Sumqayıt hadisələri
ilə bağlı təzələnmiş istintaqın
gedişində əsl təqsirkarlar aşkar
olunacaqlar
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a
müsahibəsi:
-
Sumqayıt hadisələrinin 24-cü ildönümü tamam
olur. Ötən il konqresmen Adam Şiff ABŞ konqresində bu
məsələni qaldırmağa çalışdı. Bu
il Kaliforniya ştatının qanunvericilik orqanında
Sumqayıtda “erməni soyqırımı” ilə bağlı
hətta qanun layihəsi irəli sürüldü. Sizcə biz
getdikcə, növbəti uydurma “erməni soyqırımı”
layihəsi təhlükəsi ilə üz-üzə
deyilikmi?
-
Uzun illər ərzində erməni tərəfi öz
separatçı və işğalçı siyasətinə,
Xocalı soyqırımına və Azərbaycan
torpaqlarında törətdiyi digər cinayətlərə bəraət
qazandırmaq cəhdində Sumqayıt hadisələrinə
istinad edir.
Ölkəmizin
ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə
siyasəti həyata keçirmiş Ermənistan Sumqayıt
hadisələrini Azərbaycanın təşkil etdiyi məqsədyönlü
akt kimi təqdim edir. Hələ 1988-ci ildə
başlanmış bu təbliğat kampaniyası dünya
ictimaiyyətinə azərbaycanlıların ermənilərə
qarşı qəddarlığı, ermənilərin azərbaycanlılar
ilə bir dövlət tərkibində birgə
yaşamalarının mümkün olmaması
ideyasının aşılanmasına yönəlmişdir.
Erməni tərəfi öz yalanlarını həqiqət
kimi təqdim etmək məqsədi ilə faktların təhrif
edilməsi, sənədlərin saxtalaşdırılması
və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd
etmədən əl atır. Belə uydurma məlumatlar
İnternet şəbəkəsində kütləvi şəkildə
yerləşdirilir, onların yayılması üçün
xüsusi saytlar yaradılır.
Əgər
bu, əvvəllər yalnız təbliğatla məhdudlaşırdısa,
hazırda Sumqayıtda uydurma “erməni soyqırımı”na
hüquqi don geyindirilməsi istiqamətində fəaliyyətə
başlanılmışdır. Erməni diasporunun uydurma
“1915-ci il erməni soyqırımı”nın xarici ölkələrdə
tanıtdırılması, Türkiyənin üzərinə
məsuliyyətin qoyulması və hətta Fransadakı kimi
onun inkar edilməsinin kriminallaşdırılması istiqamətində
davamlı şəkildə həyata keçirdiyi siyasət
son illər Sumqayıt hadisələrinin təqdimatında da
özünü büruzə verməyə
başlamışdır.
Belə
ki, son vaxtlar Ermənistan Sumqayıt hadisələrinin azərbaycanlılar
tərəfindən “ermənilərə qarşı
soyqırımı” olması fikrini tez-tez səsləndirir və
belə bəyanatlarla müxtəlif beynəlxalq qurumlara
müraciət edir, erməni diasporu isə xarici ölkə
parlamentlərində məsələ qaldırmağa cəhd
göstərir.
Azərbaycan
dövləti erməni tərəfinin dezinformasiya xarakteri
daşıyan fəaliyyətini diqqətlə izləyir, bunun
qarşısının alınması üçün zəruri
tədbirlər görür. Hazırda Sumqayıt hadisələrinə
ədalətli siyasi və hüquqi qiymətin verilməsi, eləcə
də bu hadisələrin təqdimatında uydurma erməni
versiyasının ifşası istiqamətində işlər
görülür.
