Bakı “Eurovision-2012” mahnı müsabiqəsinə necə hazırlaşır? 

 

Mərasimdə müsabiqənin loqosu və rəmzi açarı təqdim edilib, püşkatma mərasimi olub

 

Dünən Bakıdakı “Buta Palace”da “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilib. AzərTAc xəbər verir ki, mərasim ölkəmizin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri işıqlandırmaq üçün Azərbaycana gəlmiş bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və “Euronews” telekanalının reportyorları mərasimdə olublar.

Mərasimin vacib məqamlarından biri isə müsabiqənin konsepsiyasının təqdimatı olub. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanıb.

Odlar Yurdu Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunub.

Zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Böyük bir coğrafiyanı əhatə edən Novruz bayramında insanlar tonqalın ətrafında bir araya gəlir, təbiətin oyanmasını, həyatın sanki yenidən başlanmasını böyük şənliklərlə qeyd edirlər.

Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilib.

Ona görə də “Eurovision-2012” mahnı müsabiqəsi “Light your fire” (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək.

2004-cü ildən etibarən “Eurovision” müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

Təntənəli mərasimdə Bakı şəhəri “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul edib.

Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakının “Eurovision-2012”-yə ev sahibliyi rəsmən qəbul olunub.

Düsseldorf şəhərinin meri Dirk Elsbers mərasimdə çıxış edərək deyib: “Bakı, axşamın xeyir!

Möhtərəm həmkarım Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov!

Xanımlar və cənablar!

Burada olmağımdan çox böyük şərəf duyuram. Dəvətinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ötən il Düsseldorf da “Eurovision-2011” mahnı müsabiqəsinin ev sahibi kimi, bu cür təntənəli mərasimi keçirməyə müvəffəq olmuşdur. Bu da çox yaddaqalan bir hadisəyə çevrilmişdir. “Eurovision-2011” mahnı müsabiqəsi, doğrudan da, həm şəhər sakinləri üçün, həm də qonaqlar üçün həddən artıq təntənəli mərasimə çevrilmişdir. Biz o unudulmaz anları indiyə qədər xatırlayırıq. Beləliklə, Eldar Qasımov və Nigar Camal ötən il bu müsabiqənin çox qeyri-adi, çox gözəl və istedadlı qalibləri olmuşlar. Bunun nəticəsində Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi edəcək şəhər məhz Bakı olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı müsabiqəsi bizdəki kimi, təmtəraqlı və hərarətlə keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən həqiqətən böyük məmnunluq və şərəf duyuram ki, bundan sonra “Eurovision” müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mərasim iştirakçılarına müraciətlə deyib: “Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizin hər birinizi Azərbaycanda, bizim gözəl paytaxtımız Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin rəmzi açarının təqdimatı mərasimində öz adımdan və paytaxt sakinləri adından ürəkdən salamlayıram.

Ötən ilin mayında təmsilçilərimizin Düsseldorf səhnəsində uğurlu çıxışı Avropanın ən möhtəşəm musiqi yarışmasında ölkəmizə parlaq qələbə qazandırdı.

Dünya musiqi xəzinəsinə dəyərli töhfələr vermiş Azərbaycanda bu qələbə böyük coşğu ilə qarşılandı. Şəhərimizin sakinləri bu qələbəni səhərə qədər küçələrdə böyük təntənə ilə bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan, Şərq və Qərb sivilizasiyasını, tarixi varisliyi və müasirliyi özündə təcəssüm etdirən doğma Bakımız “Eurovision-2012” mahnı müsabiqəsini keçirməyə səylə hazırlaşır. Bu gün bütün musiqisevərlərin səbirsizliklə gözlədiyi bu müsabiqənin rəmzi açarı ona ev sahibliyi etməyə hazırlaşan doğma Bakımıza rəsmən təqdim olundu. Bununla da gündən-günə “Eurovision-2012” əhval-ruhiyyəsi artan şəhərimizdə bu mötəbər tədbirin təməli qoyulmuş oldu.

 “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması bizə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaqdır.

Onlar təkcə “Eurovision-2012” mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaqlar.

Sizin hər birinizi Bakıya - “Eurovision-2012” mahnı müsabiqəsinə dəvət edirik.

Diqqətinizə görə təşəkkür edirəm”.

Rəmzi açarın təqdimat mərasimindən sonra “Eurovision-2012” yarışmasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. “Eurovision” layihəsinin rəhbəri Yand Ola Sand çıxış edərək müsabiqənin şərtləri barədə məlumat verib.

Layihənin rəhbəri bugünkü mərasimi mayda keçiriləcək “Eurovision-2012”-nin ilk addımı adlandırıb. Yand Ola Sand ilk “Eurovision” müsabiqəsinin 1956-cı ildə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu təntənəli musiqi bayramı həmin ildən bu günədək hər il keçirilməkdədir. Həmçinin bu müddətdə “Eurovision”un əhatə dairəsi də xeyli genişlənib və hazırda müsabiqənin coğrafiyası Olimpiya Oyunları ilə təxminən eynidir.

Yand Ola Sand qeyd edib ki, iki həftə ərzində Bakıya minlərlə qonaq gələcək. O, müsabiqə ilə bağlı Azərbaycanda indiyədək görülən işlərin çox yüksək səviyyədə aparıldığını deyib.

Layihənin rəhbəri müsabiqənin “Baku Crystall Hall”da keçiriləcəyini qeyd etmiş və göstərilən bütün dəstəyə görə “Eurovision” müsabiqəsinin təşkilatçıları adından Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan tərəfinin yüksək peşəkarlıq nümayiş etdirməsindən məmnun qaldığını vurğulayıb. Bildirib ki, biz, eyni zamanda, sizin cəmiyyətinizin bu mərasimə dəstəyini yüksək qiymətləndiririk. Qarşıda bizim 117 günümüz qalır. Bu müddət ərzində hələ çox işlər görülməlidir. Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaq. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcək.

Yand Ola Sand müsabiqəyə, ümumilikdə 43 ölkənin qatıldığını, onlardan 6-nın bilavasitə finalda çıxış edəcəyini bildirib. Layihənin rəhbəri deyib ki, “Böyük beşlik” olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

Püşkatma nəticəsində məlum olub ki, Azərbaycan, İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya və Fransa ikinci yarımfinalda səs verəcək. Mayın 22-də keçiriləcək birinci yarımfinalda 18, mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaq.

Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar.

Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcəklər.

Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.

Ötən il yarışmaya qatılmamış İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. “Eurovision” mahnı müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmaya qatılacaq. “Eurovision” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlayıb.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin “Eurovision 2012”-də çıxış ardıcıllığı isə cari ilin martında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.

Püşkatma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Daha sonra milli musiqi alətimiz olan balabanda lirik melodiya ifa olunub. Azərbaycanın Xalq Artisti Alim Qasımovun və İsveçrədə keçirilən 43-cü Beynəlxalq Montre caz müsabiqəsinin qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə müsabiqənin müxtəlif illərdə qalibi olmuş iştirakçılarından Lena Mayer, Aleksandr Rıbak, Eldar Qasımov, Nigar Camal və başqaları da çıxış ediblər.

 

 

Yeni Azərbaycan.- 2012.- 6 yanvar.- S.5.