təsdiq olunacaq səfirin kiçik
qrupun deyil, doğrudan da, ABŞ-ın maraqlarını təmsil
edəcəyinə kim təminat verə bilər? Siz Bakıda diplomat olsaydınız, ölkənizə
düşmən mövqedən yanaşan qrupun nəzarətindən
keçib gələn həmkarınıza etibar edərdinizmi?
- Mən bu narahatlıqların bir
qismini eşitmişəm, amma onların əsaslı
olduğunu düşünmürəm. Çünki
bunlar bizim hakimiyyət sistemini, icraçı və qanunverici
qolların səlahiyyətlərinin fərqini anlamamaqdan irəli
gəlir. Səfir Brayzə geri
çağırılmayıb. Qanunverici
orqan səfiri müəyyənləşdirmir. Konstitusiyamıza görə, Prezident ətraflı
yoxlamadan sonra namizədi seçir, Senat isə həmin namizədliyi
təsdiqləyib-təsdiqləməməyə bilər.
İlk mərhələdə Senat cənab Brayzəni
təsdiqləməyəndə, Prezident öz səlahiyyətlərindən
istifadə edərək onu birillik təyin etdi. Bu, həm Prezidentin Bakıda səfirin olması
vacibliyinə, həm də səfir Brayzənin qabiliyyətinə
inamından irəli gəlirdi.
Mətyu Brayzə geri
çağırılmadı, sadəcə Senat tərəfindən
təsdiqlənmədi. Lakin nə Prezident
Obamanın, nə də Administrasiyanın onu geri
çağırmaq niyyəti yox idi. Gələcək səfirlərlə
maraqlananlara isə, cavabım bu olardı: gələn dəfə
biz əmin olmağa çalışacağıq ki,
Prezidentin seçdiyi namizəd - vurğulayıram ki, namizədin
seçilməsi şəxsən Prezident tərəfindən
qəbul edilən qərardır - tək qabiliyyətli deyil, həm
də getdiyi bölgənin və ölkənin xüsusiyyətlərini
başa düşən, Birləşmiş Ştatların
maraqlarını təmsil edən birisi olsun. Təkrar
etmək istəyirəm ki, bizim səfir namizədlərimizə
veto qoyan yoxdur. Lakin namizədin Senat tərəfindən
təsdiqlənəcəyinə də təminat verə bilmərik.
Ümid edirəm ki, elə bir namizəd
tapacağıq ki, onun təsdiqlənmə prosesi asan və
tez olsun.
- ABŞ Sovet İttifaqının süqutundan sonra yeni
müstəqil dövlətlərlə münasibətlərinə
başlayarkən Konqres azad bazar və demokratik islahatları dəstəkləyəcək
“Azadlığa Dəstək Aktı” adlı yardım paketi qəbul
etmişdir.
Yenə də erməni maraqlarını təmsil edən
qrupun səyləri nəticəsində bu Akta düzəliş
edilərək ABŞ hökuməti tərəfindən Azərbaycan
hökumətinə
yardıma qadağa qoyulmuşdur. 907-ci
maddə adlı bu düzəliş münasibətlərimizə
necə təsir göstərmişdir. Üstündən
bu qədər vaxt keçdikdən sonra maddə nəyə
görə hələ də qanun kitablarında qalmaqdadır?
- Gəlin
sonuncu sualdan başlayaq - hələ də kitablardadır, ona
görə ki, Konqres onu ləğv etməyib. Bizim hakimiyyət sistemində
Prezident və onun Administrasiyası qanunvericiliyi müəyyənləşdirmir
- yalnız hansısa qanunvericiliklə bağlı
lobbiçilik edə bilər. Parlament sistemi
altında yaşayan ölkələr üçün bunu
anlamaq çətindir ki, bizdə Administrasiya qanunvericilik təşəbbüsü
ilə çıxış edə bilməz. Belə təşəbbüs ya Konqres üzvü, hərdən
Prezidentin təmsil etdiyi partiyadan Konqres üzvü, ya da
Prezident və icraçı hakimiyyətlə məsləhətləşmələrdən
sonra təqdim oluna bilər. Lakin
Administrasiya bir qanunun dəyişməsinə nəzarət edə
bilməz. Amma bildiyiniz kimi, biz bu düzəliş
ətrafında işləyərək qanunu pozmadan Azərbaycan
ilə sağlam münasibətlər qura bilmişik. Düzəlişin istisnalarından istifadə edərək,
907-ci maddənin qüvvəsi artıq nə qədər
vaxtdır dayandırılmışdır. Əvvəlki zamanlarda bu, problem idi, çünki Azərbaycanın
bizim təmin etmək istədiyimiz yardıma ehtiyacı olan,
bundan bəhrələnə biləcəyi günləri var
idi. Lakin bu anda 907-ci maddə yalnız rəmzi
məna daşıyır, çünki Azərbaycanın
maddi yardıma ehtiyacı yoxdur. Biz bu məsələ
ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyini
başa düşürük. Bu mövqe
ilə Kapitolidə də yaxşı tanışdırlar.
