Azərbaycanda bütün dinlərə bərabər şərait yaradılır

 

 

Siyavuş Novruzov: Azərbaycan müstəqil dövlətdir müstəqil olaraq öz siyasətini aparır

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb:

- Azərbaycanda dini sahədə gərginlik var. Son günlər müxtəlif ittihamlarla tutulanların da əksəriyyəti dindardır. Bunun səbəbi nədir?

- Azərbaycanda bütün dinlərə, təriqətlərə normal münasibət göstərilir. Bu yaxınlarda Avropa Xalq Partiyasının prezidenti Uilfrid Martens yaxşı bir bəyanat verib. O deyib ki, tolerantlığın necə olduğunu Azərbaycandan öyrənin. Bu, bütün dünyaya ünvanlanan mesajdır. Azərbaycanda bütün dinlərə bərabər şərait yaradılır. Hər bir şəxsin istədiyi inanca tapınmaq hüququ azadlığı var.

Azərbaycanda islam dininin, dini inancın böyük tarixi var. Sovet hakimiyyətinin ən kəskin vaxtlarında belə Azərbaycanda islam dininə böyük inanc olub, insanlar oruc tutublar, namaz qılıblar, ibadət ediblər. İranda isə hazırda dindən xalqı idarə etmək kölə vəziyyətində saxlamaq üçün bir metod, vasitə kimi sui-istifadə olunur.

Əsl islam dini Azərbaycandadır. Bu gün ölkəmizdə islam digər dinlərlə bərabər öz funksiyasını yerinə yetirir. Yəni bütün dinlərə hörmət etməklə yanaşı hər bir dinin islama hörmətlə yanaşması təmin olunur. Ölkəmizdəki islamda, dində fundamentalizm, radikalizm, terror yoxdur. Azərbaycandakı dini tolerantlıq Avropa, dünya üçün bir nümunədir. Bizim ölkədə mömin var, mömin olmayan da var, amma insanlar bir-birinə hörmətlə yanaşır, bir yerdə yaşayırlar. Allah birdir, kimin ilahiyə hansı vasitəylə xidmət, ibadət etməsi öz işidir. Burada ayrı-seçkilik salmaq, fərqli şeylər axtarmaq lazım deyil.

- Azərbaycan dövləti rəsmi olaraq İslam Partiyasının fəaliyyətini qadağan edib. Amma partiya adı altında dindarlar, inanclılar fəaliyyət göstərirlər. Onlar isə hazırkı iqtidara müxalifətdədirlər. Hüquq mühafizə orqanları tez-tez islamçıları, dindarları həbs edir. Onların fəaliyyətində həqiqətənmi qanun pozuntuları tez-tez olur?

- Konstitusiyaya görə, ölkədə din dövlətdən ayrıdır. Hətta din xadimləri seçkilərdə də iştirak etmirlər. Səsvermə hüquqları var, amma namizəd ola bilməzlər. Bu həm də insanın seçim yoludur ki, sən hansı yolu gedəcəksən. Azərbaycanda həm dinlə, həm də siyasətlə məşğul olmaq mümkün deyil. Bunlardan birini seçməlisən və seçdiyin yolu da əsaslandırmalısan.

Azərbaycanda İslam Partiyası adında siyasi təşkilatın qurulması, onun klassik dini təmayüllər əsasında fəaliyyət göstərməsi mümkün deyil. Almaniyada Xristian Demokrat Partiyası var. Lakin bu partiyanın məqsəd və məramı xristianlığı yaymaq, genişləndirmək deyil. Sırf klassik dini təmayül üzərində siyasi təşkilat qurmaq dünyanın heç bir yerində yoxdur. Azərbaycanda da bu mümkün deyil və olmayacaq.

