Azərbaycanda elmin inkişafına
yüksək dövlət qayğısı var
Azərbaycan
Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman
Əmiraslanov www.yap.org.az saytına müsahibə verib:
- Əhliman
müəllim, Azərbaycanda elmin inkişafı istiqamətində
son illər mühüm addımlar atılır. Dövlət
başçısı tərəfindən bu yöndə bir
sıra sərəncamlar imzalanıb. Ölkəmizin
nüfuzlu elm xadimi kimi elmin inkişafı ilə bağlı
həyata keçirilən dövlət siyasətini necə
qiymətləndirirsiniz?
- Ümumiyyətlə, hər bir ölkənin inkişafının əsasında elm dayanır. Bu mənada ölkəmizin, cəmiyyətimizin inkişafı bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır. Əgər bu gün biz fundamental elmləri inkişaf etdirməsək, ciddi elmi-tədqiqat işləri aparmasaq, gələcəkdə hər hansı böyük nailiyyətlərdən danışa bilmərik. Ona görə də, cənab Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son vaxtlar imzaladığı sərəncamlar onu təsdiqləyir ki, elmin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.
Keçən il AMEA-nın illik yığıncağında cənab Prezidentin iştirakı və proqram xarakterli çıxışı onu göstərir ki, dövlət elmin inkişafına son dərəcə maraqlıdır. Mən akademik və AMEA-nın biologiya və tibb elmləri bölməsinin akademik katibi kimi qeyd etmək istəyirəm ki, ilbəil elmə olan qayğı hərtərəfli şəkildə artır. Dövlət başçısının sərəncamları əsasında AMEA-nın əsas binası, institutları yüksək səviyyədə təmir olunur, müasir texniki avadanlıqlarla təmin edilərək istifadəyə verilir. Neft-kimya sahəsi ilə məşğul olan institutlar, Tarix İnstitutu, Arxeologiya İnstitutu, biologiya və tibb elmləri bölməsinə aid olan institutların və digərlərinin bazası, kadr potensialı genişlənir. Beləliklə, dövlətimizin AMEA-ya çox böyük diqqət və qayğısı var. Bu amil elmimizin inkişafına çox böyük təkan verəcək. Digər xüsusi məqam akademiyanın yeni kitabxanasının inşa olunması ilə bağlıdır. AMEA-nın çox böyük kitab fondu olan kitabxanası var, amma onun yeri kiçikdir. Ölkə Prezidentinin Sərəncamı ilə son dərəcə müasir və elektron tipli kitabxana inşa olunur.
- Bəs Elmin İnkişafı Fondunun əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Elmin İnkişaf Fondunun yaradılması elmimizin inkişafı ilə bağlı həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu fondun yaradılması çox vacib bir məsələdir. Çünki, biz həmişə deyirdik ki, perspektivi olan tədqiqat istiqamətləri, Azərbaycan üçün vacib olan elm sahələri, xüsusən də, bizim ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb edən elmin bu və digər sahələrini maliyyələşdirmək üçün qrant sisteminə keçmək lazımdır. Qrant sistemi dünyada mövcuddur və bu sistemdən Avropada, Amerikada geniş istifadə olunur. Yəni bu amil elmin inkişafına güclü təkan verən bir məsələdir. Azərbaycanda Elmin İnkişaf Fondunun yaradılması və bu sahədə qrantların ayrılması, pilot layihələrin həyata keçirilməsi elmin inkişafına xeyli təsir göstərən amillərdən biridir. Keçirilən müsabiqələr də çox obyektiv aparılır, seçilən işlərdə obyektivlik qorunur. Mən, bütövlükdə bu fondun fəaliyyətini müsbət qiymətləndirirəm və fikrimcə, fondun əhatə etdiyi sahələr gələcəkdə genişləndirilməlidir.
- Bu gün Azərbaycanda həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeniləşir və müasirləşir. Sizcə, bu prosesdə elm ictimaiyyətinin üzərinə düşən vəzifələr nədən ibarətdir?
- Əlbəttə, Azərbaycanda bütün sahələr sürətlə inkişaf edir. Təbii ki, bu inkişaf elmi cəhətdən əsaslandırılmış proqramlara söykənir. Ona görə də, hər hansı proqram hazırlanarkən elm sahəsilə məşğul olan şəxslərlə məsləhətləşmələr aparılır. Xüsusilə, AMEA-nın tərkibində sahə institutları var ki, proqramlar orada müzakirə olunur. Təbii ki, elmi əsasları təsdiq olunandan sonra həmin proqramlara yaşıl işıq yanır. Əgər elmi əsaslar üzərində qura bilməsək, proqramların yaxşı nəticəsi barədə düşünmək sadəlövhlük olardı.
