Azərbaycan mətbuatı heç
vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə
olunmayıb
Milli mətbuatımızın
yaranması Azərbaycanın dövlətçilik tarixində
təkanverici bir mərhələdir
Son dövrlərdə ölkəmizdə
mətbuatın inkişafı ilə bağlı Azərbaycan
dövləti və Azərbaycan Prezidenti tərəfindən
müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə
halını alıb. Azərbaycan mətbuatının
inkişaf tarixi uzun və mürəkkəb yol keçib.
Ümumiyyətlə, mətbuatın özünün ictimai
institut kimi formalaşması tarixi o qədər qədim olmasa
da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta
Asiya və Şərqi Avropa ölkələri
sırasında birincilərdəndir.
Mətbuat ilk növbədə intellektual
sfera olduğu üçün, heç şübhəsiz ki,
onun formalaşmasını təmin edəcək intellektlərin,
ziyalıların, qələm sahiblərinin, yazarların
olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin
bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər
hansı bir sosium bu işin öhdəsindən tarixi missiya
olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının
inkişafı da, tarixi də bir qədər daha sonraki
dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz
ki, gec və ya tez olmasından asılı olmayaraq hər bir
millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici
bir mərhələdir. Çünki mətbuat milli kimliyi
formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli
maarifləndirməni həyata keçirir, milli mentalitetin
formalaşmasında aparıcı komponentlərdən biri kimi
iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının
tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir
ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat
nümunələrini ortaya qoya biləcək ziyalıları
yetişdirmək iqtidarında olan intellektual gücə və
potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ
o dövrdə kifayət qədər intellektual əsaslarda
formalaşan bir sosium idi.
Bildiyimiz kimi, 1875-ci il iyul ayının 22-də
Azərbaycan mətbu tarixinin əsasını qoyan “Əkinçi”
qəzetinin nəşrinə başlanıb.
Əgər bir qədər geriyə
qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın
hansı şəraitdə mümkün olduğunu
gözümüzün önündən keçirsək,
görəcəyik ki, o dövrdə olan istər siyasi,
iqtisadi, sosial şərtlər, istərsə də intellektual
və maliyyə şərtləri arzuolunan səviyyədə
deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil
respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər
bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə,
ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri
olmayan bir ölkənin məhz işğal altında bir mətbuat
nümunəsi yarada bilməsi tarixi nöqteyi - nəzərdən
mühüm bir hadisə idi. İlk növbədə, ona
görə siyasi şərtlər uyğun deyildi, deyirik ki, o
dövrdə hər nə qədər mətbuat bir maarifləndirmə
vasitəsi kimi düşünülürdüsə, eyni
zamanda, hamı mətbuatın siyasi və ideoloji vasitə
olduğunu da dərindən başa düşürdü.
İşğal altında olan Azərbaycanı işğal
altında saxlayan qüvvələrin, əlbəttə ki, əsla
marağında ola bilməzdi ki, ölkəmizdə milli mətbuat
yaransın, inkişaf etsin. İqtisadi şərtlər isə
ona görə məqbul deyildi ki, o dövrdə
bütövlükdə əhalinin maddi vəziyyəti
aşağı idi, qəzet çıxarmaq yeni bir peşə
olduğundan o dövrün ən müasir texnika və
texnologiyasını tələb edirdi və bu texnologiyalar
olduqca baha idi. Həmçinin, qəzetin maliyyələşməsinin
heç bir əsası - nə ictimai
stimullaşdırıcı vasitələr, nə ictimai dəstək,
nə də digər maliyyə mənbələri yox idi. Bu
şərtləri nəzərə alsaq, görəcəyik
ki, Azərbaycanın böyük ziyalısı Həsən bəy
Zərdabi nə qədər ağır, çətin şərtlər
altında tarixi bir missiyanı həyata keçirməyi
bacarmışdı. Məsələ ondadır ki, o dövrdə
müəyyən ziyalı təbəqəsi formalaşsa belə,
heç də onların mətbuata münasibətləri,
ümummilli ideoloji məsələlərə ortaq
baxışları məqbul deyildi və üst-üstə
düşmürdü. Çünki o dövrdə yeni
ictimai-siyasi münasibətləri, yeni ideoloji nəzəriyyələri
mənimsəyən ziyalılarımızın böyük əksəriyyətinin
düşüncələrində daha çox Avropaya
inteqrasiya, müsəlman-xristian inteqrasiyası, müsəlman-Qərb
inteqrasiyası, daha sonra isə bunların əsasında
cücərəcək yeni Rusiya Federasiyasının tərkibində
müsəlman-xristian icmalarının birgə bərabər
hüquqlu yaşaması ilə bağlı tezislər
formalaşacaqdı. Bu isə ən azı 30-35 il sonra baş
verəcəkdi. Amma 1875-ci ildə bunların heç biri yox
idi. Ona görə də hesab edirik ki, o dövrdə Həsən
bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin
çap etdirilməsi həm də bir neçə onillik sonra
müşahidə edəcəyimiz milli düşüncənin,
siyasi, ideoloji dünyagörüşünün əsaslarını
təşkil edəcəkdi.