İlk
növbədə Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası tərəfindən hazırlanmış
üçdilli “www.sumqait.org” saytının
açılmasının əhəmiyyətini vurğulamaq
istərdim. Saytın yaradılmasının əsas məqsədi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl səbəblərini göstərmək
və onun yaranması ilə ermənilərin təbliğat
maşınının uydurduğu saxta Sumqayıt “soyqırımını”
ifşa etməklə Sumqayıt hadisələri barədə
əsl həqiqətləri geniş ictimaiyyətə
çatdırmaq, Azərbaycan və Azərbaycan xalqı barədə
20 il ərzində dünya ictimai rəyində ermənilərin
formalaşdırmağa çalışdıqları mənfi
obrazı dağıtmaqdır. Sumqayıt hadisələrinin əvvəlcədən
təşkil olunmuş erməni provokasiyası olmasını
sübut edən bütün materiallar saytda yerləşdirilmişdir.
Fəaliyyət
yalnız saytın açılması ilə məhdudlaşmır.
Ermənilərin ifşa edilməsi üçün filmlər
çəkilir, məqalələr, kitablar yazılır,
xarici dillərə tərcümə edilir, beynəlxalq səviyyədə
gərgin iş aparılır.
Yalnız
Sumqayıt hadisələri deyil, Xocalı faciəsi,
ümumilikdə Dağlıq Qarabağ münaqişəsi,
onun səbəbləri və xalqımız üçün
ağır nəticələri barədə məlumatların
beynəlxalq ictimaiyyətə çatdırılması
münaqişənin ədalətli həlli üçün
vacib şərtlərdən biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə
qeyd etmişdir ki, Azərbaycan problemin danışıq yolu ilə
beynəlxalq hüquq prinsipləri əsasında ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
nizamlanmasının tərəfdarıdır. Lakin sülh
prosesi yalnız o halda səmərə verə bilər ki,
prosesin iştirakçılarının hərəkətləri
və qərarları həqiqi məlumatlara əsaslansın.
Bu səbəbdən erməni tərəfinin
yaydığı uydurmalar və əsassız iddialar sülh
prosesi üçün yalnız və yalnız əngəllər
törədir və onun effektivliyini böyük şübhə
altında qoyur.
Bu məlumatlar
müasir informasiya texnologiyalarından istifadə edilməklə
bütün beynəlxalq platformalarda daim yayılmalıdır
ki, dünya ictimai rəyində qeyd olunan məsələlərlə
bağlı obyektiv mövqe formalaşsın. Türkiyənin
bu gün qarşılaşdığı problemlərlə gələcəkdə
qarşılaşmamağımız üçün biz
informasiya müharibəsində situativ taktikadan uzaqlaşaraq,
qabaqlayıcı strategiyaya keçməliyik. Yəni, hadisələrin
ardınca deyil, əksinə onların önündə getməliyik,
daim qabaqlayıcı mövqedə olmalıyıq. Bu
çağırışlara cavab olaraq yalnız sistemli
siyasi, hüquqi tədbirlər və ardıcıl fasiləsiz
effektiv təbliğat gələcəkdə uydurma erməni
layihələrinin öz hədəflərinə
çatmayacağına təminat verə bilər.
- 1988-90-cı illərdə
Sumqayıt hadisələrinə hüquqi qiymət verilməmişdirmi?
- Erməni
milliyətçiliyinin ideoloqları - Şaxnazarov, Aqanbekyan,
Kaputikyan, Balayanın separatçı ideyalarının təsiri
altında olan, eyni zamanda, öz siyasi maraqlarını güdən
Qorbaçov tərəfindən erməni millətçi və
separatçılarına göstərilən dəstək
artıq çoxdan sübut olunmuşdur. Məhz Mixail
Qorbaçovun Silva Kaputikyan və Zori Balayan ilə
görüşü bütün erməni millətçilərini
ruhlandırmışdır. Onlara Dağlıq
Qarabağın Azərbaycandan qoparılması üzrə
mübarizənin “rəsmi səbəbi” kimi yalnız qanlı
təxribat lazım idi. Belə “rəsmi səbəb” isə
Sumqayıt iğtişaşları oldu.
