Azərbaycan Prezidenti İlham Əliyevin
meliorasiya və su təsərrüfatı
sahəsinə göstərdiyi diqqətin nəticəsi olaraq bu sahədə
görülən işlərin həcmi ildən-ilə daha da genişlənir
Azərbaycan
Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə www.yap.org.az saytına müsahibə verib:
- Əhməd
müəllim, əvvəlcə Sizi və rəhbərlik
etdiyiniz kollektivi 5 iyun - “Meliorator günü” münasibəti
ilə təbrik edir, fəaliyyətinizdə uğurlar
arzulayırıq. Peşə bayramını hansı əhval-ruhiyyədə
qarşılayırsınız?
- Bəli,
5 iyun meliorasiya və su təsərrüfatı işçiləri
üçün olduqca əlamətdar bir gündür -
peşə bayramıdır. Ölkəmizdə bütün
peşə sahələri, o cümlədən
melioratorların əməyi də çox qiymətli və
şərəflidir. Melioratorlar o insanlardır ki, məhz
onların əməyi ilə susuz ərazilər su ilə təmin
olunur, şorlaşmış sahələr duzlardan təmizlənir,
bataqlıqlaşmış ərazilər qurudulur, bəndlər
və dambalar tikilməklə çayların axınları tənzimlənir
və ölkə əhalisinin ekoloji cəhətdən təmiz
ərzaq məhsulları ilə etibarlı təminatı
üçün əlverişli şərait yaradılır.
Möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su
təsərrüfatının respublikamızın
iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında,
ölkə əhalisinin ekoloji cəhətdən təmiz və
dayanıqlı ərzaq məhsulları ilə təminatındakı
rolunu nəzərə alaraq, eləcə də böyük
hörmət əlaməti kimi çoxminli melioratorların
şərəfli əməyini yüksək qiymətləndirərək
Azərbaycanda “Meliorasiya və irriqasiya haqqında” Qanunun
1996-cı ildə qəbul edildiyi 5 iyun gününün
meliorasiya və su təsərrüfatı işçilərinin
peşə bayramı - “Meliorator günü” kimi qeyd
olunması barədə 24 may 2007-ci il tarixli Sərəncam
imzalamışdır. Sərəncamın imzalanması
möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı
sahəsinə göstərdiyi daimi diqqət və
qayğının bariz nümunəsi kimi melioratorlar tərəfindən
böyük sevinc və minnətdarlıqla
qarşılanmış, onları öz çətin və
şərəfli işlərinə daha da həvəsləndirmişdir.
-
Bildiyimiz kimi Azərbaycanda bütün sahələrin
inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Bu mənada Ulu öndərimizin meliorasiya və
su təsərrüfatı sahəsinin inkişafında xidmətləri
haqqında nə deyə bilərsiniz?
- Azərbaycan
qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd
təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi
suvarılan torpaqların istifadə edilməsi
baxımından dünyanın ən qədim və unikal
regionlarından biridir. Ölkə ərazisi quraq və arid
zonada yerləşdiyinə görə burada suvarma
aparılmadan, meliorasiya və su təsərrüfatını
inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının
yetişdirilməsi mümkün deyildir. Bunu böyük
uzaqgörənliklə qeyd edən müdrik, böyük
tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi
Ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı
sahəsini daim diqqət mərkəzində saxlamış,
onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycanda
meliorasiya və irriqasiya işlərinə keçən əsrin
əvvəllərində, lakin onun genişmiqyaslı və
intensiv inkişafına Ulu öndər Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi 1969-cu ildən
başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin
kənd təsərrüfatında, sənayesində,
ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində
xüsusi bir yüksəliş dövrü başlandı.
