Xocalı soyqırımının 20-ci ildönümü dünya mətbuatında...

 

Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş məqalələr dərc edib, reportajlar yayıb.

ABŞ-ın “New York Times” və “Washington Post” qəzetlərinin 25 fevral tarixli nömrələrində bütöv bir səhifə Xocalı soyqırımına həsr olunub. Bu ölkənin ən çox izləyici auditoriyası olan CNN, CNBC telekanallarında da Xocalı soyqırımına həsr olunmuş reportajlar yayımlanıb. Bütün bu materiallarda 20 il əvvəl ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi cinayət barədə məlumat verilib. Bildirilib ki, insan hüquqlarına dair Beynəlxalq “Human Rights Watch” təşkilatı bu faciəni bəşər tarixinin ən dəhşətli soyqırımı adlandırıb. Materiallarda Ermənistanın Azərbaycanın Xocalı şəhərində qətliam törətdiyini etiraf etməsi xüsusi vurğulanır.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda 85 mindən çox insanın iştirakı ilə keçirilmiş ümumxalq yürüşü də dünyanın əksər nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. ABŞ-ın “Washington Post”, “New York Times”, “Sun Sentinel”, “Boston Globe” və digər nüfuzlu qəzetləri ümumxalq yürüşü ilə bağlı məqalələr dərc edib. Məqalələrdə bildirilir ki, Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək məqsədi ilə keçirilən və ön sırasında Prezident İlham Əliyevin olduğu yürüşdə onminlərlə insan iştirak edib.

ABŞ-ın “Associated Press”, “Reuters” agentliklərinin də saytlarında Xocalı soyqırımı, eləcə də, faciənin 20 illiyi ilə bağlı keçirilən tədbirlər barədə yazılar yerləşdirilib. Yazılarda bildirilir ki, 20 il əvvəl Xocalıda qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib.

Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Bakıda və İstanbulun Taksim meydanında keçirilmiş izdihamlı yürüşlərlə bağlı “Euronews” telekanalı reportaj yayıb.

Türkiyənin “Hürriyet” qəzeti də Bakıda keçirilən ümumxalq yürüşü ilə bağlı geniş məqalə dərc edib. Məqalədə qeyd edilir ki, əllərində Xocalı soyqırımı ilə bağlı şəkillərin və digər faktların əks olunduğu plakatlar tutan onminlərlə insan faciənin təqsirkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar səsləndirib.

“Hürriyet” qəzeti yazır ki, Ermənistanın Xocalıda həyata keçirdiyi faciəvi qətliamla bağlı İstanbulun Taksim meydanında kütləvi etiraz aksiyası keçirilib. Ölkə vətəndaşlarının müxtəlif qeyri-hökumət təşkilatlarının, siyasi partiya nümayəndələrinin iştirak etdiyi aksiyada “Bir millət, iki dövlət”, “Xocalıya ədalət” kimi şüarlar səsləndirilib. Ondan öncə isə, Azərbaycan və Türkiyənin himnləri oxunub, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Daxili işlər naziri İdris Naim Şahin deyib: “Türk milləti olaraq nə Qazaxıstanda, nə Azərbaycanda, nə Türkiyədə, nə Balkanlarda, nə də ki, dünyanın heç bir yerində utanılacaq bir tariximiz yoxdur. Türk milləti hər zaman ədalətin təmsilçisi və simvolu olmuşdur. Eyni zamanda, türk milləti birlik və bərabərliyin simvoludur”.

Ardınca “Qarabağ türkdür, türk qalacaq” şüarı səsləndirilib. İştirakçılar qeyd ediblər ki, dünya ictimaiyyəti bilməlidir ki, ermənilər soyqırımına uğramış yox, soyqırımı törətmiş xalqdır.

Antalya şəhərində də Xocalı soyqırımına etiraz aksiyası keçirilib. Türk mədəniyyəti və Avrasiya araşdırma platformu üzvlərinin iştirak etdiyi aksiyada “Ya Qarabağ ya ölüm, bitsin artıq bu zülüm” şüarı səsləndirilib.

Türkiyənin “CNN türk” televiziya kanalının “Əyrisi - doğrusu” proqramında da XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından bəhs olunub.

