Azərbaycan
xalqı dünyada özünü
sülhsevər xalq kimi
təsdiq edib
Yeni
Azərbaycan Partiyası Qadınlar Şurasının sədri
Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
-
Nurlana xanım, bugünlərdə Türkiyənin Ədalət
və İnkişaf Partiyasının Qadın Qolunun
qurultayında iştirak etmək üçün Ankarada səfərdə
olmusunuz. Səfər təəssüratlarınız necədir?
-
Öncə qeyd edim ki, Azərbaycanla Türkiyə arasında
münasibətlər strateji müttəfiqlik səviyyəsindədir.
Bizim əlaqələrimiz dostluq və qardaşlıq prinsiplərinə
əsaslanır. Bu münasibətlər Yeni Azərbaycan
Partiyası ilə Türkiyənin Ədalət və
İnkişaf Partiyasının (AKP) əlaqələrində
də özünü göstərir. Biz bunun AKP-nin Qadın
Qolunun 3-cü Qurultayında iştirak etmək
üçün Türkiyəyə etdiyimiz səfər
zamanı bir daha şahidi olduq. Xatırladım ki, qurultayda mən,
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət
İbrahimqızı və millət vəkili Sədaqət Vəliyeva
iştirak etmişik. AKP-nin Qadın Qolunun möhtəşəm
qurultayında başqa ölkələrdən qonaq qismində
100-dən artıq qadın iştirak edirdi. Çox maraqlı
bir qurultay keçdi. Bu qurultay əsasən ona görə mənim
yaddaşımda qaldı ki, türk qadınının
qurultayı idi, orada türk ruhu daha çox duyulurdu. Qurultay
insana çox möhtəşəm bir təsir
bağışlayırdı. Mən əvvəlcə bu
möhtəşəmliyin sadəcə, insanların
çoxluğundan irəli gəldiyini
düşünürdüm, sonra gördüm ki, bunun səbəbi
oraya qatılan hər bir qadının daxilindən gələn
hisslərin, duyğuların məcmusundan irəli gəlir.
Tədbirdə
çıxışlara verilən reaksiya, göstərilən
sayğı, diqqət, hörmət ortada idi. İştirakçılar
bu münasibəti hətta ayağa duraraq hər hansı bir
şüarı səsləndirməklə, mahnı oxumaqla və
s. kimi biruzə verirdilər. Qonaq qismində, ilk olaraq, Azərbaycandan
YAP Qadınlar Şurasının sədri kimi, mənə
söz verildi. Çıxışımda ölkələrimiz
və partiyalarımız arasındakı münasbətlərdən
ətraflı bəhs etdim, xalqlarımız arasındakı
qardaşlıq münasibətlərinə dair öz fikirlərimi
bölüşdüm. YAP-ın, Azərbaycanın təmsilçisi
olaraq onlarla əməkdaşlığı daha da gücləndirməyə
hər zaman hazır olduğumuzu bəyan etdim. Bir daha vurğuladım
ki, hər bir qadın istəyir ki, dünyada güllələr
açılmasın, güllər açılsın.
Bildirdim ki, bu güllələrin açılmaması
üçün hər bir xalqın sinəsini sipər edən
oğulları var və bu oğulları da dünyaya gətirən
analar olub. Mustafa Kamal Atatürk deyib ki, dünyanın
uğurları qiymətli anaların böyütdüyü
oğulların işidir. Və bu mənada ananın,
qadının nə qədər şərəfli bir
varlıq olduğu məlum olur. Mən öz
çıxışımda Hüseyn Cavidin ana, qadın
haqqında misralarını da xatırladım.
Mənə
verilmiş imkandan istifadə edərək öz fikirlərimi
qurultay iştirakçılarının nəzərinə
çatdırdım. Azərbaycanın mövqeyi orada
çox hörmətlə qəbul olundu. Ümumiyyətlə,
orada cəmisi bir neçə dövlətin nümayəndəsi
qonaq qismində çıxış etdi ki, bunlardan biri də
Azərbaycan dövləti idi. Çox qürur hissi
keçirdim ki, Azərbaycanın uğurları qardaş
Türkiyədə də böyük sevinclə
qarşılanır.
Qurultayda Türkiyənin Baş naziri, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan da çıxış etdi. R.T.Ərdoğan çıxışında son
dövrlərdə Türkiyə
qadınlarına verilmiş
imtiyazlardan söhbət
açdı. Həqiqətən də, bu ölkədə
qadınlar üçün
çox gözəl imkanlar yaradılıb.
Bu məsələlər qadınlara hörmətdən,
dövlətin qadınlara
münasibətindən xəbər
verir. Çünki qadın xoşbəxtdirsə,
onda ölkədə ailə xoşbəxtdir, övlad xoşbəxtdir və deməli, bütövlükdə cəmiyyət
xoşbəxtdir. Bu mənada Baş nazirin çıxışı
çox mənalı,
gözəl bir çıxış idi və hər bir qadını mübariz olmağa, qədirbilənliyə səsləyirdi.