Ölkədə kənd təsərrüfatının
inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar
qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin
yerinə yetirilməsini təmin etmək məqsədi ilə
kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya
olunmuş torpaqlarda kənd təsərrüfatı
istehsalının sabit şəkildə artırılması
üçün mühüm tədbirlər işlənib həyata
keçirildi. 1971-1975-ci illərdə ölkədə meliorasiya
işlərinə 1966-1970-ci illərdəkinə nisbətən
iki dəfədən çox vəsait ayrıldı. Bu
müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə
verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların
yuyulması, o cümlədən 48 min hektarda əsaslı
yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin
yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama
işlərinin aparılması təmin olundu, 248,6 min hektar
qış otlaq sahələrində su təminatı sistemləri
yaradıldı. Bu illər ərzində bir sıra iri
irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz
çayı üzərində həcmi 1,35 mlrd. kbm olan Araz su
anbarı su-elektrik stansiyası ilə birlikdə, Azərbaycan
Respublikası və İran İslam Respublikası ərazilərində
400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı,
uzunluğu 37 km olan Baş Mil kanalı, ümumi uzunluğu 71
km olan Yuxarı Mil və Yeni Xan qızı kanalları,
Naxçıvan MR-də 6 min hektar sahəni suvaran Arpaçay
nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda
Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5
mln. kbm olan Zoqolovoçay su anbarı və digərləri
tikilib istismara verildi. Həmin dövrdə yerinə yetirilən
tikinti işlərinin xarakterik cəhətlərindən biri
onların yüksək texniki səviyyədə aparılması
idi.
1976-1982-ci
illərdə Ulu öndərimiz Heydər Əliyevin xüsusi
diqqət və qayğısı nəticəsində su təsərrüfatı
və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun
sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin
yenidən qurulması sahəsində aparılan işlərin
miqyası daha da genişləndirildi. Bu illərdə
meliorasiya tədbirlərinə yönəldilən vəsaitin
miqdarı 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə
artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən
quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə
verildi, 137 min hektar torpaq meliorativ cəhətdən
yaxşılaşdırıldı, 274,4 min hektar sahədə
əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə
Tərtərçay çayı üzərində 144 min
hektar sahəni suvarma suyu ilə təmin edən həcmi 550
mln. kbm olan Sərsəng su anbarı su elektrik stansiyası ilə
birlikdə, həcmi 5,86 mln. kbm olan Madagiz su anbarı,
Naxçıvan MR-də Arpaçay çayı üzərində
həcmi 150 mln. kbm olan Arpaçay su anbarı,
Naxçıvan çayından qidalanan həcmi 12,7 mln. kbm
olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5 mln. kbm olan
Aşağı Köndələnçay su anbarı, Lənkəran
rayonunda həcmi 52 mln. kbm olan Yuxarı Xanbulançay su
anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir
sıra digər obyektlər tikilib istismara verilmişdir.
Bütün bunların nəticəsində respublikada kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığı
və ümumi məhsul istehsalı bir neçə dəfə
artmışdır.
-
Ümumiyyətlə, ölkəmizdə meliorasiya və su təsərrüfatı
sahəsində həyata keçirilən islahatlar nə kimi nəticələr
verməkdədir? Bu sahədə normativ-hüquqi bazanın
yaradılması hansı səviyyədədir?
-
Qeyd edim ki, Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində
olduğu illərdə də respublika iqtisadiyyatının, o
cümlədən meliorasiya və su təsərrüfatının
inkişafını daim diqqət mərkəzində
saxlamışdır. Lakin böyük təəssüf hissi
ilə qeyd etmək lazımdır ki, O, keçmiş
İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının,
xüsusi ilə də meliorasiya və su təsərrüfatının
inkişafı demək olar ki, tamamilə dayandı.
Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi
və bu sahəyə laqeyd münasibəti nəticəsində
meliorasiya və su təsərrüfatı üzrə
aparılan işlərin sürəti və həcmləri kəskin
surətdə azaldı, kapital qoyuluşu heçə
endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin
həcmi xeyli aşağı düşdü. Nəticədə
mühüm dövlət əhəmiyyətli obyektlərin
saxlanılması, istismarı, təmir- bərpası son dərəcə
çətinləşdi.
