Həmkarlar
ittifaqları hərəkatının inkişafı Azərbaycan
Prezidenti İlham Əliyevin adı ilə bağlıdır
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev www.yap.org.az saytına
müsahibə verib:
- Səttar müəllim, həmkarlar
ittifaqları ölkəmizdə əmək
hüquqlarının qorunmasında, işçilərin
sosial məsələlərinin həllində mühüm
rola malikdir. İlk öncə, istərdik ki, həmkarlar
ittifaqlarının keçdiyi yol haqqında ümumi məlumat
verəsiniz. Bu gün ölkəmizdə həmkarlar ittifaqlarının
fəaliyyətini necə dəyərləndirirsiniz və bu
sahədə ümumilikdə vəziyyət hansı səviyyədədir?
- Çox məzmunlu və əhatəli
bir sual olduğundan mən bu suala ətraflı cavab verəcəyəm.
Azərbaycanda Həmkarlar
İttifaqları hərəkatı XIX əsrin 60-cı illərindən
formalaşmağa başlamışdır.
1905-ci ilin 17 oktyabrından Bakıda Konka
(at-dəmiryolu) həmkarlar ittifaqı rəsmi olaraq
öz fəaliyyətinə
başlayır. İlk kollektiv
müqavilə də 1904-cü ilin dekabr ayında neft sənayeçiləri
ilə əməkçilər arasında Bakıda
bağlanmışdır. Artıq 1906-cı ilin
sonunda Qafqaz regionunda fəaliyyət göstərən həmkarlar
ittifaqlarının 75 faizi Bakıda fəaliyyət
göstərirdi.
Azərbaycanda ilk ittifaqlararası həmkarlar ittifaqları təşkilatının
formalaşması 24 mart 1917-ci ilə təsadüf
edir.
1920-ci il aprel ayında Azərbaycanda
fəaliyyət göstərən həmkarlar
ittifaqlarının vahid mərkəzdə
birləşdirilməsi üçün
Azərbaycan Həmkarlar İttifaqlarının Ümumbakı
Konfransı keçirilir. Konfrans
Azərbaycan Həmkarlar İttifaqları Şurasının
yaradıldığını elan etməklə
5 nəfərdən ibarət Rəyasət Heyətini seçmişdir.
Sovet hakimiyyəti illərində digər
qeyri-hökumət təşkilatları kimi
həmkarlar ittifaqları da hakim partiyanın asılılığında
olmaqla, onun bir strukturuna çevrilmişdi.
Respublikamız ikinci dəfə öz
müstəqilliyinə qovuşduqdan sonra həmkarlar ittifaqlarında da islahatların aparılması zərurətə
çevrildi. Təəssüf ki, müstəqilliyin ilk
illərində hakimiyyətdə olan siyasi qüvvələr həmkarlar
ittifaqına ögey münasibət
göstərməklə ona qarşı yersiz təzyiqlər etməyə
başladı. Həmkarlar ittifaqının balansında olan əmlakın əlindən
alınmasına səy göstərildi. Həmin dövrdə
həmkarlar ittifaqının liderlərinin apardıqları
mübarizə və Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı həmkarlar ittifaqına təzyiqə son qoydu.
Respublikamızı dərin sosial-iqtisadi və
siyasi böhrandan
çıxaran Ümummilli liderimiz Heydər Əliyev o
ağır günlərdə həmkarlar ittifaqı təşkilatlarından
da qayğısını əsirgəmədi.
Onu müxtəlif siyasi
qüvvələrin hücumlarından qorudu.
Tarixi ənənələrə malik bu təşkilatın
öz missiyasını yerinə yetirməsi
üçün hərtərəfli
şərait yaratdı. Bu qurumun
uzun illər ərzində
formalaşmış maddi-texniki
bazasının dağıdılmasının
qarşısı alındı. Demokratik
idarəçilik prinsiplərinə əsaslanan Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının təşkilati
baxımdan möhkəmlənməsinə və fəaliyyət
dairəsinin genişlənməsinə dəstək verildi. 1994-cü ildə “Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdə
statusunu və yerini
müəyyən etmiş oldu.