Lakin mən deyərdim ki, rəmzi məna
daşımaqdan başqa düzəliş münasibətlərimizə
heç bir əhəmiyyətli maneə törətmir.
- Bildiyimizə görə, sabiq sovet
respublikalarına ayrılan ABŞ yardımında gələn
maliyyə ili üçün böyük
dəyişikliklər nəzərdə tutulub. Bunlar
nədən ibarətdir?
- Ən böyük dəyişiklik
onunla bağlıdır ki, xarici yardım proqramlarına
ayrılan maliyyə azalır. Bu da
Vaşinqtonda bütün sahələr üzrə büdcə
kəsirləri və “Soyuq müharibə”dən sonra
yaşadığımız ən çətin iqtisadi
böhrandan bərpa olunmağımızla bağlıdır.
Biz tədricən yardımımızı buna
daha çox ehtiyacı olan ölkələrə doğru
istiqamətləndiririk. Tədricən siz
Avropa və Avrasiyada surətlə inkişaf edən ölkələrə
maliyyə kəsirlərimizin şahidi olacaqsınız.
Təbii ki, Azərbaycan da bu təbəqədədir.
Yardımın azalması heç bir siyasi məna
daşımır. Sadəcə, biz çətin
seçimlərlə rastlaşırıq. Məsələn,
mənim federal işçi kimi artıq ikinci ildir
maaşım qaldırılmır, çünki hakimiyyətin
qərarı ilə bu proses ikiillik, bəlkə də, hələ
çox müddətə dondurulmuşdur. Bu
maliyyə çətinlikləri bölgəyə dair siyasətimizdə
də əks olunur. Bununla yanaşı qeyd
edim ki, dəyərli proqramları saxlamağa
çalışmışıq. O cümlədən, təhsil
mübadiləsi, insan mübadiləsi, Xəzər hövzəsində
maraq doğuran ətraf mühitin qorunması üzrə yeni
texnologiyaların inkişaf etdirilməsi proqramlarını,
amma bu proqramlar yardım deyil, tərəfdaşlıq
proqramlarıdır. Maliyyə azalsa da, biz vəsaiti
daha ağıllı və səmərəli xərcləmək
istəyirik ki, bu kimi əməkdaşlıqları qoruyub
saxlaya bilək.
- Gəlin, bir qədər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışaq. Mənim jurnalist müşahidələrimə
görə, verdiyiniz bəyanatlarda son illər dəyişikliklər
edibsiniz. Məsələn, “ABŞ Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”
ifadəsi 2008-ci ildən bəri mövqeyiniz ifadə olunarkən,
demək olar ki, istifadə edilmir. Halbuki əvvəllər
bu ifadə həm bölgəyə səfərləriniz, həm
BMT-də çıxışlarınız, həm Dövlət
Departamenti tərəfindən siyasətiniz
açıqlandığı hallarda həmişə istifadə
olunurdu. Bəyanatlarınızın üstünə “su
səpilməsi”nin səbəbi nədir? Münaqişə ilə bağlı mövqeyinizdə
dəyişikliklərmi var?
