Azərbaycana qara yaxmaq müxalifətin ideologiyasına çevrilib

 

Əli Əhmədov: Bu sahədə daha çox “çalışan” Əli Kərimlidir

 

Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovdur:

 

- Əli müəllim, son vaxtlar müxalifətin anti-Azərbaycan təbliğatı güclənib. Bunun səbəbləri barədə deyə bilərsiniz?

- Azərbaycanın son illərdə iqtisadi sosial yüksəlişi göz önündədir. Cəmi bir neçə il bundan əvvəl 1 milyard dollarlıq büdcəsi olan Azərbaycan indi 20 milyard dollarlıq büdcəyə malikdir. İnsanların rifahı köklü surətdə dəyişib. İldə bir neçə dəfə əməkhaqları pensiyalar artırılır. Ölkəmizin 9 milyonluq əhalisi var ki, bu da təxminən 2-2,2 milyon ailə deməkdir. Şəxsi istifadədə olan avtomobillərin sayı isə demək olar ki, bir milyona çatıb, bəlkə artıq bu rəqəmi ötüb. Bu o, deməkdir ki, Azərbaycanda təxminən hər  iki ailədən birinin şəxsi avtomobili var. Vaxtilə zənginlik əlaməti olan avtomobil artıq  bu statusunu itirib, çox ailələrin imkanı daxilində olan məişət vasitəsinə çevrilib. Cəmiyyətin həyat səviyyəsi artdıqca, insanların həyat modeli dəyişir. Dediyim kimi, vaxtilə zənginlik əlaməti olan avtomobil indi çoxlarından ötrü məişət vasitəsinə çevrilib. Yaxud başqa bir misalı çəkə bilərəm. Son vaxtlarda insanların mənzil tələbatlarında da ciddi dəyişikliklər baş verib, bunun da nəticəsi özünü mənzil tikintisinin, o cümlədən, fərdi mənzil tikintisinin sürətlə artmasında göstərir. Bakının timsalında fərdi mənzil tikintisinin vüsəti haqqında təsəvvür yaratmaq mümkündür. Vaxtilə boş olan ərazilərdə indi böyük qəsəbələr meydana gəlib, hətta artıq  Bakının sürətlə böyüməsinin yaratdığı çətinliklərdən danışılmağa başlanıb.

Bir sözlə, qısa vaxt ərzində ölkəmizdə insanların həyatının həm səviyyəsi, həm keyfiyyəti, həm dəyərləri dəyişib bütün bu dəyişikliklərin hamısı müsbət işarəlidir. Əvvəllər ölkə iqtisadiyyatının insanların həyat səviyyəsinin aşağı olmasını Azərbaycan hakimiyyətinin günahı kimi əldə bayraq edən müxalifətin artıq həmin arqumenti işləmir. Ancaq onların hakimiyyəti tənqid etmək  istəkləri qalmaqdadır. onlar ağıllı bir şey tapıb cəmiyyətə çatdıra bilmədiklərindən, ənənəvi üsullarına üz tuturlar. Hakimiyyəti tənqid etmək üçün tutarlı faktlar tapa bilmədiklərindən bütövlükdə  anti-Azərbaycan təbliğatına baş vururlar.

- Anti-Azərbaycan təbliğatı bir qayda olaraq hakimiyyətdən daha çox ölkəyə qarşı çevrilir. Onun nəticəsi bütünlükdə Azərbaycanın imici üzərinə kölgə salmaqdır. Müxalifət bundan qazanır?

- Bəli, doğrudan da belədir. Müxalifətin bu gün həyata keçirdiyi anti-Azərbaycan təbliğatından zərər çəkən əsas etibarı ilə ölkəmizin imicidir. Lakin bunu müxalifətin başa düşmədiyini deməyə çətinlik çəkirəm. Əslində, həmin kampaniya bilərəkdən aparılır.

