Xocalıda törədilmiş cinayət erməni vəhşiliyinin növbəti ifşasına çevrildi

 

 

Yeni Azərbaycan Partiyası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirib

Dünən Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı 20 il bundan əvvəl tarixin ən qanlı olaylarından biri olan Xocalı faciəsini yaşamalı oldu. Onun sözlərinə görə, bu qanlı hərbi cinayət erməni vəhşiliyinin növbəti bir ifşasına çevrildi. “Azərbaycan xalqına qarşı çevrilmiş bu qanlı cinayət, əslində, müasir tariximizin ən böyük cinayətlərindən biridir. Bu hadisə həm də tarixdə ermənilərin növbəti bir vəhşiliyinin ifşası oldu. Əlbəttə, bu hadisə azərbaycanlılara və türklərə qarşı ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin ilki deyildi. Bu, erməni cinayətinin növbəti nümunəsi idi, amma daha qanlı, daha qəddarcasına törədilmiş cinayət idi. Bir gecədə bir şəhər yer üzündən silindi, uşaqlar, qocalar, qadınlar qətlə yetirildi” - deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini qeyd edib ki, ötən müddət ərzində Xocalı soyqırımına qiymət verilməsi və bu soyqırımının dünyada tanıdılması istiqamətində müəyyən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edib və hadisəyə qiymət verilib. Belə ki, ayrı-ayrı ölkə parlamentləri tərəfindən bu faciənin soyqırımı kimi qəbul olunması ilə əlaqədar ardıcıl səylər göstərilib. “Bu səylərin nəticəsi olaraq Pakistan və Meksika parlamentləri, İƏT Parlament İttifaqı Xocalı faciəsini soyqırımı aktı kimi qəbul edib. Bu istiqamətdə dünyada çox əhəmiyyətli təbliğat işləri aparılıb və bu gün də aparılmaqdadır. Bir neçə gündən sonra qardaş Türkiyədə bu faciənin 20-ci ildönümü ilə bağlı böyük bir yürüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu yürüşün keçirilməsi və onun əzəməti Xocalı faciəsinin bütün dünyaya tanıdılması istiqamətində əhəmiyyətli bir addım olacaq. Amma təbii ki, bizim görüləsi işlərimiz də çoxdur. Həmişə ayrı-ayrı ölkələrin və beynəlxalq qurumların Azərbaycana qarşı törədilmiş haqsızlıqlara münasibətdə ikili standartlarla yanaşdıqlarının şahidi olmuşuq və buna öz etirazımızı bildirmişik. Amma hesab edirəm ki, ikili standartların olması, Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik biz azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində qüvvələrimizi daha ciddi və qətiyyətlə səfərbər etməliyik” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov isə çıxışında ermənilərin işğalçılıq siyasətinin “Böyük Ermənistan yaratmaq” xülyasının tərkib hissəsi olduğunu bildirib. Ş.Usubov qeyd edib ki, Xocalı qətliamı erməni vəhşiliyinin kulminasiya nöqtəsi olub: “Xocalı faciəsi XX əsrin ən dəhşətli kütləvi insan qırğınlarından biri olmaqla Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları olan qüvvələrin birgə həyata keçirdikləri soyqırımı hadisəsidir. Bu bir anın, bir günün içərisində baş vermiş hadisə deyil. Əsl həqiqətdə Xocalı faciəsi mənfur erməni ideoloqlarının özgə torpaqları hesabına “Böyük Ermənistan” dövlətinin yaradılması planlarının tərkib hissəsi olmaqla bu iyrənc siyasətin məntiqi davamıdır. Bildiyimiz kimi, hələ məlum Dağlıq Qarabağ hadisələrinə qədər müxtəlif dövrlərdə ermənilər öz xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı çoxsaylı kütləvi qırğınlar törədib, etnik təmizləmə siyasəti aparıb, nəticədə yüzminlərlə soydaşlarımız öz dədə-baba torpaqları olan daimi yaşayış yerlərindən min bir işgəncələrə məruz qalaraq didərgin salınıblar. 1980-ci illərin sonlarında ermənilər onlar üçün yaradılmış “münbit” şəraitdən istifadə edərək Dağlıq Qarabağ ərazisində qeyri-qanuni silahlı qüvvələr yaratdı. Sovetlər birliyinə məxsus olan və Xankəndində yerləşən 366-cı motoatıcı alay və Dağlıq Qarabağa hadisələr ərəfəsində göndərilmiş bütün hərbi texnika və canlı qüvvə ermənilərin istifadəsinə verildi”.

