Mübariz
Qurbanlı: İran yalnız sözdə Ermənistanın təcavüzünü
pisləyir
Gün.Az-ın
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini,
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası
işçi qrupunun üzvü Mübariz Qurbanlı ilə
müsahibəsi:
- Azərbaycanla
İran arasında olan səfir məsələlərini necə
qiymətləndirərdiniz?
- Səfirlərin
geri çağırılması diplomatik prosedurdur və bir
qayda olaraq, belə hərəkətlər dövlətlər
arasında qarşılıqlı anlaşılmazlıq
yarananda, həmçinin mühüm qərarlar qəbul olunan
zaman həyata keçirilir. Sözsüz ki, səfirin
çağırılması bir qayda olaraq demarş mahiyyəti
daşıyır.
Azərbaycan
İranda edilən anti-Azərbaycan çıxışlardan
öz narazılığını açıq şəkildə
Tehrana bildirdi.
Səfirin
geri çağırılması həmçinin İran tərəfinin
iki azərbaycanlı şairin saxlanması səbəblərinə
dair rəsmi olaraq aydınlıq gətirməməsi ilə
bağlıdır. Ümumilikdə, İran bu ölkədə
aparılan anti-Azərbaycan çıxışları ilə
əlaqədar rəsmi bəyanatla çıxış etməlidir.
-
Sizcə, Azərbaycan və İran arasında diplomatik gərginlik
artacaq, yoxsa əksinə, azalacaq?
- Azərbaycan
və İran qonşu ölkələrdir. Ona görə, bu
ölkələrin aralarında olan problemləri müzakirə
etməsi zəruri hal alır. Azərbaycan tərəfi
İranla imzalanan ikitərəfli sənədlərə həmişə
diqqətlə yanaşıb. Eyni zamanda, Azərbaycan həmişə
bəyan edib ki, öz ərazilərindən İrana
qarşı təxribata heç zaman yol verməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev öz tərəfindən
dəfələrlə bəyan edib ki, digər ölkələrin
öz ərazilərindən İrana qarşı müharibə
və ya başqa hərəkətlər üçün
istifadə etməsinə yol verməyəcək.
Lakin,
bununla yanaşı, Azərbaycan öz tərəfindən həmçinin
dəfələrlə bəyan edib ki, İran ərazisində
Azərbaycana qarşı həyata keçirilən fəaliyyət
yolverilməzdir.
-
İranda Yeni Azərbaycan Partiyasının anti-İran
kampaniyası təşkil etməsi ilə bağlı səsləndirilən
ittihamlar nə ilə əlaqədardır?
- Azərbaycanda
heç bir formada İrana qarşı kampaniya
aparılmır. Ona görə, İranda Azərbaycana
qarşı səsləndirilən bu tipli ittihamlar əsassızdır.
Lakin,
bunun əksi İranda baş verir, xüsusilə də,
Tehranda, Təbrizdə və Ərdəbildə bir sıra din
xadimlərinin təhrikçiliyi sayəsində bir sıra təşkilatların,
qrupların nümayəndələrinin iştirakı ilə
Azərbaycana qarşı mitinqlər keçirilir.
Və bu
mitinqlərdə Azərbaycan hökuməti və xalqına
qarşı təhqiredici şüarlar səsləndirilir.
Yalnız belə çıxışlardan sonra Azərbaycanın
bir qrup gənci İranın Bakıdakı səfirliyi
qarşısında piketlər keçirərək İran tərəfindən
səsləndirilən anti-Azərbaycan
çıxışları pislədilər, həmçinin
Azərbaycan-İran dostluğuna xələl gətirə biləcək
addımların yolverilməz olduğunu ifadə etdilər. Mən
etiraf edirəm ki, Bakıda keçirilən piketlərdə
Yeni Azərbaycan Partiyasının üzvləri iştirak
ediblər. Lakin, bizim partiya belə aksiyaların təşkilatçısı
deyil.
Ona
görə, İran KİV-i Bakıda İran səfirliyi
qarşsında keçirilən aksiyaları Yeni Azərbaycan
Partiyası ilə əlaqələndirməyə
çalışmaqla səhvə yol verir.