Bu qəzetin işıq üzü görməsinə
o dövrdə Azərbaycana hakim olan qüvvələr də
razı deyildilər. Ona görə də, cəmi 56 nömrəsinin
nəşrindən sonra 1877-ci ildə qəzet
bağlanmalı oldu. Göründüyü kimi, o dövrdə
qəzet buraxmaq bir fədakarlıq idi. Dediyimiz xarici faktorlarla
yanaşı, bir sıra daxili faktorlar da Azərbaycanda qəzet
nəşrinin lehinə deyildi. Çünki o dövrdə
din adı altında potensial oxucunu istismar edən, onların
düşüncələrini bir növ işğal
altında saxlayan “dindar” zümrə vardı. Əlbəttə
ki, o dövrdə çox böyük üləmalar, alimlər,
din xadimləri də vardı ki, biz onları nəzərdə
tutmuruq. Amma bununla bərabər, dindən varlanmaq vasitəsi
kimi, şəxsi məqsədləri üçün istifadə
edən böyük bir kütlə də var idi ki, onlar əhalinin
savadlanmasını, onların “boyunduruğundan” yaxa qurtararaq
inkişaf etməsini istəmirdilər. Çünki mətbuat
maarifləndirirdi, inkişaf etdirirdi, vətəndaş
mövqeyi, ideoloji mövqe formalaşdırırdı, mətbuat
intellektual insanlar yetişdirirdi və din adından istifadə
edən fırıldaqçıların meydanı
daralırdı. Ona görə də, daxili sosial, dini və
ideoloji şərtlər də qəzet buraxmağın lehinə
deyildi. Bütün bunlara baxmayaraq, Həsən bəy Zərdabi
Azərbaycanda qəzet çıxarmağı bacardı və
ölkəmizdə qəzetçilik ənənəsini
yaratdı.
Əlbəttə ki, bundan sonrakı Azərbaycan
mətbuatının inkişafı müxtəlif mərhələlərdə
müxtəlif tendensiya və istiqamətlər üzrə
inkişaf etməyə başladı. XIX əsrin sonlarında
keyfiyyətcə yeni istiqaməti mənimsəmiş,
qarşısına yeni məqsədlər qoymuş “Ziya”,
(1879), “Kəşkül” (1880), “Kaspi” (1880-90-cı illər) qəzetləri
işıq üzü gördü. Bütün bunlar isə
artıq Azərbaycanda mətbuat tarixinin inkişafının
dönməz olduğunu göstərməklə dövrün
də tələblərinə uyğun olaraq Azərbaycan mətbuatının
tarixi ənənələrini formalaşdırmağa
başladı. Bu dövr həm də onunla xarakterik oldu ki, əslində,
mətbuat müəyyən dəyərlərə xidmət
vasitəsi kimi formalaşdırılırdısa, müəyyən
mərhələdən sonra mətbuat özü elə bir dəyərə
çevrildi ki, artıq onunla hər kəs
hesablaşırdı.