- Gəlin,
bundan başlayaq ki, bizim Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair siyasətimiz
və mövqeyimizdə tamamilə heç bir dəyişiklik
baş verməyib. Mövqeyimizin fundamental əsası
həmişəki kimi, Helsinki Yekun Aktının prinsipləri,
o cümlədən ərazi bütovlüyü, zor tətbiq
edilməməsi və öz müqəddəratını
müəyyənləşdirmə prinsipləri üzərində
qurulub. Biz bunların hamısını
tanıyırıq. Mövqeyimizdə hər
hansı dəyişikliyə işarə etmək niyyətimiz
yoxdur. ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrindən biri kimi, Ermənistan və Azərbaycan
arasında gerçək irəliləyişin əldə
edilməsi üçün ab-havanın gücləndirilməsinə
yardım edirik. Bu da o deməkdir ki, tərəfkeşlik
edə bilmərik. Çalışırıq
ki, istifadə etdiyimiz ifadələr tərəfləri
bir-birinə qarşı qoymasın, əksinə
yaxınlaşdırsın. Bu məsələ üzərində
20 ilə yaxın işləyən adam
kimi, deyə bilərəm ki, yanaşmamızda heç bir dəyişiklik
baş verməyib. Biz inanırıq ki, Minsk
qrupu razılaşmanın əldə edilməsi üzrə
prosesi irəli apara biləcək yeganə işlək çərçivədir.
Belə faciəvi vəziyyətdə status-kvo qəbuledilməzidr. Mən bunu Prezident İlham Əliyev ilə
görüşdə də bildirmişdim. Biz status-kvonu tamamilə rədd edirik. Vəziyyət təhlükəlidir. Lakin inanırıq ki, indiyə qədər işlədiyimiz
çərçivə razılıq əldə etmək
üçün ən yaxşısıdır. “Təkəri yenidən icad etməyə” ehtiyac
yoxdur, çünki belə olan halda indiyə qədər əldə
etdiyimiz irəliləyişi də itirə bilərik.
-
Konqresmen Stiv Koen Xocalı faciəsinin 20 illiyi ilə
bağlı Kapitolidə verdiyi bəyanatında
vurğulayıb ki, bu hadisələrin ildönümü Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün səylərin artırılması zərurətini
xatırladır və ABŞ-ı Minsk qrupunun həmsədri
kimi bu uzunmüddətli münaqişənin nizamlanması ilə
ciddi məşğul olmağa çağırıb. Vaşinqton son zamanlar danışıqlar prosesində
“yüngülçəkili” iştirakına və Rusiyaya bu mənada
üstünlüyü ələ keçirməsinə imkan
verdiyinə görə tənqid olunur. Buna
necə cavab verərdiniz?
- Xeyr, mən
bu fikirlərlə razı deyiləm. Biz digər
həmsədr ölkələrin oynadığı rolu
yüksək dəyərləndiririk. Prezident Medvedevin
İlham Əliyev və Serj Sarkisyanla vaxt ayıraraq prosesi irəli aparmaq
üçün şəxsi roluna görə minnətdarıq.
Zənnimcə, Rusiyanın bu mənada
üstünlük əldə etməsini demək
yanlışdır. Bu məsələ həm
Prezident Obama, həm də dövlət katibinin şəxsi
diqqətindədir. Hərdən bəziləri
deyirlər ki, əgər doğrudan da fəal
olsaydınız, indiyədək daha çox irəliləyiş
əldə edilərdi. Məncə, bu, bir
qədər ədalətsiz münasibətdir. Azərbaycan xalqı yaxşı bilir ki, bu çox
mürəkkəb məsələdir. Hazırda
həm biz, həm də digər həmsədrlər prosesdə
əvvəlkindən də daha çox iştirak etmək,
müsbət rol oynamaq niyyətindəyik. Bu il Minsk qrupu 20
illiyini qeyd edir. Ümid edirik, bu
ildönümünü Minsk qrupunun uğurları və əldə
edə bilmədiklərinə nəzər salmaqla, gələcək
illərdə daha çox nailiyyət əldə etmək
üçün şərait yaratmaqla qeyd edəcəyik.
Emosiyalar yüksəkdir. Amma
bizim tərəfdən prosesə sadiqliyimiz,
iştirakımız və niyyətlərimizdə heç
bir azalma yoxdur.
- Fransa
qanunverici orqanının Osmanlı İmperiyası
dövründə - 1915-ci ilin tarixi hadisələrini inkar edənləri
cəzalandırmaq barədə qərarı Azərbaycan və
Türkiyədə bu ölkənin Minsk qrupunun həmsədri
kimi qərəzli vasitəçi olduğu barədə fikirlərə
gətirib çıxarıb. Fransanın
danışıqlar prosesindən həmsədr kimi
uzaqlaşdırılması və Türkiyənin gətirilməsi
çağırışları gündən-günə
artır. ABŞ-ın bununla bağlı
mövqeyi necədir?
