Biz ölkəmizin dünyada söz sahibi olmasından böyük qürur duyuruq

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının İdarə Heyətinin sədri Eldar Quliyev www.yap.org.az saytına müsahibə verib:

- Eldar müəllim, Azərbaycan son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dinamik inkişaf edir. Bu inkişafın nəticələri və onun Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin güclənməsi prosesində rolu ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Dövlət müstəqilliyinin 20 illiyini bu yaxındarda qeyd edən Azərbaycan Respublikası çox qısa zaman kəsiyində həqiqətən heyrətamiz inkişafa nail olmuşdur. Bu inkişafı Ulu öndərimiz Heydər Əliyevin möhkəm təməlini yaratdığı daxili və xarici siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Fikir verin, 2008-ci ilin ortalarından başlayan və hələ də tam səngiməyən qlobal maliyyə-iqtisadi böhran dünyanın bir çox ölkələrinin iqtisadiyyatını çökmə səviyyəsinə çatdırmışdır. Belə bir vəziyyətdə Azərbaycan iqtisadiyyatının böhrandan ciddi zərər görməyərək ilbəil yüksək sürətlə inkişaf etməsi sosial-iqtisadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilərək uğurla həyata keçirilməsinin bariz göstəricisidir. Əldə olunan nailiyyətləri ölkəmizin zəngin təbii ehtiyatlara malik olması ilə əlaqələndirmək düzgün olmazdı. Təbii ehtiyatlarla zəngin olan elə ölkələr vardır ki, hələ də yoxsulluq içərisində yaşayırlar. Azərbaycanın yüksək inkişafı neft-qaz layihələrinin səmərəli həyata keçirilməsinə, qeyri-neft sektorunun şaxələnməsinə, regionların sosial-iqtisadi inkişafı üzrə proqramların ardıcıl surətdə yerinə yetirilməsinə, özəl sektorun inkişafına, əhalinin aztəminatlı təbəqələrinin ünvanlı sosial müdafiəsinin təşkilinə və digər faktorlara əsaslanmışdır. İqtisadiyatımızın uğurlu inkişafı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır, reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Heç təsadüfi deyildir ki, tanınmış siyasətçilər və iqtisadçılar “inkişafın Azərbaycan modeli”nin mövcudluğunu qəbul edir və onu diqqətlə öyrənirlər.

İnkişaf həyatımızın bütün sahələrini əhatə edir. Ümumi daxili məhsul istehsalı artır, sənaye, kənd təsərrüfaı, nəqliyyat, tikinti, xidmət və digər sahələrin inkişafı yeni iş yerlərinin açılmasına, yoxsulluğun ilbəil azaldılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına geniş imkanlar yaradır. Ölkəmizin müdafiə qüdrəti artır, beynəlxalq aləmdə mövqelərimiz möhkəmlənir. Azərbaycan xarici investisiyaya möhtac olan ölkədən başqa ölkələrə investisiya qoyan dövlətə çevrilmişdir. Regionda Azərbaycanın razılığı və iştirakı olmadan heç bir ciddi layihə həyata keçirilmir. Biz ölkəmizin dünyada söz sahibi olmasından, “imzalar içində millətimizin də imzasının olmasından” böyük qürur duyuruq.

Təəssüf ki, bu uğurları gözü götürməyən, onlara qısqanclıq və düşmənçiliklə yanaşan qüvvələr də vardır. Torpaqlarımızın bir hissəsinin işğalına, bir milyona yaxın soydaşımızın öz ata-baba yurdlarından didərgin düşməsinə göz yuman bu qüvvələr hər vəchlə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Bu antiazərbaycançı qüvvələrin bir çoxüunun iç üzü lap bu yaxınlarda ölkəmiz tərəfindən möhtəşəmliklə keçirilən “Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində və müsabiqə günlərində tam aşkar surətdə açıldı. Erməni lobbisinin və onunla əlbir olan qonşu İranın molla rejiminin diqtəsi və maliyyə dəstəyi ilə ölkəmizə qarşı terror aktları və müxtəlif təxribatlar törədilməyə cəhd göstərildi; kütləvi-mədəni tədbir olan beynəlxalq mahnı müsabiqəsini siyasiləşdirərək öz çirkin məqsədləri üçün istifadə etməyə çalışıldı, bir sıra beynəlxalq qurumlar tərəfindən heç bir əsası olmayan böhtan xarakterli bəyanatlar və açıqlamalar verildi. Bütün bu təxribatların təşkilində ölkəmizin uğurlarını həzm edə bilməyən xarici qüvvələrlə yanaşı öz xalqına düşmən kəsilən radikal-dağıdıcı müxalifət və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də canfəşanlıqla iştirak edirdilər. Öz vətənini sevən heç bir kəs ölkəyə kütləvi turist və jurnalist axını olduğu, dünyanın diqqətinin mahnı müsabiqəsi ilə bağlı Azərbaycana yönəldiyi bir vaxtda şəhərin mərkəzində, hətta dənizkənarı bulvarda icazəsiz aksiyalar keçirərək təxribatlar törətməyə, hüquq-mühafizə orqanlarını zorakarlığa təhrik etməyə cəhdlər göstərməzdi. Özlərini müxalifət adlandıran bu üzdəniraq qüvvələr xarici himayədarlarından aldıqları göstərişlərə əməl edərək belə rəzaləti özlərinə rəva bildilər, iftira və böhtan xarakterli məlumatları xarici jurnalistlərə və beyəlxalq təşkilatlara ötürərək ölkəmizə qara yaxmağa çalışdılar. “Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır” deyimini özlərinə şüar edən bu qüvvələrin hərəkətlərini bolşeviklərin birinci dünya müharibəsi illərində Rusiyanın müharibədə məğlub olması istiqamətində apardıqları təbliğat və əməli işlə müqayisə etmək mümkündür.

