Ulu öndərimiz Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir

 

Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:

 

- Ağalar müəllim, iyunun 15-də xalqımız Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan Milli Qurtuluş Gününü qeyd edəcək. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilas edilməsi ilə bağlıdır. Tarixə diqqət yetirdikdə, Ümummilli liderin fəaliyyətinin əsas istiqaməti olan xilaskarlıq missiyası daha çox önə çəkilir. Bu missiyanı şərtləndirən amillər hansılardır?

- Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi, zəmanəmizin fenomenal qabiliyyətə malik bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılmışdır. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, Onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsildən-nəsillərə keçərək yaşayacaqdır. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirmişdir. Zəngin hadisələrlə dolu gərgin dövrlərdə Heydər Əliyev Azərbaycan dövlətini ən çətin sınaqlardan məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq.

Bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər görmüşdür. Ulu öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qorumuş, respublikada ictimai-siyasi sabitliyi təmin etmiş, vətəndaş qarşıdurmasını aradan qaldırmış, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etmişdir.

Ulu öndərimiz Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə yaratmış, inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlamış, dönmədən həyata keçirilməsini təmin etmişdir. Xalqımız Heydər Əliyev kimi Ümummilli liderimizlə fəxr edir, qürur duyur, əməlləri ilə Onun ideyalarını həyata keçirməyə çalışır.

- Bu gün həmin tarixi missiyanı Ümümmilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdrir. Azərbaycanda həyata keçirilən ciddi iqtisadi, siyasi, sosial islahatlar bu gün sürətli inkişafla nəticələnib. Azərbaycan cox iddialı layihələri həyata keçirməyə qadir olduğunu sübut etdi. Bu səpkidə fikirlərinizi və təhlili baxışlarınızı bilmək maraqlıdır...

- Biz sevinirik ki, Ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, cənab İlham Əliyev dövlət sükanı arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Xalq İlham Əliyevə səs verməklə, əslində, Heydər Əliyev kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə də, Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı - müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, xalqına olan qədərsiz sevgisi ilə! Bir Lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri - sözünün sahibi olmasıdır. Azərbaycan xalqı qəti əmindir: onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcəkdir. “Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik” - vədini də Prezident İlham Əliyev şərəflə yerinə yetirməkdədir.

- Ağalar müəllim, bu gün atılan addımlar birbaşa vətəndaşların sosial rifahının yüksəlişinə xidmət göstərir. Bu, ölkəmizdə həm də insan, vətəndaş faktorunun önə çıxmasını, dövlətin prioritetinin mərkəzində məhz bu faktorun dayanmasını deməyə əsas verirmi?

- Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub, onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməyib. Prezident İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması Onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxıb. Dövlətimizin başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Cənab Prezidentin son illərdə imzaladığı sərəncamlarla mütəmadi şəkildə, bəzən də ildə bir neçə dəfə minimum əməkhaqları, pensiyalar, müavinətlər, təqaüdlər, qaçqın, məcburi köçkün və şəhid ailələrinə yardımların miqdarı artırılmış, əhalinin yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür.

İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də xalqın firavan həyat tərzinin təmin olunmasına xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 8 ildə dövlət büdcəsi 15 dəfədən çox, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artsın. Azərbaycanda ötən dövrdə maaş və pensiyalar 5-6 dəfə artıb, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 7 faizə enib, yüz minlərlə yeni iş yeri açılıb.

- Sizcə, həyata keçirilən dövəlt siyasətinin əsasında hansı amil dayanır?

- Dövlətimizin başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmazdır. Tarazlaşdırılmış və balanslaşdırılmış siyasət yeridən cənab İlham Əliyev üçün Azərbaycanın dövlət maraqları hər şeydən ucadır. Ümumilikdə, dövlət başçısının 2003-2011-ci illərdəki daxili və xarici siyasəti deməyə əsas verir ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amili hər zaman olduğu kimi, bu gün də öndədir. Dövlət başçısı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərdə, istərsə də xalqın təbii sərvətlərindən səmərəli istifadədə, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür. Bütün ölkə vətəndaşları kimi hamımız ürəkdən inanırıq ki, Azərbaycanın hərtərəfli tərəqqisi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcək.