Belə
bir şəraitdə 1993-cü ildə Ulu öndərimiz Heydər
Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi
meliorasiya və su təsərrüfatı sahəsini məhv
olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə
qədəm qoydu, ona diqqət və dövlət
qayğısı bərpa olundu, mövcud meliorasiya
potensialından daha səmərəli istifadə olunması
yolları və sahənin gələcək inkişaf istiqamətləri
müəyyənləşdirildi. Onun göstərişləri
əsasında respublikaya ayrılan xarici investisiyalar ilk
növbədə bu sahənin inkişafına yönəldildi.
Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar
aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında
da islahatların həyata keçirilməsinə
başlanıldı, onların normativ-hüquqi bazası
yaradıldı. Bu məqsədlə 40-dan artıq
normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən
mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya
və irriqasiya haqqında” Azərbaycan Respublikasının
Qanunudur.
Ölkəmizdə
meliorasiya və su təsərrüfatının
inkişafına Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
göstərilən diqqət və qayğı hazırda onun
layiqli davamçısı olan möhtərəm Prezidentimiz
İlham Əliyev cənablarının rəhbərliyi
altında uğurla davam etdirilir. Onun bu sahəyə diqqəti
və yaxından köməkliyi sayəsində bir çox
layihələr başa çatdırılmış, bir
çox layihələr uğurla davam etdirilir, bir
çoxlarının isə həyata keçirilməsinə
başlanılmışdır. Möhtərəm
Prezidentimizin 2007-ci il noyabr ayının 8-də
Taxtakörpü su anbarının və 2009-cu il may
ayının 25-də Şəmkirçay su anbarının
SES-lə birlikdə tikintisinin təməlqoyma, 2010-cu il aprel
ayının 29-da Cəlilabad rayonunda tikintisi başa
çatdırılmış Göytəpə su
anbarının, 2011-ci il avqust ayının 15-də
Samur-Abşeron suvarma sisteminə daxil olan Vəlvələçay-Taxtakörpü
kanalının birinci mərhələsinin
açılış mərasimlərində iştirak etməsi
və Taxtakörpü su anbarında tikintinin gedişi ilə
tanış olması, 2011-ci il noyabr ayının 16-da Qax
rayonunda Hamamçay çayı üzərində
tikilmiş körpünün açılış mərasimində
iştirak etməsi və İlisu kəndinin sel və
daşqın sularından mühafizəsi üzrə
aparılan sahilbərkitmə işləri ilə tanış
olması, 2012-ci il mart ayının 13-də Masallı rayonunda
su təchizatı, kanalizasiya sistemləri və sutəmizləyici
qurğuların tikintisinin təməlqoyma mərasimində
iştirak etməsi bu deyilənlərin parlaq və əyani
sübutudur.
Möhtərəm
Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə
göstərdiyi diqqət və qayğının nəticəsi
olaraq dövlət büdcəsindən əsaslı vəsait
qoyuluşu, beynəlxalq maliyyə qurumlarının krediti və
Dövlət Neft Fondundan ayrılmış vəsait
hesabına meliorasiya və su təsərrüfatı obyektlərində
tikinti, yenidənqurma və bərpa işlərinin həcmi
ildən-ilə daha da genişlənir. Müqayisə
üçün təkcə onu demək kifayətdir ki,
2011-ci ildə yerinə yetirilmiş işlərin həcmi
2007-ci il ilə müqayisədə 2,8 dəfədən
çox olmuşdur.
- Əhməd
müəllim, verdiyiniz məlumatlardan aydın olur ki, bu sahədə
ciddi nailiyyətlər əldə edilmişdir. Bəs
hal-hazırda hansı layihələr həyata keçirilməkdədir?
- Son
9 ildə bütün maliyyə mənbələri hesabına
bu sahəyə əsaslı kapital qoyuluşu 32 dəfəyə
yaxın artmışdır. Bunun nəticəsində
mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı
xeyli yaxşılaşmış, sahənin maddi-texniki
bazası gücləndirilmiş, 1400-dən artıq
maşın və mexanizmlər alınmış, 1272 km
suvarma kanallarının və 874 km kollektor-drenaj şəbəkələrinin
tikintisi, təmir-bərpası və yenidən qurulması
işləri həyata keçirilmiş, 147 min hektar sahədə
suvarılan torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 121 min hektar ərazidə
yeni suvarılan sahələr də daxil olmaqla suvarılan
torpaqların su təminatı
yaxşılaşdırılmış, 682 ədəd
subartezian quyusu qazılıb istismara verilmişdir. Bu işlər
hazırda müvəffəqiyyətlə davam etdirilir.
