15 İYUN Azərbaycan
dövlətçiliyinin xilası tarixidir
Ulu öndər Heydər
Əliyev Azərbaycanı
parçalanmaqdan xilas
edərək onu yerləşdiyi regionun lider dövlətinə çevirdi
Bir əsrdə
iki dəfə istiqlaliyyətə qovuşmuş
Azərbaycanın müstəqillik
yolu çətin dolambaclardan keçib. 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikasının varlığına
Rusiya imperiyası tərəfindən son qoyulduqdan
sonra SSRİ-nin tərkibinə qatılan Azərbaycan 1991-ci ildə
imperiyanın dağılması
ilə ikinci dəfə suverenliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının
ardından isə gənc respublika istər daxildən, istərsə də xaricdən yeni təhdidlər və təhlükələrlə üz-üzə
qaldı. SSRİ-dən ayrılmasının
ardından Ermənistanın
hərbi təcavüzü
ilə üzləşən
Azərbaycana qarşı
işğalçı siyasət
yürüdülməyə başlandı.
Ermənistanın ölkəmizə qarşı
təcavüzünün qısa
müddətdə böyük
vüsət almasının,
bu işğalçılıq
siyasətinin günü-gündən
genişlənməsinin və
ərazilərimizin işğal
olunmasının, Xocalı
soyqırımının baş
verməsinin bir səbəbi də ölkədə bir-birini əvəz edən hakimiyyətlərin başında
duran şəxslərin
antimilli siyasət yürütməsi və səriştəsiz olmaları
idi. Ölkədə ictimai həyatın
bütün sahələrində
xaos, hərc-mərclik
baş alıb gedirdi, imperiyadan ayrılmanın mümkünsüzlüyünü
fikirləşən bir
qrup idarəçilikdən
zərrə qədər
xəbəri olmayan ikinci qrupla hakimiyyət
savaşına qalxmışdı.
Ayaz Mütəllibovun tərəfdarları
ilə AXC-Müsavat qruplaşması arasında
gedən hakimiyyət savaşı ölkədə
hərc-mərclik yaratmaqla
yanaşı, orduda da vəziyyəti ağırlaşdırmışdı. Bunun nəticəsində isə
fərarilik halları
getdikcə artırdı.
Erməni təcavüzü günü-gündən daha
da güclənirdi.
Artıq
Qarabağ müharibəsində
iştirak edən könüllü hərbi
kontingentlər düşmənlə
vuruşmaqdansa şəxsi
maraqların və maddi mənafenin qarovulçusuna çevrilməyi
daha üstün tuturdular.
Ölkədə yaşanan hakimiyyət boşluğundan isə hər zaman olduğu kimi yararlanmaq istəyənlər
tapılırdı. Xaricdən dəstəklənən
belə daxili düşmənlərin əsas
hədəfi Azərbaycanın
müstəqilliyinin itirilməsinə,
ərazi bütövlüyümüzün
pozulmasına istiqamətlənmişdi.
Ölkədə hakimiyyətə yiyələnmək istəyən
ayrı-ayrı şəxslər
və qruplar arasındakı mübarizə,
hətta separatizmə
yol açmışdı.
1992-ci il mayın 15-də hakimiyyəti
ələ keçirən
Xalq Cəbhəsi ilk gündən özünün
qeyri-sağlam fəaliyyəti,
səriştəsizliyi ilə
seçildi. Məntiqsiz, bir-birini təkzib
edən fərmanlar, özbaşınalıqlar bu
şəxslərin ölkəni
idarə edə bilməyəcəyini açıq
şəkildə göstərirdi.
Artıq
hakimiyyətin ən yüksək ranqlarında
qruplaşmaların yarandığı
açıq-aydın görsənirdi.
Qruplararası mübarizə, hakimiyyət
strukturlarına nəzarət
edə bilməmək
1993-cü ilin yayında
Azərbaycanı vətəndaş
müharibəsi təhlükəsi
ilə üz-üzə
qoydu.
Problemlər məngənəsində olan
gənc Azərbaycan dövləti xəritədən
silinmək təhlükəsi
yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana yönəlmişdi.
Düşmən blokadasında
belə Muxtar Respublikanı qorumağı
bacaran, Azərbaycanın
xilaskarı Heydər
Əliyev dövlətin
nicat yolu idi. Vətənin bu ağır
günündə xalq
Naxçıvandan Azərbaycanın
böyük oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın
və respublikanın
hakim dairələrinin təkidli
dəvətini qəbul
edib, iyunun 9-da Bakıya gəldi.
Ümummilli lider Heydər Əliyev çox az zamanda
Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını
ala bildi. 1993-cü il
iyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə,
bu gün- 15 İYUN tariximizə MİLLİ QURTULUŞ
GÜNÜ kimi daxil oldu.
Bu gün özündə tarixi bir prosesin - Azərbaycan
dövlətçiliyinin əsasını təşkil etməklə
yanaşı, böyük fəlsəfi məna
daşıyır. Xalqların, dövlətlərin üzləşdikləri
fəlakətlərin aradan qaldırılmasında məsuliyyət
daşıyan şəxsiyyətlərin tutduqları mövqe
böyük əhəmiyyətə malikdir. Bir
çağırışla xalqının xilaskarına çevrilən
Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir
missiyaya imza atdı. Millətinin bir əsrdə
qurduğu ikinci müstəqil dövlətini yaşadan
Ümummilli lider qayıdışı ilə problemlər məngənəsində
qıvrılan Azərbaycanı regionun lider dövlətinə
çevirdi.
