Xocalı
soyqırımı - Əsrin faciəsi
Erməni diaspor təşkilatlarının
ianələrinin girovuna çevrilən siyasətçilər
100 il bundan əvvəl baş verdiyi iddia edilən uydurma “erməni
soyqırımı” yalanlarını araşdırmaqdansa, cəmi
20 il öncə baş vermiş və bəzi şahidlərinin
həyatda olduğu, haqqında minlərlə dəlil və
fakt olan əsl soyqırımını tanısın ki,
dünya bu kimi bəlalarla bir daha üzləşməsin
1992-ci il fevralın 25-dən 26-na keçən gecə,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
Xocalı şəhərində XX əsrin ən dəhşətli
faciələrindən biri törədildi. Ermənistan
silahlı qüvvələri SSRİ dövründən Xankəndi
şəhərində yerləşən 366-cı
motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin
köməyi ilə bu şəhəri yerlə-yeksan etdi və
azərbaycanlılara qarşı etnik soyqırımı həyata
keçirdilər. Statistik faktlar da deməyə
əsas verir ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara
qarşı törətdiyi faciə, sözün əsl mənasında,
soyqırımı idi. Belə ki, 2500 Xocalı sakinindən
63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər
qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25
uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən
birini itirdi. Ümumiyyətlə, düşmən
gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı
uşaq olub. 1275 xocalılı əsir, 150
nəfər isə itkin düşüb. Dövlətin
və əhalinin əmlakına 1992-ci il 1
aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində
ziyan vurulub.
Əlbəttə ki, Xocalının strateji hədəf
seçilməsi və şəhər sakinlərinə
qarşı soyqırımının həyata keçirilməsi
təsadüfi deyildi. Bu baxımdan, bir neçə məsələyə
nəzər yetirmək məqsədəmüvafiqdir.
İlk növbədə, o da qeyd edilməlidir ki,
Xocalı coğrafi mövqeyinə görə olduqca
mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, 7000 əhalisi
olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə,
Qarabağ dağının silsiləsində və
Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının
üstündə yerləşir. Şəhərinin
strateji önəmini artıran növbəti amil isə budur
ki, Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir.
Məhz bu, Ermənistanın Xocalıya etdiyi təcavüzünü
şərtləndirən geostrateji amil qismində
çıxış edirdi.
Digər
tərəfdən, Xocalının işğalında həmin
ərəfədə Azərbaycanda hakimiyyətdə olmuş
qüvvələrin də rolu az olmadı.
Belə ki, həmin ərəfədə ölkəyə
rəhbərlik edən irrasional təfəkkürlü
qüvvələrin sərgilədikləri mövqe nəticəsində,
Azərbaycan müxtəlif xarici imperialist güclərin
ideoloji mübarizə və siyasi qarşıdurma meydanına
çevrildi. Bunun fonunda ölkəmizdə sosial, siyasi,
iqtisadi, hüquqi və ideoloji sahələrdə xaos və
deviasiyalarla müşayiət edilən dərin böhran
halları baş verdi. Siyasi sahədə
xaos və kataklizmlərlə müşayiət edilən
antaqonist proseslərin kəskinləşməsi,
separatçılıq meyillərinin və “mərkəzdənqaçma”
tendensiyalarının sürətlənməsi, subyektlərarası
münasibətlərin sürüşkən müstəvidə
dərin ziddiyyətlərlə təzahür olunması,
sosial sahədə asimmetrik təbəqələşmə və
qeyri-paritet münasibətlər sisteminin formalaşması,
dezinteqrasiyanın kəskin xarakter alması, ideoloji sahədə
eksses aktlarının baş verməsi, qarşıdurma və
dağıdıcı mübarizələrin güclənməsi,
iqtisadi sahədə tənəzzül meyillərinin,
hüquqi sahədə isə nihilizmin hökmranlıq etməsi
ölkəni, sözün əsl mənasında, xaos və
kataklizmlər meydanına çevirdi. Bütün
bunların fonunda ölkəni imperialist güclərin
neomüstəmləkəsinə çevirən səriştəsiz
qüvvələrin siyasi “məharət”ləri sayəsində
yaranan bu durum Xocalı soyqırımını şərtləndirən
növbəti amil qismində çıxış etdi. Sirr deyil ki, həmin ərəfədə bəhs
edilən qüvvələrin diqqət mərkəzində nəyin
bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq dururdu.