Həmkarlar
ittifaqlarında islahatlar baxımından
Azərbaycan Həmkarlar İttifaqlarının 5 fevral 1993-cü ildə keçirilən
qurultayının xüsusi əhəmiyyəti
oldu. Həmin qurultay ərəfəsində
yaradılmış təşəbbüs qrupunun
təklifləri ilə sovetlər birliyindən qalma, inzibati amirlik sistemini özündə
yaşadan həmkarlar ittifaqları
şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli həmkarlar
ittifaqı mərkəzinə verdi.
Hazırda
AHİK respublikamızda işçilərinin ən iri həmkarlar ittifaqı birliyidir.
Hal-hazırda onun ətrafında 1,6 milyon insanı əhatə edən 26 üzv təşkilat birləşmişdir.
Bu gün HİK-in üzv təşkilatlarında
17278 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 72 birləşmiş və
499 şəhər, rayon həmkarlar
ittifaqı komitələri şuraları fəaliyyət
göstərir. Xarici, özəl və
birgə müəssisələrdə həmkarlar
ittifaqlarının təsis olunması diqqət mərkəzində
saxlanılır. Hazırda 3709 xarici,
özəl və birgə müəssisədə həmkarlar
ittifaqı təşkilatı təsis edilmişdir
ki, onlar da öz ətrafında
157458 ittifaq üzvünü
birləşdirir.
Həmkarlar
ittifaqları “Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə
tutulan məsələləri - öz üzvlərinin əmək
hüquqlarını müdafiə edir,
dövlət məşğulluq siyasətinin
hazırlanmasında iştirak edirlər.
İşəgötürənin
təşəbbüsü ilə müəssisənin və ya onun struktur
bölmələrinin ləğv edilməsi istehsalın
tamamilə və ya qismən
dayandırılmasına, iş yerlərinin
ixtisarına və ya əmək şəraitinin
pisləşməsinə səbəb ola
bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə
tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını
azı üç ay qabaqcadan xəbərdar etmək və
işçilərin hüquqlarının və mənafelərinin
gözlənilməsi barədə onlarla
danışıqlar aparmaqla həyata keçirilir.
Həmkarlar
ittifaqları öz səlahiyyətləri
daxilində qanunvericilikdə nəzərdə tutulan
qaydada məşğulluğun vəziyyətinə,
məşğulluq sahəsində təminatlar haqqında
qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.
Hər il AHİK, Azərbaycan Respublikası Nazirlər
Kabineti və Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli
Baş Kollektiv Saziş imzalanır. Hazırda 2011-2012-ci illər
üçün 6 mart
2012-ci ildə bağlanmış Baş Kollektiv Saziş qüvvədədir.
AHİK həmkarlar
ittifaqlarının və əməkçilərin sosial-əmək
münasibətlərinə aid məsələlərinə
dair qəbul olunan qanun layihələrinin işlənib
hazırlanmasında ekspertlər səviyyəsində iştirak edir.
Kadrların
peşə hazırlığının yüksəldilməsi
sahəsində həmkarlar ittifaqlarının Əmək və
Sosial Münasibətlər Akademiyası çox böyük rol oynayır. Bu gün Akademiyada 304 nəfər
tələbə təhsil alır. Eyni zamanda Akademiya həmkarlar
ittifaqları işçilərinin peşə
hazırlığının yüksəldilməsinə böyük köməklik göstərir. Hər
il yüzlərlə həmkarlar
ittifaqı işçisi və fəalları
Akademiyanın kurslarında öz təhsillərini
artırırlar.
AHİK həmkarlar
ittifaqları kadrlarının təhsilini və peşə
hazırlığını daim yüksəltmək
üçün Beynəlxalq Həmkarlar
İttifaqları Birlikləri və Beynəlxalq Əmək Təşkilatı
ilə sıx əməkdaşlıq edir.