- Milli Məclisin yaz sessiyasının son iclasında 2012-ci ilin dövlət büdcəsində dəyişikliklər edildi. Bu dəyişikliklərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Diqqət yetirmisinizsə, hər ilin ortalarında Milli Məclis tərəfindən dövlət büdcəsində dəyişikliklər edilməsi ənənə halını almışdır. Həm də, bir qayda olaraq büdcə gəlirləri və xərclərinin azalması istisqamətində dəyişikliklər aparan başqa ölkələrdən fərqli olaraq, biz gəlirlər və xərclərin artırılması barədə məsələ müzakirə aparıb qərar qəbul edirik. Bu il də istisna təşkil etmədi və yaz sessiyasında dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında qərar qəbul olundu. Bu dəyişiklikləri aparmağa ötən müddət ərzində gəlirlərin artması imkan yaratmışdır. Belə ki, məlum olduğu kimi, 2012-ci ilin dövlət büdcəsində neftin qiyməti hər barrel üçün 80 ABŞ dolları səviyyəsində müəyyənləşdirilmişdir. Lakin cari ilin yanvar-may aylarında dünya bazarında neftin qiyməti 100 ABŞ dolları civarında olmuşdur və bu qiymətlər ilin sonuna qədər büdcə xərclərini 600 milyon manat artırmağa imkan vermişdir. Həmin vəsait bu yaxınlarda baş vermiş zəlzələdən zərər çəkən Zaqatala-Şəki bölgəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, Bakı şəhəri qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulması layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək, bir hissəsi isə sosial-iqtisadi inkişafa dair layihələrin maliyyələşdirilməsi üçün ölkənin regionları arasında bölüşdürüləcəkdir.

- Bildiyimiz kimi, ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Bu mənada, Azərbaycanda qəbul olunan dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə dəyərləndirirsiniz?

- Azərbaycan tarixən aqrar ölkə kimi tanınmış, iqtisadiyyatında kənd təsərrüfatı aparıcı sahə olmuşdur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində kənd təsərrüfatı sahəsi ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Azərbaycan həmin illərdə nəinki özünü, Rusiyanın, Ukraynanın və Belorusiyanın böyük bir hissəsini meyvə-tərəvəz və bostan məhsulları ilə təmin edirdi. Respublikada ildə bir milyon tondan artıq pambıq, 1,5 milyon tondan çox üzüm, yüz min tonlarla meyvə, tərəvəz, bostan məhsulları istehsal olunurdu. Lakin, keçən əsrin 80-ci illərinin ortalarında SSRİ-yə rəhbərlik edən M.Qorbaçovun “alkoqolizmə qarşı mübarizə” adı altında həyata keçirilən avantürist tədbirləri zamanı böyük zəhmət və vəsait bahasına başa gələn üzüm plantasiyaları məhv edilərək bu sahə demək olar ki, ləğv olundu. Elə həmin illərdən başlayaraq keçmiş Sovetlər İttifaqında, ittifaq dağılandan sonra isə müstəqillik qazanan respublikalarda, o cümlədən Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində olduğu kimi aqrar sahədə də ciddi tənəzzül baş verdi. Yalnız Ulu öndərimiz Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra başqa sahələrdə olduğu kimi, kənd təsərrüfatında da əhəmiyyətli inkişafa nail olundu. Keçmiş SSRİ respublikaları içərisində ilk dəfə olaraq “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” qanunlar qəbul edilərək Azərbaycanda kolxoz və sovxozlar ləğv olunaraq torpaqlar əhali arasında bölüşdürüldü.

