“İşıq
adamın nağılı” kitabının təqdimatı olub
Görkəmli
Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, Dövlət
mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin
xatirəsinə həsr edilmiş kitab nəşr olunub
Dünən Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında
görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri
doktoru, Dövlət mükafatı laureatı, akademik Şəfaət
Mehdiyevin xatirəsinə həsr edilmiş “İşıq
adamın nağılı” kitabının təqdimatı
olub. “Azərbaycan neft sənayesini yaradanlar” layihəsi çərçivəsində
Türkiyədə 6 dildə (Azərbaycan, türk, alman, rus,
ingilis və fransız dillərində) nəşr edilmiş
kitabın müəllifləri İlham Mirzəyev və Şərəf
Cəlillidir.
Tədbirdə Azərbaycanda akkreditə
edilmiş diplomatik korpusun nümayəndələri,
tanınmış alimlər və ziyalılar iştirak ediblər.
Mərasimdə AMEA-nın vitse-prezidenti,
akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Prezidenti
İlham Əliyev 2010-cu ildə görkəmli alim, akademik
Şəfaət Mehdiyevin anadan olmasının 100 illiyi ilə
əlaqədar müvafiq Sərəncam imzalayıb. Bu sərəncamın
icrası çərçivəsində respublikanın
müxtəlif ali təhsil müəssisələrində,
ayrı-ayrı təşkilatlarda tədbirlər
keçirilib. Bu gün biz bu
silsilədən olan növbəti tədbirə
toplaşmışıq.
A.Əlizadə
qeyd edib ki, Azərbaycanda geologiya elminin formalaşması və
inkişafında misilsiz xidmətləri olmuş Şəfaət Mehdiyev
geniş elmi biliyə,
yüksək təşkilatçılıq
bacarığına malik alim
olmaqla yanaşı, neft
və qazın genezisinin tədqiqi üzrə
daha fərqli proqressiv
ideyalar daşıyan alimlərdən olub.
400-dək elmi əsərin, 20-dən artıq
monoqrafiyanın müəllifi olmuş
görkəmli alim dünya
elm tarixində ilk dəfə
neft mənşəyinin “Dərinlik-biogen”
nəzəriyyəsini irəli sürmüşdür.
Neftin dərinlik-biogen mənşəyi nəzəriyyəsi
bu gün də tədqiqatçıların
diqqət mərkəzindədir və həmin konsepsiyanın
alimlər arasında tərəfdarları çoxdur.
Eyni zamanda, Ş.Mehdiyev
“Neftin dərinlikdə əmələ gəlməsi
geneziyası” mövzusunda dəyərli tədqiqatlar
aparıb, Abşeron
yarımadasının geoloji xəritəsini
tərtib etmiş, “Azərbaycan SSR-nin neft-qaz yataqları və
perspektiv strukturları xəritəsi”nin
hazırlanmasına rəhbərlik edib.
O, ensiklopedik biliyə və geniş
erudisiyaya malik alim, görkəmli neftçi-geoloq
olmaqla yanaşı, eyni
zamanda, peşəkar jurnalist,
yazıçı və ictimai-siyasi xadim idi.
Xeyirxahlığı,
insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi
ilə qəlblərdə böyük
hörmət-izzət sahibi olmuş alim, haqq dünyasına qovuşduqdan
sonra da
çoxlarının xatirəsində dəyərli
ziyalı, əsl insan kimi
qalıb. Məhz buna görə Ş.Mehdiyev bu gün də qədirbilən Azərbaycan
xalqının qəlbində daim
yaşayır.
Kitabın
müəllifləri İlham Mirzəyev və
Şərəf Cəlilli layihənin həyata keçirilməsində
göstərdiyi dəstəyə görə Türkiyə səfirliyinə
minnətdarlıqlarını bildirib, 5
ölkədə təqdimatı keçiriləcək
kitabın bu layihənin ilk
nümunəsi olduğundan fəxr etdiklərini diqqətə
çatdırıblar.
Alimin ailəsi adından çıxış edən Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri, akademik Arif Mehdiyev atasının
xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident
İlham Əliyevə, tədbirin təşkilatçılarına
və iştirakçılara minnətdarlığını
bildirib.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.-2012.-
26 iyul.- S. 5.