Hər bir
jurnalist bu peşənin daşıyıcısı
olmamışdan əvvəl bir xalqın, millətin təmsilçisidir
Əli Həsənov:
Görünür, insanların yeni köşklərdən qəzet
almaq vərdişini yavaş-yavaş artırmaq
lazımdır
Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun “Media forum” saytına
müsahibəsi:
- Redaktorlar qəzet yayımı sahəsində
ciddi problemlər olduğunu deyirlər. Mətbuat
Şurasında redaktorlarla və yayım firmalarının rəhbərləri
ilə görüşdünüz. Hökumət
görüşdə qaldırılan problemlərin həlli
üçün hansısa addımlar atıbmı?
- Qəzet satışı bir kommersiya fəaliyyətidir.
Hökumət qəzet satışından çoxdan imtina
edib, “Azərmətbuatyayımı”, mətbuat yayımı ilə
məşğul olan digər dövlət strukturları
hamısı artıq özəlləşdirilib, kommersiya
strukturudur, özəl əllərdədir. Hər bir firma daha
çox qəzet satmaq, oradan faiz götürmək, daha
çox gəlir əldə etmək istəyir. Redaktorlar isə
istəyirlər ki, qəzetləri daha çox satılsın
və buna uyğun da qazanc götürsünlər. Burada
müvafiq olaraq qəzet satanlarla qəzeti satılanlar
arasında bir kommersiya əlaqəsi var. Dövlət bu prosesdə
yalnız dolayısı ilə iştirak edir. Dolayısı
ilə iştirak nədir? Dövlət orqanlarının
özləri də qəzet alıcısıdır. Eyni
zamanda bəziləri özlərinin mətbu orqanını təsis
ediblər, yəni, həm də, qəzet
satıcısıdırlar. Həm məmurları vasitəsilə
qəzet alıcısı, həm də bəzi qurumları
vasitəsilə qəzet satıcısı olduğuna görə
dövlət bu prosesdə dolayısı ilə iştirak
edir.
Redaktorlarla görüşdə
üç məsələ qaldırıldı. Birincisi, qəzetlərin
maddi-texniki bazası və iqtisadi durumu haqda oldu. Dünya
ölkələrində mətbuat orqanları daha çox
reklamdan gəlir götürür, satışdan gələn
gəlir onların ümumi dövriyyəsinin heç on
faizini də təşkil etmir. Amma Azərbaycanda vəziyyət
bir qədər fərqlidir. Satışdan olan qazanc qəzetlərin
ümumi dövriyyəsinin doxsan faizini təşkil edir. On
faiz isə reklam, elan və digər fəaliyyətlərinin
payına düşür. Ona görə də diqqət daha
çox satışın üzərinə yönəlib.
Lakin belə olmamalıdır. Elə etmək lazımdır
ki, gələcəkdə reklam bazarına yazılı media da
daxil olsun, mütləq şəkildə onlar da reklam
alsınlar. Açığını deyim ki, bu gün
elektron KİV-lərin reklam vəziyyəti daha
yaxşıdır, televiziyalar, internet saytları daha çox
reklam əldə edə bilirlər. Ona görə də
redaktorlarla görüşdə qaldırılan birinci məsələ
bu idi. Yəni necə edək
ki, qəzetlərə də reklam verilsin.
Gündəmə
gətirilən ikinci məsələ
yayımla, satışla bağlı oldu.
Bu da təbiidir. Çünki qəzetlərin gəlirinin böyük bir hissəsi
satışdan gələn qazanc
hesabına formalaşır. Bundan başqa, dövlət, sosial
və kommersiya reklamlarının
bölüşdürülməsi məsələsini
müzakirə etdik. Qaldırılan bütün məsələlər haqda dövlətin izahatları var. Vəziyyət pisdirsə, durumu
yaxşılaşdırmaq olarsa, niyə bu baş vermir,
bu gün yaxşı
deyilsə, onun da
izahatları var. Amma bir
məsələni qeyd edim
ki, bu, formal
görüş deyildi,
görüş keçirmək xətrinə
təşkil olunmamışdı. Görüşün
məqsədi vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək
mümkündürsə onu müzakirəyə
çıxarmaq, reallaşdırmaq barədə fikir mübadiləsi aparmaq
idi. Dövlət mətbuatın
inkişafı ilə bağlı xüsusi
konsepsiya qəbul edib,
xüsusi fond
yaradıb. KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondu qəzetlərə
pis-yaxşı müəyyən yardım göstərir.