Çox
təəssüf ki, Sumqayıt şəhərində təşkil
olunmuş kütləvi iğtişaşlarla bağlı
1988-90-cı illərdə aparılmış istintaq və məhkəmə
prosesləri nəticəsində həmin hadisələrə
ədalətli hüquqi qiymət verilməmişdir. Onun əsl
sifarişçiləri və təşkilatçıları
müəyyən edilib məsuliyyətə cəlb
olunmamışlar. Əksinə, SSRİ Prokurorluğunun
istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin
xuliqanlıq edən elementlər tərəfindən törədilməsi
versiyası üzərində dayanmış və həmin
versiyanın rəsmiləşdirilməsi istiqamətində
iş aparmışdır.
Məhz
Sumqayıt hadisələrinə obyektiv siyasi və hüquqi
qiymətin verilməməsindən istifadə edən erməni
separatçıları Dağlıq Qarabağın Azərbaycanın
tərkibindən zorla çıxarılması prosesinə
başlamışlar. Sumqayıt hadisələrindən dərhal
sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə
Azərbaycana qarşı informasiya kampaniyasına start
verilmişdir. Bu kampaniya artıq 24 ildir ki, ardıcıl şəkildə
davam etdirilir.
Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra erməni təbliğat
maşınının Azərbaycan əleyhinə fəaliyyətinin
qarşısını almaq, həmçinin Sumqayıt hadisələrinin
erməni provokasiyası olmasını dünya ictimaiyyətinə
çatdırmaq məqsədilə o dövr
üçün bütün mümkün vasitələrdən
istifadə edilmiş və Azərbaycan barədə ermənilərin
formalaşdırdığı mənfi obrazı
dağıtmağa nail olunmuşdur.
Cinayətin
əsl təşkilatçılarını məsuliyyətə
cəlb etmək üçün müvafiq beynəlxalq
orqanlara müraciət edilməsi və bunun üçün
hüquqi əsasların müəyyən olunması məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığı ilə Baş
Prokurorluq Sumqayıt şəhərində törədilmiş
kütləvi iğtişaşlarla bağlı cinayət
işləri üzrə istintaqı təzələmişdir.
İstintaqın hərtərəfli aparılması
üçün baş prokurorun birinci müavininin rəhbərliyi
ilə istintaq-əməliyyat qrupu yaradılmışdır.
İstintaq
qrupu tərəfindən Sumqayıt hadisələrinin
çoxsaylı şahidlərinin, həmin hadisələrdən
məlumatı olan digər insanların, o cümlədən
SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin
ifadələri alınmış, xarici ölkələrə
müvafiq sorğular göndərilmiş, arxiv sənədləri
açılmış, mətbuatda verilmiş məlumatlar təhlil
edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri
həyata keçirilmişdir.
-
Aparılan istintaq nəticəsində hansı yeni faktlar
aşkar olunmuşdur?
-
Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət
orqanları tərəfindən təşkil edilməsi barədə
məlumatlar hələ 1989-90-cı illərdə
aparılmış istintaq zamanı əldə edilmişdir.
Lakin
bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən
araşdırılmamışdır. Əksinə, kütləvi
iğtişaşların təşkilatçılarını
aşkara çıxara bilən məlumatlar ört-basdır
edilmişdir. İstintaq Eduard Qriqoryan istisna olmaqla
iğtişaşların yalnız azərbaycanlı
iştirakçılarının məsuliyyətə cəlb
edilməsi ilə məhdudlaşmışdır. Başqa
sözlə, iğtişaşlarda bilavasitə iştirak edən
erməni millətindən olan digər təxribatçılar
məsuliyyətə cəlb olunmamışlar.
