Xocalı soyqırımına bütün dünyada hüquqi qiymətin verilməsi yönündə fəal iş aparılır

 

Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində ölkəmizin bu faciə ilə bağlı mövqeyi növbədi dəfə birmənalı şəkildə öz əksini tapıb

 

Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.

Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən quruculuq işləri ilə yanaşı işğal altındakı ərazilərimizin azad olunması istiqamətində də səylər davam etdirilir. Təsadüfi deyil ki, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın işğalından azad edilməsi istiqamətində göstərilən fəaliyyətin tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin təbliği, xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə daim iş aparılır.

Bu baxımdan, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması böyük önəm daşıyır. Hadisənin detalları erməni qəsbkarlarının etnik mənsubiyyətinə görə azərbaycanlıları, bütöv bir şəhərin əhalisini məhv etmək məqsədilə törətdiyi insanlıq əleyhinə cinayətin məhz soyqırımı olduğunu nümayiş etdirir. Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə-yeksan edib. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutularaq, 613 nəfər qətlə yetirilib, cəsədlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Əsir düşənlərdən 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Xocalıda törədilən soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Xocalı soyqırımı haqqında həqiqətlərin ölkədə və respublikadan kənarda təbliğinə daim həssas yanaşıb. Bildiyimiz kimi, Xocalı faciəsinin yaddaşlarda daha da möhkəmləndirilməsi məqsədilə hər il ölkə daxilində çoxsaylı kütləvi tədbirlər keçirilir, uşaqlar və gənclər arasında bununla bağlı müxtəlif müsabiqələr təşkil olunur. Bununla yanaşı, mütəmadi olaraq respublikada faciə qurbanlarını anma mərasimləri təşkil edilir, müxtəlif rayon və qəsəbələrdə soyqırımı abidələrinin açılışı gerçəkləşdirilir. Dövlət başçısının birbaşa diqqəti və nəzarəti altında görülən bu işlər sayəsində ölkədə böyüyən yeni nəsil bu tarixi faciə ilə bağlı həqiqətləri dərindən mənimsəyir. Digər tərəfdən, eyni zamanda, beynəlxalq miqyasda bu sahədə görülən tədbirlər nəticəsində Ermənistanın əsl siması ifşa edilir, dünya birliyi azərbaycanlıların məruz qaldığı erməni vəhşiliklərindən xəbərdar olur. Meksika və Pakistan parlamentlərinin, ABŞ-ın bir neçə ştatının Xocalı faciəsini soyqırımı kimi qəbul etməsi bunun əyanı göstəricisidir.

Təqdirəlayiq haldır ki, Xocalı soyqırımının dünyada hüquqi qiymətini alması istiqamətində fəaliyyət 2012-ci ildə də davam etdirilir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində ölkəmizin bu faciə ilə bağlı mövqeyi növbəti dəfə birmənalı şəkildə öz əksini tapıb. Müraciətdə bildirilir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər: “XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.

Müraciətdə deyilir ki, Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. O da bildirilir ki, son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər: “Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir”.

Müraciətdə də deyildiyi kimi, Azərbaycan Respublikası hazırda dünya təhlükəsizlik sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə mühüm rol oynayır. Harada baş verməsindən asılı olmayaraq, Azərbaycan hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət kimi qəbul edir. “Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaqdır” - deyə, müraciətdə bildirilir.

Dövlət başçısının da qeyd etdiyi kimi, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. Müraciətdə Xocalı soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə olunub.

Həqiqətən də, bu gün işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarını uzatmaqla zaman qazanacağına, Azərbaycan xalqına qarşı törədiyi cinayətləri unutduracağına ümid edir. Lakin zaman işğalçı rejimin yanıldığını göstərir. Fevralın 26-da Bakı küçələrindən Xocalı abidəsinə doğru 85 mindən çox insanın iştirakı ilə keçirilən yürüş Azərbaycan xalqının bu məsələdə prinsipiallıq nümayiş etdirdiyini, xalqımızın başına gətirilən bəlaları bir an belə olsun unutmadığını sübuta yetirdi.

Yeri gəlmişkən, məsələyə münasibət bildirən ekspertlər də Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması istiqamətində görülən işləri, həmçinin, Prezident İlham Əliyevin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Məsələn, millət vəkili İmamverdi İsmayılov bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü iş aparır. Onun sözlərinə görə, bu fəaliyyət Ulu öndərin bu sahədə siyasətinin davamı kimi səciyyələnir: “Ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin qəbul etdiyi “Xocalı soyqırımı günü haqqında” xüsusi qərarda hadisənin başvermə səbəbləri, günahkarlar açıqlandı, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi”.