- Biz
Fransanın həmsədr kimi bu illər ərzində
oynadığı rolu yüksək qiymətləndiririk. Düşünürük ki, bu rol çox əhəmiyyətli
olub. Bu, Prezident Sarkozidən başlayaraq
bütün rəsmilərin həmsədr öhdəliyinə
sadiq qalmasını əks etdirir. Biz
inanırıq ki, hazırkı struktur gələcək irəliləyişi
əldə etmək üçün ən müvafiqdir.
Hesab etmirik ki, Minsk qrupunun dəyişdirilməsi
bu mərhələdə kömək edəcək. Əksinə, bizi geri salacaq. Düşünürük
ki, Minsk qrupunun bütün üzvləri prosesdə rol oynaya
bilərlər və qurumun 20 illiyindən istifadə edərək
bu barədə daha geniş müzakirə aparmaq istəyirik.
Fransa qanununa və digər məsələlərə
gəldikdə, biz bəyan etmişik ki, bu
ayrı-ayrılıqda mürəkkəb olan məsələləri
bir-birinə qatmaq lazım deyildir. Münaqişənin
özü buraya digər tarixi məsələləri və
münaqişələri qatmadan kifayət qədər qəlizdir.
- Son 20 ilin nailiyyətlərini qiymətləndirərkən Vaşinqtonda bölgəmiz üzrə mütəxəssislər, demək olar ki, yekdilliklə ən böyük nailiyyətin Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsi olduğunu hesab edirlər. Onların fikrincə, bu uğur tək ABŞ-Azərbaycan yox, ABŞ-ın sabiq sovet məkanında qurduğu uğurlu əməkdaşlıq nümunəsidir. Siz necə düşünürsünüz?
-Bəli, tamamilə belədir. Mən layihənin ən ilkin mərhələsinə dair müzakirələrdə iştirak edirdim. Hamı məsələyə çox skeptik yanaşaraq bunun heç vaxt baş tutmayacağını deyirdi. Həmçinin, ilkin müzakirələr Gürcüstanın qeyri-sabit olduğu bir dövrdə aparılırdı, BTC-yə “kəmər xülyası” kimi baxaraq gülürdülər. Bu layihəyə iştirakçı ölkələr və hətta bizim ölkə tərəfindən kifayət qədər yaradıcı düşüncə, siyasi mərdlik sərf edilib. Çünki BTC yalnız ixrac kəməri deyil. Bu, bölgədə enerji marşrutlarının şaxələndirilməsi, enerji müstəqilliyinin yaradılması, hazırda digər layihələr üçün nümunə kimi istifadə edilən yeni infrastrukturun qurulması, iştirakçı ölkələrdə sürətli iqtisadi inkişafa səbəb olan ilk real addım idi. Bu layihə bizim hər üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə ilə müsbət münasibətlərimizin möhkəmləndirilməsinə kömək edib. Azərbaycan ilə Gürcüstan arasında müsbət inkişafı görməkdən olduqca məmnunuq. Bu möhkəm münasibətlərin inkişaf etməsində BTC kəmərinin böyük rolu olub. Təbii ki, hələ görüləsi çox işlər var - biz müxtəlif hökumətlərlə yeni və təkmilləşdirilmiş infrastruktur, dəmir yolu, yollar və s. məsələlərlə bağlı müzakirələri davam etdiririk. Lakin BTC birinci idi. Özünü sübut edən, çoxsaylı çətinlikləri aşan bu ilk layihə bizə xatırladır ki, mürəkkəb olsa da, planlarımızı həyata keçirə biləcəyimizə inam vacibdir. BTC həm də bu gün digər layihələrlə, məsələn, “Şahdəniz” kimi olduqca cəlbedici layihə ilə nə etmək mümkünlüyünü bizə göstərdi. Ümumiyyətlə, bölgənin gələcəyi çox ümidvericidir. Burada nəqliyyat çətinlikləri mövcuddur. Bundan başqa, mövcud qeyri-sabitlik və münaqişələr hərdən layihələrin işlənilməsinin qarşısını alır. Bununla belə, resursların inkişaf etdirilməsi sürəti olduqca yüksəkdir. 20 il əvvəl buna heç kim inana bilməzdi. Amma bir nəsil vaxt ötməmiş bu mərhələyə çatmaq çox böyük irəliləyişdir. Üzərində işləyəcəyimiz hələ çox məsələ var - qlobal enerji istifadəsi, yeni enerji növləri və s. Sizin hələ nə qədər təbii ehtiyatlarınız var. Bunların ölkənizin iqtisadi mənafeyi uğrunda inkişaf etdirilməsini sübut etmisiniz. Zənnimcə, gələcək inkişaf sürəti də yüksək olacaqdır.