Bundan sonrakı illərdə Azərbaycanda
“Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz”
(1915), “Azərbaycan “ (1918) kimi qəzetlər, 1906-cı ildə
isə “Molla Nəsrəddin” jurnalı işıq üzü
gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində
mətbuatın kütləviləşməsi
dövrüdür. Buna paralel olaraq həmin dövrdə cəmiyyətin
təşkilatlanmasının baş verdiyini də
görürük. Artıq Qərbdə o dövrdə populyar
olan ideya və ideologiyalar, demokratçılıq, sosial
demokratçılıq, sonrakı mərhələdə
kommunizm kimi siyasi və ideoloji dəyərlər Azərbaycan
cəmiyyətində mətbuat vasitəsilə
yayılmağa başladı. XX əsrin əvvəllərində
müxtəlif qəzet və jurnallar mövcud ictimai-siyasi
sistemin keyfiyyətini dəyişəcək, eyni zamanda, yeni
mentalitet əsasları formalaşdıracaq bir missiyanı
öz üzərlərinə götürmüşdülər
və buna nail olmağa çalışırdılar. O
dövrdə tənqid kimi yararlı bir tendensiya da meydana gəldi
ki, biz bunun bariz nümunəsi kimi “Molla Nəsrəddin”
jurnalında işıq üzü görən yazıları
misal çəkə bilərik. Bu dövrdə Azərbaycan mətbuatının
inkişafı elə bir tarixi mərhələyə qədəm
qoydu ki, o, təkcə Cənubi Qafqazda yaşayan azərbaycanlıların,
türklərin deyil, digər müsəlmanların da mətbu
tələbatını ödəməyə başladı.
Diqqət etsək, görərik ki, regionda dominantlıq edən
Azərbaycan xalqı ilə bərabər, digər
çoxsaylı müsəlman xalqları da
yaşayırdılar və onların hamısının da
ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb
əlifbası olduğu üçün mütləq şəkildə
Azərbaycan mətbuatının yaxşı mənada təsirinə
məruz qalırdılar. Onlar da maariflənirdilər,
dünyada baş verən hadisələrdən xəbər
tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan
milli mətbuatının inkişafı təkcə Azərbaycan
mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan
bütün müsəlmanların mətbuatının
inkişafı kimi səciyyələndirilməlidir.
Sonrakı mərhələdə Azərbaycan
mətbuatının həm də siyasi bir vasitəyə
çevrildiyinin şahidi oluruq. Belə ki, o dövrdə
baş verən hadisələr yeni siyasi şərait
formalaşdırmışdı. Artıq XX əsrin əvvəllərində
I Dünya Müharibəsi qurtardıqdan sonra yeni ictimai-siyasi və
iqtisadi mənzərə yaranmışdı. Bütün
dünyada olduğu kimi, Çar Rusiyasında,
bütövlükdə Qafqazda da ən müxtəlif keyfiyyətdə,
ideoloji əsaslarda müxtəlif hadisələr cərəyan
edirdi. Sevindirici haldır ki, həmin dövrdə Azərbaycan
mətbuatı milli kompas rolunu oynamaqla azərbaycanlılara və
Qafqazdakı digər müsəlman xalqlarına doğru yol
göstərdi. Bütün bunlar isə onunla nəticələndi
ki, məhz 1918-ci ildə dünyada və regionda baş verən
mürəkkəb hadisələrin fonunda Azərbaycan öz
müstəqilliyini elan edə bildi.
Düşünürük ki, bu böyük tarixi-siyasi hadisədə
və siyasi proseslərin məhz Azərbaycanda müstəqil
dövlət qurulması ilə nəticələnməsində
o dövrdə nəşr olunan Azərbaycan mətbu nümunələrinin
böyük xidmətləri olmuşdur. Biz həmin
dövrün mətbuatını izləyərkən məhz
bunun da şahidi oluruq. 1920-ci ildə Azərbaycan Demokratik
Respublikasının XI Qırmızı ordu tərəfindən
işğal olunmasından sonrakı illərdə Azərbaycan
mətbuatında durğunluq dövrü yarandı. O
dövrün milli mətbuatımızı xarakterizə edərkən
belə bir fikir söyləmək mümkündür ki, həmin
dövrdə mətbuat öz axtarış dövrünü
yaşayırdı. Bu dövrdə burjua, kapitalist dəyərlərindən,
həqiqi sosial demokratçılıqdan imtina etmək və
yeni sosial ideyalarla, yeni kommunist ideologiyası ilə silahlanmaq və
bunu intellektual təfəkkürün süzgəcindən
keçirərək, ictimailəşdirərək mətbu məlumata
çevirmək bir qədər çətin idi.