Fransanın “France 24” telekanalı da Xocalı soyqırımının 20 illiyi ilə bağlı reportaj yayıb. Reportajda Xocalıda 613 dinc sakinin erməni silahlı birləşmələri tərəfindən qətlə yetirildiyi, hazırda Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı vurğulanıb.

Almaniyanın nüfuzlu “Die Welt” qəzetinin 25 fevral tarixli nömrəsində Xocalı faciəsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər obyektiv məlumat verən məqalə dərc olunub.

Həmin məqalə aşağıdakı sözlərlə başlayır: “20 il bundan əvvəl yüzlərlə azərbaycanlı Xocalıda, bu günədək cansız qalmış ərazidə qətlə yetirilmişdir”.

Məqalənin əvvəlində hazırda vahiməli görünüşə malik olan Xocalı şəhərindən 1992-ci il fevralın 26-da ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı əhalinin qovulduğu və Ermənistan silahlı qüvvələrinin təqibindən yaxa qurtarmağa məcbur olmuş əhalinin bir hissəsinin qaçarkən qətlə yetirildiyi bildirilir.

Daha sonra Dağlıq Qarabağın bugünkü vəziyyəti haqqında məlumat verilir. Müəllif bildirir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Burada yaşayan erməni əhalisi isə qeyri-müəyyən şəraitdən əziyyət çəkir. Çünki Azərbaycanın işğal olunmuş bu ərazisinin dünyaya yeganə çıxış yolu olan Ermənistanın özündə də iqtisadi vəziyyət ağırdır.

Buna baxmayaraq, Dağlıq Qarabağda və Ermənistanda Azərbaycanın adını çəkəndə emosiyalar püskürən vulkan kimi qızışır. Azərbaycan ilə Ermənistan arasında imzalanmış atəşkəsdən 18 il keçsə də, düşmənçiliyin soyumasının heç bir izi görünmür.

Məqalədə deyilir ki, münaqişə iqtisadi cəhətdən Avropaya da ziyan vurur. Dağlıq Qarabağın beynəlxalq hüquqla tanınmasını tələb edən Ermənistan Rusiyaya söykənməklə özünü regional iqtisadi əməkdaşlıqdan məhrum edir: “Dağlıq Qarabağda cəbhənin təmas xəttinə getməyə dərhal icazə vermədilər. Erməni tərəfi cəbhə bölgəsində erməni snayperlərinin saxlanmasını Azərbaycan tərəfinin “snayperlərinə reaksiya” kimi təqdim edir. Bununla belə, müəllif qeyd edir ki, bir neçə il bundan əvvəl doqquz yaşlı azərbaycanlı uşağın snayper gülləsi ilə qətlə yetirilməsi erməni tərəfinin snayperlərlə bağlı izahatına heç cür uyğun gəlmir”.

Nəşr, həmçinin, Xocalıda baş verənləri də diqqət mərkəzində saxlayıb. Məqalədə deyilir ki, Xocalıda özünün zirvə nöqtəsinə çatan nifrət hissləri azərbaycanlıların Ermənistan ərazisindən və özünün tarixi torpağı olan Dağlıq Qarabağdan qovulması ilə başlayır. Vəziyyət Sovet tanklarının 1990-cı il yanvarın 20-də Bakıya daxil olması və 150 nəfər mülki əhalinin öldürülməsindən sonra daha da gərginləşir. Ermənilər tərəfindən etnik təmizləmə aksiyalarına məruz qalmış azərbaycanlıların sayı milyonu keçir. “Dağlıq Qarabağın azərbaycanlı əhalisi üçün dramatik zirvə nöqtəsi 1992-ci il fevralın 26-da yaşanır. Həmin gün onlar meşələrdən keçən dəhliz vasitəsilə yaxınlaşan erməni silahlılarından qaçmağa çalışırdılar. Azərbaycanlı qaçqınlar can atdıqları yerə çatmağa az qalmış qəflətən erməni yaraqlıları tərəfindən gülləbaran olundular. Yüzlərlə insan həlak oldu” - deyə, müəllif bildirir.