Ulu
öndər bu məsələ ilə bağlı bildirirdi:
“1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət
böhranı yarandı. Azərbaycan
dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni
idarə edə bilmədi. Gəncədə toqquşma
baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın
ərazisinin, demək olar ki, yarısından çoxunda
hakimiyyəti öz əlinə aldı. Vaxtilə
məni təqib edən, Naxçıvanda məni devirmək,
məni Azərbaycandan sıxışdırıb
çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir
zamanda əlacsız qaldı və mənə müraciət
etdi. Ancaq ondan əvvəl mənə
müraciət edənlər bizim partiyanın üzvləri,
Azərbaycanın müxtəlif təbəqələrinin
nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Ölkənin müqəddəratının həll
olunduğu zamanda Heydər Əliyevin Bakıya
qayıdışı millətdə gələcəyə
ümid yaratdı. Hamı yaranan çətin vəziyyətdən
çıxış yolunun yalnız Heydər Əliyev
dühası olduğuna inanırdı. Bakıya
gəlişinin ardından Gəncəyə yollanan Ulu öndər
problemi yerində həll etdi və döyüş
meydanına çevrilmiş hərbi hissələrin ərazisini
gəzdi. Böyük şəxsiyyətin
Gəncəyə gəlişi şəhər əhalisində
də gələcəyə inam yaratdı. Gəncədəki gərgin hadisələr dinc yolla
nizama salındı. Əlikram Hümbətovun
elan etdiyi qondarma “Talış Muğan Respublikası” Heydər
Əliyevin xalqa müraciəti və bölgə əhalisinin
təzyiqi ilə ləğv olundu. Ölkənin
şimalında fəallaşan “sadval”çıların
separatçı hərəkətlərinin və “Car-Balakən
Respublikası” yaratmaq cəhdlərinin qarşısı
alındı. Müxtəlif şəxslərin
və siyasi qruplaşmaların nəzarətində olan
silahlı birləşmələr ləğv edildi.
Ümummilli
liderimiz Heydər Əliyevin ölkənin ali
qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında
yeni bir mərhələnin başlanğıcı oldu. Bu siyasi qayıdış, dövləti millətə
qaytardı.
Azərbaycanın
dünya dövlətləri arasında öz layiqli yerini
tutması, çiçəklənən ölkəyə
çevrilməsi üçün qədəm qoymağa
hazılaşdığı inkişaf yolunu isə Ulu öndər
belə xarakterizə edirdi: “Biz Azərbaycanda demokratik, müstəqil
respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda
mübarizə apararaq ümumi, dünyəvi, bəşəri
dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan
uzun illərdən, əsrlərdən sonra ilk dəfə
müstəqilliyini aldıqdan sonra bütün dünyaya
öz tarixi nailiyyətlərini, milli ənənələrini
nümayiş etdirə bilsin. Güman edirəm
ki, Azərbaycan xalqının həm tarixi, həm müasir
potensialı olduqca böyükdür. Bunların
hamısından səmərəli istifadə olunarsa Azərbaycan
həm tam müstəqil, demokratik dövlət olacaq, həm də
cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri
dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət
olacaq”.
Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı
üzləşdiyi təhlükədən qurtarmaqla bərabər
özündə yeni siyasi, iqtisadi, hüquqi, ideoloji, mənəvi
zəmində fərqli bir situasiyanın formalaşması kimi
olduqca geniş bir spektri əhatə etdi. Bu da öz
növbəsində ən dəyərli milli sərvət
hesab olunan müstəqilliyin əbədiliyini, dönməzliyini,
sarsılmazlığını təmin etdi.
Görülən tədbirlər sayəsində
ayrı-ayrı şəxslərə və siyasi
qruplaşmalara xidmət edən silahlı birləşmələrin
ləğvi, vətəndaş müharibəsinin
qarşısının alınması, nizami silahlı
qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz
tədbirlər görülməsi, hərbi nizam-intizamın
möhkəmləndirilməsi Milli Ordunun
formalaşdırılması işində müstəsna rol
oynadı. İdarəçilikdə humanizm prinsiplərini daim
rəhbər tutan Ümummilli lider Heydər Əliyev demokratik
və sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından
olan qanunun aliliyinin təmin edilməsinə də xüsusi
önəm verirdi və bu kontekstdə hakimiyyət
bölgüsünü xarakterizə edən islahatların həyata
keçirilməsi istiqamətində konkret addımlar
atıldı.
Bəli, birmənalı olaraq Ulu öndərin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan bu gün öz
inkişafının ən sürətli dövrünü
yaşayır.
Demokratik təsisatların kövrək addım
atdığı, vətəndaş cəmiyyəti
institutlarının hələ formalaşmadığı,
üstəlik xarici işğala məruz qalan ölkəni
yalnız və yalnız Ümummilli liderimiz Heydər Əliyev
xilas edə bilərdi və etdi də. Bu
gün Heydər Əliyev dühasının bəhrəsi
olan müstəqil Azərbaycan dövlətinin inkişafı
isə xalq-hakimiyyət tandeminin üzərində qurulduğu
üçün sarsılmazdır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 8 iyun.- S.3.