Ulu öndər Heydər Əliyevin islahatlar kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də kənd əhalisinin məşğulluğunun təmin olunmasında, torpaqlardan səmərəli istifadə olunmasında, idxaldan asılılığın azaldılaraq ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin əhəmiyyətini yüksək qiymətləndirərək bu sahənin inkişafına böyük diqqət yetirir. Ölkə Prezidentinin təşəbbüsü ilə qəbul edilərək ardıcıllıqla həyata keçirilən xüsusi dövlət proqramlarının qəbul edilməsi, fermerlərə və digər kənd təsərrüfatı ilə məşğul olan şəxslərə güzəştli kreditlər, subsidiyalar verilməsi, onların yüksək məhsuldarlıqlı toxumla, cins heyvanlarla təmin edilməsi, emal sənayesinin genişləndirilməsinə diqqət yetirilməsi və digər tədbirlər aqrar sahənin inkişafına dövlət dəstəyinin bariz nümunəsidir.

- İstənilən sahənin inkişafında lazımi hüquqi bazanı təşkil edən qanunvericiliyin olması vacib şərtdir. Bu baxımdan, ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?

- Hər bir hüquqi dövlətdə fəaliyyətin istənilən sahəsi müvafiq qanunlarla tənzimlənir. Fəaliyyət üçün lazımi hüquqi bazanın yaradılması isə dövlət hakimiyyətinin bir qolu olan qanunvericilik hakimiyyətinin səlahiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkəmizdə qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Qeyd etmək istyirəm ki, həm ümumilikdə Azərbaycan Respublikasının Milli Məclisi, həm də onun bir struktur bölməsi olan Aqrar siyasət komitəsi ölkə həyatının hər bir sahəsi üçün vacib olan qanunvericilik bazasının yaradılması üçün çox səmərəli fəaliyyət göstərir. Parlamentin hər bir sessiyasının sonunda sessiya müddətində görülmüş işlərə, qəbul edilmiş qanunlara dair hesabatlara diqqət yetirsəniz dediklərimin şahidi olarsınız.

Konkret olaraq Aqrar siyasət komitəsinin qanunvericilik bazası yaradılması istiqamətində fəaliyyətinə gəldikdə isə, təmsilçisi olduğum bu komitənin kifayət qədər işgüzar fəaliyyət göstərdiyini diqqətə çatdırmalıyam. Belə ki, 1995-2010-cu illər ərzində Milli Məclis tərəfindən bilavasitə aqrar sahə ilə bağlı 40-dan yuxarı qanun qəbul edilmişdir. Bu qanunların bir qismi icra hakimiyyəti tərəfindən təqdim olunaraq komitəmiz tərəfindən lazımi qaydada işlənildikdən sonra Milli Məclis tərəfindən qəbul olunsa da, bir qismi komitənin öz təşəbbüsü ilə hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. Yalnız Milli Məclisin III çağırış sessiyalarında 2006-2010-cu illərdə bilavasitə Aqrar siyasət komitəsinin təşəbbüsü ilə qəbul edilən qanunların siyahısına baxaraq oxucularınız komitəmizin qanunvericilik bazası yaradılması istiqamətində işini qiymətləndirə bilərlər. “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Pambıqçılıq haqqında” qanunların adını çəkmək kifayətdir və qeyd emək lazımdır ki, bu qanunların hər birinin qəbulunun arxasında komitə üzvlərinin, ekspertlərin, müvafiq sahə mütəxəssislərinin gərgin əməyi dayanır.

Hazırda Aqrar siyasət komitəsinin təşəbbüsü ilə hazırlanan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi üzərində iş gedir ki, bu qanunun qəbul olunması torpaqlardan səmərəli istifadə edilməsinə, məhsuldarlığın yüksəldilməsinə, idxaldan aslılığın azaldılmasına, süni qiymət artımının qarşısının alınmasına imkan yaradacaqdır. Qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçmiş, Aqrar siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında müzakirədən sonra Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə üçün tövsiyə edilmişdir. Qanunun yaxın zamanlarda müzakirə olunub qəbul ediləcəyinə ümid edirik.