Türkiyə cəmiyyətinin formalaşmasında, inkişafında,
tərəqqisində qadınların
rolunun çox böyük olması faktlarla, rəqəmlərlə
açıqlandı. AKP
liderinin çıxışı
hərarətli alqışlarla
qarşılandı. Hətta əksər
qadının gözü
dolmuşdu, çünki
onun çıxışı
hər bir qadının ürəyindən
xəbər verirdi.
- Səfər çərçivəsində
daha hansı görüşləriniz oldu?
Qardaş ölkədə inkişaf baxımından
nə kimi yeniliklər müşahidə
edilir?
- Qurultay zamanı da, ondan sonra
da, yəni bütün səfərimiz
dövründə biz çox
sevgi və diqqətlə əhatə
olunmuşduq. Qonaqların şərəfinə
ailə və sosial siyasət naziri Fatma Şahin,
Ankara şəhər bələdiyyəsinin
başqanı Melih Gökçek ziyafətlər
verdilər. Eyni zamanda,
Ankaranın ən gözəl yerlərində
olduq, qədim tarixi abidələri ziyarət etdik. Orada küçələr bizim
İçərişəhəri xatırladırdı, müasirliklə
qədimliyin sintezi idi. Mənim diqqətimi cəlb
edən məsələlərdən
biri də budur ki, Ankarada
böyük şəhər
bələdiyyəsinin təşəbbüsü
ilə təşkil olunan ailə mərkəzləri fəaliyyət
göstərir. Şəhərin
özündə 8 belə
bina tikilib, ətrafda da daha 22 bina var. Həmin mərkəzlərdə
əlil adamlar, yaşlı adamlar, cavanlar üçün, qadınlar üçün,
uşaqlar üçün
otaqlar var, müxtəlif növ əyləncə mərkəzləri
xidmət göstərir.
Məsələn, uşaqlara
idman növlərini öyrədirlər, musiqi
dərsi verirlər, qadınlara tikiş dərsləri keçirilir
və s. İnsanların
asudə vaxtlarını
bu cür təşkil etmək cəmiyyət üçün
vacib bir məsələdir. Onu da deyim ki, bütün
bu xidmətlərin hamısı insanlar üçün pulsuzdur.
Son illər Ankarada
insanların asudə vaxtlarını təşkil
etmək üçün
müxtəlif istirahət
mərkəzləri fəaliyyətə
başlayıb. Bütün bunlar insanlar
üçün gözəl
istirahət məkanına
çevrilib. Bu cür qayğı, yüksək mədəni
səviyyədə xidmət
mənim diqqətimi çəkdi. Ankarada
şəhər meri ziyafət verdi.
Həmin
ziyafətdə mənə
söz verdilər.
Mən qeyd etdim ki, üç
il bundan
öncə də AKP Qadın Qolunun qurultayında iştirak etmək üçün Ankarada olmuşam. Ötən üç il ərzində
Ankarada böyük işlər görülüb.
Azərbaycanda da böyük
abadlıq, quruculuq işlərinin həyata keçirildiyini diqqətə
çatdırdım. Hətta şəhərimiz, paytaxtımız
o qədər gözəlləşib
ki, özümüz də onu tanıya
bilmirik. Bu, bizim möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
hər birimizin qəlbində abidəsi ucalmış Heydər Əliyevin arzularının
həyata keçirilməsi
istiqamətində apardığı
siyasətin nəticəsidir.
Bütün bunlar hər
bir azərbaycanlını
sevindirir.
- Ümumiyyətlə, qadınların
cəmiyyətdəki rolu
haqqında nə deyə bilərsiniz? Onların
qarşısında duran məqsəd və vəzifələr
nədən ibarətdir?
- Həqiqətən
də, bu gün cəmiyyəti qadınsız təsəvvür
etmək mümkün deyil. Çünki qadının cəmiyyətdəki
rolu danılmazdır, ilk növbədə qadın tərbiyəçidir.
Çünki baş verən bütün hadisələr
insanın ibtidai tərbiyəsindən irəli gəlir. Bir tərəfdən,
insan nəcib, qədirbilən, əqidəsinə sədaqətli
olur, gözəl insani keyfiyyətlərlə zənginləşir.
Bir də əksinə, bəzi insanlar yalançı olur, hər
zaman özünü düşünür, yalnız pislik etmək,
zərbə vurmaq, əziyyət vermək kimi xislətlərdə
olurlar. Dünyada gərginliklərin, müharibələrin də
yaranması həmin insanların əməllərindən irəli
gəlir. Bu mənada, tərbiyə çox böyük və
önəmli, dünya üçün vacib olan bir məsələdir.
Biz çalışmalıyıq ki,
övladlarımızı əsl insani keyfiyyətlərlə
zəngin bir varlıq şəklində tərbiyə edək.