- Ağalar müəllim, siz “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin rəhbərisiniz. İnkişaf prosesindən söz düşmüşkən istərdik ki, rəhbərlik etdiyiniz bu təşkilatın uğurları və ölkəmizin bütövlükdə tikinti sektorundakı yeri haqqında da məlumat verəsiniz...

- Son illər ərzində “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən Nazirlər Kabinetinin, Milli Məclisin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlətqaçqınkomun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyətinin, həmçinin, digər sifarişçilərin xətti ilə çoxsaylı obyektlərdə tikinti, yenidənqurma və bərpa işləri yerinə yetirilmişdir və bu istiqamətdə işlər indi də uğurla davam etdirilir.

Kollektivimiz üçün böyük şərəfdir ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən və bilavasitə cənab Prezdentin nəzarəti altında olan xeyli sayda obyektdə işlərin icrası “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Belə obyektlərə Hökumət Evinin inzibati binasında, Rüstəm Mustafayev adına İncəsənət Muzeyində aparılan tikinti-yenidənqurma işlərini, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında və onun institutlarında aparılan bərpa-yenidənqurma işlərini, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının tikintisini və sair misal göstərmək olar. Cəmiyyət tərəfindən 2010-cu ildə Goranboy rayonunda 1 ədəd 5 mərtəbəli 60 mənzilli yaşayış evinin tikintisi, Göygöl və Goranboy rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Yevlax şəhərində 2 ədəd 5 mərtəbəli 60 və 75 mənzilli yaşayış evlərinin tikintisini, Ağdam rayonu ərazisində 109 ədəd və Ağcabədi rayonunun Taxta Körpü yaşayış qəsəbəsində 80 ədəd 1 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış, Şəki şəhərində 800 nəfərlik və Qaradağ rayonunun Umbakı qəsəbəsində 1500 nəfərlik cəzaçəkmə müəssisələrinin tikintisi, Göygöl və Goranboy rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri uğurla davam etdirilir.

Cari ildə Bakı şəhərinin 5 rayonunda təhsil obyektlərinin bərpası və yenidən qurulması işləri də məhz cəmiyyətimiz tərəfindən yüksək keyfiyyətlə icra olunmuşdur. Həmçinin, Yardımlı rayonunda 4 məktəb binasının tikintisi, Masallı, Lerik, Astara, Yardımlı və Daşkəsən rayonlarında təbii fəlakət nəticəsində dəymiş zərərin aradan qaldırılması, Fizuli rayonunun Horadiz qəsəbəsində və Əhmədalılar kəndində müharibədən zərər çəkmiş fərdi yaşayış evlərinin bərpası işləri cəmiyyət tərəfindən yerinə yetirilmişdir.

Ölkə başçısı cənab İlham Əliyev bir neçə dəfə “Azəraqrartikinti” tərəfindən iş aparılan obyektlərdə olmuş, hər dəfə də tikinti işlərinin keyfiyyətlə və ən müasir üslubda aparılması üçün öz dəyərli məsləhət və tövsiyələrini vermişdir. Cənab Prezidentlə hər bir görüş kollektivimizin məsuliyyətini daha da artırmışdır. İnşaatçılarımız bundan sonra daha da əzmlə çalışaraq ölkə başçısının verdiyi tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə, cənab Prezidentin “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə olan yüksək etimadını doğrultmağa çalışırlar.

Ümidvar olduğumu bildirirəm ki, “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti bundan sonra da respublikamızda aparılan geniş miqyaslı tikinti-bərpa işlərində ön sıralarda olacaq, hörmətli Prezidentimiz cənab İlham Əliyevin bilavasitə göstərişinə əsasən, mühüm tarixi əhəmiyyət kəsb edən və yerinə yetirilməsi “Azəraqrartikinti”yə həvalə edilmiş obyektlərdə nəzərdə tutulmuş işləri vaxtında və ən yüksək keyfiyyətlə başa çatdıraraq, ölkə başçısının yüksək etimadını əməli işləri ilə doğruldacaq.

 

 

Yeni Azərbaycan.- 2012.- 14 iyun.- S.7.