Qəlbimiz
bütün Avropa üçün açıqdır
Yaxud
“Eurovision-2012” mahnı müsabiqəsi haqqında
düşünərkən...
Odlar yurdu. Bu adı möcüzələr diyarı Azərbaycana
Yerin təkindən üzə
çıxan alovun insanlara
işıq və istilik bəxş etdiyi qədim dövrlərdə vermişlər.
Yurdumuz kimi,
insanlarımızın da qəlbi
işıqlı, qanı isti, ürəyi
odlu-alovludur. Azərbaycan xalqı bu ölkəyə saf niyyətlə
və xoş məramla gələn hər
kəsdən öz qəlbinin hərarətini,
könül evinin
işığını heç zaman əsirgəməmişdir.
Bu hisslər hər bir
vətənpərvər azərbaycanlı üçün
qürur mənbəyidir. Ona
görə də Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva başda olmaqla
“Eurovision-2012” mahnı müsabiqəsinin təşkilatçıları
bu tədbirin loqotipinin
seçilməsində tərəddüd etmədilər:
insanları birləşməyə, sülhə və həmrəyliyə
çağıran “Öz məşəlini
alovlandır!” devizi və odlu
çiçək musiqi bayramının
rəmzi oldu.
Azərbaycanın
ev sahibi olduğu “Eurovision-2012” mahnı müsabiqəsi
sayca 57-ci idi. 2011-ci
ildə Almaniyanın Düsseldorf şəhərində
keçirilən müsabiqənin finalında Eldar
və Nigar dueti 221 xal toplayaraq birinci yeri tutandan
sonra Azərbaycan növbəti müsabiqəyə
ev sahibliyi hüququnu qazanmışdı. Bundan dərhal sonra paytaxt Bakıda “Eurovision”
mahnı müsabiqəsinə ciddi
hazırlıq işlərinə başlandı.
On beş gün Avropanın qəlbi Bakıda döyündü. Dünya
musiqisevərləri “Eurovision-2012”nin
mayın 22-də və 24-də yarımfinal, 26-da isə final mərhələlərinin unudulmaz həyəcanını
yaşadılar.
Təbii ki, belə bir möhtəşəm
tədbirin keçirilməsi ölkəmizin dünya
miqyasında təqdim edilməsi, xalqımızın zəngin
mədəniyyətinin, yurdumuzun gözəl
təbiətinin, turizm potensialının
təbliği üçün yeni imkanlar açdı, eyni zamanda, infrastrukturun
inkişafına da ciddi
təkan verdi. Azərbaycan onun
qarşısında duran vəzifələrin
öhdəsindən şərəflə gəldi. Çox qısa müddətdə Bakıda,
Dövlət Bayrağı Meydanının
yaxınlığında məxsusi olaraq
“Eurovision-2012” mahnı müsabiqəsi üçün
23 min tamaşaçı tutan
möhtəşəm “Baku Crystal Hall” Konsert
Kompleksi inşa edildi. Bunlar həqiqətən
böyük enerji,
yüksək təşkilatçılıq, fədakarlıq,
iradə, hünər və qətiyyət tələb edən
işlər idi.
Ancaq hər bir
yeniliyə, uğura “qulp
qoymaq” fürsəti axtaran
bəzi Qərb KİV-ləri dərhal bütün
dünyaya car çəkməyə
başladı ki, guya
Azərbaycan bu mahnı müsabiqəsindən
özünü “gözə soxmaq” üçün
istifadə etməyə çalışır. Bu KİV-lər hətta dünyada
125 milyon insanın izlədiyi müsabiqənin
özünə də qara yaxmağa
çalışır, onun haqqında qərəzli
ifadələr işlədirdilər. Nə baş
vermişdi? Onlar niyə
belə edirdilər? Azərbaycan kimin
haqqını əlindən almışdı? Belə
müsabiqələr keçirən ölkə özünü, maddi-mənəvi dəyərlərini,
adət-ənənələrini bir daha göstərməyə
çalışırsa, bunun nəyi pisdir? Məhz rəsmi Bakı da
o günlərdə dəfələrlə
bəyan etmişdi ki,
“Eurovision” müsabiqəsini keçirmək
Azərbaycan üçün məqsəd
deyil, vasitədir. Bəs onda
bədxahlarımız nə istəyirdilər?