Məhz buna görə də, xalqımız ard-arda ciddi bəlalarla
qarşılaşdı...
Amma Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə-1993-cü
ildən sonra Xocalı soyqırımına hüquqi qiymətin
verilməsi, onun dünya ictimaiyyətinə
tanıdılması yönündə sistemli və
ardıcıl işlər görüldü. Ümummilli
lider Heydər Əliyev Xocalı soyqırımını təkcə
Azərbaycan xalqına deyil, eyni zamanda, bütün bəşəriyyətə
qarşı yönəlmiş tarixi cinayət kimi qiymətləndirdi.
Öncə 1994-cü ildə Ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
parlamenti-Milli Məclis 26 fevralı Xocalı
soyqırımı günü kimi qəbul etdi. Bunun ardınca isə sistematik surətdə
mühüm təşəbbüslər irəli
sürüldü və bir sıra qərarlar qəbul edildi.
Belə ki, 25 fevral 1997-ci il tarixində Ümummilli lider Heydər
Əliyevin Xocalı soyqırımı qurbanlarının
xatirəsini yad etmək məqsədi ilə
imzaladığı “Xocalı soyqırımı
qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan
edilməsi haqqında” Sərəncamına əsasən, hər
il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikası ərazisində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq
sükut dəqiqəsi elan edilib. Həmçinin,
1998-ci ildə Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamında
Xocalı faciəsi soyqırım kimi adlanıb. 2002-ci ildə isə Milli Məclisdə
soyqırımın 10 illiyi qətnaməsində 1992-ci ilin 26
fevralında baş verənlər soyqırım kimi
tanınıb.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətə müvafiq surətdə
atılan addımlar Xocalı soyqırımının
dünya miqyasında tanıdılması istiqamətində də
olduqca mühüm əhəmiyyət kəsb etdi. Belə ki, hər il bu faciənin ildönümü ölkəmizdə,
dünyanın müxtəlif dövlətlərində
yaşayan soydaşlarımız və digər dost
xalqların nümayəndələri tərəfindən qeyd
olundu, həmçinin, bir çox ölkələrin
nüfuzlu qəzetlərində faciəyə həsr
olunmuş məqalələr çap olundu, televiziya və radio
kanallarında verilişlər yayımlandı.
Ümumiyyətlə,
Ümummilli lider hər il faciənin
ildönümündə Xocalı soyqırımı ilə
bağlı xalqa müraciət edib, faciənin bütün azərbaycanlıların
qan yaddaşına çevrildiyini vurğulayıb. Ulu öndər
Heydər Əliyev Xocalı soyqırımının
ildönümü ilə əlaqədar Azərbaycan
xalqına müraciətində deyib: “Xocalı faciəsi iki
yüz ildən çox müddətdə davakar erməni millətçiləri
tərəfindən xalqımıza qarşı aparılan
etnik təmizləmə və soyqırımı siyasətinin
qanlı səhifəsidir. Müxtəlif
vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə
yeridilən bu mənfur siyasət və düşmənçilik
heç zaman dayanmamış, gah açıq
qarşıdurma və qanlı toqquşmalar şəklini
almış, gah da dövrün tələblərinə
uyğun ideoloji forma ilə pərdələnmişdir”.
Xocalı faciəsinin beynəlxalq
hüquq normalarına əsasən qiymətləndirilməsi...
Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri
SSRİ dövründən Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayın zirehli
texnikası və hərbi heyətinin köməyi ilə
Xocalı şəhərini yerlə-yeksan etməsi və azərbaycanlılara
qarşı etnik soyqırımının həyata
keçirilməsi beynəlxalq hüquq normalarına əsasən
qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət
tərkibli akt kimi dəyərləndirilir. Belə ki,
Xocalının zəbt olunması üzrə həyata
keçirilmiş hərbi əməliyyat zamanı şəhərin
dinc əhalisinə qarşı kütləvi zorakılıq
törədilib ki, bu da konkret olaraq hərbi cinayət kimi
xarakterizə olunur. Həmçinin, azad dəhliz
barədə məlumat Xocalının əhalisinin çoxuna
çatdırılmayıb ki, bu da müvafiq konvensiyalara
ziddir.
Konkret
olaraq, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin
dinc əhaliyə qarşı hərəkətləri Cenevrə
konvensiyasına, həmçinin, Ümumdünya İnsan
Haqları Bəyannaməsinin aşağıdakı maddələrinə
kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən
asılı olmayaraq bu Bəyannamədə təsbit
olunmuş bütün hüquq və azadlıqlara malik
olmalıdır;
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi
toxunulmazlıq hüququ vardır;
Maddə 5. İnsan ləyaqətini alçaldan, insanlıqdan kənar
və qəddar hərəkətlər qadağandır;
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və
ya qovulmalar qadağandır;
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ
vardır və insanın əmlakdan özbaşına məhrum
edilməsi qadağandır;
Həmçinin, Ermənistan silahlı dəstlərinin
hərəkətləri fövqəladə vəziyyətlərdə
və hərbi münaqişələr zamanı
qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə
də tam ziddir.
Xocalı soyqırımının dünyada
tanıdılması, bu şəhərin sakinlərinə
qarşı törədilən erməni vəhşilikləri
haqqında həqiqətlərin dünyaya
çatdırılması məqsədilə tədbirlər
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrdə də davam etdirilir. Dövlət başçısı
hər il Xocalı faciəsi
qurbanlarını anma mərasimlərində, müxtəlif
rayon və qəsəbələrdə soyqırımı
abidələrinin açılışında iştirak edir.
Bu, Azərbaycan xalqının başına gətirilən
faciələrə ən yüksək səviyyədə
verilən qiymətin göstəricisidir. Bu
o deməkdir ki, Azərbaycan ictimaiyyəti və hökuməti
xalqımızın başına gətirilən
soyqırımı faciəsini unutmur, ölkədə
böyüyən yeni nəsil bu tarixi faciə ilə
bağlı həqiqətləri dərindən mənimsəyir.
Millətin, xalqın tarixinə yalnız
keçmiş kimi baxmaq həmin xalqın və ölkənin
gələcək mövcudluğunu təhlükə
altına almaq deməkdir. Müdriklər tərəfindən
əbəs yerə “keçmişini unudanın gələcəyi
olmaz” deyilməyib. Bu baxımdan, Azərbaycan
tarixinin yaxın və uzaq keçmişinə aid hər bir səhifəsi
xalqın yaddaşında iz buraxan, milli təfəkkürün
formalaşmasına təsir göstərən mühüm təcrübə
kimi çıxış edir. Xüsusən
də, ərazilərimizin 20 faizinin düşmən
tapdağı altında olduğu, bir milyondan artıq
soydaşımızın qaçqın və məcburi
köçkün həyatı yaşadığı bir
dövrdə keçmişi tanımaq və tanıtdırmaq
ölkənin bu günü və gələcəyi
üçün daha böyük əhəmiyyət
daşıyır. Məhz bu istiqamətdə
həyata keçirilən dövlət siyasəti də
tarixin yaddaşlarda möhkəmləndirilməsinə, Azərbaycan
həqiqətlərinin dünyada təbliğinə yönəlib.
Xocalı
genosidinin yaddaşlarda daha da möhkəmləndirilməsi məqsədilə,
hər il ölkə daxilində
çoxsaylı kütləvi tədbirlərin keçirilməsi,
uşaqlar və gənclər arasında bununla bağlı
layihələrin, müsabiqələrin təşkil
olunması böyük əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan xalqına qarşı
törədilən vəhşiliklərlə bağlı
tarixi həqiqətlərin ölkə daxilində və
ölkədən kənarda tanıdılması məqsədilə
görülən işlər dövlətin həyata
keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Bu baxımdan, Azərbaycan hər il
olduğu kimi, bu il də Xocalı soyqırımını yad
edir.