- İkitərəfli münasibətlərimizin daha bir sahəsi özünün kiçik ildönümünü bu yaxınlarda qeyd edib - Azərbaycan-ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə dialoqun on ili tamam olub. Bu dialoq Azərbaycan-ABŞ strateji tərəfdaşlığını necə möhkəmləndirib?
- Bu, tərəfdaşlığımızı olduqca möhkəmləndirib. Əməkdaşlığın əhatə etdiyi iki əsas sahə vardır. Birincisi, birgə işləmək, antiterror mübarizəsində təcrübə və məlumat mübadiləsi, milli təhlükəsizliyə təhdidlərlə birgə mübarizə aparmağı diqqətdə saxlayır. Bu sahə üzrə müsbət və çoxsaylı təmaslar qurmuşuq. İkincisi isə, əsgərlərimiz və hərbi komandanlarımızın birgə təlim apararaq, böhran hallarında əməliyyatlararası qabiliyyətin, ümumi terminologiya istifadəsinin təkmilləşdirilməsidir. Bunlarla bağlı hərbi dialoqumuz çərçivəsində daha çox nailiyyətin əldə ediləcəyinə ümid edirik. Bu il biz adıçəkilən səylər üzrə proqram və təmasları artıraraq hər iki tərəfdən daha çox qoşunların iştirakını təmin etmək yollarını müzakirə etmişdik. O cümlədən, Əfqanıstanda Azərbaycan mütəxəssislərinin özləri ilə gətirdiyi həm mədəniyyəti daha yaxşı başa düşmək, həm də digər sahələrlə bağlı təcrübə birgə səylərimizi artırıb. Bundan başqa, Azərbaycanın öz ərazisində NATO və İSAF qüvvələrinə yardım edərək Şimali Paylaşma Şəbəkəsində oynadığı mühüm nəqliyyat dəhlizi rolu da var. Bunların hamısı Azərbaycana gələcəkdə həm aviasiya, həm də nəqliyyat və daşımada vacib keçidə çevrilməyə yardım edəcək. Azərbaycanın burada iştirakı onun NATO ilə təmaslarının artırılmasına səbəb olub, NATO ilə birgə fəaliyyət üzrə müzakirələrin sayını artırıb. Xatırlatmaq istəyirəm ki, görülən iş təkcə təlimləri deyil, gerçək layihələri, gerçək missiyanı əks etdirir. Mən Bakıda olarkən müdafiə naziri və onun heyəti ilə müdafiə və təhlükəsizlik əməkdaşlığı üzrə bir çox məsələlər üzrə müsbət söhbət apardıq. Gələcəyə baxarkən vacibdir ki, biz amerikalı və azərbaycanlı əsgərləri bir-biri ilə daha yaxından tanış edək, çünki onlar “soyuq müharibə” vaxtından qalan müxtəlif düşüncə tərzi, müxtəlif əməliyyat anlayışına malikdirlər. Lakin onlar artan sayda birgə çətinliklərlə qarşılaşdıqlarına görə, onlarla birgə mübarizə aparmağı da öyrənməlidirlər.
- Münasibətlərimizin 20 illiyini qeyd edərkən daha nəyi vurğulamaq istəyərdiniz?
- Bu tarixi Vaşinqtonda qeyd edəcəyimizdən çox məmnunuq. Sizin səfirlik tərəfindən təşkil ediləcək ziyafətdə iştirak edəcəyik. Ümid edirəm ki, münasibətlərimizin ilk 20 illiyinin inkişaf sürəti növbəti 20 il üçün də nümunə olacaq. Lakin növbəti illərdə biz insanlarımız naminə qarşıda duran bəzi çətin problemləri həll etməliyik. Mən bunun üçün əlimdən gələni etməyə hazıram.
-Söhbətinizə görə minnətdarıq.
Yeni Azərbaycan.-
2012.- 22 fevral.- S.6.