Bunlardan başqa Beynəlxalq
Əmək Təşkilatı və BAHİK-in
xətti ilə dünyanın müxtəlif ölkələrində,
o cümlədən respublikamızda təşkil
edilən beynəlxalq seminar və konfranslarda respublika həmkarlar
ittifaqlarının fəalları yaxından iştirak
edir. Ötən il
Beynəlxalq Əmək Təşkilatının dəstəyi
ilə “İş yerlərində
qadınlara qarşı ayrı-seçkilik hallarına
qarşı mübarizə” mövzusunda Gəncə,
Lənkəran, Quba, Mingəçevir
şəhərlərində regional seminarlar, Bakıda isə yekun
konfransı keçirilmişdir.
İştirakçılar üçün
xüsusi materiallar, əyani
vəsaitlər hazırlanmış və
iştirakçılara paylanmışdır.
Bundan əlavə BƏT-in dəstəyilə
“Böhran şəraitində layiqli və təhlükəsiz əməyə
keçid”, “İş
yerlərində gender bərabərliyi. Sosial dialoq və kollektiv müqavilələr”, “Layiqli
əmək axtarışında - əməkçi
miqrantların hüquqları” mövzularında seminarlar keçirilmişdir.
AHİK
dünyanın bir çox
ölkələrinin həmkarlar ittifaqları mərkəzləri
ilə, o cümlədən Polşa, Bolqarıstan, Belçika,
Yaponiya, İrlandiya, İtaliya, Braziliya,
Macarıstan, Norveç, Türkiyə, İsrail, Çin və
MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq
edir. 2001-ci ilin noyabr ayından AHİK dünya
həmkarlar ittifaqlarının ən böyük
ictimai qurumu olan, 1949-cu ildə yaranmış, hazırda mənzil
qərargahı Brüssel şəhərində
yerləşən və özündə 155 ölkədən
175 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Beynəlxalq Əmək Təşkilatının
keçirdiyi bütün
tədbirlərdə dövlət orqanları ilə birlikdə
fəal iştirak edir.
Hazırki
dövrdə Azərbaycan həmkarlar ittifaqları məşğulluq
və iş yerlərinin qorunması, əməkhaqqının
artırılması sahəsində gərgin işi,
əmək şəraitinin
yaxşılaşdırılması, işçilərin sosial və əmək hüquqlarının
müdafiə olunması prinsipləri üzrə fəaliyyətini
inadla davam etdirir. Bütün bunlar həmkarlar ittifaqı üzvlüyünün
motivasiyasına köklü surətdə
təsir edir. Başlıca meyar isə işçilərin mənafeyinin kollektiv müdafiəsidir.
AHİK tərəfindən
həyata keçirilən bütün tədbirlərin
məqsədi əhalinin sosial-iqtisadi
hüquqlarının müdafiəsinin qanunauyğun
şəkildə təmin olunması, onun
rifahının yaxşılaşdırılmasıdır.
Respublikada həmkarlar ittifaqları hərəkatının
belə yüksək səviyyədə inkişaf
etməsi Ümummilli lider
Heydər Əliyevin layiqli
davamçısı ölkə Prezidenti
möhtərəm İlham Əliyevin
adı ilə bağlıdır.
Cənab Prezidentin birbaşa dəstəyi
ilə “Həmkarlar ittifaqları haqqında” Qanuna,
İnzibati Xətalar Məcəlləsinə
və Əmək Məcəlləsinə edilən dəyişikliklər
cəmiyyətdə təşkilatımızın nüfuzunun bir daha güclənməsinə böyük
təsir etmişdir. Son
illər həmkarlar ittifaqı fəallarının
respublikanın orden, medal
və fəxri adları ilə təltif etməklə Prezident həmkarlar ittifaqına dəstəyini
bir daha nümayiş etdirmişdir.