Vaxtilə bolşeviklər “Rusiya üçün nə qədər pis olsa, bolşeviklərə o qədər yaxşıdır” təfəkkürünə istinad edərək özlərinin siyasi mübarizə   taktikalarını qurmuşdular. Həmin ziyanlı siyasi mübarizə taktikasını indi Azərbaycan müxalifətinin bir hissəsi mənimsəyib və hesab edir ki, Azərbaycana nə qədər problem yarada bilsələr o qədər yaxşı olar. Ona görə də, çox iyrənc üsullardan istifadə edərək böhtanlar atır, qarayaxmalar edirlər. Azərbaycanın imicinə xələl vura biləcək nə varsa, hamısını edirlər. Həqiqət ondan ibarətdir ki, Azərbaycana qara yaxmaq indi müxalifətin ideologiyasına  çevrilib. Bu sahədə daha çox “çalışan”  isə Əli Kərimlidir. Narahatlıq doğuran budur ki, Əli Kərimlinin “çalışqanlığı” Azərbaycanın hüdudları ilə bitmir. Onun ölkənin imicinə xələl vurmağa yönəlmiş bəyanatları, uydurduğu yalanlar qəribə bir asanlıqla ayrı-ayrı ölkələrin mətbuat səhifələrinə yol tapır və beləliklə də, Əli Kərimlinin təqdimatında  təhrif olunmuş, tanınmaz hala salınmış Azərbaycan xarici ölkələrdə müzakirə predmetinə çevrilir.

Açığını deyim, Əli Kərimlinin bu cür hərəkətləri, təhrif olunmuş, uydurulmuş Azərbaycan problemlərini xarici ölkələrdə müzakirəyə çıxarmaq cəhdləri nəticə etibarı ilə həmin ölkələrin Azərbaycanın daxili işlərinə qarışmasına zəmin hazırlayır. Hər hansı bir dövlətin Azərbaycanın daxili işinə qarışması isə yolverilməzdir. Hər bir Azərbaycan vətəndaşı öz imkanları daxilində belə hallara qarşı çıxmalıdır. Lakin təəssüf ki, Əli Kərimli kimi bəzi müxalifətçilər dəridən-qabıqdan çıxır ki, Azərbaycan yalançı, uydurma ittihamlarla xarici ölkələrin mətbuatında və ya maraqlı dairələrində müzakirə predmetinə çevrilsin.

- “Eurovision” mahnı müsabiqəsi ölkəmizin mədəni həyatında və tarixində əhəmiyyətli hadisədir. Amma müxalifət sanki buna sevinmir və özlərinin anti-Azərbaycan təbliğatında ondan istifadə etməyə çalışır. Bu nə dərəcədə vətənpərvərlik anlayışı ilə bir araya sığa bilər?

- Təəssüflə bildirməliyəm ki, bəzi müxalifətçilərin vətənpərvərlik anlayışı ciddi qüsurlara malikdir. Xatırlayırsınızsa, bir neçə il əvvəl bir müxalifətçi oğlu ilə birlikdə gecə yarısına qədər oturub gözləmişdi ki, “Evrovision” mahnı müsabiqəsində erməni ifaçıya səs versin. Və bunu da Azərbaycan iqtidarına nifrəti ilə əlaqələndirirdi. Bu, bəzi müxalifətçilərin “vətənpərvərliyini” dərk etmək üçün kifayət qədər ibrətamiz faktdır, deyilmi? Yaxud, 2006-cı ildə Ruslan Bəşirli adlı bir gənc müxalifətçi Gürcüstanda erməni kəşfiyyatçısı ilə Azərbaycana qarşı fəaliyyət planlarını müzakirə edərkən, ifşa edildi. Göründüyü kimi, bir sıra müxalifətçilərin vətənpərvərliyi bundan ibarətdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, onların hər ikisi Əli Kərimliyə yaxın adamlardır.

O ki, qaldı Avropanın ən mötəbər mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar bir sıra müxalifət partiyalarının etirazlarına, bunu qətiyyətlə pisləyirəm. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan ifaçılarının qalib gəlməsi və onun nəticəsi olaraq növbəti müsabiqənin Bakı şəhərində keçirilməsi təkcə mühüm tarixi-mədəni hadisə deyil. Bu həm də gənc Azərbaycan dövlətinin mədəni özünütəsdiqidir. Azərbaycanın tarixini, mədəniyyətini Avropayabütün dünyaya geniş miqyasda təqdim etmək, özünü daha yaxşı tanıtmaq şansıdır. Hər bir Azərbaycan vətəndaşı məsələyə belə yanaşır və imkanı daxilində öz köməyini əsirgəmir. “Eurovisionda qələbə və növbəti Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsi, əslində, indiki halda azərbaycanlıların milli qürur mənbəyinə çevrilib. Açığını demək istəyirəm ki, “Eurovisionun Bakıda keçirilməsinə qarşı çıxan iki qüvvə tanıyıram. Onun biri Azərbaycanı istəməyənlər, ona düşmənçilik edənlərdir ki, onların adını hamı bilir. İkincisi isə, təəssüf ki, Azərbaycan müxalifətinin bəzi dəstəsidir.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2012.- 24 fevral.- S.2.