Görüşdə yardımın miqdarının
artırılması haqda təklif verildi. Əlbəttə, bunu
etmək mümkündür, çünki indi Azərbaycanın
hər bir şeyə imkanı var. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Dağlıq Qarabağ münaqişəsi istisna
olunmaqla qalan bütün məsələləri həll
etmək gücünə malikik.
Dağlıq Qarabağ da
ona görə istisna
təşkil edir ki, bu gün problemin
həlli daha çox bizim iradəmizdən asılı deyil. Bu gün
Azərbaycan qarşısında, demək olar
ki, həllolunmaz məsələ yoxdur. Ona görə mətbuata
yardımı da artıra bilərik.
Qanunvericilikdə
müəyyən dəyişikliklər edilməsi məsələsi
də qaldırıldı. Bundan başqa Azərbaycanda bu qədər
mətbuat orqanının mövcudluğuna
ehtiyac olmadığı, bəlkə qəzetləri
hansısa formada təmərküzləşdirmək,
bunun yolları barədə fikirlər səsləndirildi, məsələlər
qaldırıldı. Bizim vəzifəmiz
də qaldırılan məsələləri təhlil etmək,
onların ictimai əhəmiyyətlilik dərəcəsini
müəyyənləşdirmək və həlli üçün dövlətin, hökumətin
imkanlarından, müvafiq mexanizmlərindən
istifadə etməkdir.
-
Bəzi redaktorlar isə hesab
edirlər ki, mətbuatın problemlərinin,
o cümlədən reklam
məsələsinin həlli üçün
siyasi qərara ehtiyac var. Çünki dövlət
orqanları reklamları daha çox oxunan müstəqil
və müxalif qəzetlərə vermirlər. Məsələlərin həlli üçün siyasi qərara
ehtiyacın olması haqda deyilənlərlə
razısınızmı?
- Redaktorlarla görüşdə bu fikrə münasibət bildirdim
və bununla
razılaşmadığımı dedim. Əvvəla,
dövlət orqanları reklamla məşğul
olmur. Heç bir dövlət orqanı bu gün mətbuata reklam, elan vermir.
Əgər dövlət strukturları reklam
versəydi və qəzetlər arasında
ayrı-seçkilik salsaydı, onda nədənsə
şikayət etmək üçün əsas
olardı. Belə bir hal
olmadığına görə şikayət üçün
də əsas yoxdur. Yalnız “Tender haqqında” Qanunda bir müddəa var. Həmin
müddəaya görə, dövlət tenderlərinin
elanları, məlumatları rəsmi dövlət qəzetlərində
dərc olunmalıdır. Görüş zamanı redaktorlar qanunun bu maddəsinə
etirazlarını bildirdilər, dövlət
elanlarının, o cümlədən tender elanlarının yalnız dövlət qəzetlərində
deyil, özəl qəzetlərdə də
dərc olunması üçün həmin
müddəanın qanundan
çıxarılması təklifini irəli sürdülər.
Mən bu fikirlə tam
razıyam. Hesab edirəm ki,
bu qanunvericilik təşəbbüsü
qarşıdakı dövrlərdə qaldırılacaq, biz bunun üzərində
işləyəcəyik.