Bildiyimiz
kimi, hər il olduğu kimi, bu il də
Prezident İlham Əliyev Xocalı soyqırımının
ildönümü münasibətilə Sərəncam
imzalayıb. Faciənin iyirminci ildönümü ərəfəsində,
yəni, yanvarın 17-də imzalanan Sərəncamda Azərbaycan
xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na
keçən gecənin Xocalı faciəsi kimi daxil olduğu
qeyd edilir: “Ermənistan silahlı qüvvələri
bütün beynəlxalq hüquq normalarına zidd olaraq,
keçmiş Sovet ordusunun Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayının
şəxsi heyətinin iştirakı ilə yatan şəhərə
hücum edərək azərbaycanlılara qarşı
soyqırım aktını törətmişlər”.
Sərəncamda
qeyd olunur ki, qanlı Xocalı qırğınını
törətməklə Dağlıq Qarabağın
hüdudlarından kənara çıxan Ermənistan ordusu Azərbaycana
qarşı genişmiqyaslı təcavüzə
başladı: “Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız
öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin
ərazisinin 20 faizi işğal edildi. Xalqımız
misli görünməyən humanitar fəlakətlə
üz-üzə qaldı”.
Sərəncamda
xüsusi olaraq vurğulanır ki, azərbaycanlılara
qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə
mərhələ-mərhələ həyata keçirdiyi
etnik təmizləmə siyasətinin tərkib hissəsi olan
Xocalı soyqırımı haqqında həqiqətlər
dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və
ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə ağır hərbi cinayət beynəlxalq
miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Dövlət başçısının Sərəncamında
Prezident Administrasiyasına Xocalı soyqırımının
iyirminci ildönümü ilə bağlı tədbirlər
planının hazırlanaraq həyata keçirilməsi
tapşırılıb.
Dünyanın əksər ölkələrində
Xocalı qurbanları yad edilir
Xocalı
soyqırımı ilə bağlı hər il
olduğu kimi, bu il də beynəlxalq miqyasda tədbirlər
keçirilir. Ümumiyyətlə, Xocalı
soyqırımı və digər faciəli günlərlə
bağlı tədbirlər, müxtəlif səpkili aksiyalar
ölkədə və ölkədən kənarda təkcə
faciənin baş verdiyi tarix ərəfəsində deyil,
bütövlükdə il ərzində
reallaşdırılır. Bu işdə
müxtəlif qeyri-hökumət təşkilatları, o
cümlədən, xaricdə yaşayan soydaşlarımız
yaxından iştirak edir, dövlətin siyasətinə dəstək
olmaqla yanaşı, hər bir kəs üzərinə
düşən vətəndaşlıq borcunu yerinə
yetirir.
Xocalı soyqırımının dünyada
tanıdılması istiqamətində görülən
işlər çərçivəsində Heydər Əliyev
Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun son bir
neçə ildə həyata keçirdiyi “Xocalıya ədalət”
kampaniyası öz miqyasına və təsir dairəsinə
görə diqqətəlayiqdir. Fondun Rusiya
Federasiyasındakı nümayəndəliyinin
başçısı, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyeva
2008-ci il may ayının 8-də irəli sürülən
“Xocalıya ədalət” şüarı altında beynəlxalq
kampaniya 57 ölkədə mövcud olan aparıcı gənclər
hərəkatlarını birləşdirən bir qurum olaraq,
Azərbaycan gənclərinin təşəbbüsü ilə
yaradılmış İƏT GF-nin fəaliyyətində
xüsusi yerə malikdir. Xalqımızın ən
ağrılı problemi olan Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
görülən işlər içərisində
“Xocalıya ədalət” kampaniyasının rolu
danılmazdır. Bu kampaniya təkcə
İƏT ölkələrini əhatə etmir, Avropa məkanında,
ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər
keçirilir. Bu kampaniyanın tərkib
hissəsi kimi yaradılan “justiceforkhojaly.org” internet saytı məkandan,
zamandan asılı olmayaraq hər bir kəsin Qarabağ
münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən
xəbərdar olmasına imkan verir.