Eyni
zamanda, qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan
Partiyası İranda keçirilən aksiyalar zamanı
nümayiş etdirilən hərəkətlərin yolverilməz
olduğunu və bütün bunların Azərbaycan-İran
münasibətlərinə ziyan vurduğunu hesab edir. Hesab
edirik ki, İranda iki ölkə arasındakı münasibətlərin
pisləşməsinə çalışanlar, eyni zamanda
öz ölkələrinə də ziyan vururlar.
- Əməli
olaraq bütün beynəlxalq müşahidəçilər
İranın öz anti-Azərbaycan siyasətində dini amillərə
söykəndiyini göstərirlər. İran tərəfinin
bu təbliğatda uğur əldə etməsi
üçün hər-hansı bir “şansı” varmı?
- Azərbaycan
dünyəvi ölkədir. Və Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev bu dövlətin siyasi və
ideoloji əsaslarını müəyyən edən zaman
ölkədə əsas meyarlar qismində respublika və
dünyəvi idarəçilik formasını qurub. Lakin,
bildiyiniz kimi, Azərbaycanı özünə müxtəlif
inkişaf istiqamətləri seçən dövlətlər
əhatə edir. Belə ölkələr sırasında idarəçilik
forması digər ölkələrdə olan idarəçilik
üsullarından tam fərqlənən İran da var.
Lakin,
İranda bəzi dairələr bu ölkədə olan
dövlət idarəçilik formasını digər ölkələrdə
yaymağa çalışırlar. Bununla yanaşı, belə
cəhdlər təkcə Azərbaycana qarşı deyil, ərəb
ölkələrinə qarşı da həyata keçirilir.
İranın tutduğu bu niyyəti səhv hesab edirəm.
Çünki hər bir ölkə inkişaf yolunu, dövlət
idarəçilik formasını özü müəyyən
edir.
Ümumilikdə,
son zamanlar İranda bəzi dairələr tərəfindən
Azərbaycana qarşı aparılan təbliğat və təşviqat
Azərbaycan-İran münasibətlərinə xələl gətirdi.
İran Azərbaycanın bu və ya digər ölkə ilə
əməkdaşlıq etməsindən narazı olduğunu bəyan
edir. Lakin, siyasi və mənəvi narazılıq hüququ
olan ölkə Azərbaycandır. Çünki, İran Azərbaycan
torpaqlarının bir hissəsini işğal edən Ermənistanı
açıq şəkildə dəstəkləyir. Eyni
zamanda, İran Ermənistana siyasi, mənəvi və iqtisadi cəhətdən
dəstək göstərir. Bundan əlavə, İran Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsi
faktını yalnız sözdə pisləyir. Ona görə,
hesab edirəm ki, İranın İslam dünyasında
aparıcı ölkə qismində çıxış etməyə
səy göstərməsi Tehranın gördüyü hərəkətlərlə
üst-üstə düşmür. Çünki, İslam
dünyasında aparıcı ölkə olmaq,
özünü İslamın müdafiəçisi və
mühafizəçisi kimi göstərməyə
çalışan ölkə işğalçı xristian
dövlət ilə sıx əməkdaşlıq etməzdi.
- Azərbaycan
BMT Təhlükəsizlik Şurasının müvəqqəti
üzvü kimi bu təşkilatda İrana qarşı
hansı mövqeyi tutur?
- Azərbaycan
müstəqil siyasət yürüdür. Ümumilikdə,
Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan tərəfindən
aparılan müstəqil siyasətin təmin olunmasına
yönəlib. Və Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi bu nüfuzlu beynəlxalq
təşkilatda ədalət və sülhü müdafiə
edir. Ölkəmizin BMT TŞ-də İranla bağlı
müzakirə olunan məsələlərdə
iştirakı Azərbaycanın anti-İran koalisiyasına
daxil olması anlamına gəlmir.
Azərbaycan
anti-İran koalisiyasına daxil deyil və belə bir niyyəti
yoxdur. Azərbaycan İranla xoşqonşuluq siyasətinin tərəfdarıdır.
Lakin, Azərbaycan İran tərəfindən
qarşılıqlı münasibət gözləyir. Azərbaycan-İran
münasibətlərinin pisləşməsinin əsas səbəbi
İrandakı bəzi qruplardır.
Yeni Azərbaycan.- 2012.- 2 iyun.-
S.4.