Prezident İlham Əliyev
həmkarlar ittifaqlarının güclü
qüvvə olduğunu və Azərbaycanda
əmək hüquqlarının qorunmasında, işçilərin
sosial məsələlərinin həllində
mühüm rola malik olduğunu dəfələrlə
qeyd etmişdir: “Əminəm
ki, həmkarlar ittifaqları cəmiyyətdə
əməkdaşlıq ruhunun bərqərar
olması, sosial ədalət prinsiplərinə
əməl edilməsi, bazar
iqtisadiyyatı şəraitində işçilərin əmək
hüquqlarının qorunması, işəgötürənlərlə
işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində çox işlər
görə bilər”. Bu fikirlər həmkarlar
ittifaqlarını daha da
əzmkarlıq, birlik və həmrəylik
nümayiş etdirməyə istiqamətləndirmişdir.
-
İşçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, təhlükəsizlik
texnikası üzrə qayda və normalara əməl edilməsi məsələlərinə
nəzarət haqda nə deyə bilərsiniz?
- AHİK
işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması məsələlərinə
xüsusi önəm verir
və təhlükəsizlik texnikası üzrə normalara əməl olunması məsələlərini
daim nəzarətdə saxlayır.
Hakimiyyət
orqanlarının, ictimaiyyətin, mütəxəssislərin
respublikada əməyin mühafizəsi
problemlərinin həllinə cəlb edilməsi üçün həmkarlar ittifaqları Beynəlxalq
Əmək Təşkilatının (BƏT) təklifinə dayaq olmaq məqsədi ilə
Ümumdünya Əməyin Mühafizəsi
Gününün (28 aprel)
və Ümumdünya Layiqli
Əmək Gününün (7 oktyabr) qeyd edilməsində
maraqlı tərəf olmuşdur.
Yalnız son 10 il
müddətində AHİK-in təşəbbüsü
ilə respublikada “Hər bir
iş yerində əməyin mühafizəsi
mədəniyyəti”, “Layiqli iş yeri - təhlükəsiz
əmək”, “Mənim həyatım, mənim işim,
mənim təhlükəsiz əməyim”, “Sağlam
və təhlükəsiz əmək şəraitinin
yaradılması” üzrə “ilin ən
yaxşı müəssisəsi” mövzuları üzrə
baxış-müsabiqələri keçirilmişdir.
Nəticələrə görə 198 müəssisə və
təşkilatlar ən yaxşı göstəricilərə
nail olduqlarına görə diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılmışdır.
1993-cü ildən
2011-ci ilə kimi həmkarlar ittifaqı
orqanlarının texniki əmək
müfəttişləri tərəfindən müəssisə
və təşkilatlarda 14158 min yoxlama aparılmışdır. Bu müddətdə texniki
əmək müfəttişləri tərəfindən 84449
sayda əməyin mühafizəsi üzrə
pozuntular müəyyənləşdirilmişdir
ki, onlardan 61213 (72,5%)-ü aradan
qaldırılmışdır. Əməyin mühafizəsi
tələblərinə işəgötürən tərəfindən
əməl olunmadığına görə onlara
təqdimatlar verilmiş və həmkarlar
ittifaqı orqanlarının daimi nəzarətində
saxlanılmış, həmkarlar ittifaqlarının seçkili orqanlarında bu
məsələlər müzakirəyə
çıxarılmışdır. 2011-ci ildə sahə həmkarlar
ittifaqı orqanlarının texniki əmək
müfəttişlərinin iştirakı ilə əməyin
mühafizəsi və istehsalat zədələnmələrinin
qarşısının alınması məqsədi ilə
553 müəssisə və təşkilatda yoxlama
aparılmışdır. Nəticədə sanitar
qaydalara, istehsalat sanitariya və gigiyena
normalarına və ekoloji təhlükəsizliyin
tələblərinə əməl olunmaması üzrə
2614 fakt müəyyən edilmişdir.
Aşkar olunan
pozuntuların 90,8 faizinin (2378) aradan qaldırılması təmin edilmişdir. Bu sahədə
mütəmadi olaraq həmkarlar
ittifaqı təşkilatlarının mütəxəssisləri
və fəalları müvafiq tədbirlər
həyata keçirirlər.