 Millət vəkili qeyd edib ki, son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, ermənilərin törətdiyi bu insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini açıqlayıb. Onun sözlərinə əsasən, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə ölkə rəhbərliyi ilə birgə səmərəli fəaliyyət göstərirlər: “Hazırda dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Azərbaycan dövləti bu istiqamətdə öz addımlarını davam etdirir və Xocalı soyqırımının dünya birliyində tanınması yönündə aparılan fəaliyyət müsbət nəticələrini verməkdədir. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamələrin qəbul edilməsi də Azərbaycan xalqına qarşı törədilən bu cinayətin beynəlxalq miqyasda tanıdılması istiqamətində illərlə görülən işlərin nəticəsidir”.

İ.İsmayılovun fikrincə, Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Azərbaycan xalqına müraciəti dövlətin bu məsələ ilə bağlı mövqeyini bir daha ortaya qoydu: “Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xalqa müraciəti bir daha onu göstərdi ki, Azərbaycan Xocalı soyqırımının dünyada tanıdılması, erməni vəhşilikləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması sahəsində gördüyü işləri, soyqırım cinayətinə görə məsuliyyət daşıyanların cəzalandırılması istiqamətində atdığı addımları bundan sonra da davam etdirəcək”.

O, həmçinin, əlavə edib ki, fevralın 26-da Bakıda, eləcə də, İstanbulun Taksim meydanında və Türkiyənin digər bölgələrində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə keçirilən izdihamlı yürüşlər, mitinqlər və digər kütləvi tədbirlər iki qardaş ölkənin birliyinin nümayişi ilə yanaşı, beynəlxalq ictimaiyyətə, xüsusən də Ermənistanın havadarlarına önəmli mesaj oldu.

Millət vəkili Azər Badamov isə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində dövlətlə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib: “Ümumiyyətlə, Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının yad edilməsi, faciə ilə bağlı tarixi faktların Azərbaycanda və dünyanın müxtəlif regionlarında geniş təbliğ olunmasına xüsusi diqqət yetirir. Dövlət başçısının Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar xalqa müraciəti bunu bir daha təsdiq edir”.

Millət vəkili Xocalı qətliamının dünyada tanıdılması yönündə görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulayıb: “Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildən başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası soyqırımı haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasında aparıcı rol oynayır. İƏT ölkələri ilə yanaşı, Avropa məkanında, ABŞ-da, Rusiyada bu deviz altında keçirilən tədbirlər kampaniyanın miqyasından xəbər verir”.

A.Badamovun sözlərinə əsasən, fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçirilən yürüşlər, kütləvi mitinqlər ermənilərin məkrli niyyətlərinin boşa çıxdığını göstərir: “Bu gün Azərbaycan xalqı ermənilərin soydaşlarımızın başına gətirdikləri bəlaları nəinki unutmur, əksinə Xocalı soyqırımı və digər faciələrin erməni vəhşiliyinin nəticəsi olduğunu bütün dünyaya bəyan edir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Oqtay Sultanov da Xocalı faciəsini XX əsrin soyqırımı adlandırıb: “Xocalıda qətliamın törədilməsi ilə Dağlıq Qarabağ münaqişəsi dünyanın diqqət mərkəzinə çevrilib. Baş verdiyi ilk günlərdə bu faciə haqqında məlumatlar Azərbaycan xalqından gizlədildiyi halda, dünya mətbuatı bu barədə xəbərlər yayıb. Xocalı soyqırımı insanlığa qarşı görünməmiş qəddarlıqlardan ibarət faciədir”.

Professorun sözlərinə görə, 20 ildir ki, Azərbaycan xalqı və dövləti bu soyqırımını dünyada tanıtmağa çalışır: “Lakin təəssüflər olsun ki, dünyada mövcud olan məsələlərə ikili standartlarla yanaşma bəzi ölkələrin xarici siyasətinin əsas prinsipinə çevrilib”.

O.Sultanov onu da deyib ki, Xocalı faciəsinin 20-ci ildönümündə xalqın bu cür izdihamla yürüşə çıxması, həm Xocalı, həm də digər faciələr zamanı şəhidlərimizin ruhuna hörmət, eyni zamanda, bütün dünyaya mesajdır: “Güman edirəm ki, belə bir yürüşün keçirilməsi vasitəsilə ermənilərin saxta “soyqırımı” iddialarının ifşa edilməsi çox təqdirəlayiqdir. Bu, Fransa parlamentinə, eləcə də, bəzi digər dövlətlərin diaspor təşkilatlarına, lobbi qüvvələrinə bir cavabdır. Azərbaycan bu gün Xocalı faciəsinin baş verdiyi 1992-ci ildən tamamilə fərqli bir durumdadır. Azərbaycanın müstəqilliyi möhkəmlənib, beynəlxalq nüfuzu artıb. Bir sıra beynəlxalq təşkilatlarda, Meksikada, Pakistanda Dağlıq Qarabağ problemi, xüsusən də Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul edilməsi bizim böyük qələbəmizdir. İnanıram ki, ən böyük qələbələrimiz hələ irəlidədir və Azərbaycan xalqının 26 fevral yürüşünə qatılması gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səfərbərlik məktəbidir”.

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2012.- 28 fevral.- S.4.