Bu və digər suallar
barədə düşünərkən bu
qənaətə gəldim ki, Azərbaycan
kimi gənc, sürətlə inkişaf edən bir
ölkədə “Eurovision-2012” mahnı müsabiqəsi tək
möhtəşəm tədbirlər zamanı bədxah,
paxıl, riyakar, ikiüzlü
ünsürlərin zühur etməsi təəccüblü
deyildir. Belələri təmsil etdikləri
təşkilatların və ya nəşrlərin
reytinqini “yüksəltmək” üçün boş
yerə hay-küy salmağa,
bəzən də özünə diqqəti cəlb etməyə,
guya söz
azadlığı və insan
hüquqları uğrunda mübarizlər
kimi “xal qazanmağa” çalışırlar.
Qalmaqalları ilə ad
çıxarmış bəzi “məşhur” siyasətçilər,
sifarişlə ağı qara yazan jurnalistlər və başqaları o günlərdə Azərbaycana qarşı
iyrənc böhtan yarışına
girmişdilər. Görünür, belələri
onlar üçün
qara piar olan bu fürsəti çoxdan gözləyirmişlər ki, suyu bulandırıb balıq
tutsunlar. Onların əsas məqsədi
diqqəti özlərinə cəlb etmək və “bütün məclis boyu
səhnədə parlamaq”, hətta təlxəklik
etməkdir.
Başqa ölkələrdə belə mühüm tədbirlərin keçirilməsi
tarixinə nəzər salsaq, orada da oxşar
mənzərənin şahidi olarıq.
Belələrinin çoxunun sifarişlə
işləməsi faktını da nəzərdən
qaçırmamalıyıq. Onlar
aldıqları pulun müqabilində o qədər hay-küy
salırlar ki, ilk
baxışda hadisələrin gedişinə təsir göstərə
biləcəkləri təsəvvürü yaranır. Ancaq bunlar sabun
köpüyünə bənzəyir, bir
qədər havada uçur
və partlayıb yox olur.
Bunu yəqin etmək üçün
“Eurovision-2012” mahnı müsabiqəsi zamanı bizim opponentlərin nə barədə
danışdıqlarını və yazdıqlarını
qısaca xatırlatmaq kifayətdir.
Mahnı
müsabiqəsi keçirilən dövrdə bəzi qərəzli
xarici jurnalistlər bizim
şəhərin gözəlliyinin süni
olduğu barədə informasiyalar
yaymağa başlamış və
Bakını müsabiqədən sonra
görmək istədiklərini söyləmişdilər. Onlar elə təqdim edirdilər ki, guya bütün
bunlar butaforiyadır və müsabiqədən
sonra bu gözəlliklər
də nağıllardakı kimi yoxa çıxacaqdır. Belə yerdə
deyiblər: milçək bir şey deyil, ürək
bulandırır.
Bu məddahlar elə
danışırdılar ki, guya bütün yeni binalar, muzeylər, parklar, şəhərimizin görməli yerləri,
günbəgün yenilənən, inkişaf
edən Azərbaycanda müstəqillik illərində
yaradılmış bütün bu gözəllikləri aparıb haradasa gizlətmək və ya
götürüb daha
yaxşı vaxta qədər saxlamaq olarmış. Cənablar, məlumunuz olsun ki, Azərbaycanın
simasının dəyişməsi nəinki builki
müsabiqədən, hətta keçənilki mahnı
yarışmasında bizim nümayəndələrin
qələbəsindən neçə illər əvvəl
başlanmış möhtəşəm, məqsədyönlü,
perspektivə hesablanmış işlərin məntiqi yekunudur.
Azərbaycan
tarixən qısa müddətdə nail olduğu tərəqqini müstəqilliyini bərpa
edəndən 20 il sonra
bütün dünyaya
nümayiş etdirdi.
Azərbaycan bu illərdə
inkişafın özünəməxsus modelini
yaratmışdır. İndi Azərbaycan
iqtisadiyyatı dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatlardan
biridir. Azərbaycan yeni
cəmiyyət quruculuğuna sürətlə
transformasiya etmişdir.
Ağır böhran burulğanında ümidsiz halda
çarpışan Avropa ölkələrinin
əksəriyyətindən fərqli olaraq
Azərbaycanda maliyyə-iqtisadi artım sabit
templərlə davam edir.
