YAP Milli Mətbuat Günü münasibətilə jurnalistləri mükafatlandırıb

 

Əli Əhmədov: Mətbuatın kamilləşməsini, təkmilləşməsini və müasirləşməsini bütövlükdə, Azərbaycanın inkişafından, modernləşməsindən, ölkəmizin yeniləşməsi prosesindən kənarda təsəvvür etmək mümkün deyildir

 

Dünən, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Əli Əhmədov bildirib ki, mətbuat hər bir cəmiyyətin, o cümlədən, Azərbaycan cəmiyyətinin həyatının informasiya ilə təmin edilməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında, insanların maarifləndirilməsində, bütövlükdə, ölkənin mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır: Güman edirəm ki, Azərbaycanın milli mətbuatı ölkənin ictimai-siyasi həyatında oynadığı rolu ilə qürur duya bilər. Çünki Azərbaycanda müstəqil, şaxələnmiş, milli maraqlara uyğun fəaliyyət göstərən, insanların məlumatlandırılmasına töhfələr verən və bu funksiyasını ləyaqətlə yerinə yetirən mətbuat formalaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycanın mətbuat sahəsində çalışan əməkdaşlarının peşəkarlıq səviyyəsi də getdikcə artmaqdadır. Əgər biz 10-15 il bundan əvvəlki mətbuatımızın səviyyəsilə indiki vəziyyəti müqayisə etsək, nə dərəcə irəliləyişlərin olduğunu görərik. Eyni zamanda, mətbuatın təkmilləşdirilməsi və inkişaf etdirilməsi bu günün özündə də davam etdirilməkdədir. Bu mənada qəzetlərimiz daha maraqlıdır və informasiya tutumludur. Belə demək mümkündür ki, mətbuat artıq xırda, qalmaqallı söhbətlərdən çıxıb, daha ciddi təhlillərə yer verən mediaya çevrilib. Bu, əlbəttə ki, bizim üçün olduqca vacibdir”.

İcra katibi Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərir: “Bu diqqətin əsası isə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev mətbuatın inkişafına hər zaman diqqətlə yanaşıb və qayğısını heç bir zaman əsirgəməyib. Hesab edirəm ki, Azərbaycanda sözün həqiqi mənasında, milli mətbuatın formalaşmasında Ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı və Onun müəyyənləşdirdiyi mətbuat siyasəti əhəmiyyətli rol oynayıb. Sevindirici haldır ki, bu siyasət bu gündavam etdirilməkdədir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənə, mətbuata qayğı göstərmək siyasəti bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi strategiyada özünə yer tuturbunun çoxsaylı nişanələrini görmək mümkündür. Bu gün Azərbaycan mətbuatının maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan işçilərin rifahının yaxşılaşdırılması üçün hökumət tərəfindən görülə biləcək nə işlər varsa, demək olar ki, onların hamısı həyata keçirilir. Bu da ölkə mətbuatına göstərilən qayğıdır və onun inkişafının əsasını təşkil edən fundamental dəyərlərdən biridir”.

“Mətbuat sahəsindəki problemlərin həlli prosesi çərçivəsində gedən təkmilləşmə və kamilləşmə tendensiyaları Azərbaycan mediasının hazırkı durumunuperspektiv vəziyyətini müəyyənləşdirir”, - deyən İcra katibi Əli Əhmədov diqqətə çatdırıb ki, ölkə mətbuatı gələcəkdə daha da inkişaf edəcək: “Mən bu inkişafı bir yandan mətbuatın informasiya funksiyasını daha yaxşı - insanların tələbatlarının ödənilməsi formasında yerinə yetirməsi mənasında başa düşürəm. İkinci tərəfdən, inkişaf prosesini media sahəsində çalışan insanların rifahının yaxşılaşması, iş şəraitinin mükəmməl təşkili və jurnalistlərin daha yaxşı həyat şəraitilə təmin olunması anlamında dərk edirəm”.

Əli Əhmədov söyləyib ki, mətbuat sahəsində müşahidə olunan inkişaf tendensiyası bizim hamımızın məmnunluqla müşahidə etdiyimiz ümumi tərəqqi prosesinin tərkib hissəsidir: “Mətbuatın kamilləşməsini, təkmilləşməsini və müasirləşməsini bütövlükdə, Azərbaycanın inkişafından, modernləşməsindən, ölkəmizin yeniləşməsi prosesindən kənarda təsəvvür etmək mümkün deyildir”.

“Məlumdur ki, son illərdə Azərbaycan sürətlə inkişaf etməkdədir və ilk növbədə, ölkə iqtisadiyyatı ciddi sürətdə yüksəlib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, iqtisadiyyatımız 7-8 il ərzində 3 dəfə artıb. Bu, əlbəttə ki, yüksək inkişaf göstəricisidir. Son illər ərzində dünyanın ayrı-ayrı ölkələrinin nümunəsində inkişaf prosesi ilə bağlı təhlillər aparsaq görərik ki, Azərbaycanın tərəqqi tempinə uyğun model tapmaq çox çətindir. Azərbaycan sözün həqiqi mənasında “iqtisadi möcüzə” mərhələsini yaşayıb və bu gün də yaşamaqdadır” - deyə, İcra katibi Əli Əhmədov əlavə edib.

YAP-ın Sədr müavini deyib ki, ölkə miqyasında müşahidə olunan inkişaf prosesi özünü mətbuat sahəsində də göstərməkdədir. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin qarşısında duran ən vacib məqsədlərdən biri məhz, ölkənin inkişafının, yüksəlməsinin, qüdrətinin artmasının və bütün bunların fonunda ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşmasının təmin edilməsidir.

Mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Əli Əhmədov bir qrup jurnalistə mükafatlar təqdim edib.

Mükafatlandırılanlar sırasında qəzetimizin əməkdaşı da var.

Tədbirdə YAP İcra katibinin müavinləri millət vəkilləri Siyavuş NovruzovMübariz Qurbanlı iştirak ediblər.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.-2012.- 25 iyul.- S. 3.