MÜASİR AZƏRBAYCANIN
UĞURLARININ FƏLSƏFİ ƏSASI - MİLLİ
QURTULUŞ GÜNÜ
Azərbaycan xalqının və
dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri
olan, milli dövlətçiliyimizin memarı və qurucusu Ulu
öndər Heydər Əliyevin həyatı, siyasi və
dövlətçilik fəaliyyəti tariximizdə müstəsna
yer tutur. Bu gün Azərbaycan xalqının, eləcə də,
Türk dünyasının milli sərvəti olan Heydər Əliyevin
zəngin və həmişəyaşar irsinin sistemli şəkildə
araşdırılması, elmi əsaslarla öyrənilməsi
və təbliği ən vacib məsələlərdən
biridir. Bu zəngin xəzinənin milli-mənəvi və bəşəri
dəyərlərinin xalqa, xüsusən də, gələcək
nəsillərə yetərincə çatdırılması
qarşımızda duran ən vacib və əhəmiyyətli
vəzifədir. Bu həqiqəti Heydər Əliyevin
qurub-yaratdığı müasir Azərbaycanın vətəndaşı
olan hər bir şəxs, xüsusən, gənc nəsil
layiqincə dərk etməlidir.
Çünki yarım əsrdən
artıq siyasi və dövlətçilik fəaliyyətini
xalqına xidmətə həsr edən, işıqlı
sabahın yolunu ona göstərən, ölkəmizi dünyaya tanıdan
Dahi öndərimizin vurğuladığı kimi, müasir
dövlətimiz bu gün dünya ölkələrindən,
onların qabaqcıl təcrübələrindən və dəyərlərindən
bəhrələnərək inkişaf edir. Demokratik,
hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti,
insan hüquqlarının aliliyi prinsiplərini əsas tutaraq,
Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl
dövlətləri ilə çiyin-çiyinə fəaliyyət
göstərir.
Ölkəmiz beynəlxalq aləmdə
öz layiqli yerini tutub. İndi dünyanın və regionun əsas
strateji, qlobal məsələləri bizim rəyimiz və mənafelərimiz
nəzərə alınmadan həll edilmir.
Bu gün Azərbaycan dövlətinin qazandığı
uğurların əsasında Azərbaycan tarixinin ən
önəmli bir günü dayanmaqdadır. 15 İyun -
xalqı və milləti uçurumlardan,
qırğınlardan işıqlı sabahlara aparan bir
gündür. Azərbaycan xalqının və dövlətçiliyinin
Milli Qurtuluşu olan 15 İyun günü müasir Azərbaycanın
mövcudluğunun təminatının fəlsəfi və
tarixi özülüdür.
Məhz 1993-cü ilin 15 iyun tarixində
Azərbaycan Ali Sovetinə rəhbərlik etməyə
başlayan Heydər Əliyev Vətənini və millətini
təhlükələrdən qurtararaq davamlı inkişaf
yoluna çıxaran nəhəng şəxsiyyətin
zamanın fövqünə yüksəlməsinə parlaq bir
nümunədir. Xalqımızın dərin zəkasını,
yenilməz iradəsini və əzmini təcəssüm etdirən,
böyük siyasi və dövlət xadimlərimizin, tarixi
şəxsiyyətlərimizin dövlətçilik ənənələrini
XX əsrin sonlarında davam etdirərək daha da zənginləşdirən Heydər Əliyev uzaqgörənliyi
və müdrikliyi, cəsarəti və fədakarlığı
sayəsində müstəqil Azərbaycan dövlətini
yaratdı, qoruyub saxladı. Öz dühasının şah əsəri
olan bu dövləti indiki və gələcək nəsillərə
ərməğan etdi.
Heydər Əliyev irsinin öyrənilməsi,
Onun müasir tariximizin yaradıcısı kimi təqdim
olunması son vaxtlarda geniş vüsət almışdır.
Bu zəngin sərvətin elmi surətdə
araşdırılması, Azərbaycan elmində, Azərbaycanşünaslıqda
yeni elmi istiqamətin, daha doğrusu, Heydər Əliyevi
öyrənən elmi məktəbin əsasının
qoyulmasına gətirib çıxarmışdır. Bu
mövzuda alimlik dərəcəsi almaq üçün
dissertasiyalar yazılıb, ali təhsil ocaqlarında Heydər
Əliyev məşğələlərinin keçirilməsi,
elmi-praktik konfransların təşkil olunması artıq ənənəyə
çevrilib. Heç şübhəsiz ki, bütün bunlar
çox zəruridir. Lakin bu kütləviliklə
yanaşı, Heydər Əliyevin zəngin irsi onun öyrənilməsinə
yaradıcı və elmi müstəvidə yanaşmanı
ön plana çəkir. Çünki Heydər Əliyevin
müasir Azərbaycan tarixində oynadığı rol
çoxşaxəli və rəngarəngdir.
Biz burada əsas 8 böyük istiqaməti
ayıra bilərik. Bu istiqamətlərin hər biri bu gün
Azərbaycanın qazandığı hər bir uğur və
nailiyyətin sütunu və sirri, zəngin elmi-təcrübi
mənbə, böyük bir məktəb və tarixin
şanlı salnaməsi, Heydər Əliyev irsinin tarixcəsidir.
