Azərbaycan
Kinematoqrafçılar İttifaqının rəhbərliyi hər
zaman sözün düzünü deyənlərdən çəkinib
Oktay Mir-Qasım: Beş il əvvəl
katibliyin toplantısında mən qurumun fəaliyyətində
və idarəetməsində problemlərin olduğunu, kino ilə
bağlı məsələlərə yanaşmanın
düzgün olmadığını, açıq şəkildə,
R.İbrahimbəyovun və ətrafında olanların üzlərinə
demişdim
Xəbər verildiyi kimi, iyunun 21-də
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı yaradılıb. Yeni qurumun yaradılması ilə
bağlı “Nizami” Kino Mərkəzində “Kino və
konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə
qərar verilib. Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının təşəbbüs
qrupunun və idarə heyətinin tərkibinə
tanınmış kino xadimləri daxildirlər. Tədbirdə
çıxış edənlər bildiriblər ki, yaradılma
təşəbbüsü irəli sürülmüş Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət
istiqamətləri-milli filmlərin beynəlxalq arenaya
çıxarılması, beynəlxalq simpozium və
konfransların təşkili, kino infrastrukturunun
formalaşdırılmasından ibarət olacaq. Ümumiyyətlə,
çıxışlarda qeyd edilib ki, hazırda mövcud olan
Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti
qənaətbəxş deyil, onlar lazımi səviyyədə
fəaliyyət göstərmirlər. Müzakirələrdən
sonra Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının yarandığı elan olunub və Xalq
artisti Şəfiqə Məmmədova ittifaqın sədri
seçilib.
Yeri gəlmişkən, yeni qurumun idarə heyətinin üzvü,
tanınmış kino xadimi
Oktay Mir-Qasımla görüşüb,
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının yaradılmasını zəruri edən səbəblərlə,
həm də ümumilikdə kinomuzla
bağlı suallara cavab
almağa çalışdıq.
- Oktay müəllim, Azərbaycanda bütün sahələrə olduğu
kimi kinoya da dövlət, şəxsən Prezident İlham Əliyev
tərəfindən xüsusi diqqət və
qayğı göstərilir. Bəs bu
diqqət və qayğının fonunda kinomuz inkişaf edə bilirmi, yoxsa hansısa
çatışmazlıqlar var?
- Təbii ki, bu sahədə proses xeyli canlanıb və
irəliləyiş var. Bununla
yanaşı, vəziyyət o qədər
ciddidir ki, məsələləri
bir an içərisində
həll etmək mümkün deyil. Çünki kinematoqrafiya sənəti, kinematoqrafiya
fəaliyyəti birinci növbədə sənayedir.
Kinematoqrafiya nə qədər ağır bir
sahədirsə, o qədər də hərtərəfli,
vacib və mühüm
bir sahədir. Çünki
kinematoqrafiya həm ölkəni
tanıdır, həm gəlir gətirə bilən bir sahədir, həm də insanlara
nəinki bir əyləncə növü kimi lazımdır,
eyni zamanda, bunun içərisində dram,
mənəviyyat, maarifçilik, fəlsəfə,
tərbiyə var. Onun üçün
də bu sahəni inkişaf
etdirmək lazımdır və Prezident İlham Əliyevin 2007-ci il
fevralın 23-də imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf
etdirilməsi haqqında”, həmçinin, 2008-ci il avqustun 4-də
imzaladığı “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncamlardan sonra ölkəmizdə
kino sahəsinin inkişafına böyük təkan verilib.
Biz artıq böyük
ümidlə gələcəyə baxırıq və heç şübhəsiz ki,
kino xadimləri olaraq özümüz də kino
siyasətinin reallaşdırılmasında üzərimizə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəlməliyik.
- Maraqlı bir məqama toxundunuz.
Ümumiyyətlə, istənilən ölkədə hər
hansı bir sahə ilə bağlı
siyasətin uğurla nəticələnməsi
üçün dövlətin diqqət
və qayğısı ilə yanaşı, ictimaiyyətin də
dəstəyi lazımdır. Bəs,
Azərbaycanda kino siyasətinin
reallaşdırılması istiqamətində dediyimiz məqamla bağlı vəziyyət
necədir? Yəni, ölkəmizdə kino
ilə məşğul olan ictimai birliyin-Azərbaycan
Kinematoqrafçılar İttifaqının fəaliyyətinin
hiss edilməməsinin səbəbi nədir?
- İndiyə kimi fəaliyyət göstərən və
hazırda da mövcud
olan dediyiniz ictimai qurumun rəhbərliyi
təəssüflər olsun ki, kinematoqrafiya qurumunun əsas məqsədlərini demək olar ki, unutmuşdu.