Azərbaycanın
hüquq mühafizə orqanlarının sorğularına Ermənistandan
və Moskvadan abstrakt, heç bir informasiya daşımayan
cavablar göndərilmiş, E.Qriqoryanın erməni millətçiləri
ilə əlaqələrinin müəyyən edilməsinə
yönəlmiş əməliyyat-axtarış tədbirlərinin
keçirilməsinə imkan verilməmişdir. Belə şəraitdə
talanların kimlər tərəfindən təşkil edilməsi,
Sumqayıt provokasiyasının arxasında kimlərin
dayanması ilə bağlı əsas suallar cavabsız
qalmışdır.
Yeni
faktlar isə onu göstərir ki, iğtişaşların
törədilməsinə hazırlıq hələ xeyli
müddət əvvəl başlamışdır. Sumqayıt
hadisələri ərəfəsində Ermənistandan və
Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə
çoxlu sayda milliyyətcə erməni olan şübhəli
şəxslər gəlmiş, onların bir qismi
yığcam olaraq mehmanxanalarda və yerli ermənilərin mənzillərində
yerləşdirilmişdir.
Həmin
şəxslər Sumqayıtda yaşayan ermənilərlə
çoxsaylı görüşlər keçirmiş,
onları təlimatlandırmış, baş vermiş
kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa
çıxmışlar. Dövlət Təhlükəsizlik
Komitəsinin açılmış arxiv materiallarından məlum
olmuşdur ki, Dağlıq Qarabağ
separatçılarının emissarları, eyni zamanda,
SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov və digərləri
Sumqayıt hadisələrində fəal iştirak etmiş və
həmin hadisələrdən dərhal sonra Orta Asiya
respublikalarına ezam olunmuşlar. Agentlərin izləri sonradan
Özbəkistan və Qırğızıstandakı hadisələr
zamanı aşkar olunmuşdur. Bu, Sumqayıtda, Fərqanədə,
Oşda və keçmiş SSRİ-nin digər yerlərində
baş vermiş təxribatların bir mərkəzdən təşkil
və idarə edilməsini birmənalı təsdiqləyir.
Sumqayıtda
baş vermiş kütləvi iğtişaşların
ssenarisi E.Qriqoryan, onun iki qardaşı, Dağlıq
Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş erməni
emissarları və Dövlət Təhlükəsizlik Komitəsinin
(DTK) agentləri tərəfindən həyata
keçirilmişdir. Belə ki, DTK-nın arxiv
materiallarından görünür ki, Sumqayıtda
separatçı “Qarabağ” komitəsinin fəalı olan
Pxakadze, “Qarabağ” və “Krunk” millətçi cəmiyyətlərinin
digər fəalları təxribat xarakterli fəaliyyətlə
məşğul olmuşlar. Sonradan məhkəmə prosesinin
gedişinə daim müdaxilə edərək E.Qriqoryanı təlimatlandıran
Levon Saturyanın DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti
üzrə şöbəsinin əməkdaşı
olması da təsadüfi deyildi.
E.Qriqoryanın
iğtişaş ərəfəsində və
iğtişaş günü əlaqə saxladığı
təxribat törətmiş şəxslərin kimliyi ilə
bağlı istintaq zamanı əldə edilən məlumatlar
sonradan cinayət işindən müəmmalı şəkildə
yoxa çıxmışdır. Bundan əlavə, özlərini
“Qafandan qovulmuş azərbaycanlılar” kimi qələmə
verən, azərbaycanlıların Ermənistanda ermənilər
tərəfindən qəddarlıqla öldürülmələri
barədə şayiələr yayan 20-25 nəfərdən ibarət
təxribatçı qrup barədə məlumatlar SSRİ
Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna
çatdırılsa da, naməlum səbəblərdən
onların yoxlanılması təmin edilməmişdir. Bundan əlavə,
erməni evlərinə hücum edənlər arasında
Qarabağ ermənilərinin iştirak etməsinə dair zərəçəkənlərin
ifadələri nəzərə alınmamış və bu
faktlar araşdırılmamışdır.