Hazırda
Dövlət Neft Fondundan maliyyələşdirilən
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi
tərkibində ümumi sututumu 268 mln. kbm olan Taxtakörpü
su anbarının SES-lə birlikdə, uzunluğu 110,4 km olan
Taxtakörpü-Ceyranbatan və uzunluğu 31,45 km olan Vəlvələçay-Taxtakörpü
kanalının 2-ci mərhələsinin tikintisi işləri
uğurla davam etdirilir. Bu layihələrin başa
çatdırılması ilə respublikanın şimal
zonasında 150 min hektar suvarılan torpaq sahələrinin su təminatı,
Bakı, Sumqayıt şəhərlərində və
Abşeron yarımadasında isə əhalinin, sənayenin və
kənd təsərrüfatının içməli, texniki və
suvarma suyuna olan tələbatı
yaxşılaşdırılacaqdır.
Tikintisinə
2009-cu ildə başlanılmış ümumi sututumu 170
milyon kbm olan Şəmkirçay çayı üzərində
dəryaçanın tikintisi işləri uğurla davam
etdirilir. Layihə üzrə tikinti işləri başa
çatdıqdan sonra Şəmkir, Göygöl, Samux və
Goranboy rayonlarının 50122 hektar torpaq sahəsinin su təminatı
yaxşılaşdırılacaq, 20834 hektar yeni sahələrin
suvarılması təmin ediləcəkdir.
Dünya
Bankının krediti ilə “Milli Su Təchizatı və
Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”
çərçivəsində 2011- ci ildə respublikanın
8 rayonunda (Şabran, Siyəzən, Ağsu,
İsmayıllı, Masallı, Cəlilabad, Yardımlı və
Lerik) içməli su təchizatı və kanalizasiya sistemləri
infrastrukturunun bərpası və tikintisi işlərinin həyata
keçirilməsi üçün tikinti
podratçısının seçimi üzrə tender
keçirilmiş, 7 rayon üzrə isə qalib şirkətlərlə
tikinti müqavilələri bağlanaraq tikinti işlərinə
başlanılmışdır.
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
daxil olan tədbirlərin icrası ilə bağlı layihə
sənədləri hazırlanaraq Abşeron magistral
kanalının yenidənqurulması, Xəzər rayonu üzrə
Zirə, Sabunçu rayonu üzrə Bilgəh, Suraxanı
rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə
Goradil kəndlərində əkin və həyətyanı
sahələrin su təminatının
yaxşılaşdırılması tədbirləri üzrə
nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli
boru kəmərlərinin tikintisi və təmir-bərpası
işlərinə başlanılmışdır. Hazırda
bu işlər müvəffəqiyyətlə davam etdirilir. Eyni
zamanda, Dövlət Proqramına daxil olan digər kənd və
qəsəbələrin əkin və həyətyanı sahələrinin
su təminatının yaxşılaşdırılması tədbirləri
üzrə layihə sənədlərinin hazırlanması
başa çatdırılmışdır.
Ölkədə
iri taxılçılıq təsərrüfatlarının
yaradılması ilə əlaqədar olaraq Səhmdar Cəmiyyət
tərəfindən 230 min hektardan artıq ərazidə
qış otlaq və dövlət torpaq fondunda olan sahələr
və onlarda aparılacaq kompleks meliorativ tədbirlər müəyyənləşdirilmişdir.
