Bakı şəhəri
və onun qəsəbələri öz inkişafının
yeni mərhələsinə qədəm qoyur
Prezident
İlham Əliyev: Əminəm ki, gələn ilin sonuna qədər
Bakı və onun qəsəbələrinə dair ikinci
Dövlət Proqramı uğurla icra ediləcəkdir
Cənubi Qafqaz regionunun lider dövləti
olan Azərbaycan konseptual və hərtərəfli inkişaf
kursuna malikdir. Belə ki, bu gün ölkəmizdə
bütün sahələr paralel şəkildə inkişaf
edir. Ən əsası isə dövlət tərəfindən
görülən bütün işlərin, fəaliyyətin,
inkişafın episentrində Azərbaycan vətəndaşlarının
sosial rifahının təminatı dayanır. Bu mənada
görülən işlər, qəbul olunan dövlət
proqramları, həyata keçirilən layihələr birmənalı
olaraq vətəndaşlarımızın sosial rifah
halının daha da yüksəldilməsinə xidmət
göstərir.
Onu da vurğulamaq yerinə düşər
ki, respublikamızın sosial-iqtisadi inkişafını müəyyən
edən dövlət proqramlarının uğurlu icrası bu
gün istər paytaxtımızın, istərsə də
bölgələrin, həmçinin, Bakının qəsəbələrinin
ümumi inkişafına əhəmiyyətli təsir etməkdədir.
Elə “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı” da sözügedən
ərazilərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
əlavə imkanlar yaradıb. Məlumat üçün
bildirək ki, proqrama Bakı və Bakıətrafı qəsəbələrin
ümumi sosial-iqtisadi inkişafını zəruri edən bir
sıra mühüm infrastruktur lahiyələrinin həyata
keçirilməsi də daxildir. Belə ki, proqram elektrik
enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində
davamlı işlərin aparılması, yolların və digər
infrastruktur obyektlərinin inşası, yenidən qurulması
və inkişafı layihələrinin həyata keçirilməsi
kimi məsələləri də əhatə edir.
Qarşıya qoyulan vəzifələrə uyğun olaraq bu
günə kimi paytaxtın bütün qəsəbələrində
sözügedən istiqamətdə ardıcıl tədbirlər
həyata keçirilib. Ümumilikdə, “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə
tutulan tədbirlərin icrasına son 2 ildə 1,8 milyard manat vəsait
ayrılıb.
Qeyd etmək yerinə düşər
ki, artıq proqramın birinci ilinə yekun vurulub və Nazirlər Kabinetinin 2012-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında çıxışı zamanı
Prezident İlham Əliyev qeyd edib ki, bütövlükdə
bir il ərzində Bakıda və onun qəsəbələrində
çox böyük quruculuq və abadlıq işləri
aparılıb. Dövlət başçısı deyib ki, bu
işlər davam edir: “Onlarla məktəb tikilir, bərpa
edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir,
yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya
layihələri icra edilir. Bakı qəsəbələrində,
ümumiyyətlə, heç vaxt kanalizasiya sistemi
olmamışdır. Qəsəbədaxili yollar tikilir. Yəni,
biz bu məsələyə kompleks şəkildə
yanaşmışıq”.
Məlumat
üçün bildirək ki, bütövlükdə Bakı şəhəri
və onun ətraf qəsəbələrində
310 orta təhsil məktəbi və 305 uşaq bağçası- körpələr
evi fəaliyyət göstərir ki, onlar arasında 198 məktəb
və 161 uşaq bağçası-körpələr evi
2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilib. Qeyd etmək lazımdır ki, sosial obyektlərin
vaxtında təhvil verilməsi məqsədi ilə sürətli
iş rejiminə keçilib
və 2012-ci il üçün
81 məktəbin əsaslı təmiri, yenidən
qurulması, əlavə korpusların və yeni
sinif otaqlarının inşa
edilməsi prosesinə başlanılıb. Dövlət
Proqramına əsasən, cari ildə, həmçinin,
61 uşaq bağçası-körpələr
evində əsaslı təmir və yenidənqurma işləri
aparılır. Gələn il isə
Dövlət Proqramı çərçivəsində 63 məktəb
və 43 uşaq
bağçası-körpələr evində əsaslı təmir
və tikinti işlərinin
aparılması nəzərdə tutulub. Bundan əlavə,
sözügedən Dövlət Proqramına əlavə olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən
112 məktəbdə və 65 uşaq
bağçası-körpələr evində əsaslı təmir
və tikinti işlərinin
aparılması planlaşdırılıb.
Heç şübhəsiz, Dövlət
Proqramında nəzərdə tutulmuş
işlər həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini
göstərməkdədir. Belə ki, təkcə
2011-ci ildə bu proqramın yerinə
yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunub.
Eyni zamanda, cari ildə nəzərdə tutulan
işlərin görülməsi üçün
21 minə yaxın işçi qüvvəsi
cəlb edilib, gələn ildən isə
bu rəqəm iki dəfədən
artıq olacaq. Bir
sözlə, ölkədə aparılan quruculuq
siyasəti qəsəbələrin dinamik
inkişafına da ciddi
təkan verib. Eyni zamanda,
müasir tikinti
materialları, cihazqayırma, süd məhsulları
emalı və sement zavodları, digər
sənaye müəssisələri tikilib,
yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən, bu il istismara veriləcək
bərk məişət tullantılarının
çeşidlənməsi və yandırılması
zavodlarının, Bakı Gəmiqayırma Zavodunun,
transformator zavodunun və
digər sənaye müəssisələrinin tikintisi
davam etdirilir. Bununla yanaşı, sənaye parklarının
yaradılması, innovativ və yüksək
texnologiyalara əsaslanan müəssisələrin
təşkili sənayeləşmə sahəsində yeni dövrün
başlanmasına təkan verəcək. Prezident
İlham Əliyev qəsəbələrdə
işsizlik probleminin aradan qaldırılması, yeni
iş yerlərinin açılması məsələsinin
də proqramda əks olunduğunu
və artıq bu məsələnin öz həllini tapdığını deyib. Dövlət başçısı bildirib ki, bu
yöndə Sahibkarlığa Kömək Milli
Fondu iş aparır:
“Qəsəbələrdə yeni iş yerlərinin açılması məsələləri
də öz həllini tapır. Bakı qəsəbələrində
fəaliyyət göstərən iş
adamlarına da Sahibkarlığa Kömək
Milli Fondunun xətti
ilə güzəştli kreditlərin verilməsi prosesi başlanmışdır. Beləliklə,
əminəm ki, gələn ilin sonuna qədər
Bakı və onun qəsəbələrinə
dair ikinci Dövlət
Proqramı uğurla icra
ediləcəkdir”.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2012.-
25 iyul.- S. 2.