Azərbaycanın
Xocalı soyqırımının dünyada
tanınması istiqamətində həyata keçirdiyi
tədbirlər müsbət nəticələrini verməkdədir
Milli Məclisin deputatı
İmamverdi İsmayılov www.yap.org.az saytına müsahibə
verib:
-
İmamverdi müəllim, fevralın 26-sı bəşər
tarixinin ən böyük soyqırımlarından olan
Xocalı qətliamının 20-ci ildönümüdür.
Ümumiyyətlə, ermənilərin törətdiyi ən
böyük vəhşiliklərdən olan Xocalı
soyqırımını insanlığa qarşı cinayət
olaraq necə səciyyələndirərdiniz?
- Ermənilərin
xalqımıza qarşı apardığı soyqırım
siyasəti nə bu günün, nə dünən işidir.
Onlar bu terror siyasətini iki yüz ildir ki, müəyyən
fasilələrlə davam etdirirlər. Son iki yüz illik
tarixin hər bir səhifəsini çevirəndə erməni
vəhşiliyini, vandalizmini görməmək mümkün
deyil. Onların yüz illərdir beyinlərində bəslədikləri
qondarma xəyalların həyata keçməsi
üçün qeyri-insani yollardan istifadəyə can
atması hər zaman qanlı qətliamlara, insanlığa
sığmayan faciələrə yol açıb. 1905-1907,
1918 və 1920-ci illərdə, o cümlədən müasir
tariximizdəki Qaradağlı, Xocalı
soyqırımları, işğal olunan rayonlarımızda
aparılan qətliamlar onların çirkin və məkrli
niyyətləri reallaşdırmaq üçün
apardıqları siyasətin tərkib hissəsidir. Bu səbəbdən
də ermənilərin apardığı siyasət məhz
terror siyasətidir. Təəssüf ki, bizim sülhpərvərliyimizdən
istifadə edən erməni şovinistləri XX əsrin
sonunda yeni bir qanlı soyqırımına imza atdılar.
1992-ci ilin fevralın 26-da baş verən Xocalı faciəsi bəşər
tarixinin ən qanlı səhifələrindən biridir.
Ümummilli liderimiz Heydər Əliyev bu faciə haqqında
demişdi ki, “Bu amansız və qəddar soyqırımı
aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu”. Həqiqətən də,
Xocalı soyqırımı dünya tarixinə humanizmə təcavüz
aktı kimi yazıldı.
- Siz
Xocalı faciəsinin baş verməsini hansı amillərlə
əlaqələndirərdiniz? Bu faciədən qaçmaq
mümkün idimi?
- Əslində,
Xocalı faciəsi bir gecənin olayı deyildi. Ermənilər
bu faciəyə Dağlıq Qarabağ münaqişəsi
başlandıqdan, bəlkə də başlamamışdan
öncə hazırlıq görmüşdü. Onlar Qarabağın
digər ərazilərində də bu cür faciələr
törətməyə çalışsalar da, bunun ən dəhşətlisini
Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə
gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin daha aydın şəkildə meydana
çıxdığı dövrə təsadüf etdi. Elə
həmin vaxtdan Xocalı soyqırımının əsası
qoyulmuşdu. Ümummilli lider Heydər Əliyevin SSRİ
Siyasi Bürosundan istefasından sonra erməni akademik Aqanbekyan
Parisdə verdiyi açıqlamada Dağlıq Qarabağ
Muxtar Vilayəti ilə bağlı SSRİ rəhbərliyinə
təklif verdiklərini açıqladı. Ermənilər
sovet təhlükəsizlik orqanlarının əli ilə Azərbaycanın
bir sıra bölgələrində iğtişaşlar
törətdilər və bununla da Ermənistanda yaşayan azərbaycanlıları
öz dədə-baba yurdlarından deportasiya etmək
üçün zəmin yaratdılar. Qarabağ müharibəsində
rusların aşkar şəkildə ermənilərə
yardım etməsi gizli fakt deyil. Hətta törədilən qətllərdə
iştirak etmiş rus, erməni hərbçilərinin
adı bu gün açıq şəkildə bəyan edilir.
Erməniləri silah sursatla tam təmin edən, canlı
qüvvə ilə kömək göstərən imperiya dairələri
azərbaycanlılarda olan ov tüfəngini zorla
yığırdılar. O dövrdə Azərbaycanda rəhbərlikdə
olanlar hələ də Kremlin əmrlərindən
çıxa bilmirdi. Məhz belə bir vəziyyətdə
Xocalı soyqırımı baş verdi. Ermənilər
366-cı alayın köməyilə tarixə ən dəhşətli
qanlı səhifələrdən birini yazdılar. Bu gün də
üstündən 20 il keçən həmin faciəni əks
etdirən fotoşəkillərə, videomateriallara baxmaq
çox ağrılıdır.
- Əsası
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə uğurla inkişaf etdirilən xarici siyasət kursu Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında mühüm rol oynayır. Bu mənada
Xocalı soyqırımının da dünyada
tanınması istiqamətində mühüm işlər
görülür...
- Ulu
öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Xocalı soyqırımına
siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu.
Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis
1994-cü il fevralın 24-də “Xocalı soyqırımı
günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə
hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı
ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, erməni qəsbkarlarının
beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr
kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral
1997-ci il tarixli Sərəncamı ilə hər il fevral
ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad
edilir. Həqiqətən də, son illərdə Xocalı həqiqətlərinin
dünyaya tanıdılması, Ermənistanın
keçmiş sovet hərbi dairələrinin dəstəyi ilə
həyata keçirdiyi insanlıq əleyhinə cinayətin
beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş
görülüb, xarici dillərdə kitablar, sənədlər
dərc olunub, Xocalı soyqırımı ilə bağlı
müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini
açıqlayıb. Bu mənada Pakistan və Meksika parlamentlərinin
qəbul etdiyi qətnamələr xüsusi əhəmiyyətə
malikdir. Bu, Xocalı soyqırımının dünyada
tanınması istiqamətində görülən işlərin
müsbət nəticələridir.
Bu
istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri yetərincədir.
Məhz Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
bir sıra ölkələrdə Xocalı
soyqırımı ilə bağlı tədbirlər
keçirilir. Bununla yanaşı, 2010-cu ilin yanvarın 31-də
İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin Parlament İttifaqının Uqandanın
Kambala şəhərində keçirilən və 51 ölkənin
parlament nümayəndələrinin iştirak etdiyi VI
konfransında “Xocalıya ədalət” beynəlxalq
kampaniyasına dəstək çərçivəsində
xüsusi qətnamə qəbul edilib. Qeyd etmək
lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar
tərəfindən Xocalı faciəsini insanlığa
qarşı cinayət kimi tanıyan ilk qətnamə
sayılır. Bu yaxınlarda isə İƏT Parlament
İttifaqının İndoneziyada keçirilən
toplantısında Xocalı qətliamı soyqırım
aktı kimi qiymətləndirili. Bu prosesdə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti
xüsusi qeyd edilməlidir. Bu isə Azərbaycanın
soyqırımın dünyada tanıdılması istiqamətində
apardığı siyasətin uğuru sayılmalıdır.
Bilirsiniz ki, hazırda dünyanın bir çox ölkələrində
Xocalı faciəsinin 20-ci ildönümü ilə
bağlı tədbirlər keçirilir. Azərbaycan dövləti
bu istiqamətdə öz addımlarını davam etdirir və
Xocalı soyqırımının dünya birliyində
tanınması yönündə aparılan fəaliyyət
müsbət nəticələrini verməkdədir.
Fevralın
26-da Türkiyədə faciə ilə bağlı
böyük bir yürüş keçiriləcək.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti
Xocalı həqiqətlərinin dünyaya tanınması
istiqamətində çoxşaxəli fəaliyyət
nümayiş etdirir.
- Siz
parlamentdə işğal olunmuş iki rayonun seçicilərini
təmsil edirsiniz. Bu mənada dövlətimizin qaçqın
və məcburi köçkünlərimizlə bağlı
siyasətini, görülən işləri necə dəyərləndirirsiniz?
- Azərbaycan
Prezidenti İlham Əliyev hər zaman bildirir ki, biz
işğal altında olan torpaqlarımızın hər
qarışını azad edəcəyik. Və Dağlıq
Qarabağ, işğal olunmuş digər rayonların azad
edilməsi dövlətimizin əsas vəzifəsidir ki, bu
istiqamətdə gedən fəaliyyətdə ölkəmizin
apardığı siyasi kursun nəticələri hər kəsə
bəllidir. Artıq Azərbaycan bütün dünyaya
sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz
ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində
öz həllini tapmır. Bu baxımdan bildirmək istəyirəm
ki, 2011-ci ilin iqtisadi-sosial yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə dair Nazirlər
Kabinetinin iclasında da möhtərəm Prezidentimiz bir daha
bildirdi ki, lazım gəldiyi anda Azərbaycan Ordusu
işğal altında olan torpaqlarımızı azad etməyə
hazırdır. Bu baxımdan birmənalı şəkildə
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüş insanlar dövlətimizə inanır,
möhtərəm Prezidentimizi dəstəkləyirlər. Bu
insanların sosial rifahı, həyat şəraitinin
yaxşılaşdırılması ilə bağlı
sistematik, davamlı işlər görülür. Bildiyiniz
kimi, bir neçə ildir ki, çadır şəhərcikləri
ləğv edilib və orada məskunlaşmış
qaçqın və məcburi köçkünlərin
yaşaması üçün yeni qəsəbələr
salınıb. Qeyd edim ki, möhtərəm Prezidentimizin rəhbərliyi
altında qaçqın və məcburi köçkünlərin
sosial rifahının yüksəldilməsi istiqamətində
əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul
edilib. “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”, “Məcburi
köçkün ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına dair əlavə
tədbirlər haqqında” Sərəncam bu mənada
xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə,
qeyd edim ki, məcburi köçkünlərin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində
dövlət başçısı tərəfindən 20-yə
yaxın Fərman və Sərəncam imzalanıb.
Bütün bu Fərman və Sərəncamlar əməli-praktik
işlərin görülməsi üçün əsasdır.
Bu Fərman və Sərəncamlar qısa müddət ərzində
Azərbaycanda çadır şəhərciklərinin ləğvi,
o cümlədən məcburi köçkünlərin sosial
rifahının yüksəlməsində mühüm rol
oynayır. Yəni dövlətimiz hər zaman bu məsələyə
xüsusi diqqət yetirir.
Yeni Azərbaycan.- 2012.- 25 fevral.- S.6.