Qadın
məsələləri həmişə dövlətimizin
diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər
Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən
daim qadınların problemləri ilə maraqlanmış,
onların irəli çəkilməsi üçün şərait
yaratmışdır. Ulu öndərimizin verdiyi bir çox qərar
və sərəncamlar Onun cəmiyyətdə gender
balansının formalaşdırılması sahəsində
uzaqgörən siyasətinin əməli ifadəsidir.
- Azərbaycanın
sürətli inkişaf yolunda olduğunu qeyd etdiniz. Bu
baxımdan, “Eurovision” mahnı müsabiqəsinin də ölkəmizdə
keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir...
- Azərbaycanda
“Eurovision” musiqi yarışmasının keçirilməsi
çox böyük hadisədir. Ölkəmiz bu nüfuzlu
beynəlxalq tədbirə yüksək səviyyədə ev
sahibliyi etdi. Duzdür, “Eurovision” yarışmasının məqsədi
gözəldir, musiqinin, mahnının sərhədi yoxdur.
Eyni zamanda, bu cür beynəlxalq tədbirlər millətləri
biri-birinə yaxınlaşdırır. Hər millət digərinin
istedadına, amalına daha yaxından bələd olur. Bu
gün Azərbaycanımız haqqında dünyadakı
müsbət fikirlər bizi çox fərəhləndirir.
Dünya ictimaiyyəti Azərbaycana qarşı diqqətlidir,
insanlar Azərbaycana səfərlər edirlər, münasibətlər
yaranır, Azərbaycan haqqında prinsipial, düzgün
mövqelər ortaya qoyulur. Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Təşkilat Komitəsi “Eurovision” mahnı müsabiqəsini
çox yüksək səviyyədə hazırlayaraq həyata
keçirdi. Ümumiyyətlə, Mehriban xanım Əliyeva Azərbaycan
mədəniyyətinin dünyada təbliğ olunması
istiqamətində misilsiz xidmətlər göstərir. Onun təşəbbüsü
və iştirakı ilə Avropa ölkələrində
bizim görkəmli, tanınmış sənətkarlarımızın,
gənc istedadlarımızın konsertləri təşkil
edilir. Səhnədə bizim gənc istedadlarımızın
ifası həmin ölkənin nümayəndələrini
riqqətə gətirirdi, ürəklərində
böyük hisslər yaradırdı. Mən əminəm ki,
həmin ölkələrdə Azərbaycan analarının tərbiyə
etdiyi o cür istedadlı övladları görən hər
bir ağıllı insan başa düşür ki, Azərbaycan
necə gözəl ölkədir. Mən belə tədbirləri
dəstəkləyirəm və inanıram ki, bundan sonra da bu
tədbirlər davamlı olacaq, Azərbaycanı təbliğ
edəcək. İnanıram ki, Azərbaycan cəmiyyətində,
gəncliyində daha irəliyə doğru təşəbbüslər
var. Gənclik bizim gələcəyimizdir. Gənclik
yaxşı inkişaf edəndə, doğru yolda olanda
ağıllı, zəkalı formalaşanda gələcəyə
ümidlə baxılır. Hər br atanın, ananın borcu
odur ki, ilk növbədə övladını cəmiyyətə
layiq bir insan kimi yetişdirsin.
- Sizcə,
bu tədbirlər Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında nə dərəcədə
rol oynayır?
- Əlbəttə
ki, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə
ev sahibliyi etməsi, eləcə də, xarici ölkələrdə
təşkil olunmuş müxtəlif tədbirlərdə təmsil
olunmağımız bu baxımdan çox əhəmiyyətlidir.
Hər bir tədbirdə, ölkəmizin nailiyyətləri təbliğ
edilir, həmçinin üzləşdiyimiz problemlər də
diqqətə çatdırılır. Bu gün Azərbaycan
zorla münaqişəyə cəlb olunub, ölkəmizə
qarşı təcavüz edilib. Azərbaycan dövləti
torpaqları azad etməklə yanaşı, millətinin,
xalqının gələcəyini düşünür. Təbii
ki, Azərbaycanın ən əsas problemi ərazi
bütövlüyünün təmin olunmasıdır.
Ölkəmiz qan tökülməsini istəmir, problemin
sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Azərbaycanın indiyə qədər heç bir xalqın
torpağında gözü olmayıb. Bu gün Azərbaycanın
yeraltı sərvətləri var, yüksək intellektual səviyyəyə
malik insan kapitalı mövcuddur. Biz bu kapitaldan istifadə edib
başqa millətlərə qarşı addımlar
atmırıq. Məqsədimiz yalnız sülhdür,
sabitlikdir, cəmiyyətimizin inkişafıdır.
Təbii
ki, bütün bunlar beynəlxalq müstəvidə təbliğ
edilir. Dünya ictimaiyyəti Azərbaycan xalqının necə
sülsevər, tərəqqipərvər olduğunun, bəşəri
dəyərlərə sadiqliyinin şahidi olur. Ona görə
də, Azərbaycanın uğurları, inkişafı
dünya miqyasında böyük rəğbətlə
qarşılanır.
Yeni Azərbaycan.- 2012.- 5 iyun.- S.4.