Azərbaycan sürətli iqtisadi
inkişafı, o cümlədən qeyri-neft sektorunun
davamlı artımını iqtisadi və
siyasi sabitliklə uzlaşdırmağa nail olmuşdur. Təbii ki, bütün bunlar dostlarımızı sevindirir,
düşmənlərimizdə isə həsəd və
paxıllıq hissləri doğurur.
Opponentlərin
söylədiklərinə məna baxımından təsir
göstərən bir mühüm
məqam barədə söhbət açmaq
yerinə düşər. Almaniyada
çıxan “Die Welt”
nəşrinin jurnalisti Xolger
Kraytlinq “Eurovision-2012” mahnı müsabiqəsinin
qalibi isveçli Lorinin iştirakı ilə mətbuat
konfransını belə təsvir edir:
“Müsabiqənin 28 yaşlı qalibi səhnədə
siçan kimi sakitcə
əyləşmişdi və qorxa-qorxa ətrafa
baxırdı. Elə təsəvvür yaranırdı ki, onu hansısa qoruq meşəsindən tutub
səhvən buraya göndərmişlər.
Buna baxmayaraq, Lorin öz
mahnısını mistik meşə mələyi
obrazında ifa etdi və
qələbə qazandı”.
Jurnalist dərhal Lorini
2010-cu ildəki müsabiqənin almaniyalı qalibi
Lena Mayer ilə
müqayisə edir və Lena
barəsində çox təmtəraqlı
fikirlər söyləyir. Bundan əlavə,
həmin jurnalistin fikrincə, Bakıda
keçirilən müsabiqədə də ən yaxşı
iki mahnıdan biri
Almaniyanın nümayəndəsi Roman Lobun ifa etdiyi
“Standing Still”
kompozisiyası olmuşdur. Jurnalistin
mövqeyi aydındır, axı kim öz ayranına turş deyər? Bununla belə,
Xolger Kraytlinqin
obyektivlikdən uzaq olmasına göz yummaq mümkün deyil.
Kraytlinq daha sonra Lorinin qələbəsinə
açıq-aşkar qərəzli münasibət bildirir: “Əgər sən müsabiqədə
qalib gəlmiş mahnının o qədər də maraqlı
olmadığını, onda
bayağılıq və çiylik əlamətləri
olduğunu düşünürsənsə,
həyəcanlanmaya bilərsən, belə düşünən
tək sən deyilsən”.
Bunun ardınca Kraytlinq
müsabiqənin daha bir
iştirakçısı - Norveç
nümayəndəsi Tuci barədə qərəzli
fikirlər söyləyir: “Zəfər və
biabırçılıq lap
yanaşı ola bilərmiş, bəstəkar
və prodüser Peter
Bostremin çıxışı buna sübutdur. Bu İsveç nümayəndəsi
Bakıda Lorinin yanında əyləşmişdi.
“Eurovision-2012” mahnı müsabiqəsində iki
kompozisiya - Lorinin
ifasında “Eyforiya” və norveçli
Tucinin təqdimatında “dums-dums
umsa-umsa” tipli sadə bir etnik rəqs onun adı ilə bağlı idi”.
Görəsən,
bu “zəhər tuluğu”nun belə kəskin ifadələr işlətməsinə
səbəb nədir? Məsələ bundadır ki, həmin müğənnilərin hər ikisi mənşəcə qeyri-avropalı və
hətta başqa dini
mədəniyyətə mənsub olan
adamlardır. Tam ad-soyadı Lorin Zinab Noka
Talyaui olan Lorin Mərakeş-Liberiya mənşəlidir,
Tuci isə İranın Şiraz
şəhərində anadan olmuşdur. Alman jurnalist özünün
kin-küdurətini, daha dəqiq desək,
millətçilik təzahürlərini gizlədə bilməmişdir:
“axı nə üçün onlar “Eurovision” mahnı
müsabiqəsində Avropanı təmsil edirlər,
ümumiyyətlə, bu müsabiqə nə
üçün müsəlman ölkəsində
keçirilir?”.
Bu başabəla jurnalistin
müsabiqənin “qeyri-avropalı”
iştirakçılarının ünvanına işlətdiyi
bütün ağlasığmaz epitetləri
sadalamağa lüzum
görmürəm. Ona görə ki, Avropa Yayım Birliyinə
daxil olan hər bir ölkə (hətta Avropa
hüdudlarından kənarda olsa belə) bu müsabiqədə iştirak
edə bilər. 1980-ci ildə müsabiqədə iştirak etmiş Şimali Afrika ölkəsi
Mərakeş, habelə indiyə qədər hər il müsabiqəyə iştirakçılar
göndərən İsrail belə
ölkələrdəndir.