- Həmkarlar
ittifaqları respublikamızın ictimai həyatında
mühüm rol oynamaqla əmək hüquqlarının
qorunmasında da vacib bir təsisatdır. İnsanlara
əmək hüquqlarının pozulması hallarının aradan qaldırılması istiqamətində
nə kimi işlər görülür?
- Həmkarlar
ittifaqlarının fəaliyyətinin mühüm
hissəsini işçilərin əmək
hüquqlarının müdafiəsi təşkil edir. Ölkədə həmkarlar
ittifaqlarına olan inamın nəticəsidir
ki, son illər həmkarlar
ittifaqlarına edilən müraciətlərin sayı xeyli çoxalmışdır. Əgər
90-cı illərin sonunda AHİK-ə
18000-ə yaxın müraciət olmuşdursa,
son illərdə bu rəqəm
10-15 dəfə artmışdır. Təkcə 2011-ci ildə
Azərbaycan həmkarlar ittifaqlarına ümumilikdə daxil olan 156150 ərizə-şikayətin
153394-ü işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini
tapmışdır. Rəhbər işçilər tərəfindən
19413 nəfər qəbul edilmişdir. 205
nəfər işçi həmkarlar
ittifaqının müdaxiləsindən sonra
işə qaytarılmışdır. 20 nəfər işçinin hüquqları isə həmkarlar
ittifaqının nümayəndələrinin iştirakı
ilə keçirilən məhkəmələrdə bərpa
olunmuşdur. İl ərzində
həmkarlar ittifaqları 349 nəfərin işdən
çıxarılmasına razılıq verməmişdir. Bəzi
işəgötürənlərin müqavimət göstərmələrinə
baxmayaraq, həmkarlar ittifaqlarının
bacarığı və fəallığı sayəsində
ötən il işəgötürənlərlə
11744 kollektiv müqavilə və 122 saziş bağlanmışdır. Bu müqavilələr vasitəsilə
işçilərə əlavə güzəştlər və
imtiyazlar verilmişdir.
Respublika ərazisində fəaliyyət
göstərən transmilli şirkətlərdə
yerli işçilərin
hüquqlarının pozulması hallarının
qarşısını almaq məqsədi
ilə “MDB ölkələri ərazisindəki transmilli şirkətlərdə və maliyyə-sənaye
qruplarında həmkarlar ittifaqı təşkilatlari strukturunun problemləri”, “Milli
səviyyədə layiqli əməyin təminatında
transmilli şirkətlərin
iştirakı” mövzularında beynəlxalq konfranslarda
fəal iştirak edilmiş,
tələb və təkliflərlə çıxış edilmişdir. Beynəlxalq həmkarlar
ittifaqlarının yığıncaqlarının Bakıda
keçirilməsi son illər ənənə
halını almışdır. Beynəlxalq Əmək Təşkilatının
xətti ilə keçirilən bir
sıra silsilə tədbirlərdə 1000-dən yuxarı fəallar
iştirak etmiş,
üzvlərimiz üçün metodiki və əyani vəsaitlər
hazırlanmışdır.
- Bildiyimiz kimi Azərbaycanda
kurort sahəsinin iknişafı ilə
bağlı dövlət proqramı qəbul olunub,
eləcə də bu istiqamətdə qanunvericilik bazası gücləndirilib.
Atılan bu addımlar praktikada
özünü necə göstərir?
- “Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramının təsdiq
olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamından
sonra AHİK-in xidmətində
olan sanatoriyalar və
istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilmiş,
işçilərin sağlamlığının
qorunmasına, istirahətinin təşkilinə, onların ailə
üzvlərinin dincəlməsinə lazımi şərait
yaradılması üçün sanatoriya-kurort və istirahət evlərinin,
pansionatların, turist bazalarının
şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.
AHİK daim öz üzvlərinin
və onların ailə üzvlərinin istirahətinin təşkili,
sağlam həyat tərzi sürmələrinə
şərait yaradılmasına çalışır.