Məqalədə deyilir ki, erməni tərəfi bu məsələdə günahı azərbaycanlıların üzərinə atmağa çalışır. Ermənilər Xocalı soyqırımı qurbanlarının əksəriyyətinin arxadan deyil, qarşı tərəfdən güllələndiyini iddia edirlər. Lakin bu, əsaslı arqument deyil. Çünki Rusiyada fəaliyyət göstərən “Memorial” insan hüquqları təşkilatı faciənin şahidlərinin dediklərinə əsaslanaraq qətliamın erməni qüvvələri tərəfindən törədildiyini elan etmişdir. Bundan əlavə, soyqırımı törədildiyi əraziyə meyitləri götürmək üçün azərbaycanlılar bir neçə gün erməni qüvvələri tərəfindən buraxılıb.

Daha sonra müəllif 2010-cu ildə xocalılıların yaşadığı bir qaçqın düşərgəsində olması haqqında danışır. “Onlar yaşadıqları dəhşətləri elə təsvir edirdilər ki, sanki bu hadisələr dünən baş vermişdi. Tezliklə əsəbləri dözməyən tərcüməçi də ruhdan düşür. Acı hıçqırıq və göz yaşları bu insanların kədərini tərcüməsiz də başa düşməyə kifayət edir. Jestlər sözlərdən daha çox şey bildirir - kəsilmiş boğazların, şikəst edilmiş bədən üzvlərinin jestləri...”.

Ermənilərin çoxu Xocalıdan qovduqları azərbaycanlıların evlərinə bu gün də köçmək istəmirlər. Bu şəhərin siması olmasa da, hekayəsi vardır.

Sonda müəllif qeyd edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri 1915-ci il hadisələrinə gedib çıxır. Azərbaycanın o zaman müstəqil olmamasına və bu hadisələrdə heç bir günahının olmamasına baxmayaraq, ermənilər azərbaycanlıları düşmən gözündə görürlər. Müəllifin gəldiyi qənaət belədir: “Bizim erməni həmsöhbətlərimizin inkar cəhdlərinə baxmayaraq, deməli, söhbət etnik təmizləmədən gedir”.

Məqalənin sonunda deyilir ki, ermənilərin uzun müddət vətənləri olmamışdır. İndi öz dövlətləri olduğu halda, Dağlıq Qarabağa da əl atırlar. Dünyaya isə bunu öz müqəddəratını təyinetmə arqumenti ilə təqdim edirlər. Beynəlxalq hüququn başqa şey deməsini isə onlar inkar edirlər.

Rusiyanın “Rossiya 24” telekanalında Bakıda keçirilmiş izdihamlı ümumxalq yürüşü haqqında reportaj yayımlanıb. Xocalı soyqırımı ilə bağlı məlumatların da yer aldığı reportajda ön sırada Prezident İlham Əliyev olmaqla, onminlərlə insanın faciə qurbanlarının xatirəsini ehtiramla yad etdiyi qeyd edilir.

“Exo Moskvı” radiostansiyasının saytında “Xocalı soyqırımının 20-ci ildönümü və ya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyət nə yerdədir?” sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifi Xocalı qırğını haqqında ətraflı bəhs edir, Moskvada azərbaycanlılara Ermənistan səfirliyi qarşısında mitinq keçirməyə icazə verilməməsinin səbəblərini başa düşmədiyini qeyd edir.

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, Xocalı hadisələrindən 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı erməni silahlı qüvvələrinin törətdiyi bu soyqırımını unutmur. Qeyd edilir ki, bu faciəni unutmaq mümkün deyil. Çünki ermənilər nə qadınlara, nə uşaqlara, nə də yaşlılara rəhm etməyib, hətta meyitləri də təhqir ediblər.

Macarıstanın “Nepszava” qəzetində Xocalı soyqırımından bəhs edən “Qarabağ cəhənnəminin 20-ci ildönümü” sərlövhəli məqalə dərc olunub. Məqalənin müəllifi Xocalı faciəsinin tarixi, dinc sakinlərin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi haqqında yazır.

Pakistanın geniş oxucu kütləsinə malik, urdu və ingilis dillərində nəşr edilən “Daily İttehad” qəzetinin 27 fevral nömrəsi Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunub. Qəzetin ana səhifəsində “Xocalı - 20 il. Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. İlham Əliyev” başlıqlı xüsusi reportaj dərc edilib.