“Eurovision”
mahnı müsabiqəsi ilə əlaqədar kin-küdurət
püskürən jurnalistlərdən biri
də Britaniyada çıxan “The İndependent” nəşrinin
müxbiri Dom Coli olmuşdur. O yazır:
“Mən “Eurovision” mahnı müsabiqəsinə
baxmırdım. Ümumiyyətlə, həmin müsabiqəni
heç olmasa bir dəfə gördüyümə əmin
deyiləm, lakin əminəm ki, o, mənim
zövqümə uyğun deyil.
Mən bu özünəməxsus tədbirə
ev sahibliyi etdiyinə
görə öz kiçik
qonşusu Azərbaycanı qınayan İran hökuməti ilə müəyyən
mənada razıyam”.
İngilis jurnalistin bu məsələdə İran
ilə bu dərəcədə həmrəy
olması çox qəribə
görünə bilərdi, lakin bir mühüm məqam hər
şeyə aydınlıq gətirir: Dom Coli əslən iranlıdır və Yəzd
şəhərində anadan olmuşdur. Onun gizlətmədiyi
kin-küdurətin, paxıllığın əsas səbəbi
də budur.
Belə cəfəng
yazıları oxuyanda başa
düşürsən ki, onların əsas
məqsədi Azərbaycanın imicinə zərər vurmaq, hətta ən yüksək dərəcədə
inkişaf etmiş
ölkələrin də demək olar ki, hər birində rast gəlinən
xırda qüsurları hədsiz şişirdərək
“milçəyi filə döndərmək” istəyidir.
Sanballı nəşrlərdə bu cür qərəzli yazıların dərc
edilməsi isə yalnız heyrət və təəssüf doğurur. Görünür,
onlar fikirləşmirlər ki, düşünülməmiş belə
addımlar atmaqla öz
imiclərini korlayırlar. Görünür,
fikirləşmirlər və yeri gələndə
şeytanla da əməkdaşlıq
etməyi məqbul sayırlar.
Əlbəttə,
bütün bu qarayaxmalarda siyasi məqsədlərin
olması da istisna edilmir. Onlar “Eurovision” mahnı müsabiqəsini maraqla izləyən çoxmilyonlu
auditoriyanın diqqətini bu yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, mədəni
Avropanın xalqımıza qarşı törədilən ədalətsizliklərə
barmaqarası baxmasından, erməni faşistləri və
separatçıları tərəfindən doğma
yurdlarından qovulmuş bir
milyon azərbaycanlının problemlərindən,
Xocalı, Qaradağlı faciələrindən, Azərbaycanın
Ermənistan tərəfindən işğal
edilmiş ərazilərində törədilən
vandalizmdən yayındırmağa çalışırlar.
Almaniya Bundestaqının deputatları - iqtisadi əməkdaşlıq, inkişaf və turizm
üzrə parlament komitələrinin üzvü Xelqa Daub, Bundestaqın Almaniya-Türkiyə
parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars, habelə almaniyalı tanınmış siyasi xadim Günter
Verxeugen müsabiqə ərəfəsində
Azərbaycana qarşı həmlələr seriyasını
belə izah edirlər: “Azərbaycana
münasibətdə ədalətsizlik edilmişdir.
Mətbuat bizim ölkədə də rast gəlinən bəzi məsələləri
həddən artıq şişirdir. Dünyada problemləri olmayan
dövlət yoxdur. Üstəlik, Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsi
kimi ağrılı problemi
vardır. “Eurovision” mahnı müsabiqəsi
ərəfəsində bütün
dünyanın diqqəti Azərbaycana yönəldiyinə
görə ədalətsiz tənqid halları da
olmuşdur. Bütün
bu anlaşılmazlıqlara son qoymaq üçün
Azərbaycana gəlmək və buradakı tərəqqini,
inkişafı öz gözləri ilə
görmək kifayətdir”.