Unutmuşdu deyəndə, ona
görə yox ki,
unutqandı və hafizəsi zəifdi. Xeyir.
Yəqin ki, eqoizm,
şəxsi maraqlar
və bəlkə də başqa səbəblər
var. Amma onu da deyim
ki, mən Azərbaycan Kinematoqrafçılar
İttifaqının fəaliyyətinin düzgün
qurulmadığını indi yox, hələ beş il əvvəl demişəm. Bu,
sənədlərlə təsdiqlənmiş bir
faktdır. Beş il əvvəl katibliyin
toplantısında mən qurumun fəaliyyətində
və idarəetməsində problemlərin olduğunu,
kino ilə bağlı məsələlərə
yanaşmanın düzgün
olmadığını, açıq şəkildə,
R.İbrahimbəyovun və ətrafında olanların üzlərinə
demişdim. Mən həmin söhbətlər
zamanı onlara deyirdim
ki, niyə aşağı, döşəməyə
baxırsınız? Mənim gözümün
içinə baxın. Çünki mən
həmin ərəfəyə qədər ümid
edirdim ki, bəzi adamlara həqiqəti xatırlatmaqla, vəziyyəti
normallaşdırmaq, bəzən düşünülməmiş,
bəzən nadürüst əməlləri
aradan qaldırmaq olar.
Təəssüflər olsun ki, bu alınmadı. Eyni zamanda, ona
da təəssüf edirəm ki, həmin vaxt qurumun rəhbərliyində təmsil olunan məsləkdaşlarımız
lazımi mövqe nümayiş
etdirmədilər. Məhz bu məqam, həmçinin,
qurumun qəbul etdiyi, lakin heç də kinonun inkişafına xidmət etməyən,
heç bir
ağıla, məntiqə sığmayan qərarların qəbulu
zamanı sadəcə mexaniki kuklalar kimi əllərini
qaldırdılar. Halbuki, mən bu cür
məsələlərin dar çərçivədə,
yəni, katiblik səviyyəsində
müzakirə edilib, qərarların qəbul
olunmasına qarşı idim.
Çalışırdım ki, bu cür məsələlər
heç olmasa İdarə
Heyətində müzakirə olunsun.
Ancaq bir daha deyirəm, məni Şəfiqə
xanım Məmmədovadan başqa kimsə
müdafiə etmədi. Beləliklə, məhz həmin vaxtdan mən faktiki olaraq Azərbaycan Kinematoqrafçılar
İttifaqını tərk etmişəm. Bununla
belə, açıq şəkildə bəyan edirəm ki, Azərbaycan Kinematoqrafçılar
İttifaqının rəhbərliyi heç
vaxt sözün düzünü deyənləri sevməyib və
hər zaman sözün
düzünü deyənlərdən
çəkinib. Onlara bildirmişdim
ki, qurultayın kürsüsünə
çıxıb bütün həqiqətləri
geniş ictimaiyyətə söyləcəyəm.
Və onlar bundan narahat olaraq mən xaricdə
olarkən tez-tələsik bir qurultay keçirdilər.
- Oktay müəllim, dediniz ki, siz hələ beş il əvvəl Azərbaycan
Kinematoqrafçılar İttifaqının rəhbərliyinə,
konkret olaraq Rüstəm
İbrahimbəyova qurumda idarəetmənin
və fəaliyyətin düzgün
qurulmamasına dair xəbərdarlıq etmisiniz. Beş il çox böyük
zamandır ki, bəhs edilən problemləri
aradan qaldırmaq mümkün
olsun. Lakin görünür, ötən beş ildə nəinki mövcud
problemlərin aradan
qaldırılmasına cəhd göstərilib, əksinə
vəziyyət daha da
pisləşib ki, yeni
bir ictimai qurumun - Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının təsis olunması zərurəti
yaranıb. Bununla belə, Rüstəm
İbrahimbəyov verdiyi
açıqlamalarda məsələni siyasiləşdirməyə
cəhd göstərir...
-
Sualınıza konkret cavab
verməzdən öncə bir məqama toxunmaq istəyirəm. Uzun
zaman Rüstəm İbrahimbəyovun fəaliyyətini
yaxından, verdiyi açıqlama və
müsahibələri mətbuatdan izləmiş, o cümlədən, onu
yaxşı tanıyan bir şəxs kimi deyə bilərəm ki,
Rüstəm İbrahimbəyov praqmatik bir insandır. O mənada ki,
Rüstəm İbrahimbəyov şəxsi maraqlarına ziyan gətirəcək heç
bir addım atmaz. Yəni,
bu adam hər zaman şəxsi maraqlarını güdüb. Onun son açıqlamalarından və bəyanatlarından
görürük ki,
hər bir cümlədə bir əmlak, vəsait, daşınmaz əmlak,
yaxud da hansısa
biznesə aid məsələlər öz əksini tapır. Bu
da onun təbiətindən
xəbər verir. Digər tərəfdən,
bəzən onu ictimai
maraqların müdafiəçisi kimi qələmə
verməyə çalışırlar. Lakin
onun müsahibələrini və
açıqlamalarını dərindən analiz
edəndə orada biz
vətənpərvərlik meyillərini görmürük.