Mən hesab edirəm ki, müasirləşmə bilavastə elmi-tədqiqatlarla bağlıdır. Hansı sahələr olur olsun -səhiyyə, təhsil, innovasiyalar, müasir texnologiyalar və s. sahələrin ölkəyə cəlb edilməsinin elmi əsasları olmalıdır. Bütün dünyada belədir ki, hər hansı bir sahədə müəyyən islahatlar həyata keçirəndə, köklü islahatlar aparanda, hətta ölkə rəhbərliyi səviyyəsində islahatlarla əlaqədar komissiya yaradılanda hökmən akademiyanın bu və ya digər qurumları həmin prosesdə iştirak edir.
- Əhliman müəllim, hazırda ölkəmizdə səhiyyə sahəsində də böyük islahatlar aparılır. Bu islahatlar Azərbaycan səhiyyəsinin inkişafında hansı yeniliklərlə müşahidə olunur?
- Bütün sahələrdə olduğu kimi səhiyyədə də böyük inkişafa nail olmuşuq. Çox təəssüflər olsun ki, bəzi insanlar bunu görmək istəmirlər. Onlar iddia edirlər ki, Azərbaycanda hansısa xəstəliyi müalicə etmək olmur, xəstələri müalicə etmək üçün nə şərait, nə də kadr var və s. Belə hallara bəzi mətbuat orqanlarında da rast gəlirik. Təbii ki, bu fikirlərlə razılaşmaq mümkün deyil.
Azərbaycanda bu gün inşa olunan səhiyyə müəssisələri, xüsusilə, tibbi tədris müəssisələri ən müasir avadanlıqlarla təmin olunur. Bu baxımdan, biz dünyanın inkişaf etmiş ölkələrindəki vəziyyətdən nəinki geri qalmırıq, hətta deyərdim ki, onlardan irəlidəyik. Mən 20 il Moskvada çalışmışam, dünyanın çox ölkələrində olmuşam. Əvvəllər xarici ölkələrə gedəndə həsəd aparırdıq ki, görəsən, buradakı tibbi texnologiyalar bizdə nə vaxt olacaq? İndi isə həmin ölkələrdən Azərbaycana gələn mütəxəssislər səhiyyə müəssisələrini, Tibb Universitetinin bazası ilə tanış olanda onlar həsəd aparırlar. Hətta MDB ölkələrindən gələn mütəxəssislərdən bəziləri deyir ki, bizdə heç vaxt belə imkanlar olmayacaq.
Təbii ki, bütün bunlar ölkəmizdə səhiyyə sahəsində çox böyük işlərin görüldüyünü sübut edir. Ölkəmizdə tibbi cəhətdən yüksəkixtisaslı mütəxəssislər kifayət qədər var. Bəzən deyirlər ki, bu və ya digər sahədə mütəxəssis yoxdur. Bunlar tamamilə yanlış fikirlərdir. Elə bir xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək üçün ya maddi-texniki bazamız, ya da kadr potensialımız olmasın. Həmin fikirləri deyənlər müalicə üçün xarici ölkələrə gedənlərin çox olmasını sübut kimi göstərmək istəyirlər. Bəli, bu faktlar var. Amma bu bütün dünya üçün xarakterik olan məsələdir. Bu gün siz Almaniyaya getsəniz, oradan da müəyyən qrupun müalicə üçün ABŞ-a getdiyni görəcəksiniz. Məsələn, Türkiyədəki zənginlər Almaniyaya müalicəyə gedirlər. Bilirsiniz, bu, insanların psixologiyasıdır, mən həmişə deyirəm ki, biz peyğəmbəri kənarda axtarırıq. Son illər dünyada geniş yayılmış “xəstə turizmi” deyilən dəbə düşmüş proses var. Ona görə də, bir ölkədən digərinə müalicə üçün gedənlərin sayı çoxdur. Amma bu o demək deyil ki, Azərbaycanda səhiyyə sahəsi inkişaf etməyib. Əgər deyirlərsə ki, Azərbaycanda mütəxəssis yoxdur, tamamilə yanlış düşünürlər. Kiminsə imkanı böyükdür və müalicə üçün xaricə gedirsə, onun qarşısını ala bilmərik.