Ədalət
naminə demək lazımdır ki, geniş bir coğrafi məkanı əhatə edən başqa yazıların, bəyanat və rəylərin
böyük əksəriyyətinin müəllifləri
yekdilliklə bildirmişlər ki, xaricdəki
islam ictimaiyyətinin qəzəbinə,
Ermənistanın müsabiqədə iştirak
etməkdən imtinası ilə bağlı qalmaqala
və dünya hüquq-müdafiə təşkilatlarının
gurultulu bəyanatlarına baxmayaraq,
Azərbaycan öz müstəqilliyi
tarixində Qərbin mədəni paradiqmasına
inteqrasiyanın ən təsirli nümunəsini nümayiş etdirdi.
Duqlas və Sara Elisson adına Rusiya və
Avrasiya Tədqiqatları Proqramının
böyük elmi işçisi Ariel Koen “The National
İnterest” jurnalında dərc edilmiş məqaləsində müsabiqənin
Bakıda keçirilməsini bu cür qiymətləndirir: “Bu
yaxınlarda populyar teleşou
- “Eurovision” mahnı müsabiqəsi keçirilmiş Azərbaycan müsəlman
dünyası, xüsusən qonşu İran üçün misli görünməmiş milli
və dini dözümlülük
səviyyəsi nümayiş etdirdi. Bu modeli
alqışlamaq və Amerikanın islam
ölkələrinə ünvanladığı ictimai demokratiya çərçivəsində
inkişaf etdirmək lazımdır”.
Koen ilə razılaşmamaq mümkün deyil, çünki tolerantlıq Azərbaycan
xalqının ən gözəl xüsusiyyətlərindən
biridir və əsrlər boyu
mövcuddur. Bu,
danılmaz faktdır.
Azərbaycan
müsabiqəni yüksək səviyyədə keçirməklə
beynəlxalq səviyyəli tədbirlərə münasibət
mədəniyyətini bir daha
nümayiş etdirdi.
İndiyə qədər Bakıda keçirilmiş
beynəlxalq forumlar, simpoziumlar,
konfranslar, idman
yarışları məhz kommunikasiya sisteminin bu mühüm
komponenti nəzərə alınmaqla təşkil
edilmişdir. Biz özümüz də xarici
ölkələrdə bu qəbildən tədbirlərdə
iştirak edərkən bunların
yüksək səviyyədə təşkil edilməsinin, insanlara səmimi münasibətin şahidi olur və
qayıdandan sonra bu
barədə xoş niyyətlə
danışır, təəssüratlarımızı bölüşürük. Azərbaycan da qonaqlara öz
mədəniyyətini, qonaqpərvərlik ənənələrini
nümayiş etdirir.
Məgər burada hansısa gizli məna axtarmaq
olarmı? Əlbəttə, yox! Onu da əlavə etmək
istərdim ki, Azərbaycanda mövcud olan, xarici ekspertlərin və müşahidəçilərin
dönə-dönə xüsusi
vurğuladığı tolerantlıq təkcə müsəlman
dünyası üçün deyil, Avropa ölkələri
üçün də nümunə ola bilər.
Mahnı
müsabiqəsi ölkələri və insanları birləşdirən,
qarşılıqlı anlaşmaya şərait
yaradan mədəniyyət körpüsüdür.
O, siyasi haqq-hesab
çəkmək, hamıya və hər şeyə əsassız
qara yaxmaq alətinə
çevrilməməlidir. Azərbaycan hər bir
ifaçının, paytaxtımızın hər bir qonağının özünü
evindəki kimi rahat hiss etməsi üçün
lazım olan hər şeyi
etmişdir.
Müsabiqədə
42 dövlət iştirak edirdi.
Maliyyə çətinlikləri ilə əlaqədar 2010-cu
ildən müsabiqədə iştirak etməyən
Monteneqro bu il yenidən həmin tədbirə
qayıtmışdı.
Yeri gəlmişkən, Ermənistanın
Bakının ev sahibi
olduğu “Eurovision-2012” mahnı müsabiqəsində
iştirakdan imtina etməsi
və erməni müğənnilərin Avropa
Yayım Birliyinə və Ermənistan İctimai
Televiziyasına ünvanlanmış müraciətinə də
münasibət bildirmək istərdim.
Erməni tərəfi
öz imtina qərarını
əsaslandıraraq bildirirdi ki, Ermənistan silahlı qüvvələrinin
əsgəri Albert Adibekyan
fevralın 23-də Ermənistanın Tavuş
bölgəsində Azərbaycan snayperinin
gülləsindən həlak olmuşdur və
buna görə də onlar
Bakıda keçirilən mahnı müsabiqəsində iştirak etməyəcəklər. Bu bəyanatı Ermənistanın bir sıra populyar artistləri,
o cümlədən əvvəlki “Eurovision” mahnı müsabiqələrinin bütün iştirakçıları
imzalamışdılar.