Hazırda Ağcabədi rayonu ərazisində 3300 ha və
Beyləqan rayonu ərazisində 1500 ha ərazidə pilot
taxılçılıq təsərrüfatlarının
yaradılması məqsədi ilə Yuxarı Mil
kanalının 10,7 km-lik hissəsinin tikintisinin başa
çatdırılması üzrə işlər davam
etdirilir. Dünya Bankının krediti ilə “Sudan İstifadəedənlər
Birliklərinin İnkişafına Dəstək” layihəsində
nəzərdə tutulan 85000 hektar sahədən 2011-ci ildə
7500 hektar sahədə təsərrüfatdaxili suvarma-drenaj
şəbəkələrinin təmir-bərpası işlərinin
həyata keçirilməsinə
başlanılmışdır.
-
Ölkəmizdə kənd təsərrüfatının
inkişafı üçün həyata keçirilən
layihələrdən biri də əkin sahələrinin
suvarılması, kollektor-drenaj şəbəkələrində
əsaslı tikinti, təmir-bərpa və yenidənqurma
işlərinin aparılmasıdır. Bu istiqamətdə
görülən işlərin əhəmiyyəti nədən
ibarətdir?
-
Ümumiyyətlə, 2011-ci ildə respublikanın Kürdəmir,
Ağstafa, İsmayıllı, Hacıqabul, Goranboy, Qazax, Qax,
Şəki, Zaqatala, Oğuz, Ağdam, Beyləqan,
Neftçala, Bərdə, Tərətər, Şəmkir,
Saatlı, Biləsuvar, Yevlax, Füzuli, Ağcabədi və
digər rayonlarının ərazilərində 63,1 km suvarma
kanallarında, 91,0 km kollektor-drenaj şəbəkələrində
əsaslı tikinti, təmir-bərpa və yenidənqurma
işləri aparılaraq 18910 hektar suvarılan torpaqların
meliorativ vəziyyəti və 18560 hektar sahənin su təminatı
yaxşılaşdırılmış, 1100 hektar yeni
suvarılan sahə istifadəyə verilmiş, 865 hektar sahədə
su təminatının yaxşılaşdırılması
üçün 32 ədəd yeni subartezian quyusu
qazılmış, respublika çaylarında sel və
daşqın təhlükəsinə qarşı 17145 pm
sahilbərkitmə işləri yerinə yetirilmiş, Şəmkirçay,
Tovuzçay su anbarlarında tikinti və Şamaxı rayonunda
Zoqolovoçay su anbarında təmir-bərpa işləri
davam etdirilmişdir.
Kənd
təsərrüfatı əkinlərini fasiləsiz suvarma
suyu ilə təmin etmək üçün bütün
mövcud imkanlar səfərbər edilmiş, istismar və təmir-bərpa
işlərinin səmərəliliyinin yüksəldilməsi
üzrə tədbirlər həyata keçirilmişdir.
2011-ci ilin çətin və mürəkkəb təbii-iqlim
şəraitinə baxmayaraq, suvarılan torpaqlarda 1 milyon 351
min hektar sahədə kənd təsərrüfatı bitkiləri
lazımi miqdarda su ilə təmin olunmuş, sahələr
orta hesabla 3,3 dəfə suvarılmışdır.
Cari
ildə 1 milyon 354 min hektar suvarılan sahələrdə kənd
təsərrüfatı əkinlərinin suvarılması nəzərdə
tutulmuşdur. Hazırda dənli bitkilərin suvarılması
başa çatmaq üzrədir, digər əkinlərin
kütləvi surətdə suvarılmasına
başlanılmışdır. Vaxtında aparılmış
təmir və bərpa işləri əvvəlki illərdə
olduğu kimi, bu il də əkin sahələrini tələb
olunan həcmdə suvarma suyu ilə təmin etməklə əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
şərait yaradacaqdır.
Möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının
respublikanın su təsərrüfatına göstərdiyi
diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin
kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin
tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə
istismarının həyata keçirilməsi, təmir-bərpa
işlərinin təşkili sahəsində
qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti
ilə dərk edərək, onların vaxtında və
layiqincə yerinə yetirilməsində daha səylə
çalışacaq və bundan sonra da bütün bacarıq
və imkanlarından istifadə edəcəklər.
Yeni Azərbaycan.- 2012.- 5 iyun.- S.4.