Ş.Usubov deyib ki, 1991-ci ilin oktyabr ayının sonunda Xocalı ilə respublikanın yer üstü nəqliyyat əlaqəsi tamamilə kəsildi. Onun sözlərinə görə, şəhərin müdafiəsinin zəif olduğunu bilən ermənilər Xankəndi şəhərində yerləşən Sovetlər birliyinə məxsus 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin köməkliyi ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalını dörd istiqamətdən mühasirəyə alaraq, öncə şəhəri ağır artilleriyanın atəşinə məruz qoydu: “Xocalının müdafiə qüvvələrini sarsıtdıqdan sonra hərbi texnikanın müşayiəti ilə minlərlə canlı qüvvə şəhərin üzərinə yeridi. Dinc əhaliyə divan tutuldu, qocasına, qadınına, uşağına məhəl qoymadan hər kəs güllə-baran edildi. Şəhəri tərk etməyə macal tapmış və Ağdam istiqamətində canlarını qurtarmaq üçün qaçmağa cəhd edən dinc sakinlər ermənilər tərəfindən əvvəlcədən hazırlanmış tələyə salındı, onların bir hissəsi qətlə yetirildi, qalanları girov götürülərək işgəncələrə, olmazın müsibətlərə məruz qaldılar. Onların bəziləri diri-diri yandırıldı, bəzilərinin başları qurbanlıq qoyun kimi kəsildi, bədən üzvləri kəsilib götürüldü. Faciə zamanı şəhərdə olan 3000 nəfərdən 613 nəfəri qətlə yetirilib ki, onlardan 59 nəfəri azyaşlı, 70 nəfəri qocalar, 106 nəfəri isə qadınlardır. Səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb və nəticədə müxtəlif dərəcədə xəsarət alaraq əlil olublar. 150 nəfərin taleyi isə bu günə qədər bəlli deyil”.

İcra başçısının sözlərinə görə, Azərbaycan dövləti bu cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün lazımi işləri davam etdirir. O, həmçinin, deyib ki, Xocalı sakinləri hazırda ölkənin bir çox yerlərində yaşayış yerləri ilə təmin olunub, onlar üçün bütün sosial infrastrukturu olan yaşayış massivləri salınıb. Ş.Usubov qeyd edib ki, Goranboy rayonunda salınmış 4 qəsəbədə yüzlərlə ailə məskunlaşıb.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Nizami Səfərov isə çıxışında bildirib ki, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunması üçün ölkəmiz lazımi addımları atıb, müvafiq qanunvericilik işləri həyata keçirilib. Eyni zamanda, ölkəmiz müvafiq beynəlxalq konvensiyaya da qoşulub. “Artıq hüquq mühafizə orqanları tərəfindən bütün lazımi işlər görülüb və cinayət törədənlər beynəlxalq axtarışdadır. Təəssüf ki, həmin şəxslər qonşu dövlətlərdə və Avropada sərbəst şəkildə hərəkət edirlər. Həmin dövlətlər cinayətkarların Azərbaycana verilməsini əngəlləyirlər” - deyə, o qeyd edib.

Məsələnin beynəlxalq səviyyədə həllinə gəlincə, N.Səfərov bildirib ki, bu tipli cinayətlərlə Beynəlxalq Cinayət Məhkəməsi məşğul olur. Burada da problemin olduğunu deyən şöbə müdirinin sözlərinə görə, bu məhkəmənin nizamnaməsi 2002-ci ildə qüvvəyə minib: “Nizamnaməyə əsasən Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyətə başladığı vaxtdan əvvəl baş vermiş hadisələrlə bağlı cinayət təqibinə cavabdeh deyil. Amma belə bir təcrübə var ki, 2005-ci ildə Litvanın baş naziri terror nəticəsində öldürüldükdən sonra bu dövlətin müraciəti əsasında cinayətkarların tapılması üçün tribunal yaradıldı. Əgər bir nəfərin öldürülməsinə görə məhkəmə yaradılıbsa, onda Xocalıda törədilmiş hərbi cinayətə görə də məhkəmə yaradıla bilər. Hesab edirəm ki, Azərbaycan da nəzəri cəhətdən Xocalıda baş vermiş cinayətlə əlaqədar məhkəmənin yaradılması üçün BMT-yə müraciət edə bilər. Amma bunun üçün BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən qərar qəbul olunmalıdır. Eyni zamanda, bu qanlı olaylarda zərər çəkmiş azərbaycanlılar Avropa məhkəmələrinə müraciət edə bilər. Çünki bəzi Avropa dövlətləri var ki, insanlığa qarşı cinyayətlərlə bağlı qanunlar qəbul ediblər”.

N.Səfərov gec-tez Xocalı qətliamını törətmiş canilərin məhkəmə qarşısına çıxarılacağına inandığını deyib.

