Azərbaycan-NATO əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir

 

 

Prezident İlham Əliyev: NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir

Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.

Heç kəsə sirr deyil ki, XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri məhz nəhəng geosiyasi vahid olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra beynəlxalq hüququn tamhüquqlu subyektləri və beynəlxalq münasibətlər sisteminin formal müstəqilliyə malik olan aktorları qismində çıxış edən milli dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sözügedən kardinal dəyişiklik isə öz növbəsində beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların və ümumi düzənə müvafiq proseslərin meydana gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik əldə etmiş milli dövlətlərin, o cümlədən, Azərbaycanın qarşısında dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq olan xarici siyasət kursu və strategiyasının hazırlanması, həmçinin, icra edilməsi vəzifəsi dururdu.

Amma müstəqilliyin ilk iki ilində ölkəyə irrasional təfəkkürə malik olan səriştəsiz qüvvələrin rəhbərlik etməsi nəinki müstəqil xarici siyasət kursunun həyata keçirilməsini mümkün etmədi, hətta Azərbaycan regional prosesləri istiqamətləndirmək istəyində olan imperialist güclərin geosiyasi oyunlar məkanına və siyasi-ideoloji qarşıdurma meydanına çevrildi.

Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, xarici siyasət kursunda da müsbətə doğru kardinal, operativ və effektiv dəyişikliklər baş verdi. Milli maraqlara müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanı beynəlxalq münasibətlər sisteminin müstəqil, suveren aktoruna və milli dövlətlərin bərabərhüquqlu strateji tərəfdaşına çevirdi.

Beləliklə, məhz bundan sonra Azərbaycan özünün rasional və praqmatik xarici siyasət kursunun fonunda əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini inkişaf etdirdi, regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması yönündə əhəmiyyətli təşəbbüslərlə çıxış etdi. Vurğulamaq lazımdır ki, beynəlxalq münasibətlər sisteminin müstəqil, suveren, güclü və nüfuzlu aktoru olan Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də milli, regional və beynəlxalq təhlükəsizlik sisteminin təmin olunması yönündə ardıcıl fəaliyyət təşkil edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməkdədir.

Dövlətimizin xarici siyasət strategiyası fonunda reallaşdırılan kursun mühüm istiqamətlərindən birini də Azərbaycan-NATO münasibətləri təşkil edir.

Sirr deyil ki, NATO beynəlxalq təhlükəsizlik kontekstindən aparıcı hərbi-siyasi alyans, lokomotiv aktor səciyyəsi daşıyır. Eyni zamanda, milli dövlətlərin xarici siyasət strategiyasında bu ittifaqla əməkdaşlıq xüsusi yer tutur. Bu əməkdaşlıq isə bəhs olunan Alyans daxilində üzv dövlət kimi təmsil olunmaq və onunla müxtəlif proqramlar çərçivəsində tərəfdaşlıq etmək formasında təzahür edir. Beynəlxalq təhlükəsizlik sisteminə mühüm töhfələr verən Azərbaycan da regional və qlobal miqyasda qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri çərçivəsində Şimalı Atlantika Alyansının müxtəlif proqramlarında təmsil olunur.

Azərbaycan ilk olaraq 1994-cü ildə özünün milli maraqları əsasında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulub. Ölkəmiz sözügedən Proqramda təmsil olunmaqla həm də təhlükəsizlik nöqteyi-nəzərindən özünün milli mənafeyinin təmin olunması, regional təhlükəsizliyə mühüm töhfələrin verilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Eyni zamanda, Proqram Azərbaycanın NATO üzvü olan, demokratiya və bazar iqtisadiyyatı sahəsində geniş təcrübəyə malik ölkələrlə inteqrasiyasına, qarşılıqlı əməkdaşlıq münasibətlərinin dərinləşməsinə, təcrübə mübadiləsinin sürətlənməsinə əlverişli şərait yaradıb. Məlumat üçün bildirək ki, 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfər edən Ulu öndər Heydər Əliyev Şimali Atlantik Alyansının Brüsseldəki mənzil-qərargahında NATO “Sülh Naminə Tərəfdaşlıq Proqramının Çərçivə Sənədi”ni imzalayıb.