Ümumiyyətlə,
son illərdə Azərbaycan gənclərinin fərdi qaydada
və qruplar halında internet portallarında, sosial şəbəkələrdə
Xocalı həqiqətlərinin təbliği ilə
bağlı daha fəal və genişmiqyaslı iş
aparması tendensiyası müşahidə olunur. Bu məsələ ilə bağlı üzərinə
düşən məsuliyyəti dərk edən hər bir azərbaycanlı
harada yaşamasından asılı olmayaraq, bu işdə əlindən
gələni etməyə çalışır.
Meksika və Pakistan Senatı
Xocalıda baş verənləri “soyqırımı” kimi
tanıyıb
Sevindirici haldır ki, görülən işlər
öz nəticələrini verməkdədir. Təkcə onu qeyd etmək
kifayətdir ki, 2010-cu il fevralın 25-də ABŞ-ın
Massaçusets ştatı, 2011-ci ilin iyununda Texas
ştatı, ötən ilin noyabr və dekabr aylarında
parlamentin yuxarı və aşağı palatalarının qəbul
etdiyi qətnamələrlə Meksika, bu ilin fevral
ayının 1-də isə Pakistan Xocalı
soyqırımını rəsmən tanıyıb. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan
həqiqətlərinə verdiyi qiymətin göstəricisidir.
Müxtəlif dövlət və
ştatların Xocalı soyqırımını tarixi
gerçəklik kimi tanıması Azərbaycanın dövlət
və ictimai qurumlar səviyyəsində illərlə bu
istiqamətdə apardığı davamlı fəaliyyətin
nəticəsidir. Bu o deməkdir ki,
artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan
xalqına qarşı törətdiyi soyqırım və digər
vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb.
Beynəlxalq ictimaiyyətin həqiqətləri
bilməsi isə tarixi təhrif edən yalan məlumatların
sürətlə yayılmasının və möhkəmlənməsinin
qarşısını alır.
Sözsüz ki, qazanılan uğurlar, Azərbaycanın
bu sahədə artan fəallığı, ölkəmizin
informasiya müharibəsində erməni diasporunun və
lobbisinin fəaliyyətini geridə qoyması
işğalçı ölkə rəhbərliyinin təşviş
və narahatlığını da artırmaqdadır. Çünki Ermənistan tərəfinin
ümidlərinə baxmayaraq, işğaldan keçən illər
ərzində Azərbaycan xalqı tarixi həqiqətləri
nəinki unutmur, əksinə, Qarabağsız böyüyən
yeni nəsil torpaqlarımızın azad olması uğrunda hər
bir sahədə - siyasi, ideoloji, hərbi sferalarda əlindən
gələni etmək üçün daha böyük səy
göstərir. Bütün bunlar təbliğat
maşınını işə salaraq yalan dolu
informasiyaları bütün dünyaya yaymaqla,
özünü məzlum xalq kimi təqdim etməyə
çalışan ermənilərin planlarını
alt-üst edir. Çünki Azərbaycanın
məqsədyönlü və həqiqətə söykənən
təbliğat strategiyası əsl soyqırımının
nədən ibarət olduğunu və kimin soyqırıma məruz
qaldığını tarixi faktlar əsasında
açıq şəkildə ortaya qoyur. Bu gün
dünyanın bəzi ölkələrində erməni
yalanlarının, erməni diaspor təşkilatlarının
ianələrinin girovuna çevrilən siyasətçilər
isə 100 il bundan əvvəl baş verdiyi iddia edilən
uydurma “erməni soyqırımı” yalanlarını
araşdırmaqdansa, cəmi 20 il öncə baş vermiş
və hələ də bəzi şahidlərinin həyatda
olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl
soyqırımını tanısın ki, dünya bu kimi bəlalarla
bir daha rastlaşmasın.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Yeni Azərbaycan.-
2012.- 25 fevral.- S.5.