 “1992-ci il 26 fevral tarixi dünya üçün qara bir gündür. Həmin gün müasir dünyanın gözü qarşısında Xocalı qətliamı törədilib”. Bunu isə tədbirdəki çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. H.Kılıç bildirib ki, Azərbaycanın hiss etdiyi acılar Türkiyənin də acılarıdır. Xocalı qətliamında 613 nəfər bacı və qardaşlarımızın öldürüldüyünü deyən səfir onların ailələrinə, yaxınlarına bir daha başsağlığı verib. “Xocalı faciəsi hər birimizin hafizəsindədir və bunu əks etdirən faktlar, canlı şahidlər var. Təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bizə qarşı törədilənləri görmürlər. Uydurma “soyqırımı” iddia edənlərə demək lazımdır ki, əsl soyqırımını siz törətmisiniz. Bizim bu istiqamətdə işləməyimiz lazımdır” - deyə, diplomat vurğulayıb.

Səfir Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədə də bir çox tədbirlərin keçiriləcəyini deyib. Onun sözlərinə görə, fevralın 26-da İstanbulun “Taksim” meydanında soyqırımına həsr olunmuş böyük yürüş olacaq. “Bu tədbirlə dünyaya qardaşlığımızı, həmrəyliyimizi açıq şəkildə göstərəcəyik. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı Türkiyə parlamentində xüsusi müzakirələr keçiriləcək. Həmçinin, ölkəmizin müxtəlif şəhərlərində tədbirlər olacaq. Əslində, Xocalı qətliamı dünyanın gündəmindədir. Bu məsələdə biz Azərbaycanın yanında olacağıq. Necə ki, Azərbaycan Türkiyənin yanındadır” - deyə, diplomat vurğulayıb.    

H.Kılıç bildirib ki, Xocalı faciəsini unutdurmağa cəhdi edənlər 100 il əvvəlki hadisələr barədə məsələləri qaldırmaq istəyirlər. “Fransa Senatında “erməni soyqırımı” ilə bağlı məlum qərar qəbul ediləndə Azərbaycan Prezidentinin və Milli Məclis üzvlərinin, cəmiyyətin müxtəlif təbəqələrinin Türkiyəyə dəstəyini gördük. Bu bir daha göstərdi ki, Azərbaycanla Türkiyə birdir və birlikdə hərəkət edir. Amma içimizdə də elə qüvvələr var ki, yanlış mövqedədirlər. Bu qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək və biz öz yolumuzla gedəcəyik” - deyə, səfir qeyd edib.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva isə qeyd edib ki, dünya ölkələrinə Xocalı faciəsi ilə bağlı bir çox dillərdə tərcümə olunmuş materiallar göndərilməlidir. O həmçinin bildirib ki, dünyaya yalnız Xocalı deyil, ermənilərin Qarabağın digər ərazilərində, həmçinin, ötən əsrdə Quba, Şamaxı və digər bölgələrdə törətdiyi soyqırımlar barədə məlumatlar verilməlidir.

 Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cəmiyyətimizdə də Xocalı soyqırımı ilə bağlı təbliğat işlərinin güclənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, azərbaycanlıların qüruru xalqımızın başına gəlmiş soyqırım barədə danışmağa imkan vermir. Komitə sədri qeyd edib ki, bizim vəzifəmiz bu hadisəyə hüquqi qiymət verməkdən ibarətdir: “Xocalıda baş vermiş cinayətlə əlaqədar hüquq mühafizə orqanları istintaq işi aparıb. Əgər Azərbaycanın indiki beynəlxalq nüfuzu bu  hadisə törədilən zamanlarda olsaydı, lazımi beynəlxalq məhkəmə yaradıla bilərdi. Hesab edirəm ki, indiki şəraitdə məsələyə milli məhkəmələr səviyyəsində baxılmalıdır. Əgər bu cinayətlə bağlı məhkəmə hökmü olsa, gələcəkdə bu amildən istifadə edib beynəlxalq müstəvidə məqsədimizə nail ola bilərik”.

Millət vəkili Vahid Əhmədov da milli məhkəmələrin Xocalıda baş vermiş cinayətlə əlaqədar qərar verməsi təklifini dəstəkləyib. Onun sözlərinə görə, Qubada soyqırım abidəsi tikilir və bu abidə bütün dünyaya erməni cinayətini nümayiş etdirəcək.

Millət vəkili Hüseynbala Mirələmov isə Xocalı soyqırımının mənəvi obrazını yaratmağı təklif edib: “Hesab edirəm ki, “Xocalı harayı” adlı musiqi əsəri yaradılsa, bu da insanlara faciənin miqyasını anlada bilər”.

AVP sədri,  millət vəkili Fəzail Ağamalı isə çıxışında deyib ki, Xocalı faciəsinin dünyaya çatdırılması işində xarici ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatları sistemli fəaliyyət göstərməlidir. O həmçinin, ölkəmizdə “Soyqırımı Tanıtma Mərkəzi” yaratmağı da təklif edib.

Millət vəkili  Musa Qasımlı isə soyqırım muzeyinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov “dəyirmi masa”da aparılan fikir mübadiləsinin, səsləndilən təkliflərin Xocalı soyqırımının dünyada tanıdılması işinə töhfə verəcəyinə inamını ifadə edib.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2012.- 23 fevral.- S.4.