Sonradan elə Ermənistan KİV-lərinin
özləri etiraf etmişdirlər ki, haqqında söhbət gedən erməni əsgərini
öz yoldaşları güllələmişlər.
Göründüyü kimi,
bu dəfə də Ermənistan təbliğat
maşını ənənəsinə sadiq
qalaraq beynəlxalq ictimaiyyətə
növbəti yalan
sırımışdır. Bu təbliğat
maşınının “ideoloqları” yaxşı bilirlər ki, bir müddət əvvəl
9 yaşlı azərbaycanlı oğlan öz ölkəsində, öz
evinin həyətində sakitcə
oynadığı vaxt erməni snayperinin gülləsinə tuş
gəlmişdir.
Əlbəttə,
ermənilərin “Eurovision” mahnı
müsabiqəsində iştirak etməməsinin
başqa səbəbləri vardır. Ermənistan
sadəcə olaraq, bu
müsabiqədə qalib gəlməyə
ümid etmir,
Bakıda uduzmağı isə heç
istəmirdi. Ermənilər illər boyu,
mütəmadi olaraq Azərbaycanın musiqi kompozisiyalarını oğurlayır, sonra onlara
yüngülvarı “əl gəzdirir” və avropalılara öz mədəni irsləri kimi
təqdim edirlər. “Eurovision” mahnı
müsabiqəsinə ev sahibliyi
edən ölkələrdə isə bu cür “dəcəlliklərə” yol vermirlər. Azərbaycanla bağlı halda isə erməni tərəfi, ehtiyatlı
tərpənməyi qərara almış, görünür,
iflasa uğrayacaqlarını əvvəlcədən
bildiklərinə görə imtina yolunu seçmişdir.
Müsabiqənin
keçirildiyi müddətdə başqa ölkələrdən Azərbaycana
gəlmək üçün viza almaq proseduru
sadələşdirilmişdi. Arzu edən
hər kəs ölkəmizə gələrək, həm burada baş vermiş bütün dəyişiklikləri
öz gözləri ilə görə, həm
də insanları qəlbən və ruhən birləşdirən
əsl bayram tədbirinin
iştirakçısı ola bilərdi.
“Eurovision-2012” mahnı
müsabiqəsinin translyasiyasını
İTV kanalı təmin
edirdi. Azərbaycan təmsilçisi Səbinə
Babayeva “When the Music Dies” mahnısını
ifa edərək 150
bal toplamış və
ölkəmizin bu müsabiqədə fəxri
dördüncü yeri
tutmasını təmin
etmişdir. Müğənnimizin
məlahətli səsi,
gözəl ifa manerası, səhnə mədəniyyəti insan qəlbini ehtizaza gətirən mahnısı
onun güclü vokal imkanlarını nümayiş etdirdi. Finalda Səbinəni müşayiət edən
əfsanəvi muğam
ustası Alim Qasımov və Azərbaycan xalq çalğı alətləri
isə bu mahnını müasir etnik çalarlarla zənginləşdirdi.
Azərbaycanlı ifaçı və onun mahnısı avropalı dinləyicilərin
ürəyincə oldu.
Odlar yurdu Azərbaycan bu müsabiqədə iştirak
etdiyi illər ərzində həmişə
ilk onluğa, son dörd
ildə isə ilk beşliyə daxil olmaqla sübut etmişdir ki, onun nümayəndələri
“Eurovision” mahnı müsabiqəsində
həmişə qeyri-adi
şou göstərir
və gözəl ifa nümayiş etdirirlər.
Qarşıda bizi çox müxtəlif beynəlxalq
müsabiqə və idman yarışları gözləyir. Əminəm
ki, həmin tədbirlərdə də
dünya bizim yeni-yeni dəyərlərimizlə
tanış olacaqdır.
Deməli, qarşıda
hələ bizi çox zəfərlər
və qələbələr
gözləyir.
Nəsibimiz daim
zəfərlər olsun!
Aslan Aslanov,
AzərTAc-ın
baş direktoru
Yeni Azərbaycan.-2012.-3
iyul.-S.5.