Çünki bunun üçün ilk növbədə insan
yetişməlidir. O dövrdə də qısa müddətdə
yeni dövrün şərtlərinə uyğun olaraq dotasiya
olunan Azərbaycan ədibləri, şairləri, yazarları,
eyni zamanda, Azərbaycan mətbuatı və o dövrün
siyasi hadisələrinin diktəsi altında keyfiyyətcə
yeni bir stil yaratmağa başladılar. Beləliklə, Azərbaycan
Sovet mətbuatı kimi xarakterizə edəcəyimiz yeni
keyfiyyətdə, yeni ideoloji əsaslarda yeni mətbuat
formalaşdı və o dövrkü Azərbaycan mətbuatı
da öz üzərinə düşən, məhz o
dövrün tələblərinə cavab verən tarixi
missiyanı yerinə yetirməyə başladı.
Təbiidir ki, o dövrün mətbuatı
daha çox siyasi, ideoloji mətbuat idi. Buna baxmayaraq, Azərbaycan
mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai
münasibətlərin bədii-estetik zövqün
formalaşmasında, əhalinin maarifləndirilməsində,
cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə
çox böyük işlər gördü. Buna görə
də, elə Sovet dövründə də Azərbaycan mətbuatı
tam bir milli dəyər, milli nümunə kimi öz
varlığını qoruyub saxlamağı bacardı.
O dövrü xarakterizə edərkən
hesab edirik ki, II Dünya Müharibəsindən sonrakı və
müharibə illəri dövrlərini xüsusi qeyd etmək
lazımdır. Çünki bu dövrlərdə artıq hər
nə qədər sovet vətənpərvərliyi olsa belə,
Azərbaycan mətbuatı daha çox ideoloji rupor olsa belə,
“kolxoz zəhmətkeşləri”ni tərənnüm etsə
belə, bunun özündə də dərin bir məzmun var
idi. Çünki o illərdə bütün dünyanı
xofa salan alman faşizmi baş qaldırmışdı. Azərbaycan
xalqı da digər SSRİ, Avropa xalqları ilə,
dünyanın, demək olar ki, bütün xalqları ilə
çiyin-çiyinə verərək məhz bu aqressiyaya
qarşı mübarizə aparırdı. Azərbaycan mətbuatı
da öz platformasında bu istiqamətdə çox dəyərli
işlər görməyi bacardı. Amma hesab edirik ki, Sovet
dövrü Azərbaycan mətbuatının inkişafı
tarixində bir hadisə olaraq, həm mətbuatın yenidən
formalaşmasını təmin etdi, həm də mətbuatın
məhz arzu etdiyimiz milli keyfiyyətlərdə
formalaşmasının əsasını qoydu. 1978-ci ildə
qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan
dili Ulu öndər Heydər Əliyev tərəfindən
dövlət dili kimi təsdiq etdirildi. Məhz Azərbaycan
dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat
dilinin və bütövlükdə Azərbaycan dilinin
inkişafı tarixində böyük bir hadisəyə
çevrildi. Ona görə də, məhz dilin inkişafı
ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın
yaradılması Azərbaycan mətbuatının
inkişafı qarşısında yeni üfüqlər
açdı. Beləliklə, artıq Azərbaycan dilinin
inkişafı istiqamətində çox böyük işlər
həyata keçirilməyə başlandı.
Bu qədər mürəkkəb proseslərin
içərisində Azərbaycan mətbuatı inkişaf
etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan
dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan
dilində müxtəlif jurnalistika janrlarının
inkişafını təmin etdi, oçerk, felyeton kimi
janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir
və bədii özünüifadə vasitələrinin
formalaşdırılması işində Azərbaycan mətbuatı
böyük rol oynadı.