“Pakistan və Meksika parlamentləri Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişlər” sözləri ilə başlayan reportajda Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətinin tam mətni və fevralın 26-da Bakıda keçirilmiş ümumxalq yürüşü haqqında geniş məlumat verilib, hadisəni təsvir edən fotoşəkillər yerləşdirilib.

Yazıda bildirilir ki, 85 mindən çox insanın qatıldığı ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni caniləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyır. Qeyd edilib ki, ön sırasında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın olduğu izdihamlı yürüşün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkilləri, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar yazılmış transparantlar tutmuşdular.

Qəzetdə ümumxalq yürüşünün Xocalı soyqırımı ilə bağlı Azərbaycan dövlətinin apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi olmaqla yanaşı, xalqımızın birliyini, şəhidlərin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması üçün qətiyyətini nümayiş etdirdiyi vurğulanıb.

Yürüşün sonunda Prezident İlham Əliyevin Xocalı soyqırımı abidəsinin önünə əklil qoyması, faciə qurbanlarının xatirəsini ehtiramla yad etməsi reportajda əksini tapıb.

Pakistanın ən böyük tirajlı və nüfuzlu “Daily Times” qəzetinin 2012-ci il 27 fevral tarixli nömrəsində də “Azərbaycan Dağlıq Qarabağ şəhidlərini yad edir” sərlövhəli məqalə dərc edilib. Məqalədə fevralın 26-da Bakıda keçirilmiş ümumxalq yürüşü və İstanbulun Taksim meydanında təşkil olunmuş nümayişdən geniş məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin, Xocalı şəhərində 20 il əvvəl baş vermiş soyqırımın təfsilatları əks olunub. Bundan əlavə, yazıda Azərbaycan-Türkiyə strateji tərəfdaşlığından bəhs edilib, iki qardaş xalqın Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində apardıqları birgə işlərdən danışılıb.

Fevralın 25-də “Qurina Əl-Cədidə” həftəlik qəzetinin internet səhifəsində “Dəhşətli Xocalı qətliamının acılı anımı və onun insanlığa qarşı təhlükələri” başlıqlı məqalə yerləşdirilib. Fevralın 26-da “Libya” dövlət televiziyasında ərəb dilində səsləndirilmiş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilib.

Avropanın nüfuzlu mətbuat vasitələrindən biri olan “EU Reporter” elektron jurnalında və internet səhifəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş “Xocalıya ədalət!” başlıqlı məqalə dərc edilib.

Britaniyalı jurnalist Kolin Stivens tərəfindən yazılmış məqalədə Xocalı faciəsi, eləcə də, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti barədə məlumat verilir. Məqalədə bu kampaniyadan gənclərin gözlədiyi məqamlar haqqında söhbət açılır.

Müəllif Srebrenitsada baş verən hadisələrin Haaqa Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı kimi tanındığını qeyd edərək, Azərbaycan xalqının Xocalı faciəsinə beynəlxalq ictimaiyyətin siyasi qiymət verməsini gözlədiyini vurğulayır. K.Stivens qeyd edir ki, 20 ildən sonra Avropa öz dəyərlərinə riayət edərək, Xocalı faciəsinə də eyni qiyməti verməlidir.

Məqalənin sonunda müəllif bildirir ki, insan faciələrinə yanaşma seçilən deyil, vahid olmalıdır.

Bundan əlavə, səfirlik Liviyanın aparıcı KİV-lərində Xocalı soyqırımı ilə bağlı məlumatların geniş işıqlandırılmasını təmin edib. Fevralın 25-də “Qurina Əl-Cədidə” həftəlik qəzetinin internet səhifəsində “Dəhşətli Xocalı qətliamının acılı anımı və onun insanlığa qarşı təhlükələri” başlıqlı məqalə yerləşdirilib. Habelə fevralın 26-da “Libya” dövlət televiziyasında ərəb dilində səsləndirilmiş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilib. “Əl-Vatan Libya” elektron qəzetində də Xocalı soyqırımı ilə bağlı məlumatın dərc olunması nəzərdə tutulub.

 

 

Yeni Azərbaycan.- 2012.- 29 fevral.- S.3.