Bunun ardınca isə 1996-cı ildə Azərbaycan NATO-nun Planlaşdırma və Təhlil Proqramına qoşulub. Proqramda NATO-nun digər proqramlarının koordinasiya edilərək həyata keçirilməsi üçün ölkələrin müdafiə strukturlarının fəaliyyətinin planlaşdırılması öz əksini tapıb. Sözügedən Proqram çərçivəsində Azərbaycanla NATO arasındakı institusional əməkdaşlıq daha da dərinləşib. Digər tərəfdən, Azərbaycan təhlükəsizlik məsələləri üzrə NATO ilə “16+1” dialoquna başlayıb, Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra tədbirlərdə təmsil olunub.

Ölkəmizin NATO ilə əməkdaşlığının növbəti mərhələsini isə “Fərdi Əməkdaşlığa dair Fəaliyyət Planı” (İPAP) çərçivəsində həyata keçirilən tərəfdaşlıq münasibətləri təşkil edir. Qeyd edək ki, sözügedən sənəd fəaliyyətin əsas diqqət mərkəzini ölkə daxilindəki institusional islahatlara yönəldir. İki illik müddət üçün nəzərdə tutulan bu proqramlar əsasən dörd sahəni - siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri, hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər, ekologiya, elm problemləri və ictimai məsələlər, informasiya mübadiləsi və inzibati məsələlər olan problemlərin həlli yollarını əhatə edir. İPAP tərəfdaş dövlətlərin təhlükəsizlik sektorunun NATO-ya inteqrasiyası istiqamətində konkret tədbirləri əks etdirir. Plan, həmçinin, NATO-nun müttəfiq dövlətlərinin tərəfdaş ölkələrə yardım edə biləcəyi sahələri, təlim və tədris imkanlarının artırılması yollarını müəyyənləşdirir.

Azərbaycanın İPAP-a qoşulması məsələsi 2005-ci il aprelin 28-də Brüsseldə “NATO+Azərbaycan” formatında keçirilmiş görüşdə təsdiqlənib. Daha doğrusu, 2004-cü ilin mayında NATO-nun mənzil qərargahına səfər edən Prezident İlham Əliyev Azərbaycanın İPAP Təqdimat Sənədini NATO rəhbərliyinə çatdırıb. 2005-ci il mayın 27-də isə Şimali Atlantika Şurası Azərbaycanın “Fərdi Əməkdaşlığa dair Fəaliyyət Planı”nı təsdiq edib. İPAP-da əksini tapan müddəalara görə, Azərbaycanın xarici siyasətinin əsas məqsədi Avropa strukturlarına və institutlarına paritet inteqrasiyadır. Həmçinin, Azərbaycan sözügedən Alyansla əməkdaşlıq çərçivəsində Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlıq Əməliyyat Proqramı (PAP DIB), Planlaşdırma və Analiz Prosesi (PARP) proqramlarında da müstəqil milli dövlət və tərəfdaş kimi təmsil olunur.

Beləliklə, yuxarıda sadalananlar Azərbaycan-NATO münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq çərçivəsində inkişaf etdiyini göstərir. Cari ilin fevral ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə Alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış edərkən bildirib ki, NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır: “Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən Azərbaycan Avroatlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan, biz nəzərəçarpan irəliləyişi əldə etmişik”. Dövlət başçısı bu əməkdaşlıq çərçivəsində Silahlı Qüvvələrimizin tərkibində aparılan islahatlara da toxunub: “Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də, əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri vardır. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olmuş və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrənmişlər”.

Eyni zamanda o da vurğulanmalıdır ki, Azərbaycan NATO-nun beynəlxalq təhlükəsizliyin təmin olunmasına xidmət edən sülhməramlı əməliyyatlarında da uğurla təmsil olunmaqdadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Əfqanıstanda ilk vaxtlardan olmuşuq. Cənab baş katibin qeyd etdiyi kimi, biz hava məkanından və ərazimizdən keçmək imkanını yaradırıq. Çox şadam ki, Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün biz bu sahədə gələcək əməkdaşlığımızı müzakirə etdik. Əməkdaşlığımızı bu sahədə genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırıq.

Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları əməliyyatlar baxımından üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin, mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin, istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq”.

Yeri gəlmişkən, məsələyə münasibət bildirən, ekspertlər də Azərbaycan-NATO əməkdaşlığının hazırkı durumunu və gələcək perspektivini olduqca yüksək səviyyədə dəyərləndirirlər. Məsələn, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova qeyd edib ki, bu gün Azərbaycan Respublikası özünün müstəqil və çoxşaxəli xarici siyasət strategiyası ilə beynəlxalq təhlükəsizliyin təmin olunması işinə əhəmiyyətli töhfələr bəxş edir: “Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunması işində mühüm əməkdaşlıq münasibətlərinə malikdir. Bu sırada Azərbaycan-NATO münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan NATO-ya üzv olmasa da, sözügedən Alyansın müxtəlif xarakterli proqramlarında uğurla təmsil olunur. NATO da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, çünki Azərbaycan regional təhlükəsizliyin qarantı və inkişaf mənbəyidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan-NATO münasibətlərinin perspektiv inkişafı üçün əlverişli zəmin mövcuddur: “Azərbaycan-NATO münasibətlərinin məqbul tarixi əsasları var. Ölkəmiz NATO-nun regiona yönəlik bütün proqramlarında uğurla təmsil olunub. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizin Şimalı Atlantika Alyansı ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin perspektivi aydındır”.

Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan özünün milli maraqları əsasında NATO-ya paritet inteqrasiya strategiyası həyata keçirir ki, bu da milli, regional və beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən olduqca mühüm əhəmiyyət kəsb edir: “Ümumiyyətlə, Azərbaycan rasional, praqmatik və çoxşaxəli-diversifikasiya olunmuş xarici siyasət kursu həyata keçirir. Bu həm milli maraqlarımızın təmin olunması, həm də regional, beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edilməsi nöqteyi-nəzərindən strateji önəm daşıyır. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından Azərbaycan-NATO əlaqələri xüsusilə vurğulanmalıdır. Ən əsası budur ki, Azərbaycan NATO ilə özünün milli mənafeyi, təhlükəsizliyi əsasında tərəfdaşlıq edir”.

Politoloq deyib ki, Azərbaycan həm də NATO-nun Cənubi Qafqazdakı etibarlı strateji tərəfdaşıdır: “O baxımdan ki, Azərbaycan regional təhlükəsizliyin təmin olunmasına fundamental töhfələr bəxş edir. Ölkəmizin iştirakı olmadan bölgədə hər hansı bir strateji layihə reallaşdırıla bilməz. Azərbaycanın lokomotiv aktor kimi təmsil olunduğu bütün regional miqyaslı, qlobal missiyalı strateji layihələr bölgənin inkişafının və təhlükəsizliyinin təmin edilməsinin qarantı qismində çıxş edir. Bu baxımdan, Azərbaycanın təhlükəsizlik siyasəti regionun lokomotiv aktoru kimi beynəlxalq aləm, o cümlədən, NATO tərəfindən olduqca yüksək səviyyədə dəyərləndirilir”.

“Azərbaycanla NATO arasındakı münasibətlərin perspektivinə gəlincə deyə bilərəm ki, ölkəmizlə alyans arasındakı münasibətlər mütəmadi surətdə inkişaf edərək yeni keyfiyyət çalarları əldə edəcək. Bu gün tərəflər arasında təhlükəsizliklə bağlı bütün istiqamətlərdə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan NATO-ya inteqrasiya prosesinə xüsusi önəm verir. Elə Şimali Atlantika Alyansı da ölkəmizi beynəlxalq təhlükəsizlik sistemində lokomotiv aktor kimi dəyərləndirir. Bu baxımdan, tərəflər arasındakı perspektiv strateji əməkdaşlıq münasibətlərinin perspektivinə dair optimist proqnozlar səsləndirmək mümkündür”, - deyə E.Mirbəşiroğlu vurğulayıb.

 

NURLAN QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2012.- 23 fevral.- S.2.