Əlbəttə ki, ən böyük
hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının dövlət müstəqilliyini əldə
etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda
müstəqil Azərbaycan mətbuatı formalaşdı.
Vaxtilə kommunizm ideallarını tərənnüm edən
mətbuat avtomatik və qeyri-iradi olaraq keçiddən sonra
demokratiyanı mənimsəməyə başladı.
Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə
formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi
demokratik əsasların formalaşmasına layiqli töhfə
verə bilmədi. Bunun səbəbləri isə kifayət qədər
aydındır. 1991-ci ildən əvvəlki dövrdə olan
mətbuatın nümayəndələri kommunizmi
ideallaşdırırdısa, 1991-ci ildən sonrakı
dövrdə biz demokratiyanın
ideallaşdırılmasını gördük. Bu, bizi
sonrakı illərdə həqiqi demokratiyadan bir qədər
uzaqlaşdırdı. Əgər o dövrün kommunistləri
kommunizm ideallarını istismar edirdilərsə,
1991-1993-cü illərdə özlərini demokratik
adlandıranlar demokratiya ideallarını istismar edirdilər.
Hesab edirik ki, bunların o qədər də ciddi fərqi
yoxdur. Lakin həqiqi demokratiya daha geniş, daha dərin məzmun
kəsb etdiyi üçün daha geniş kütlələrin
və daha rəngarəng mətbuatın bu istiqamətdə səmərəli
fəaliyyətini şərtləndirirdi. Çox təəssüf
ki, bu günə qədər də o istismar cəhdlərinin
davam etdiyinin bəzən şahidi oluruq. Bəzi qəzetlər,
“ən demokratik, ən çox tirajla çıxan qəzet
bizik” kimi epitetlərlə istismar mövqeyində
dayanmağı doğru hesab edirlər. Bütün bunlara
baxmayaraq, 1990-cı illərin əvvəllərində
müstəqil Azərbaycan mətbuatı
formalaşırdı. Müstəqil Azərbaycan mətbuatı
artıq yeni, həqiqi vətənpərvərliyi, ideoloji
sovet vətənpərvərliyini deyil, məhz milli vətənpərvərliyi,
milli müstəqilliyi, milli inkişafı, milli
iqtisadiyyatı tərənnüm edirdi. Ona görə də,
bu dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə
formalaşması məhz bu gün şahidi olduğumuz
intellektual, inkişaf etmiş mətbuata gətirib
çıxardı. Amma bu yol da asan olmadı. Bildiyimiz kimi, o
dövrdə çox ciddi əngəllər var idi. Bunlardan
biri mətbuata dövlət nəzarətini təmin edən
baş idarə-senzura idi. 1993-cü ilin əvvəllərində
AXC-Müsavat hakimiyyəti dövründə hərbi sirlərin
qorunması ilə bağlı xüsusi fərman imzalandı
və bu mətbuatın azadlığını, söz
azadlığını bir qədər də məhdudlaşdırdı.
Beləliklə, Azərbaycan mətbuatı yağışdan
çıxıb yağmura düşmüşdü.
Yalnız Azərbaycan mətbuatının böyük hamisi və
qayğıkeşi, mətbuatın missiyasını və
funksiyasını dərindən başa düşən, onu
lazımınca qiymətləndirməyi bacaran Ulu öndər
Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində
senzuranı ləğv etdi. Ulu öndərin
imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat
və digər kütləvi informasiya vasitələrində
dövlət sirlərini mühafizə edən baş idarə
ləğv edildi, hərbi sirlərin yayılması ilə
bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya üzərində nəzarətin tətbiq edilməsi
ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvəsini itirmiş elan edildi. Yeri gəlmişkən,
qeyd etmək istərdik ki, son iki sənəd bu gün hakimiyyətə
iddialı olan radikal müxalifətin liderləri tərəfindən
imzalanmışdı. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi
informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media
təsisatının inkişafını şərtləndirən,
bəhs edilən sahəyə müvafiq surətdə sahəvi
və ümummilli münasibətləri tənzimləyən
hüquqi bazanın zənginləşdirilməsi işinə
əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında
Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə
“2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin
islahatı çərçivəsində Mətbuat və
İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya
vasitələrinin yaranması və fəaliyyətinin
hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə
Milli Mətbuat, Teleradio və İnternet Şurası
yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan
jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət
münasibətlərini tənzimləyən qurum - Azərbaycan
Mətbuat Şurası yaradıldı. Bütün bunlar
öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat
azadlığının bərqərar olunması
üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Təbiidir ki, Ulu öndərin
atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilirdi. 2003-cü ildə
Ümummilli liderimiz Heydər Əliyevin Çingiz Mustafayev
Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq
görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın
inkişafına xüsusi diqqət və qayğı göstərən
Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək
hamisidir.