Kim islamla, dinlə klassik formada məşğul olmaq, dindar olmaq istəyir, gedib “Quran” oxusun, moizə söyləsin, dini ayinləri yerinə yetirsin, imkanı varsa, imkansızlara yardım etsin, xeyriyyəçilik etsin. İslamın konstitusiyası “Qurani-Kərim”dir. Əgər bu insanlar həqiqətən dindardırlarsa, dinlə klassik formada məşğul olmaq istəyirlərsə, “Quran”dan irəli gələn öhdəlikləri yerinə yetirsinlər. Amma kimsə dindən vasitə kimi istifadə edib hansısa ölkələrin təhriki ilə ara qarışdırmaq, hakimiyyət uğrunda qeyri-sivil və qeyri-qanuni yolla mübarizə aparmaq, hansısa dövlətlərdən pul alıb təxribat yaratmağa xidmət edirsə, belələrini nə din, nə Allah, nə də dövlət, cəmiyyət bağışlayacaq.

İslam dünyasının ən böyük şəxsiyyətlərindən biri Həzrət Əlidir. Həzrət Əli heç vaxt hakimiyyət uğrunda mübarizə aparmayıb, həmişə ədalət uğrunda mübarizə aparıb, döyüşüb. Həzrət Əlidən nümunə götürsünlər. Amma baxanda görürsən ki, bəzi dindarlar tamamilə başqa işlərlə məşğul olurlar. Bu insanlar heç ədalət hissinin yanından belə keçmirlər. Ədalət anlayışı olmayan adam dindən, imandan danışır.

- Azərbaycanın hüquq mühafizə orqanları öz vətəndaşlarını qanunu pozmaqda günahlandırır və həbs edir. Bu məsələyə İranın reaksiya verməsini nə dərəcədə doğru hesab edirsiniz?

- İran başını itirib və nə etdiyini bilmir. Azərbaycanın daxili işlərinə qarışması da bundan irəli gəlir. İran bu gün özünə dost axtarmaq əvəzinə düşmən axtarmaqla məşğuldur. Amerikaya gücü çatmır, başqa dövlətlərlə höcətləşməyə başlayır. Azərbaycan müstəqil dövlətdir və müstəqil olaraq öz siyasətini aparır. Bizimlə qonşu olan hər bir dövlətlə, Ermənistanı çıxmaq şərtilə, çox xoş münasibətlər yaratmaqda israrlıyıq, bununla bağlı mövqeyimizi ortaya qoymuşuq. Lakin İran qonşu ölkənin daxili işlərinə qarışmaq, qonşunun ərazisində problem axtarmaq, o cümlədən müxtəlif qrupları dəstəkləmək siyasəti yürüdür.

Əslində, bunların da obyektiv və subyektiv səbəbləri var. Çünki İranın ərazisində 35 milyon azərbaycanlı yaşayır. İranın burada göstərdiyi fəaliyyət, Azərbaycana göndərdiyi adamlar, maliyyələşdirdiyi dırnaqrası dindarlar İranda 35 milyon azərbaycanlının yaşamasından irəli gəlir, bunun nəticəsidir.

Yeri gəlmişkən, hesab edirəm ki, İranda, köklü, əzəli torpağında yaşayan Azərbaycan xalqı öz haqqını tələb etməlidir.

- Azərbaycan dövləti onlara hansısa formada dəstək verə bilərmi?

- İranda 35 milyondan artıq azərbaycanlı yaşayır və dövlətin hər sahəsində çalışırlar. Müxtəlif biznes sahələrinə də rəhbərlik edirlər. Onlar öz talelərinə, öz hüquqlarının bərpasına laqeyd qalmamalıdırlar. Mən bir məsələ də qaldırmışdım ki, azərbaycanlılar nə üçün gedib bir dəfə İran-Ermənistan yolunu kəsməyiblər? Heç olmasa bir dəfə bunu etsinlər, İran-Ermənistan yolunu bağlasınlar. Axı həmin yolla bizə qarşı istifadə olunması üçün silah daşınır, ərzaq aparılır. İranın hər yerində erməni dilində məktəblər var, erməni dilində verilişlər yayımlanır. Bir dəfə buna etiraz ediblərmi? Amma İranda yaşayan azərbaycanlılarla ermənilərin sayı müqayisə oluna bilməz, azərbaycanlılar dəfələrlə çoxdur.