İmzalanmış üçtərəfli baş,
ərazi və sahə müqavilələrinə peşə
xəstəliklərinin azalmasına, həmçinin
profilaktikasına yönəldilmiş tədbirlərin həyata
keçirilməsi üçün müvafiq bəndlər
salınmışdır.
2011-ci ilin yay mövsümündə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
sistemində olan turizm,
sanatoriya-kurort və istirahət müəssisələrində
16277 ədəd güzəştli yollayışla 19743 nəfərin
müalicə və istirahəti təmin olunmuşdur.
Azərbaycan həmkarlar
ittifaqları üzvlərinin sağlamlığına, istirahətinə
önəm verdiyi kimi,
onların uşaqlarının da yay istirahətlərinin təşkilini diqqətdə
saxlayır. Bu məqsədlə bir çox sahələrdə
yay istirahət düşərgələri
yaradılmışdır. Ötən yay
mövsümündə uşaq
sağlamlıq düşərgələrində 2400 nəfər
həmkarlar ittifaqı üzvünün
uşaqları istirahət etmişdir.
AHİK-in üzv təşkilatlarından
Rabitə İşçiləri Müstəqil HİRK, Aviasiya İşçiləri HİRK, Neft-Qaz Sənayesi İşçiləri
HİRK, Dəmiryolçuların Müstəqil HİRK və
bir çox başqa sahələrdə tarif
sazişləri və kollektiv müqavilələr
vasitəsilə yollayışların dəyərinin qismən
ödənilən hissəsinin təsərrüfat
orqanlarının üzərinə götürməsinə nail olunmuşdur.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tabeliyində olan
turizm, sağlamlıq və istirahət
ocaqlarının daim təmiz və
işlək vəziyyətdə olması üçün
müvafiq tədbirlər görmüşdür.
Son illərdə “Bilgəh”, “Qaranquş”, “Abşeron” və
digər sanatoriyalarda, “Xəzər” turist bazasında əsaslı yenidənqurma və
təmir işləri aparılmış, yeni
müasir tipli yataq və istirahət otaqları istifadəyə
verilmişdir. Ümumilikdə daxili imkanlar hesabına
yenidənqurma və təmir işlərinə 2011-ci il ərzində 3660000 manat
vəsait xərclənmişdir.
- Səttar
müəllim, sanatoriya və kurort mərkəzlərində nə qədər
məcburi köçkün məskunlaşıb?
Həmin müəssisələrin işləməməsi rəhbərlik
etdiyiniz qurumun işinə
nə dərəcə təsir göstərir?
- Hazırda həmkarlar
ittifaqlarının 1 kurort birliyi,
5 sanatoriya, 1 müalicə pansionatı və
istirahət evi fəaliyyət göstərir.
Bu müəssisələrin 12600
çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti
üçün istifadə edilir. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının xidmətində olan
turizm, sanatoriya və
istirahət ocaqlarının 70%-də 8500-ə yaxın məcburi
köçkün və qaçqın
yaşayır. “Şuşa” və “İstisu” sanatoriyaları erməni təcavüzkarları
tərəfindən işğal olunmuş ərazilərdə
qalmışdır. Azərbaycan həmkarlar
ittifaqlarının “Kurort” Səhmdar Cəmiyyətinə
2,2 milyard manatdan
artıq ziyan dəymişdir. Cəmiyyət
hazırda çarpayı fondunun yalnız
20%-dən istifadə edir. Təbii ki, belə bir vəziyyət
daha çox işçinin istirahət və müalicələrinə
mənfi təsir etmiş olur.
Bunu nəzərə alan
sahə həmkarlar ittifaqları çıxış yolunu maliyyə vəsaitlərindən qənaət
hesabına öz işçiləri üçün istirahət zonaları
yaradılmasında görürlər. Son
illər Rabitə, Dəmiryolu və Dövlət İdarələri
və İctimai Xidmət
İşçiləri HİRK-ləri Nabranda
öz işçiləri üçün
istirahət mərkəzləri tikib
istifadəyə vermişlər. Hazırda bu
mərkəzlərdə yüzlərlə işçi
istirahət edir. Təhsil
İşçiləri Azad HİRK-nin tikintisinə
başladığı istirahət və müalicə mərkəzinin
bu yaxınlarda istifadəyə verəcəyi
gözlənilir.