1. Xalqın tələbi ilə Heydər
Əliyev Naxçıvan Muxtar Respublikasından Bakıya gəldi.
Əvvəlcə Ali Sovetə Sədr seçilərək,
sonra isə dahi və uzaqgörən peşəkar siyasətçi
kimi, Prezidentin səlahiyyətlərini icra edərək
xalqı vətəndaş müharibəsindən, aclıqdan,
qardaş qırğınından və daha neçə belə
təhlükələrdən qurtardı. 1993-cü il
oktyabrın 3-də mütləq səs çoxluğu ilə
Prezident seçilərək tariximizin yeni mərhələsinin
əsasını qoydu.
2. Qısa bir müddətdə atəşkəsi
təmin etmək, silahlı cinayətkarları, hərbi müxalifəti
zərərsizləşdirib ölkə daxilində sabitlik və
qanunçuluğun bərpası xalqımıza xoş bir
töhfə, gözüyaşlı ana və
bacılarımıza ən böyük təsəlli idi. O,
Azərbaycan Dövlət maşınını qurdu.
3. Uzaqgörənliyin ən yüksək
göstəricisi, dövlətimizin təhlükəsizliyinin
öz ehtiyatlarımız hesabına təmin edilməsi - Heydər
Əliyev irsinin əfsanəvi Neft Strategiyası. Müasir
tariximizin səhifələrində qızıl hərflərlə
yazılan yeni bir dönəm. Azərbaycanın beynəlxalq
aləmdə tanınmasında ilk ciddi addım.
4. Azərbaycanın hüquqi, dünyəvi
və demokratik dövlətə çevrilməsi prosesi, insan
hüquq və azadlıqlarının qorunması sahəsində
bu irsə mənsub daha bir şanlı tarix səhifəsi -
Konstitusiyanın qəbulu. Şərqdə ilk dəfə
ölüm hökmünün ləğvi. Bir sözlə,
Ulu öndərin ölkəmizdə vətəndaş cəmiyyətini
sürətlə formalaşdırdığı dövr.
5. Ölkədə
düşünülmüş aqrar və sosial siyasət mərhələsi
başlandı. Torpaqların özəlləşdirilməsi,
yerli özünüidarə qurumları olan bələdiyyələrin
yaradılması, nəticədə, Azərbaycanın digər
ölkələrdən ərzaq
asılılığının azaldılmasına yönəldilmiş
uğurlu siyasi manevrlər mərhələsi.
6. Milli-mənəvi dəyərlərimizə
və təhsilimizə dövlət qayğısının
artırılması siyasəti. Bu siyasi irsin vacib tərkib
hissələrindən biri olmaqla bərabər, bəlkə də
ən vacibidir. Dilimizin, dinimizin, təhsilimizin, mədəniyyət
abidələrimizin qorunması, onların gələcək nəsillərimizə
çatdırılması Heydər Əliyevin siyasəti əsasında
dövlətin ən vacib siyasi istiqamətlərindən birinə
çevrildi.
7. Azərbaycanın beynəlxalq aləmdə
tanıdılması siyasəti, ölkəmizin dünya
dövlətlərinin arasında öz yerinin olmasının
təsdiqi məsələsi də Ulu öndərin irsinin
vacib tərkib hissələrindən biridir. Beynəlxalq təşkilatlara
üzv olmaq, sədrlik etmək, bayrağımızın
mötəbər məkanlarda dalğalandırılmasına
nail olmaq üçün Heydər Əliyev hətta
coğrafi xəritələrdə Azərbaycanın yerini
dünyaya göstərməkdən başladı. Məhz bu
siyasi irsin davamı və onun Möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurlu inkişafı
nəticəsində ölkəmiz bugünkü vəziyyətə
gəlib çatdı.
8. Nəhayət, Ümummilli liderin idman
və gənc nəslin tərbiyəsi strategiyasi qeyd edilməlidir.
Onun gənclərə verdiyi dəyər hər kəsə məlumdur.
Uzaqgörənliklə dövlətin təkcə bu
gününü yox, uzaq gələcəyini də
düşünən dahi şəxsiyyət məhz bu səbəbdən,
ölkədə gənclər siyasətinə böyük
önəm verirdi, gənclərin faydalı məşğuliyyətinin
qurulmasına çalışırdı.
Göründüyü kimi, Ulu öndər
Heydər Əliyev öz zəngin və sərhədləri
sonsuz olan irsi ilə müasir tariximizin ən şanlı səhifələrini
yazdı, dövlətimizi süqutdan intibaha gedən yolla
apardı və nəhayətdə, öz hədəfinə
çataraq Azərbaycanı dünyanın ən sivil və
sürətlə inkişaf edən ölkələrindən
birinə çevirməyi bacardı.
SƏRRAF
HÜSEYNOV,
YAP GƏNCLƏR
BİRLİYİ
OFİSİNİN
RƏHBƏRİ
Yeni Azərbaycan.-
2012.- 13 iyun.- S.4.