Hətta onu deyim ki, başqa ölkələrdə əməliyyat olunmuş xəstələrdə xarici mütəxəssislərin buraxdığı səhvləri tez-tez görürük. O qədər misal gətirə bilərəm ki, o səhvləri biz düzəldirik. Bu, həkim sirri olduğu üçün açmaq istəmirik, amma xüsusilə qonşu ölkələrdə elə səhvlər edirlər ki, bu da insanın həyatı bahasına başa gəlir. Bəli, vaxtilə, 1990-cı illərdə ölkəmizdə müəyyən sahələrlə bağlı cərrahiyyə əməliyyatları aparmaq imkanı yox idi, amma bu gün belə məsələlərdə heç bir problem yoxdur. Məsələn, ölkəmizdə açıq ürək əməliyyatından tutmuş orqan köçürməyə qədər əməliyyatlar aparılır. Bütün bunlar üçün yüksək səviyyəli mütəxəssislərimiz var. Sadəcə, bu məsələ ilə əlaqədar cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Çünki müəyyən qruplar var ki, müalicə olunmaq istəyən insanları xarici ölkələrə cəlb etmək üçün təbliğat aparırlar. Bu prosesdə böyük vəsait olduğuna görə belə təbliğat işləri də aparılır və bu xəstələrlə xaricə böyük valyuta gedir.
Mən, mütəxəssis olaraq, bir daha demək istəyirəm ki, Azərbaycanda bu gün səhiyyənin səviyyəsi çox yüksəkdir. Səhiyyəmizin maddi-texniki bazası, həm də kadr potensialı yüksəkdir. İndi Azərbaycana müalicə almaq üçün xarici ölkələrdən gəlirlər. Təbii ki, gələcəkdə ölkəmizin bu baxımdan daha böyük imkanlar olacaq.
- Siz Milli Məclisin Sosial siyasət komitəsinin üzvüsünüz. Əhalinin sağlamlığının qorunması ilə bağlı qanunvericilik bazasını qənaətbəxş hesab edirsinizmi? Bu sahədə daha hansı qanunların qəbul olunmasını zəruri hesab edirsiniz?
- Hesab edirəm ki, Milli Məclis bu istiqamətdə kifayət qədər vacib qanunlar qəbul edib. Parlamentin Sosial siyasət komitəsi də bu yöndə çox uğurla çalışır və maraqlı qanun layihələrini müzakirələrə təqdim edir. İndiyə qədər parlamentdə donor haqqında, dağınıq skleroz xəstələr, şəkərli diabet xəstələri ilə bağlı qanunlar qəbul edilib. Hazırda isə, pasiyentlərin hüquqları barədə qanun layihəsi hazırlanır.
Eyni zamanda, hesab edirəm ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də vacibdir. Bu sənəd hələ ötən çağırış parlamentin müzakirəsinə təqdim edilsə də, həm bir çox millət vəkilləri tərəfindən, həm də cəmiyyətdə narazılıqla qarşılandı. Hazırda, bu sənəd üzərində iş gedir, müəyyən narazılıq doğuran məqamlar layihədən çıxarılır. Sənəddə narazılıq doğuran məqamlardan biri süni mayalanma məsələsidir. Təsəvvür edin, bu gün minlərlə insan var ki, onların övladı olmadığı üçün ailələri dağılır. Bu ailələri qorumaq lazımdır. Övlad sahibi olmaq hər kəsin arzusudur. Ona görə də, bu məsələdə real düşünmək lazımdır. Süni mayalanma ilə olsa da, uşağın valideynləri həmin insanlardır. Yəni bu amil ailələrin dağılmasının qarşısının alınmasında vacib rol oynayır. Ona görə də, hesab edirəm ki, “Reprodiktiv sağlamlıq haqqında” qanun layihəsi çox vacibdir.
- Son olaraq, rəhbərlik etdiyiniz Azərbaycan Tibb Universitetinin fəaliyyəti, əldə etdiyi nailiyyətlər və beynəlxalq əlaqələri haqqında fikirlərinizi bilmək istərdik.
- Azərbaycan Tibb Universiteti ölkədə gənc tibb kadrları - həkim, hərbi həkim, hərbi feldşer, əczaçı bakalavr və əzcaçı magistr hazırlayan aparıcı ali təhsil müəssisəsidir. Universitetin 7 fakültəsində 8 ixtisas üzrə 8000-ə yaxın tələbə təhsil alır. “Təhsil haqqında” Qanunun qəbulundan sonra ali tibb təhsili iki mərhələdə - baza və rezidentura təhsili aparılır. 2011-ci ildən Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə və Müdafiə nazirliklərinin sifarişi əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ilk qəbul aparıldı. Rezidenturaya qəbul olunan 314 nəfərin 306-sı Azərbaycan Tibb Universitetinin məzunudur. Rezidenturaya qəbul olunanların 148 nəfəri universitetimizin klinika və klinik kafedralarında təhsillərini müvəffəqiyyətlə davam etdirirlər.