Burada daha çox kosmopolitizm, bəzən
də özgəni öz
qardaşından çox istəmək, üstün tutmaq meyilləri
hiss olunur. Heç uzağa getməyək,
onun “BBC”yə müsahibəsini
xatırlamaq yerinə düşər. Başqa
bir məsələ, bu
adam vaxtı ilə yaradıcılıqda
müəyyən uğurlar qazanıb. Lakin son illər?..
Sualınıza
gəlincə, kimin nə deməsindən
asılı olmayaraq, hər şey bütün
çılpaqlığı ilə ortadadır. Bir daha deyirəm, mən bu qurumda işlərin düzgün qurulmadığını indi yox, hələ beş il əvvəl
demişəm. Eyni zamanda,
onların fəaliyyətinə ötəri nəzər salmaq kifayət edir ki, nəyin necə olduğunu
deyə biləsən. Mən yazılarımda da
qeyd etmişəm ki, orada daşınmaz əmlak və maliyyə məsələlərində
çox qəribə, necə deyərlər,
ekzotik hərəkətlər
müşahidə edilir. Digər tərəfdən
bu qurumun keçirdiyi Şərq-Qərb kino festivalının yaşadılması üçün neçə il
dövlət büdcəsindən yardım edilib.
Ancaq bu festival bir iz
qoyubmu? Məhz kiminsə düzgün
qurulmayan fəaliyyəti nəticəsində
bu festival ciddi beynəlxalq tədbir statusundan
çıxaraq, ailəvi, dostbazlıq qonaqlığına çevrilib. Dövlətin kino
siyasətinin reallaşdırılması istiqamətində
üzərlərinə düşən işlərin öhdəsindən
bu cürmü gəlirlər?
Məncə, onlar hansısa bir iş görmək istəyən
yeni bir ictimai qurumun
yaradılmasına qarşı aqressiv davranmaqdansa, özlərinin buraxdıqları
səhvləri müzakirə etməlidirlər.
- Nəhayət,
bu yaxınlarda sizin də
iştirakınızla yaranan Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının hədəfi nə olmalıdır?
- Bilirsiniz, yeni qurumun hədəfi bəllidir. Yəni,
yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda
bütün sahələrə olduğu kimi kinoya da dövlət,
şəxsən Prezident İlham
Əliyev tərəfindən xüsusi
diqqət və qayğı göstərilir. Lakin
bu da bir
həqiqətdir ki, istənilən ölkədə
hər hansı bir sahə ilə
bağlı siyasətin uğurla nəticələnməsi
üçün dövlətin diqqət
və qayğısı ilə yanaşı, ictimaiyyətin də
dəstəyi lazımdır. Bax, bizim yaratdığımız yeni
qurum ilkin olaraq Azərbaycanda kino
siyasətinin reallaşdırılması istiqamətində kino ictimaiyyətinin üzərinə
düşən vəzifələrin müəyyən edilməsi
və reallaşdırılmasına çalışacaq. Hesab edirəm ki, bizim qurum deyilən istiqamətdə
üzərinə düşən işin
öhdəsindən layiqincə gələcək və qəbul
edilən qərarlar zamanı üzvlərinin rəyinə
hörmətlə yanaşacaq. Mən buna tam əminəm. Çünki Şəfiqə Məmmədova
fəaliyyətində məhz bu amillərə
üstünlük verən bir insandır. Lakin qəzetiniz
vasitəsilə ictimaiyyətdən bir xahişim də var. Bizdən dərhal hansısa bir kino festivalını keçirəcəyimizi,
hansısa səs-küylü layihələri tez
bir zaman ərzində
reallaşdıracağımızı gözləməsinlər.
Çünki biz hər
şeyi sıfırdan
başlayırıq və hansısa işlərin
görülməsi üçün zamana ehtiyac var. Qarşıda duran məsələ
çox ciddi və böyükdür. Eyni zamanda, bizim peşəmizə,
sənətimizə məhəbbətimiz də kiçik deyil. Onun üçün gələcəyə
ümidlə baxırıq.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2012.-3
iyul.-S.6.