- Milli Məclis bir sıra strateji məhsullar haqqında da qanunlar qəbul edib. Bu qanunların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- “Strateji məhsullar” ümumi məfhumdur, bura xüsusi əhəmiyyət daşıyan bir çox məhsullar daxildir. Bu qrupa daxil olan taxıl və pambıq haqqında qanunlar mövcuddur. Belə ki, “Taxıl haqqında” Qanun 16 iyun 2000-ci ildə, “Pambıqçılıq haqqında” Qanun isə 25 may 2010-cu ildə qəbul olunmuşdur. Həmin məhsulların istehsalının artırılmasını stimullaşdıran bu qanunların əhəmiyyəti çox böyükdür. Taxıl və pambıq iqtisadiyyatımız üçün çox vacibdir. Əhalinin ərzaqla təminatında, heyvandarlıq və quşçuluğun yemə olan tələbatının ödənilməsində taxılın rolu əvəzsizdir. Pambıq isə yüngül sənayedə, mebel istehsalında, yeyinti sənayesində, əczaçılıqda, hərbi sənayedə və digər sahələrdə geniş istifadə olunur. Məlum olduğu kimi, ölkəmizdə mövcud olan torpaq sahəsinin təxminən 4 milyon hektarı yaxud 50 faizi əkinə yararlıdır ki, onun da yalnız 1,6 milyon hektarı bilavasitə əkin üçün, o cümlədən 800 min hektarı taxıl əkini üçün istifadə olunur. Əkinə yararlı torpaqların çox hissəsinin istifadəsiz qalması bir tərəfdən son vaxtlar lazımi meliorasiya işləri aparılmadığından bəzi yerlərdə şoranlaşma getməsi ilə əlaqədar olsa da, digər tərəfdən mülkiyyətində torpaq olan bəzi şəxslərin həmin torpaqlardan öz təyinatı üzrə istifadə etməməsi və ya tamamilə istifadəsiz saxlaması ilə bağlıdır. Hesab edirəm ki, intensiv şoranlaşma gedən ərazilərdə lazımi drenaj və meliorasiya tədbirləri həyata keçirməklə şoranlaşmanın qarşısını almaqla və əkinə yararlı torpaqların monitorinqini keçirərək istifadəsiz saxlanılan və ya təyinatı üzrə istifadə olunmayan torpaqları istifadəyə cəlb etməklə taxıl, pambıq və ölkə üçün vacib olan digər məhsulların əkin sahələrini əhəmiyyətli dərəcədə genişləndirmək zəruridir. Bununla yanaşı, məhsuldarlığın aşağı olması üzündən lazımi səmərə əldə olunmaması narahatlıq doğurur. Bu baxımdan, yüksək məhsuldarlığa malik toxum sortlarından istifadə etməklə, əkinlərə aqrotexniki xidmət səviyyəsini yüksəltməklə məhsuldarlığın xeyli artırılmasına ciddi ehtiyac vardır.

- Eldar müəllim, rəhbərlik etdiyiniz “Azərittifaq”ın fəaliyyəti, son illərdə əldə etdiyi uğurlar haqqında fikirlərinizi bilmək istərdik.

- Əmək fəaliyyətimin böyük bir hissəsini həsr etdiyim Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”ın) ölkəmizin iqtisadi qurumları arasında öz yeri vardır. 120 ildən artıq bir müddətdə fəaliyyətdə olan kooperasiya ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynamışdır. “Azərittifaq”ın tərkibində olan kooperativ təşkilatları əsasən ölkəmizin regionlarında fəaliyyət göstərərək əhaliyə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışını həyata keçirirlər. “Azərittifaq”ın tabeliyində Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci fəaliyyət göstərir və bu tədris müəssisələri kooperasiya sistemi ilə yanaşı xalq təsərrüfatının digər sahələrinin də mütəxəssis kadrlara olan tələbatını təmin edirlər.

Əlbəttə, ölkəmizdə kooperasiyanın hazırkı vəziyyətini mal təminatının dövlət tərəfindən aparıldığı, regionlarda ticarət və iaşə xidmətinin təşkilində, kənd təsərrüfatı məhsullarının tədarükündə kooperasiyanın monopolist olduğu dövrlə müqayisə etmək çətindir. Biz son illərdə fəaliyyətimizi yeni tələblərə uyğunlaşmaqla qurmağa çalışırıq. Sistem daxilində lazımi islahatlar aparırıq, yeni yaradılan özəl qurumlarla rəqabət qabiliyyətində fəaliyyət təşkil etmək üçün maddi-texniki bazamızın bir hissəsini payçıların və əmək kollektivi üzvlərinin istifadəsinə verərək onların öz vəsaitləri hesabına müasir tələbata cavab verən obyektlər yaradıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaradırıq.

Yuxarıda qeyd etdiyim “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin qəbul edilməsinin faəliyyətimizin əsas sahələrindən biri olan kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı sahəsində işlərimizin canlandırılmasına müsbət təsir göstərəcəyinə böyük ümidlər bəsləyirik.

 

 

 Yeni Azərbaycan.- 2012.- 8 iyun.- S.6.