Diplomaqədərki təhsildə bütün ixtisaslar üzrə təhsil kredit sistemi ilə aparılır. Bu sistemlə iki ixtisasda-əczaçılıq və tibbi-biologiya təhsili alan tələbələrimizin ilk buraxılışları olub. Onların nəzəri biliklərinin imtahan prosesi kompüter vasitəsilə test üsulu ilə aparılır ki, bu da imtahanlarda subyektiv faktorların təsirini tam aradan qaldırır. Yekun Dövlət Attestasiyası isə iki mərhələdə - əməli vərdişlərin və nəzəri biliklərin attestasiyası şəklində Dövlət Attestasiya Komissiyası tərəfindən aparılır. Bu da tələbələrin nəzəri biliklərinin yoxlanılması ilə yanaşı, gələcək əmək fəaliyyətlərində rastlaşacağı vərdişlərin və təcrübi biliklərin qiymətləndirilməsidir.
Son illərdə universitetin maddi-texniki bazası möhtərəm Prezidentimiz İlham Əliyevin və səhiyyə naziri Oqtay Şirəliyevin dəstəyi nəticəsində xeyli yaxşılaşıb. Belə ki, universitet 3 müasir klinika əldə edib və 4-cü klinikanın inşası başa çatmaq üzrədir. Səhiyyə Nazirliyinin tabeliyində olan respublika və şəhər xəstəxanaları nəzdində fəaliyyət göstərən kafedralarımızın vəziyyəti də səhiyyə sistemində aparılan islahat və yenidənqurma nəticəsində xeyli yaxşılaşdırılıb. Bu da tədrisin səviyyəsinə xeyli müsbət təsir göstərir.
Müstəqillik illərindən başlayaraq, universitetimizin beynəlxalq əlaqələri də günbəgün genişlənir. Biz artıq 6-dan çox beynəlxalq universitetlər birliyinin üzvüyük. Bu birliklərdə aktiv fəaliyyət göstəririk. Həmçinin, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Bolqarıstan, İran, Çin, ABŞ, Kanada, Almaniya, İngiltərə və digər bir sıra ölkələrin aparıcı universitetləri ilə qarşılıqlı müqavilə əsasında iş birliyinə malikik. Hər il müəllimlərimiz həmin universitetlərdə ixtisasını artırır, onlarla aktiv tələbə mübadiləsi aparılır. Belə ki, ildə 8000-dən çox tələbəmiz adı çəkilən ölkələrin universitet klinikalarında rotasiya yolu ilə təcrübi biliklərini təkmilləşdirir, 60-dan çox tələbəmiz isə diplomdan sonrakı təhsillərini həmin universitetlərdə davam etdirirlər. Hazırda, universitetmizdə 19 xarici ölkədən 1000 nəfərə yaxın xarici tələbə təhsil alır. Cari tədris ilində 139 nəfər xarici ölkə vətəndaşı universitetimizi bitirərək öz ölkələrinə ali ixtisaslı mütəxəssis kimi qayıdacaqlar.
Bu gün
dünyanın 28 ölkəsində bizim
məzunlarımız çalışır. Təkcə, Səudiyyə
Ərəbistanında Azərbaycan Tibb Universitetini bitirmiş
300-dən çox vətəndaşlarımız
çalışır. Eləcə də, başqa
ölkələrin ali təhsil müəssisələri
ilə tələbə mübadilələri aparırıq.
Belə faktların sayını kifayət qədər
artıra bilərəm. Universitetimiz Avropa Şurasının Beynəlxalq TEMPUS
proqramında aktiv iştirak
edir. Proqramda
iştirakımız universitetimizin xarici əlaqələrinin daha
da genişlənməsinə, yeni keyfiyyət və məzmun almasına
yardım edir. Hazırkı
dövrə qədər proqram çərçivəsində
Fransa, İtaliya, İspaniya, İngiltərə, Polşa, Qazaxıstan və s.
ölkələrlə birgə beş
layihənin iştirakçısı olmuşuq.
2009-cu ildə universitetimiz Avropa
standartlarına uyğun Beynəlxalq Əlaqələr
Ofisinin yaradılmasına yönəldilmiş
NİROA layihəsinin koordinatoru, Azərbaycan
Universitetlərinin Beynəlxalq Əlaqələr Ofisləri
şəbəkəsinin yaranmasının təşkilatçısı
olub.
Yeni Azərbaycan.-2012.- 27 iyul.- S. 6.