İyunun 15-də müasir
Azərbaycanın inkişafını təmin edən yolun başlanğıcı qoyuldu
Azərbaycan
tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə
həkk olunan 1993-cü ilin 15 iyun tarixi təkcə dövlətçiliyimizin
xilası deyildi. Bu tarix həm də Azərbaycanın gələcəyini
müəyyənləşdirdi. Xatırladaq ki, 1991-ci il
oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini
elan etdi. Asan proses olmasa da, bir əsrdə ikinci dəfə idi
ki, Azərbaycan xalqı bu xoşbəxtliyi
yaşayırdı. Əsrin əvvəlindən fərqli
olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi
olmalı idi. Bunun üçün isə sözün həqiqi
mənasında çox çalışmaq lazım idi və
buraxılmış səhvləri bir daha təkrar etmək
olmazdı. Çünki bu müstəqilliyin əldə
olunması üçün xalqımız 20 Yanvar faciəsini
yaşamalı olmuşdu.
Nə qədər
paradoksal görünsə
də, sözügedən
faciənin baş verməsinə bu və ya başqa
şəkildə səbəb
olanlar Ayaz Mütəllibovun timsalında
müstəqilliyi qoruma
missiyasını öz
üzərlərinə götürmüşdülər. Amma onlar
vəzifələrinin öhdəsindən
gələ bilmədilər.
Belə ki, ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın
bütün sahələri
sıradan çıxır,
siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Mütəllibovdan sonra hakimiyyət
sükanına qısa
müddət üçün
Yaqub Məmmədov əyləşsə də,
o da uğursuzluqlar baxımından sələfindən
heç nə ilə fərqlənmədi.
Növbə hakimiyyətə silah gücünə gəlmiş AXC-Müsavat
üzvlərinə çatmışdı.
Siyasi fəaliyyətin mürəkkəbliyindən
xəbərsiz, dövlətçiliyin,
dövləti yaşatmağın
nə qədər çətin olduğunu dərk etməyən, universitet auditoriyalarından
yenicə ayaqları kəsilmiş səriştəsiz,
bacarıqsız siyasətçilərin
cəhdlərinin uğursuz
olacağı elə
ilk aylardan bəlli idi. Hakimiyyətə gəldikləri ilk gündən hər addımları nöqsanlı,
hər çıxışları
qüsurlu olan AXC-Müsavat komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə
sürükləyirdi. Sovetlərin dağılmasından sonra
düzəni pozulmuş
dövlətin yeni düzəndə irəliləməsi
üçün proqramlar,
layihələrə və
hər şeydən önəmlisi düşünən
beyinlərə ehtiyacı
var idi. Amma bu beyinlər dövlət üçün
düşünmürdü. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi
mübahisələrin, intriqaların
qaynar nöqtəsinə
çevrilmişdi. Bunun fonunda
ölkədə bütün
istiqamətləri əhatə
edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış,
dövlət büdcəsinin
kəsiri 100 dəfəyə
qədər artmışdı.
Ölkənin borcları durmadan
artır, vətəndaşların
əməkhaqlarının və pensiyalarının dəyəri düşürdü.
Bahalaşma, aclıq baş
alıb gedirdi. Bu da azmış
kimi hər məmur bir silahlı qruplaşma qurmuşdu, hərə bir dövlət yaradacağını bəyan
edirdi.
Cəbhədə isə bir-birinin ardınca məğlubiyyətlər
yaşanır, düşmənin
işğal etdiyi rayonların sıraları
genişlənirdi. Xarici qüvvələr parçalanmağa
doğru gedən Azərbaycandan pay almaq üçün fürsət
gözləyirdilər. Eyni
zamanda, xarici dairələr xüsusi xidmət orqanları vasitəsilə bu istiqamətdə ciddi iş aparırdılar. Onların ölkəmizdəki
təmsilçiləri isə
artıq prosesə
start vermişdilər. Belə ki,
Rusiya xüsusi xidmət orqanlarının
dəstəyi ilə Gəncədə “milli qəhrəman” Surət Hüseynovun başçılığı
ilə qiyam baş qaldırmışdı.
Surət
Hüseynovun başçılığı
altındakı silahlı
qrup Bakıya yaxınlaşırdı. İlk hədəf dövlət strukturlarını ələ
keçirmək, dövlətin
süqutunu elan etmək idi. AXC-Müsavat hakimiyyəti
isə baş verənləri sadəcə
izləyirdi. Çünki onlar hadisələrin qarşısını almaqda
aciz idilər. Bu
acizlik isə onları heç də istəmədiyi bir qərarı qəbul etmək məcburiyyətində qoymuşdu
- dahi şəxsiyyət
Heydər Əliyevi Bakıya dəvət etmək... Ulu öndər Heydər
Əliyev təkcə
o zamankı hakimiyyətin
seçimi deyildi.
Azərbaycan xalqının iradəsi
bunu tələb edirdi, tarixi şərait hakimiyyəti
buna məcbur edirdi.
Beləliklə, 1993-cü ilin 9 iyununda Azərbaycan xalqının
XİLASKARI Bakıya qayıtdı. Ümummilli lider
Heydər Əliyev, məhz yuxarıda mənzərəsi çəkilmiş
şəraitdə gəldi
ölkə paytaxtına.