- Necə hesab edirsiniz, Azərbaycandakı dindarların, islamçı qüvvələrin İranla əlaqələndirilməsi nə dərəcədə doğrudur? Bəlkə bu bir ehtimaldır?

- Azərbaycan xalqı, xüsusən də Naxçıvanda, cənub regionunda, Bakının müəyyən kəndlərində yaşayan insanlar əzəldən inanclı olublar. Bu gün isə dinə aidiyyəti olmayan bir qrup adam həmin regionların, insanların adından istifadə edib müxtəlif yollarla öz maliyyə vəziyyətlərini yaxşılaşdırır, İrandan aldıqları pullar vasitəsilə tamamilə fərqli siyasət yürüdür. Bu insanların məqsədi dini yaymaq, təbliğ etmək deyil. Din belə adamlar üçün sadəcə vasitədir.

- Bu proseslər bir məmurun qərarı ilə başlandı. Təhsil naziri Misir Mərdanov vahid məktəbli forması haqqında qərar qəbul etdi və hicablı qızlar dərslərdən kənarda qaldılar. Bəlkə İrana Azərbaycanın daxili işlərinə qarışmaq üçün bəhanə verməmək daha doğru olardı?

- Vahid məktəbli forması ilə bağlı məsələ tamam başqadır. Orta məktəblərdə vahid forma yaxşı bir haldır. Çünki bu, məktəblilər arasında ayrı-seçkiliyin qarşısını alır. Dünyanın hər yerində məktəblilərin vahid forması mövcuddur. Kim evində, küçədə necə istəyirsə, elə geyinib-kecinə bilər, amma məktəbdə yox. Hesab edirəm ki, gələcəkdə ali məktəblər vahid formaya keçməlidir ki, insanlar arasında fərq görünməsin ayrı-seçkilik olmasın.

- Hesab edirsiniz ki, ölkədə hər hansı dini qadağa, dindarlarla bağlı vəziyyət İranın müdaxilə etməsinə, münasibət bildirməsinə əsas ola bilməz?

- İran bəhanə edə bilər? İran Azərbaycanın daxili işlərinə necə müdaxilə edə bilər axı? Azərbaycan müstəqil dövlətdir, BMT-nin üzvüdür, kiminsə bizim daxili işlərimizə müdaxilə etməsinə hüququ yoxdur. Münasibətlərin yaxşı olmasının tərəfdarıyıq. Onlar da bu münasibətlərin yaxşı olmasına çalışmalıdırlar. Bu gün dünya onların əleyhinədir, biz yox.

- İran ətrafında çərçivə günü-gündən daralır. İranın bundan sonra Azərbaycana qarşı mümkün davranışı, addımları nə ola bilər?

- Heç bir davranışı ola bilməz. Bilirsiniz ki, İran nə hərəkət etsə, onun adekvat cavabı olacaq. Təbii ki, İran hansısa addım atsa, Azərbaycan bundan ziyan çəkə bilər. Amma İran öz ərazisində yaşayan azərbaycanlıları da nəzərə almaldır. Bu dövlət başa düşməlidir ki, orada yaşayan azərbaycanlılar İranın ərazisindən Azərbaycan Respublikasına hər hansı müdaxiləyə yol verməzlər. Bu, məsələnin birinci tərəfi.

Eləcə də yaddan çıxarmayaq ki, İran ordusunda da xeyli azərbaycanlı var. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu problemlər davam etdikcə çevrə daralacaq. Əsas odur ki, hadisələri, prosesləri əmin-amanlıqla, sülhlə, ehtiyatla yoluna qoymaq lazımdır. Sözsüz ki, İrana qarşı ədalətsiz halları da istisna etmək lazımdır. Amma İran öz davranışına fikir verməlidir.

- Son həbslərlə bağlı rəsmi açıqlama yoxdur. Sizcə, bunun səbəbi nə ola bilər?

- İstər islamçı olsun, istər qeyri-islamçı, əgər qanunu pozubsa, o, cavab verməlidir. Nə din, nə siyasi əqidə insanları qanunu pozmaqdan kənarda saxlamır.

 

Yeni Azərbaycan.- 2012.- 23 fevral.- S.3.