Səhiyyə və
Elektroenergetika və Elektrotexnika
Sənayesi İşçilərinin HİRK-ləri isə bu istiqamətlə fəaliyyətə
başlamışlar. Göründüyü
kimi biz bütün ehtiyatlardan
istifadə etməklə çalışırıq ki, daha çox
işçi istirahət və müalicələrini
həyata keçirə bilsinlər.
- Görülən
işlər nəticəsində Azərbaycan cəmiyyətində
həmkarlar ittifaqlarının nüfuzu
getdikcə artmaqdadır. Həmkarlar ittifaqlarında ölkəmizin
aparıcı qüvvəsi olan on minlərlə gənc də birləşib.
Ümumiyyətlə, bu mənada cəmiyyətin
bu təşkilata etimadını şərtləndirən
amillər nədən ibarətdir?
- AHİK işləyən
və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına
diqqətlə yanaşır.
Gənclərin
sahibkarlıq fəaliyyətinin dəstəklənməsi,
peşə hazırlığının
artırılması, məşğulluğun təmin edilməsinə
kömək göstərilməsi, onların hərbi vətənpərvərlik
tərbiyəsi, sağlamlaşdırılması, asudə
vaxtlarının təşkili və s. məsələlər
ön plana çəkilmişdir.
Gənclərin
hərbi vətənpərvərlik tərbiyəsində həmkarlar
ittifaqları təşkilatlarının rolu
artmaqdadır. Bu sahədə yaxşı
ənənələr yaranmışdır. AHİK-in
nəzdində 1994-cü ildə Respublika
Silahlı Qüvvələrinə hamilik
köməyi üzrə Mərkəzi Əlaqələndirmə
Şurası yaradılmışdır. C.Naxçıvanski
adına Hərbi Liseyin əlaçı
tələbələri AHİK-in diplomu və qiymətli hədiyyələri ilə
mükafatlandırılırlar. Hərbi hissələrin
şəxsi heyətlərinə mədəni hamilik
ilboyu davam etdirilir.
Təhsildə fərqlənən
ali və orta məktəb
tələbələri üçün
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı, Dövlət İdarələri və İctimai Xidmət və Su
Təsərrüfatı İşçilərinin həmkarlar
İttifaqları təqaüdlər təsis etmişdir.
Ümumilikdə 120 nəfərdən çox
gəncə il ərzində 45360 manat təqaüd verilir.
Prezident İlham Əliyevin
imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı Azərbaycanda gənclər siyasətini
daha da inkişaf
etdirmək, gənclərin menecment sahəsində
fəal iştirakına şərait yaratmaq,
gənc mütəxəssislərin işlə təminatını
və digər sosial-iqtisadi problemlərini
həll etmək yolunda çox
uğurlu addımdır.
2011-ci ilin mayında sahə həmkarlar
ittifaqının gənclər şuralarının üzvləri
ilə AHİK-də keçirilmiş
toplantıda bu proqrama
gənclərin sosial problemlərinin həllinə
kömək göstərə biləcək təkliflər irəli
sürülmüş, müvafiq
qurumlara təqdim edilmişdir.
Nəticədə həmin təkliflərin əksəriyyəti
proqramda öz əksini
tapmışdır.
Gənclər
arasında bədən tərbiyəsinin kütləvi hal almasına, yüksək səviyyəli
idmançıların hazırlanmasına həmkarlar
ittifaqları xüsusi diqqət yetirir. Bu gün
respublikada Hİ təşkilatları sistemi üzrə 1041 bədən tərbiyəsi
kollektivində 300 minə yaxın həmkarlar ittifaqı üzvü və onların ailə üzvləri
sağlamlığını möhkəmləndirir.