Dövlət
reklamlarına gəlincə, bu məsələ
də müzakirə olundu. Redaktorlar dedilər ki,
dövlətin reklamı niyə yoxdur? Həqiqətən
də dünyanın bir çox
ölkəsində, o cümlədən
Türkiyədə, Rusiyada, Avropanın əksər
dövlətlərində sosial reklamlara dövlət büdcəsindən
ayrıca maddə ilə vəsait ayrılır. Azərbaycanda
bu yoxdur. Amma nazirliklərin, komitələrin, icra strukturlarının fəaliyyətinin
hansısa şəkildə işıqlandırılması, marketinqi ilə bağlı onların büdcəsində
az da olsa
vəsait nəzərdə tutulur, müəyyən
miqdar ayrılır. Görüşdə
təklif irəli sürüldü ki, gələcəkdə dövlət
başçısının təşəbbüsü, sərəncamı
ilə dövlət idarə və müəssisələrinə
büdcələrinin bir faizi
miqdarında reklam öhdəliyi qoyulsun. Onlar büdcələrinin
bir faizini əhali ilə
təmasa, informasiyalarını yaymağa,
fəaliyyətlərini reklam etməyə,
müzakirələr aparmağa, təqdimatlar
keçirməyə xərcləsinlər. Yəni bunun üçün pul ayırsınlar. Belə bir
məsələ qaldırılıb, təklif irəli sürülüb. Əgər təklif irəli
sürülübsə, deməli, onu
müzakirə etmək mümkündür,
bunun yeri var. Biz irəli
sürülən hər bir təklifi
müzakirə edəcəyik. Onların həyata keçirilməsinin
mümkün olub-olmadığı
müzakirələrin nəticəsində məlum olacaq.
- Mətbuat
yayımı ilə məşğul olan “Qasid” firması var.
Bakı şəhər İcra Hakimiyyəti
firmanın paytaxtın mərkəzi hissələrində olan köşklərini götürüb.
“Qasid”in köşklərinin
götürülməsini qəzet yayımı və
satışına maneə sayırsınızmı? Bakı
şəhər İcra Hakimiyyəti
yığışdırdığı köşklərin
yerinə eyni sayda yenisini qoyurmu? Bu məsələni paytaxt
meriyasının rəhbərliyi ilə müzakirə etmisinizmi?
- Biz Bakı şəhər İcra
Hakimiyyəti ilə bu məsələni
araşdırdıq, hörmətli Hacıbala müəllimlə
bunu müzakirə etdik.
Əlbəttə, Bakı şəhərində qoyulan yeni köşklər
gələcəkdə “Qasid”in köşklərinin alternatividir.
Çünki bunlar yeni köşklərdir, daha
imkanlıdır, gözəldir. Amma Bakı şəhərində
“Qasid”in hər
hansı köşkü
götürülməyib. Sadəcə olaraq
müəyyən qədər yeri dəyişdirilib,
ola bilər ki, bir neçə metr kənara
çəkilib. Belə hallar var. Amma “Qasid”in köşkləri qalır. Yeni
köşklər “Qasid”in
köşkləri ilə bərabər fəaliyyət
göstərir.
Redaktorlarla görüşdə belə fikirlər
səsləndirildi ki, yeni
köşklərdə başqa şeylər
də satıldığına görə guya
qəzet satışına daha az əhəmiyyət verilir.
Məgər “Qasid”in
köşklərində tək qəzet satılırdı? Orada da hər şey satılırdı. Görünür,
insanların yeni köşklərdən qəzet
almaq vərdişini yavaş-yavaş
artırmaq lazımdır. Redaktorlarla görüşdən sonra belə
bir qərara gəlmişik ki, paytaxtda yeni
köşkləri idarə edən Bakı Şəhər
Ticarət və Xidmət Departamentinin rəhbərliyi
ilə qəzet redaktorlarının, yayım firmaları
nümayəndələrinin görüşünü
təşkil edək. Orada
yayımın şərtləri, dinamikləşdirilməsi, bununla bağlı hansısa problemlər varsa, onların aradan
qaldırılması və digər məsələlərə
baxılsın. Yalnız bu deyil. Redaktorlarla
görüşdə Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə qəzet
köşklərinin
yığışdırılmasından ciddi
şikayət olundu. Bu
məsələlər də yerli icra hakimiyyətlərinin rəhbərləri
ilə müzakirə olunur. Gələcəkdə
də belə müzakirələr olacaq. Biz qəzet
köşklərinin və mətbuat yayımının bundan sonra da
maneəsiz formada, amma
şəhərin gözəlliyinə xələl gətirmədən,
infrastrukturunu pozmadan fəaliyyət
göstərməsinin tərəfdarıyıq və bunu təmin edəcəyik.