2003-cü ildən - İlham Əliyev cənabları
Azərbaycan Respublikasının Prezidenti seçildikdən
sonra bu sahəyə göstərilən diqqət və
qayğı daha da artırıldı.
Prezident İlham Əliyevin Sərəncamı
ilə kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan”
nəşriyyatına olan borcları tamamilə ləğv
edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi
prosesi Ulu öndər Heydər Əliyev tərəfindən
dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin
göstərişi ilə məlum borcların ləğv
edilməsi mətbuatın maddi problemlərinin aradan
qaldırılması istiqamətində atılmış
fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel
olaraq jurnalistlərin peşə nüfuzunun
artırılması üçün jurnalist-məmur,
jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə
hüquqi müstəvidə son qoyulması istiqamətində
müxtəlif tədbirlər görüldü. Məhz bundan
sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti
ilə bağlı məhkəmələrə müraciətetmə
halları aradan qalxdı.
Məhz bu ərəfədə Azərbaycan
mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri
meydana gəlməyə başladı. Bu isə
bütövlükdə müstəqil Azərbaycanın mətbuat
tarixində keyfiyyət etibarilə yeni mərhələnin
başlanmasını şərtləndirən əlamətdar
bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev
tərəfindən atılan bütün bu addımlar və
görülən tədbirlər Azərbaycan mətbuatının
inkişafına xüsusi töhfələr bəxş etdi.
Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
görülən tədbirlər və həyata keçirilən
islahatlar nəticəsində mətbuatda hökm sürən
neqativ tendensiyaların tədricən sıradan
çıxması müşahidə edilməyə
başlandı. Beləliklə, konkret cinayətlər törətmiş
və məsuliyyətə cəlb edilmiş - “KİV
haqqında” Qanunun tələblərini pozmuş, Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinə zidd
hərəkətlərə yol vermiş jurnalistlərin
hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının
yüngülləşdirilməsi üçün müvafiq
addımlar atıldı. Nəticə etibarilə, Prezident
İlham Əliyev tərəfindən atılan addımlar və
görülən tədbirlər mətbuat nümayəndələri
tərəfindən uyğun qiymətləndirildi və media
sektorunun təmsilçilərinin adekvat addımlar
atmasını şərtləndirdi. Məhz bunun sayəsində
jurnalistikada özünə və peşə dəyərlərinə
hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən
sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin
parçalanması yönündə dağıdıcı fəaliyyət
göstərən “inqilabçı jurnalistika”, yaxud “reket
jurnalistikası” yavaş-yavaş sıradan
çıxmağa başladı.
Bütün bunlardan sonra 2008-ci ildə
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Konsepsiyasının qəbul olunması ilə
bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın
inkişafını təmin edəcək, Azərbaycan
dövlətinin və xalqının maraqlarına xidmət edəcək
əsaslar öz əksini tapdı. Düşünürük
ki, Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3
aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan
mətbuatının inkişaf tarixində növbəti
dönüş mərhələsi kimi dəyərləndirilməlidir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə
ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını
formalaşdırmaqla media qurumlarını
sadaladığımız neqativ tendensiyalardan müəyyən
mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan
şərtlər istər-istəməz jurnalistikanın
özünün həqiqi məcrasına yönəlməsini
və nəticə etibarilə qeyri-ənənəvi məcrasından
uzaqlaşmasını tələb edirdi. Məsələn, Mətbuat
Şurasının “Reket Jurnalistika” ilə Mübarizə
Komissiyasının siyahısına düşmüş qəzetlər
artıq maddi vəsaitlərdən faydalana bilmirdilər. Bu,
jurnalistlərin mətbuata yeni yanaşmasını və
baxışını formalaşdırdı. Nəticə
etibarilə, bütün bunlar jurnalistikada mənəvi
atributların və dəyərlərin yenidən bərqərar
olunmasını şərtləndirdi. Beləliklə,
sadaladığımız tədbirlər və müsbət
meyillər Azərbaycan mətbuatının inkişafı
prosesinə önəmli töhfələr bəxş edən
əlamətdar tarixi hadisələr oldu.