Həmkarlar
ittifaqlarının vəsaitləri hesabına
Naxçıvanda idman mədəniyyət
kompleksi, Dövlət İdarələri
və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi isə Saatlıda idman kompleksi və digər
obyektlər inşa etmişlər. Bu işlərin daha da genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası, Təhsil, Gənclər və
İdman nazirlikləri, Milli
Olimpiya Komitəsi birlikdə Respublika spartakiadası keçirir.
Kütləvi idman tədbirinə çevrilmiş bu
spartakiadanın təşəbbüskarı hələ
1997-ci ildə Ümummilli liderimiz
olmuşdu. Kompleks idman yarışlarında hər il 50 min nəfərə
yaxın adam iştirak
edir. Son üç ildə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının xətti ilə 21 sahə
həmkarlar ittifaqını əhatə edən 2 idman spartakiadası keçirilmişdir.
Spartakiadalarda 1576 idmançı öz bacarığını göstərmişdir.
Həmkarlar
İttifaqları İdman Təşkilatlarının
idmançıları milli yığma
komandalarımızın heyətində dünya,
qitə yarışlarında və rəsmi beynəlxalq
turnirlərdə yüksək nəticələr göstərərək
214 medal qazanmışlar.
Bu gün bizim üçün gənc
nəslin pis vərdişlərdən
çəkindirilməsi, onların vətənpərvərlik
tərbiyəsinin daha da
gücləndirilməsi, məşğulluğunun təmin
edilməsi, sosial problemlərinin həlli,
yaşayış şəraitinin yaxşılaşdırılması
mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan gənclərin
həmkarlar ittifaqı sıralarına cəlbi və
onların həmkarlar ittifaqlarının fəaliyyətində
özünəməxsus yer tutması çox vacibdir. Son statistik göstəricilərə
görə həmkarlar ittifaqları sıralarında 294.178 gənc
birləşmişdir ki, bunların da 149.904 nəfəri oğlan,
144.274 nəfərini isə qızlar təşkil edir.
Azərbaycan Həmkarlar
İttifaqları gənclərin asudə vaxtlarının səmərəli
təşkilinə diqqət yetirir. Bu məqsədlə müxtəlif musiqi festivallarının, idman
yarışlarının keçirilməsi diqqətdə
saxlanılır. Narkomaniyanın “faciə gətirən bəla”
olduğunu bildirən və cavab mexanizmlərinin tətbiqi üzrə
tövsiyələr nəzərdə tutan
sənədlər hazırlanıb gənclər arasında
yayılır.
Gənclərin
təşkilatlanması məqsədilə 2004-cü ilin noyabr ayında
AHİK-də Gənclər Şurası
yaradılmışdır. Hal-hazırda sahə həmkarlar
ittifaqlarının böyük əksəriyyətində
Gənclər Şuraları fəaliyyət göstərir və
gənclərlə mütəmadi iş
aparılır. Əsas məqsədimiz gənclərə həmkarlar
ittifaqı işinin üsul
və metodlarını öyrətmək, həmkarlar
ittifaqı liderlərinin yeni nəslini
yetişdirmək və bütün səviyyəli
seçkili həmkarlar ittifaqları
orqanlarında fəal iştiraklarını təmin etməkdən
ibarətdir. Sahə tarif sazişlərində
gənclərin sosial-əmək hüquqlarının
müdafiəsi məsələləri üzrə xüsusi bölmələrin ayrılmasına
nail olunur, onların
yerinə yetirilməsinə nəzarət də həyata keçirilir.
Bu gün, gənclərin
fəal iştirakı olmadan və
onların problemlərini həll etmədən həmkarlar
ittifaqı hərəkatının müasirləşməsi
qeyri - mümkündür
və bunun üçün
aparılan işlərin forma və
metodlarını daha da
təkmilləşdirmək, gənc həmkarlar ittifaqı üzvünü layiqli lider kimi yetişdirmək
və həmkarlar ittifaqları sıralarında görkəmli
yer tutmasına nail olmaq mühüm əhəmiyyət
kəsb edir.
Yeni Azərbaycan.-2012.-5
iyul.-S.6.