Əli Əhmədov:
Azərbaycan öz ərazilərini qorumaq, bərpa etmək üçün
kifayət qədər qətiyyətli gücə sahibdir
Yeni
Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi,
millət vəkili Əli Əhmədovun SİA-ya müsahibəsi:
- Son
günlər cəbhə xəttində yaranan gərginliyin əsas
səbəblərini nə ilə izah edərdiniz? Baş verənlərdə
hansısa üçüncü dövlətin maraqları və
ya ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz
regionuna səfərinin rolunu qeyd etmək olarmı?
- Təbii
ki, son günlər cəbhədə baş verən gərginlik
hər birimizi narahat edir. Xüsusilə hadisələrdə tələfatın
olması, qanın tökülməsi ciddi
narahatçılıq yaradır. Bütövlükdə Azərbaycanın
bu gün həyata keçirdiyi siyasət ondan ibarətdir ki,
münaqişənin nəticələri dinc yollarla aradan
qaldırılsın. Bundan ötrü bütün imkanlar
istifadə edilsə də hələ ki tükənməyib.
Şans var ki, münaqişə qan tökülmədən
dinc yolla aradan qaldırılsın. Amma son günlərdə
baş verən hadisələr bunu bir daha sübut edir ki, Ermənistan
tərəfi münaqişənin dinc yolla, ümumiyyətlə
aradan qaldırılmasında maraqlı deyil və
işğal altında saxladığı Azərbaycan
torpaqlarından könüllü sürətdə geriyə
çəkilmək niyyəti yoxdur. Güman edirəm ki, cəbhə
zonasında son zamanlar baş verən gərginliyin fundamental əsası
bundan ibarətdir. Digər əsas isə ABŞ və
Avropanın son vaxtlar sülhyaratma prosesində iştirak etmək
istəklərini aydın şəkildə ortaya qoymaları
ilə əlaqədardır. Görünür ki,
münaqişənin nizamlanmasında maraqlı olmayan
hansısa dairələr var ki, ABŞ və Avropanın bu
münaqişənin nizama salınmasında maraqlı
olduğunu, status-kvonun bundan sonra da
qorunub-saxlanılmasının ümumiyyətlə, təhlükəli
olduğu haqqında səsləndirdiyi bəyanatları həzm
etmək istəmirlər. Onlar bu mövqe ilə
barışmaq niyyətində deyillər. Yəqin ki, səbəblərin
biri də budur. Digər səbəb kimi isə ABŞ-ın
dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfərini
göstərmək olar. Çünki bu səfər
bütövlükdə Cənubi Qafqazla bağlı daha
geniş informasiya əldə etmək, ABŞ-ın və Qərbin
Cənubi Qafqazla bağlı siyasətini daha da dəqiqləşdirmək
və bununla bağlı ABŞ-ın Cənubi Qafqazda
sülhyaratma prosesində daha yaxından iştirak etmək
niyyətinin gerçək parametrlər kəsb etməsi ilə
əlaqədardır. Yəqin ki, Amerikanın bu təşəbbüslərinin
qarşısını almaq məqsədilə cəbhədə
hansısa maraqlı dairələr bu təxribatları törədib.
Amma dünya həm Ermənistan tərəfinin münaqişənin
nizama salınmasında maraqlı olmadığını və
bunu əngəlləmək üçün çox müxtəlif
təxribatlar törətdiyininin bir daha şahidi oldu. Bundan əlavə,
üçüncü tərəflər də münaqişənin
nizama salınmasını əngəlləmək
üçün hər bir təxribatlara getməyə
hazır olduğunu ortaya qoymuş oldu. Arzu edərdim ki, bu gərginlik
müharibəyə gətirib çıxarmasın. Amma təbii
ki, Azərbaycan öz ərazilərini qorumaq, bərpa etmək
üçün kifayət qədər qətiyyətli
gücə sahibdir. Əgər bu təxribatlar daha geniş miqyas
alarsa, Azərbaycanın ordusu bu təxribatı törədənlərin
cavabını layiqincə verəcək.
- Əli
müəllim, Rusiya bu prosesdə üçüncü tərəf
və ya qüvvə kimi iştirak edə bilərmi?
-
Üçüncü tərəf qismində
çıxış edə biləcək bir neçə
güman edilə bilən qüvvələr var və bu barədə
müxtəlif təhlillər aparılır. Siz
özünüz də regionda yaranan gərginlik və bu gərginliyin
arxasında kimlərin olduğunu bilirsiniz. Ona görə də
müxtəlif qüvvələr ola bilər ki,
üçüncü tərəf qismində
çıxış edə bilsin.
-
Müxtəlif beynəlxalq təşkilatların Azərbaycanla
bağlı səsləndirdiyi bəzi tənqidi fikirlərlə
bağlı nə deyə bilərsiniz?
- Tənqidlərlə
əlaqədar olaraq demək istəyirəm ki, onların
hansı tərəfdən səsləndirilməsindən
asılı olmayaraq Azəbaycan bunlara özünün obyektiv
münasibətini hər zaman bildirib. Azərbaycanla
bağlı səsləndirilən tənqidlərin əsasları
olduqda, obyektiv reallığa əsaslanan tənqidləri qəbul
edirik. Lakin tənqidlər qeyri-obyektiv olduqda, hansısa dairələrin
maraqlarına istinad etdikdə Azərbaycan özünün kəskin
mövqeyini açıq şəkildə ortaya qoyur. Nəticə
etibarı ilə Azərbaycanı əsassız olaraq tənqid
edən dairələr, tərəflər və yaxud
hansısa beynəlxalq təşkilatlar ölkənin haqlı
maraqları ilə razılaşmalı olur. Çünki Azərbaycan
səsləndirilən tənqidlərin qeyri-obyektiv və əsassız,
bəzi hallarda qərəzli olduğunu sübut edə bilir.
Biz hansısa tənqidlərin olmasını istəmirik, amma
onu da faciə kimi qəbul etmirik. Azərbaycan öz yolu ilə
gedir, siyasət xalqın maraqlarına uyğun formada
ardıcıl şəkildə həyata keçirilir. Azərbaycan
haqlı olduğunu dəfələrlə obyektiv şəkildə
sübuta yetirib və bugün də sübuta yetirir.
-
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklərin edilməsi
barədə qanun layihəsi ölkədə hansı yeniliklərə
imza atacaq?
- Azərbaycanda
qanunvericilik bazası təkmilləşdirilir. Eyni zamanda,
informasiya əldə etmək ilə əlaqədar təklif
olunan dəyişikliklərin kökündə də bu
dayanır. İstənilən qanunun müəyyən müddət
keçdikdən sonra təkmilləşməyə
ehtiyacı olur. İstənilən təkliflər, dəyişikliklərlə
əlaqədar istənilən təşəbbüslər də
nəticə etibarı ilə qanunun daha da kamilləşməsinə
və təkmilləşməsinə xidmət edir. O cümlədən,
informasiya əldə etmək haqqında qanunda da irəliyə
sürülən dəyişikliklərin kökündə
dayanan həqiqət ondan ibarətdir ki, qanun daha da təkmilləşsin.
Bu qanunvericilik bazası daha yetkin olsun və informasiya əldə
etmək imkanları daha da geniş olsun. Qanuna əlavə və
dəyişikliklərin edilməsinin də əsas mahiyyət
bundan ibarətdir.
Yeni Azərbaycan.- 2012.- 13 iyun.- S.3