Bundan başqa, jurnalistlərə fəxri
adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər
əsasında fəaliyyət göstərən media
qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin
təqdir edilməsi və sözügedən mətbuat
subyektlərinin Prezident İlham Əliyev tərəfindən
yüksək səviyyədə qiymətləndirilməsi nəticə
etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun
artmasına gətirib çıxardı. Belə ki, Azərbaycan
mətbuatının 135 illik yubileyində Prezident İlham Əliyevin
“Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar
tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımının göstərilməsi
haqqında” Sərəncamı ilə ölkəmizin bir
sıra bölgələrində silsilə tədbirlərin
keçirilməsi, öz fəaliyyətində fərqlənən
38 jurnalistə “Əməkdar jurnalist” fəxri adının
verilməsi, onlarla jurnalistin “Tərəqqi” ordeni ilə təltif
edilməsi, qəzet redaksiyalarına, informasiya agentliklərinə
birdəfəlik maliyyə yardımlarının edilməsi
jurnalistlərin fəaliyyətinə
stimullaşdırıcı təsir göstərməklə
yanaşı, bu sahənin inkişafını daha da sürətləndirdi.
Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər
institutlarının da diqqətini jurnalist peşəsinə
yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə
nüfuzunun artmasını şərtləndirən xüsusi
amil oldu.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin
iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin
problemlərinin həlli istiqamətində xüsusi tədbirlər
görüldü. Amma 2010-cu ildən etibarən bu problem
kütləvi surətdə həll edilməyə
başlandı. Bunun əyani təzahürüdür ki,
jurnalistlərin böyük dostu və hamisi olan Prezident
İlham Əliyev mətbuat işçilərinin mənzil
probleminin həll edilməsi ilə bağlı Sərəncam
verdi. Bu isə öz növbəsində jurnalistlərə
münasibətdə yüksək səviyyəli
qayğının zirvəsi idi. Çünki Müstəqil
Dövlətlər Birliyi məkanında heç bir dövlət
başçısı tərəfindən mətbuata bu qədər
yüksək qayğı və diqqət göstərilməyib.
Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif
ölkələrin media təmsilçiləri də Azərbaycan
Respublikasında dövlətin mətbuatın
inkişafına göstərdiyi yüksək səviyyəli
dəstəyini dərin rəğbət və təəccüb
hissi ilə qarşılayırlar. Azərbaycan jurnalistləri
xarici ölkələrdə olarkən dövlətin və
Prezident İlham Əliyevin mətbuata yüksək səviyyəli
qayğısı, diqqəti və dəstəyindən fəxarət
hissi ilə bəhs edir, eləcə də, əksər
ölkələrdə belə bir təcrübənin
olmadığının şahidi olur.
Beləliklə, 137 yaşlı milli mətbuatımız
ötən zaman ərzində böyük inkişaf yolu
keçmişdir. Bu gün isə mətbuata xüsusi dövlət
qayğısı və diqqətinin mövcud olması, eyni
zamanda, söz, fikir və özünüifadə
azadlıqlarının ən yüksək səviyyədə
təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə
bazasının gücləndirilməsi, media institutunda təmsil
olunan şəxslərin səmərəli fəaliyyəti
üçün əlverişli şəraitin
yaradılması və digər bu kimi amillər milli mətbuatımızın
inkişafını şərtləndirən fundamental
faktorlar kimi dəyərləndirilməlidir.
Hikmət BABAOĞLU
Yeni Azərbaycan.-2012.-
21 iyul.- S. 3.