1969-cu ildə olduğu
kimi yenə çiyinlərini çox
çətin və şərəfli bir vəzifənin altına verdi. Amma
indi 1969-cu il
deyildi. Nə Azərbaycan geridə qalmış bir Sovet respublikası idi, nə Azərbaycan
insanı 1969-cu il insanı idi, nə də
Heydər Əliyev ölkəsinə mərkəzi
hakimiyyətin təyinatı
ilə gəlməmişdi.
Ulu öndər Heydər Əliyevə bu təyinatı canından çox sevdiyi xalqı vermişdi.
1993-cü ilin 13 iyununda
Ümummilli lider Heydər Əliyev Gəncəyə Surət
Hüseynovla görüşməyə,
qiyamı yatırmağa
getdi. Burda haşiyə çıxıb
bir məqamı xüsusi vurğulamaq lazımdır. Ümummilli lider
Heydər Əliyev Gəncədə özünə
qarşı sui-qəsdin
təşkil olunacağını
bilirdi. Amma buna baxmayaraq,
Ona çevrilmiş gözlərdəki ümidləri
doğrultmaq üçün
hər şeyi gözə aldı. Bu gün dönüb
geriyə baxanda bu risqə dəydiyini
görmək elə də çətin deyil. Ümummilli lider Heydər
Əliyev siyasi bacarığını ortaya
qoyaraq başladığı
işi tamamlamağı
bacardı. Bu həm bir sonluq,
həm də bir başlanğıc idi. Nəhayət,
1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası
Ali Sovetində keçirilən
səsvermədə Ümummilli
lider Heydər Əliyev Sədr seçildi. Bununla da, Azərbaycanda
yeni eranın başlanğıcı qoyuldu.
Qarşıda olduqca çətin
vəzifə dururdu.
Ulu öndər Heydər Əliyev dövlətçiliyi
xilas etməli, möhkəmləndirməli, onu
inkişaf etdirməli
idi. Şərait çox mürəkkəb,
görüləcək işlər
çox idi.
Zəngin idarəçilik təcrübəsi
olan Ulu öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hər şeyin
kökündə sabitlik
dayanır. Sabitlik olmayan yerdə
qarşıya qoyulan heç bir məqsədə çatmaq
mümkün deyil.
Buna görə də, dövlətin parçalanmasının qarşısını
almaq atılacaq ilk addım idi. Ümummilli lider buna nail
oldu. Bütün qiyamları yatırdı,
Dağlıq Qarabağ
münaqişəsində atəşkəsi
əldə etməyə
nail oldu. Sonra güclü
dövlət yaratmaq üçün iqtisadiyyatı
inkişaf etdirməyə
ehtiyac duyulurdu. Bunun üçün vasitə
də var idi - neft. Amma bu neftdən düzgün istifadə, onun təhlükəsiz ixracını təşkil
etmək lazım idi. Ulu öndər Heydər
Əliyev öz şəxsi təşəbbüsləri
ilə bu problemi də aradan qaldırdı.
Düzgün neft strategiyası
Azərbaycanın yolunu
açdı. Beynəlxalq neft
müqavilələri imzalandı,
“qara qızıl”ın
ixracının səmərəli
təşkili üçün
yeni neft kəmərləri inşa
olundu. İqtisadiyyatın bütün sahələri
üzrə inkişaf,
canlanma başladı.
Bir sözlə, ölkə iqtisadiyyatı da çiçəklənməyə başladı.
Ümummilli lider Heydər Əliyev, həmçinin,
itirilən mənəvi
dəyərlərin, insanlarda
mənlik şüurunun
yenidən formalaşmasına,
əsl azərbaycanlı
obrazının yenidən
bərpasına nail oldu. Bununla da, ilk dövrlər üçün daxildə
görüləcək işlərə
ara vermək,
xarici düşmənlərin
hədələrinin qarşısını
almaq zərurəti ortaya çıxırdı.
Ümummilli lider Heydər
Əliyev ölkəmizin
xarici təhlükələrdən
qorunması, Azərbaycanın
beynəlxalq aləmdə
tanınması, müttəfiqlərinin
sıralarının genişlənməsi
üçün ciddi
cəhdlə fəaliyyət
göstərdi və bunun məntiqi nəticəsi olaraq, dünya birliyinə Azərbaycanı qəbul etdirə bildi. Ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqil dövlət,
etibarlı tərəfdaş
imicini formalaşdırdı.
Qısası, Ümummilli lider
Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin
bir addımlığında
dayanan Azərbaycandan iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, stabil, inkişaf edən Azərbaycan yaratdı. Təkcə elə bu səbəbə görə də, Onun Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü
il tarixi
Milli Qurtuluş Günüdür, ya da başqa formada
ifadə etsək, dövlətçiliyimizin qurtulduğu
gündür.
Aydın Hüseynov,
YAP Siyasi Şurasının
üzvü,
Partiyanın Qaradağ rayon
təşkilatının sədri
Yeni Azərbaycan.- 2012.- 13 iyun.- S.5.