- Mətbuat
Şurası təklifləri ümumiləşdirib Prezident Administrasiyasına göndərəcəyini
açıqlamışdı. Administrasiyaya
belə bir sənəd daxil
olubmu?
- Mətbuat
Şurası təkliflərini göndərib. Biz
də həmin təklifləri Prezident
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin imzası ilə müvafiq
olaraq bütün mərkəzi
və yerli icra hakimiyyəti
orqanlarına ünvanladıq. Hazırda onların rəyini
gözləyirik. Təkliflərin hansını
reallaşdırmaq olar, kimin
vasitəsilə, yaxud həyata keçirmək
olmazsa nəyə görə - bütün bu məsələlər
araşdırılır. Mərkəzi və yerli
icra hakimiyyəti orqanlarının rəylərini
aldıqdan sonra bu haqda açıqlamalar verəcəyik.
- Əli müəllim,
siyasi hakimiyyətin mətbuatdan əsas
narazılığı nədir? Nədənsə mətbuatdan
danışılanda daha çox
qəzetlər nəzərdə tutulur.
Hakimiyyət televiziyalardakı durumu necə
qiymətləndirir?
- Biz Azərbaycanda heç
nədən, o cümlədən öz fəaliyyətimizdən də axıradək
razı deyilik. Həmişə deyirik ki, bizim
də həll edə bilmədiyimiz məsələlər var. İctimaiyyətin də bizdən gözləntiləri
mövcuddur. Televiziyalar,
digər mətbuat orqanları da nə qədər
yaxşı işləsələr də, bizim
onlardan umacaqlarımız, gözləntilərimiz
var. Eyni zamanda cəmiyyətin, ictimaiyyətin gözləntiləri
var.
Söhbət
yazılı mediadan gedirsə, bizi ilk növbədə daha çox narahat edən mətbuat orqanlarında
qeyri-peşəkarların sayının hələ də üstünlük təşkil etməsidir. Jurnalist
peşəsinə yiyələnən, sözün
həqiqi mənasında peşəkar jurnalist
kimi fəaliyyət göstərmək
imkanı, intellekti,
hazırlığı, təcrübəsi olan
insanlar yazılı media
orqanlarında digərləri ilə müqayisədə hələ
də azlıq təşkil edir. Biz gözləyirik ki, həm
redaktorlarımız, həm də Mətbuat Şurası
jurnalistlərimizin daha peşəkarlaşmasına
xidmət göstərən addımlar atacaq.
Ehtiyac olsa, KİV-in İnkişafına Dövlət Dəstəyi
Şurası və dövlət də bu
işə qoşula bilər. Bu işi tezliklə başa çatdırmalıyıq.
İkincisi, təəssüflər olsun ki, mətbuatımızda
hələ də vətənpərvərlik hissini
unudan, hansı milləti, dövləti təmsil
etdiyini unudan insanlar mövcuddur. Onlar bəzən
peşəkar jurnalist fəaliyyətini icra edərkən dövlətin, millətin
maraqlarını nəzərə almırlar, dövlətin,
millətin maraqlarının təmin olunmasından vaz keçirlər, daha çox informasiya
ehtiyacını əsas götürürlər, yaxud da oxucu
qazanmaq, qəzetini daha
çox satdırmaq üçün
sensasion materiallar
arxasınca qaçırlar. Bəzən belə hallarla da
qarşılaşırıq və bu da təəssüf doğurur.