Emissarlar
E.Qriqoryana Sumqayıtda yaşayan və
separatçıların yaratdığı “Qarabağ” və
“Krunk” təşkilatlarına üzv olmaq istəməyən,
üzvlük haqqı verməkdən imtina edən ermənilərin
siyahısını və dəqiq ev ünvanlarını
vermişlər. Bunu hazırda Sumqayıtda yaşayan
qarışıq nikahlarda olan ermənilər də təsdiq
edirlər. DTK-nın açılmış arxiv
materiallarından məlum olur ki, əksinə Sumqayıtda
adları və ünvanları məlum olan 47 erməni milliyyətçisinin
heç biri iğtişaşlar zamanı şəxsən zərər
çəkməmişdir.
Erməni
emissarları təcavüzkarlığı artırmaq məqsədi
ilə iğtişaş iştirakçılarına
paylanması üçün E.Qriqoryanı psixotrop dərman və
spirtli içkilərlə təmin etmiş, Qriqoryan
qardaşları ilə birgə iğtişaş
iştirakçılarına soyuq silah paylamışlar.
Sumqayıtda
təxribatın hazırlanmasını göstərən
növbəti sübut. Şəhəri
bir çox erməni əvvəlcədən tərk etmiş,
1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən
Sumqayıt şəhərindəki əmanət
kassalarından pulların çıxarılması da kütləvi
hal almışdır. Sumqayıtda ermənilərə
qarşı törədilmiş cinayətlərin
miqyasını süni surətdə genişləndirmək və
onların azərbaycanlılar tərəfindən törədildiyini
iddia etmək məqsədilə ermənilər
köçüb gedərkən öz mənzillərini
boşaldaraq qəsdən yanğınlar törətmişlər.
Talançıların
hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş
naməlum şəxslər kütləvi
iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin
videoçəkilişini aparmış və operativ şəkildə
həmin kadrları Qərb telekanallarına göndərmişlər.
Şübhəsiz ki, çəkiliş aparan şəxslər
talançıların planları haqqında əvvəlcədən
məlumatlı olmuşlar.
Bilirsiniz
ki, hadisələr zamanı həlak olan 32 nəfərdən
6-sı azərbaycanlı olmuşdur. Çox təəssüf
ki, azərbaycanlıların ölümü ilə
bağlı cinayət işinə 1988-ci il dekabrın 30-da
xitam verilmişdir. Hazırda istintaqla müəyyən
edilmişdir ki, Bakı sakini olan erməni milliyyətçisi
Valeri Markaryan sovet əsgərlərini Sumqayıt şəhərinə
gətirdikdən sonra şəraitdən istifadə edərək
avtobusu küçədə dayanmış dinc insanların
üstünə sürərək 4 nəfər azərbaycanlını
qəsdən öldürmüşdür. Hazırda bu fakta
hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin
həll edilməsi üçün zəruri istintaq tədbirləri
görülür.
Sumqayıt
hadisələrinin azərbaycanlılar tərəfindən
törədilməsi görüntüsünü yaratmaq
üçün SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən
şahid ifadələri
saxtalaşdırılmışdır. Belə ki, mitinqdə
çıxış etmiş azərbaycanlıların əksəriyyəti
faktiki mitinq iştirakçılarını təxribatdan
çəkinməyə çağırdıqları halda,
onlar istintaqa “ekstremist” kimi təqdim edilmiş və onların
barəsində cinayət təqibi həyata
keçirilmişdir. Halbuki Sumqayıt erməniləri istintaq
zamanı dindirilərkən, əksinə, məhz azərbaycanlılar
tərəfindən xilas edildiklərini dəfələrlə
söyləmişlər.
Sonda
bir daha qeyd etmək istərdim ki, təzələnmiş
istintaqın gedişində əsl təqsirkarların
aşkar edilməsi məqsədilə yeni halların
açılması istiqamətində fəaliyyət davam
etdirilir. Əminəm ki, bütün təqsirkar şəxslər
məsuliyyətə cəlb olunacaqlar.
Yeni Azərbaycan.- 2012.- 29 fevral.- S.4.