Belə bir vəziyyət cəmiyyətlə,
xalqla, dövlətlə, hakimiyyət
orqanları və ziyalılarla mətbuat arasında
qarşıdırmaya gətirib çıxarır. Hər bir jurnalist bu
peşənin daşıyıcısı olmamışdan əvvəl
bir xalqın, millətin təmsilçisidir.
Sözün həqiqi mənasında bu nəzərə alınmalı, hər bir jurnalistin milli məni, milli mənsubiyyət
hissi olmalıdır, dövlətinə,
xalqına təəssübkeşliklə
yanaşmalıdır. Bunlarsız mümkün
deyil.
Digər tərəfdən
isə mətbuat orqanlarının çoxluğu
peşəkarlaşmaya mənfi təsir göstərir. Mətbuat
orqanlarının çoxluğu
onların reketçiliyə yuvarlanmasına, qeyri-qanuni
yollarla özlərini saxlamaq
istiqamətində hərəkətlərinə rəvac verir. Bunlar da
arzuolunan məsələ deyil.
Televiziyalarda bu proseslər bir qədər azdır. Amma televiziyalarımızın da peşəkarlaşması,
tam şəkildə peşəkar
kadrlarla təmin olunması üçün
hələ çox çalışmaq lazımdır.
Xüsusən də müasir
dövrdə televiziya
sahəsi transmilli fəaliyyətə çevrilib.
Belə bir dövrdə informasiyanın
təminatı, ötürülməsi,
yayılması, operativliyin
qorunması, peşəkarlığın
saxlanması, milli dilin qorunması, adət-ənənələrə hörmətlə yanaşılması,
musiqi və digər sahələrin televiziyalara kommersiya yolu ilə ayaq
açdığını nəzərə alaraq milli dəyərlərin və kommersiya əhəmiyyəti az, amma milli əhəmiyyəti
çox olan sahələrin inkişafının
unudulmaması və digər çoxlu sayda məsələlər
var ki, biz bunları televiziyalardan gözləyirik. Xüsusən də sosial
müdafiəyə ehtiyacı
olan kateqoriyaların, bazar iqtisadiyyatına çətin uyğunlaşan
sosial sahənin problemlərinin qaldırılması,
uşaqlar, qadınlar,
əlillər, təqaüdçülər
və sair kateqoriyadan olan insanların informasiya ehtiyacının ödənilməsi
sahəsində televiziyalarımız
hələ çox çalışmalıdır.
- Qarşıdan Azərbaycan Jurnalistikası
Günü gəlir. Dövlətin bununla bağlı
hansısa planları varmı? Bu il
də jurnalistlərin
təltif olunması gözlənilirmi?
- Tədbirlərə artıq start verilib. Bayramın qeyd olunmasına Həsən bəy Zərdabinin 170 illik yubiley tədbirləri ilə başladıq.
Eyni zamanda Gəncədə yeni Mətbuat Evinin təməli qoyuldu. Bundan əlavə, KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondu və Mətbuat Şurası ayın 22-də
mətbuat gününün
qeyd olunması üçün tədbir
keçirəcək. Orada da müəyyən addımlar atılacaq.
Ölkə rəhbərinin jurnalistləri
təltif etməsinə
gəlincə, əgər
olsa, bunu hamımız görəcəyik. Mən bununla bağlı əvvəldən proqnoz verə bilmərəm.
İndiyədək belə təltiflər
olub, xeyli fərman, sərəncam imzalanıb. Hazırda
jurnalistlər üçün
ev inşa
olunur. Yəqin ki, gələn il bu mənzillərin qapıları
öz sahiblərinin üzünə açılacaq.
Digər
işlər də həyata keçirilir.
Nə olacaq, bu günlərdə
hamısının şahidi
olacaqsınız.
(Ardı var)
İmdad ƏLİZADƏ
Yeni Azərbaycan.-2012.-
18 iyul.- S. 3.